Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:37

T.Melia: «Beynəlxalq dəyərləndirmələri nəzərə almamaq dəvəquşu davranışı olardı»


ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia AzadlıqRadiosuna müsahibə verərkən
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia AzadlıqRadiosuna müsahibə verərkən
-
ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia AzadlıqRadiosuna müsahibə verib. O, Azərbaycanda insan haqlarının durumu, prezident seçkiləri, icazəsiz aksiyalar, korrupsiya və son video qalmaqalıyla bağlı suallara cavab verib:

– Bakıya ötən ilki səfərinizdə Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə və siyasi açıqlığa çağırmışdınız. Həmin vaxtdan bu yana hakimiyyətin davranışında nə dəyişib?

– Kədərli olsa da qeyd etməliyəm ki, ötən ildən bəri ümumilikdə demokratik idarəçilik sahəsində insan haqları ilə bağlı elə də nəzərəçarpacaq irəliləyiş olmayıb. Ancaq məmnunuq ki, ötən il həbsdə olan bəzi jurnalist və bloqqerlər buraxılıb. Xüsusən bir neçə ay əvvəl buraxılmış Bəxtiyar Hacıyevin adını qeyd etmək istərdim. Bütün bunlar yaxşıdır. Ancaq onu da demək lazımdır ki, onlar ifadə azadlığından istifadə etdiklərinə görə həbsə atılmamalıydılar. Biz Azərbaycan hökuməti ilə işimizi davam etdiririk, onların ATƏT kimi beynəlxalq qurumlar qarşısında öhdəliklərini yerinə yetirməsinə çağırırıq. Ötən ildən gözəçarpan irəliləyiş görməsək də, gələn ilki prezident seçkilərinin demokratik siyasi proses üçün potensialını, bütün vətəndaşların haqlarına hörmət qoyduğunu göstərməsi üçün Azərbaycana daha bir imkan yaradacağına ümid bəsləyirik.

– Bəzi jurnalist və bloqqerlərin həbsdən buraxıldığını qeyd etdiniz. Ancaq cəmiyyətdə bir qorxu var ki, buraxılan fəalların yerinə yeniləri həbs oluna bilər. Bu tendensiyanı birdəfəlik dəyişmək üçün nə etmək lazımdır?

– Dəyişilməli olan odur ki, Azərbaycan günün məsələlərinin, ölkənin problemlərinin daha açıq müzakirə yolunu tapmalıdır. İqtisadi imkanlar açılmalıdır, bütün azərbaycanlılar iqtisadi inkişafa qatılmalıdır. Ölkənin siyasi, sosial-iqtisadi inkişaf baxımından düzgün yola necə çıxacağını insanlar düşünəcəklər. İdarəçi qurumlar müxtəlif fikirlərə dözümlü yanaşmağın yolunu tapmalıdırlar. Bu, 21-ci əsrdə uğurun açarıdır. Azərbaycanın tam çiçəklənən, suveren, uğurlu ölkə olması üçün hakimiyyət insanların öz fikrini ifadə haqqına hörmət qoymağı öyrənməlidir. Azərbaycan xalqı daha çox açıqlığa və demokratiyaya hazırdır. Ölkənin bu istiqamətdə irəliləməsinə kömək edirik.

– Dövlət katibi Hillary Clinton ötən həftəsonu Dublində bildirib ki, «Qafqazda seçkilər heç də həmişə azad və ədalətli keçmir». Azərbaycan rəsmiləri ilə dünənki görüşlərinizdə prezident seçkisi ərəfəsində vəziyyəti dəyişəcək hansı sehrli sözlərdən yararlandınız?

– Başqa ölkələrdə qaldıracağım məsələlərə toxundum. Seçkinin önəmli olması, təkcə beynəlxalq ictimaiyyətin deyil, yerli əhalinin də həqiqi proses sayması üçün, açıq rəqabət, mediaya çıxış, sərbəst toplaşma imkanları olmalıdır. İnsanlar qorxusuz-ürküsüz istədikləri şəxslə görüşməli, hər hansı məsələni qaldıra bilməlidirlər. Bu məsələləri Azərbaycanın yüksək rütbəli rəsmiləri ilə müzakirə etdim. Onlar çözüm yollarını bilirlər. Azərbaycanın problemini nə ABŞ çözəcək, nə də başqa ölkələr –bunu yaddan çıxarmaq olmaz. Öz gələcəyini Azərbaycan xalqı və rəsmilər tapıb-bilməlidir. Bizim Azərbaycana yatırımlarımız var və həm dövlətlər, həm də xalqlar arasında geniş əlaqələr qurmaq istəyirik. Bunları gerçəyə çevirməkdən ötrü Azərbaycan azadlıq və demokratiyaya doğru inamla addımlamalıdır.

– Bu baxımdan, hakimiyyət və müxalifətin davranışında hansı dəyişiklikləri gözləyirsiniz?

– Tək Azərbaycan deyil, qanunlara dayanan və etibarlı siyasi xətt yeridən hər hansı ölkə namizədlərə imkan yaratmalıdır ki, özlərini tanıda, mediaya çıxa, hazırlanmış siyasi proqramları adamların diqqətinə yetirə bilsinlər. Vətəndaşların da hüququ olmalıdır ki, bütün namizədləri nəzərdən keçirərək, kimi dəstəkləyəcəklərinə qərar versinlər. Əslində hər şey çox sadədir, söhbət sehrbazlıqdan və ya kosmik bir sahədən getmir. Söhbət adamların danışmasına və təşkilatlanmasına hökumətin imkan yaratmasından və buna məsuliyyətindən gedir. Əvvəlki seçkilərdə Azərbaycanda bunu görmədik. İndi dünya müşahidə edəcək, Azərbaycanın buna nail olmasını istəyəcək. Biz prosesi çox yaxından
Thomas Melia
Thomas Melia
izləyəcəyik.

– Beynəlxalq hüquq-müdafiə təşkilatı olan «Freedom House» Azərbaycanı «azad olmayan ölkə» adlandırır. ABŞ demokratiya göstəricilərinə görə aşağı və yüksək reytinqli ölkələrə yanaşmasında hansı fərqləri qoyur?

– Mən «Freedom House»da işləyənləri yaxşı tanıyıram. Onların hesabat və reytinqləri necə hazırladıqlarını bilirəm. Bilirəm ki, bu işi vicdanla, obyektiv, qərəzsiz və tərəfsiz görürlər. Onların hesabatlarına ABŞ-da və bütün dünyada etibar edirlər. Ancaq digər qiymətləndirmələr də var. Məsələn, Avropa təşkilatları, beynəlxalq beyin mərkəzləri, insan haqlarını müdafiə təşkilatları da dəyərləndirmələr aparırlar. Azərbaycanda insan haqları və demokratiyanın durumu həmişə birmənalı şəkildə qiymətləndirilib - azad və demokratik ölkəyə çevrilmək Azərbaycan hələ xeyli yol getməlidir. Bunu çoxları düşünür. ABŞ-da da belə düşünürlər. Ən yaxşı tərəfdaşlığı demokratik dövlətlərlə, vətəndaşlarının haqlarına hörmət qoyan ölkələrlə qururuq. Təhlükəsizlik, energetika və ticarət sahələrində, terrorçuluq əleyhinə mübarizədə Azərbaycanla əməkdaşlığımıza baxmayaraq, daha demokratik ölkələrdə iki ölkənin əhalisi və hökumətləri arasında daha çox işlər görülə bilərdi. Odur ki, azad olmayan ölkələrlə münasibətlərdə məcburi məhdudiyyətlər ortaya çıxır. Axı, bütün qurumlarımız, vətəndaşlarımız azad ölkələrə üstünlük verirlər.

– Burası da var ki, Azərbaycan rəhbərliyi, bir qayda olaraq, beynəlxalq hüquq-müdafiə təşkilatlarının göstəricilərini qəbul etmir, bu qurumları ermənipərəst mövqedə suçlayır, qərəzli adlandırır. Bu deyilənlərlə razısınız?

– Məncə, beynəlxalq dəyərləndirmələrin bu cür üst-üstə düşməsini nəzərə almamaq dəvəquşu davranışı olardı. Alimlərin, ekspertlərin dəyərləndirməsinə saymazlıq Azərbaycanın dünyadakı nüfuzunu gözardı etmək deməkdir. Beləcə, ölkənin nüfuzuna təsir edən məsələlərin həlli yubadılır. Yaxşı olar ki, Azərbaycan rəsmiləri bu dəyərləndirmələrə daha ciddi yanaşaraq, ölkənin nüfuzunu yüksəltmək yollarını arasın və bu işdə ciddiyyət göstərsinlər.

– Prezident Əliyev çıxışlarının birində Qərb polisinə məsləhət gördü ki, aksiyaçıları dağıdanda aşırı zorakılıqdan çəkinsinlər. ABŞ polisinin etirazçıları zorakılıqla dağıtdığına hansı misalları gətirə bilərsiniz?

– Amerika polisinə etirazçılarla zorakı davranmamaq üçün təlim keçilir. Ştat polisi, yerli polis kütlənin, aksiyaların idarə olunmasına dair xüsusi hazırlıq görür. ABŞ-da böyük miqyaslı tədbirlər, məsələn, paytaxt Vaşinqtonda az qala hər gün etirazlar nümayişləri keçirilir. Polisin əsas işlərindən biri də siyasi etirazların keçirilməsini asanlaşdırmaqdır. Bu, bütün demokratik cəmiyyətlər üçün keçərlidir. Həm şəhərdə asayiş qorunmalıdır, həm də səlahiyyətli qurumlar adamların toplaşıb fikirlərini bildirməsinə şərait yaratmalıdır. Bir çox Avropa ölkəsində, digər demokratik dövlətlərdə elə davranırlar. Polis adamların hüquqlarını reallaşdırmasını asanlaşdırmalıdır, ona maneə yaratmamalıdır.

– Bəs razılaşdırılmamış aksiyalar? Azərbaycanda hakimiyyət şəhər mərkəzində aksiyaları qadağan edir. Müxalifət də iddia edir ki, hətta rəsmi icazə verilən yerlərdə aksiya keçirəndə belə, tərəfdarlarının gəlişinə əngəl törədilir. Digər tərəfdən, icazəsiz aksiyalarda iştiraka görə cərimələr dəfələrlə qaldırılıb.

– Cərimələrin qaldırılması açıq-aşkar cəza tədbiridir. Bu, əsaslandırılmayıb. Bəziləri deyir icazəsiz aksiyaların təşkilinə görə cərimələr Avropa həddinə uyğundur. Ancaq burada insanların gəliri Avropa standartına uyğun deyil. Məncə, cərimələrin səviyyəsi aşırıdır. İcazəli-icazəsiz aksiyalara gəlincə, bir çox ölkələrdə etirazların təşkilatçıları polislə əməkdaşlıq şəraitində işləyərək, yürüş və toplaşma yerlərini dəqiqləşdirirlər. Hakimiyyətin şəhər mərkəzində aksiyalara icazə verməməsi adamların sərbəst toplaşma və ifadə azadlıqlarını reallaşdırmasına maneədir. Ümid edirəm Azərbaycan hakimiyyəti bu barədə yenidən düşünəcək, çünki bu, Azərbaycanın vətəndaşlarının hüquqlarına tam hörmət qoymayan ölkə imicini formalaşdıran amillərdən
Thomas Melia
Thomas Melia
biridir.

– Təxminən iki ildir hakimiyyət korrupsiyaya qarşı kampaniya apardığını bildirir. Bu kampaniya kənardan necə görünür?

– Azərbaycana çoxlu pullar gəlir. Enerji sərvəti olan ölkələrin çoxu korrupsiya problemlərindən əziyyət çəkir. Bu sahə üzrə ekspert deyiləm, «Transparency International»ın, bu sahəyə nəzarət edən digər təşkilatının göstəricilərinə baxmaq lazımdır. Ancaq fikrimcə, Azərbaycan korrupsiyanın kökünü kəsmək cəhdlərini təkmilləşdirmək üçün çox işləməlidir. Siyasi hakimiyyətdən sui-istifadə edən dövlət qulluqçuları məsuliyyətə cəlb olunmalıdır.

– Bu yaxınlarda bir keçmiş deputatın parlament üzvlüyünə dair sövdələşmə apardığını göstərən video yayıldı. Belə bir video ABŞ-da, yaxud başqa bir demokratik ölkədə yayılsaydı, reaksiya necə olardı?

– ABŞ-da rəsmilərin siyasi vəzifə üçün puldan istifadə etdikləri hallar olub. Onlardan biri İllinoys ştatının qubernatoru idi. Üç il öncə o, Senatdakı bir yeri tutmaq istəyənlərdən rüşvət almışdı. Bu, böyük qalmaqal idi. Həmin qubernator indi həbsdədir, vəzifəsindən sui-istifadədə ittiham olunub. ABŞ-da da rüşvət, vəzifədən sui-istifadə halları var. Polis, Federal Təhqiqatlar Bürosu bu halları araşdırır və təqsirlilər həbs olunur.

– Azərbaycanda diffamasiya qanunu hələ də qəbul olunmayıb. Rəsmilər bunu medianın və cəmiyyətin hazır olmaması ilə izah edirlər. Sizcə, media və cəmiyyəti belə bir qanuna necə hazırlamaq olar?

– Bu məsələ ilə əlaqədar Obama administrasiyası bir sıra ölkələrlə işləyir. Müxtəlif ölkələr diffamasiyadan söz azadlığını boğmaq üçün müxtəlif cür istifadə edirlər. Məsələn, siyasi liderlərin, dini fikirlərin diffamasiyasından danışırlar. Fikrimizcə, üstünlük söz azadlığında olmalıdır. Vətəndaşlar, jurnalistlər, yazarlar fikirlərini ifadə etməkdə azad olmalıdırlar. Biz diplomatiyadan, başqa ölkələrlə münasibətlərimizdən yararlanırıq. Beləcə, qarayaxmaçıları cəzalandırmaqla bağlı arqumentlərimizi, jurnalistlərin həbsinin azad sözə gərəksiz və qeyri-müdrik müdaxilə olduğunu bildirmişik. Ümid edirik, Azərbaycan cəza yolu ilə getməyəcək, söz azadlığına tam hörmət istiqamətində irəliləyəcək. Bəzən adamlar qeyri-populyar, bəzən də xoşlamadığımız qaba sözlər işlədirlər. Məhz bu, söz azadlığı üçün bir sınaqdır. Razılaşmadığın, yaxud bəyənmədiyin fikrə dözümlüsünüzmü? Demokratik olmaq istəyən hər hansı hökumətin öhdəliyi azad sözə maneələr yaratmağa bəhanələr tapmaq deyil, onu irəli aparmaqdır.

PS: ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia (Thomas O. Melia) bundan əvvəl hüquq-müdafiə təşkilatı olan «Freedom House»da icraçı direktorun müavini işləyib.
XS
SM
MD
LG