Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

İşadamı qaçaqmalçı sayılacaq?


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Həbsdə olan işadamı Məhəmməd Qurbanova məxsus 9 min manatlıq ərzağın yandırılaraq məhv ediləcəyi bildirilir.

Bu haqda AzadlıqRadiosunu işadamının qızı Elnurə Məmmədova məlumatlandırıb. Ona bu xəbərdarlığı Sədərək Gömrük İdarəsindən çatdırıblar:

«Bir həftədir topladığımız sənədlər boşuna getdi. Türkiyədən sənədlər gətirdik, sertifikatlı maşın tapdıq. Sonra dedilər ki, malları qaytarın Türkiyə tərəfə, orada laboratoriyadan keçirib, sənədləri gətirin. İndi də deyirlər ki, heç Türkiyəyə də apara bilməzsiniz. Sən demə, hamısı kələk imiş. Bu gün də açıq-aşkar bildirdilər ki, malınız qaytarılmayacaq, çünki istintaq altındadır, onlara həbs qoyulub. DİN-dən tapşırıq da veriblər ki, qaytarmayaq. Nə Türkiyə tərəfə buraxırlar, nə də Naxçıvana. 3-4 gün sonra ərzaqların istifadə müddəti bitir. Dediklərinə görə, istifadə müddəti bitincə yandıracaqlar malları».

Sədərək Gömrük İdarəsinin əməkdaşı Emin Nəzərli işadamına məxsus malların yandırılacağı barədə deyilənlərə aydınlıq gətirmək istəməsə də, həmin malların istintaq altında olduğunu təsdiqlədi:

«Qurbanovun malları istintaq altındadır. İstintaq altında olan mallar verilmir. Qaçaqmalçılıqla əlaqəli olduğuna görə».

VƏKİL İŞADAMININ HƏBSİNİ SİYASİ SİFARİŞ SAYIR

Məhəmməd Qurbanov noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur. Məlumatda bildirilir ki, Nadir Məmmədov əlindəki bıçaqla xidməti vəzifəsini icra edən gömrük işçisi Vüsal Həsənovu vurmaq istəyib. Bu zaman Nadir Məmmədovu sakitləşdirməyə çalışan fəhlə Siyafər Mahmudovun sol əlindən bıçaqla vuraraq ona xəsarət yetirib.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Sədərək rayon Prokurorluğu tərəfindən istintaq aparılır.

Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Vəkil Xalid Bağırov Məhəmməd Qurbanov və Nadir Məmmədovun həbsini siyasi sifariş sayır. Məhəmməd Qurbanov İctimai Palatanın Naxçıvan şöbəsinin üzvüdür.
XS
SM
MD
LG