Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:31

Elşad Abdullayev 5-ci videosunu yaydı


Elşad Abdullayev
Elşad Abdullayev
-

Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayev daha bir video yayıb. [Videoya burada bax]

Videoda Rövşanə adlı bir qadınla Elşad Abdullayevin itkin düşən qardaşı Mahir Abdullayevin tapılması barədə söhbət gedir.

Söhbət zamanı videodakı qadının telefonuna zəng gəlir. Həmin zəngin Zaur adlı şəxsdən gəldiyini deyən qadın telefonu Elşad Abdullayevə verir. Elşad Abdullayev həmin şəxslə danışaraq qardaşı Mahirin tapılıb gətirilməsini xahiş edir.

“Elşad Abdullayev məni dəfələrlə silahla təhdid edib, öldürmək istəyib. Bu video da Elşad Abdullayevin apardığı çirkin kampaniyanın bir parçasıdır”.

Bu sözləri isə “Qafqazinfo”ya açıqlamasında Elşad Abdullayevin yeni yaydığı videoda görüntülənən Rövşanə Əliyeva (Arzu Kazımovun köməkçisi) deyib.

Rövşanə Əliyeva bildirib ki, onun nə hansısa səlahiyyəti, nə arxasında duran adamı var: “Allahdan başqa heç kimim yoxdur. Elşad Abdullayev məni dəfələrlə silahla təhdid edib, öldürmək istəyib. Arzu Kazımov və Zahid Dünyamalıyevlə mənim heç bir əlaqəm yoxdur. Mən nə Gülər Əhmədovayam, nə də Sevinc Babayeva. Məni heç kimlə səhv salmasın”.

Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. O bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər. Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub.

BUNA QƏDƏR DÖRD VİDEO YAYIB

Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Azərbaycanda deputat mandatının pulla satıldığını iddia edən yeni video yayıb. Dekabrın 13-də yayılan videoda Elşad Abdullayev Sevinc Babayeva olduğu iddia olunan qadın arasında söhbət əks olunur.

Elşad Abdullayevlə keçmiş millət vəkili Gülər Əhmədova arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayeva videoda israrla həmsöhbətini əmin etməyə çalışır ki, verdiyi 1 milyon dolların əvəzinə ona deputat mandatı verilir və bu yaxın vaxtlarda elan ediləcək. Seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyrinə dəyişdirilib. (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir – red.)

Sevinc Babayeva kimi təqdim olunan bu qadın videoda keçmiş millət vəkili Gülər Əhmədovanı Prezident Administrasiyasının pulla bağlı işlərini görən adam kimi təqdim edir.

Elşad Abdullayev bu il sentyabrın 25-də bu məzmunda daha bir video yaymışdı. Həmin videoda Gülər Əhmədova kimi təqdim olunan xanımla Elşad Abdullayev onun deputat seçilməsi üçün Prezident Administrasiyasının rəhbərinə 1 milyon dollar verilməsi məzmununda söhbət müzakirə edilir.

Bu video yayılandan sonra sonra Gülər Əhmədova onu montaj adlandırıb və deputat mandatından imtina edib. Respublika Prokurorluğundan verilən məlumata görə hazırda müstəntiqlər bu videonun həqiqiliyini araşdırırlar.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bir neçə dəfə jurnalistlərə Elşad Abdullayevin iddialarının yalan olduğunu bildirib.

Elşad Abdullayev isə iddia edir ki, oğurlanmış qardaşının tapılması üçün də ondan külli miqdarda pul alınıb. O, hər dəfə də Ramiz Mehdiyevin adını çəkir.

Bir neçə gün əvvəl Ramiz Mehdiyev yenə də APA informasiya agentliyi vasitəsilə yaydığı mesajında Elşad Abdullayevi ona böhtan atmaqda ittiham edib.

Hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin təsisçisi və rektoru olduğu Azərbaycan Beynəlxalq Universiteti 2010-cu ildə bağlanıb. Təhsil Nazirliyi Universiteti ciddi qanun pozuntularında ittiham edib.

Tənqidçiləri Elşad Abdullayevin rəhbərliyi dövründə bu Universitetdə rüşvətxorluğun geniş yayıldığını deyirlər.
XS
SM
MD
LG