Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:43

Ramiz Mehdiyev "Gülərqeyt" suyundan quru çıxır...


Elçin Namazov
Elçin Namazov
-
«Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barəsində araşdırma aparılsın».

Bu tələb Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun Baş Prokurorluğa müraciətində səslənib.

İnstitutun rəhbəri vəkil Elçin Namazov deyir ki, Elşad Abdullayevin yaydığı videoların az qala hamısında Ramiz Mehdiyevin adı çəkilsə də, baş prokurorluq bu barədə ictimaiyyətə bir dəfə də açıqlama verməyib:

«Elşad Abdullayev sonuncu məktubunda keçmişdə baş verən hadisələri sadalayıb. Onların arasında Fətulla Hüseynovun, Elmar Hüseynovun və Rafiq Tağının ölümü ilə bağlı qeydlər də var. Bunların hamısında Ramiz Mehdiyevin adı keçir. Bu baxımdan, Baş Prokurorluğun Ramiz Mehdiyev barəsində heç bir araşdırma aparmaması, yalnız Gülər Əhmədovanın adının hallandırılması və Cinayət Məcəlləsinin «dələduzluq» maddəsi ilə istintaq aparılması çox hiddətləndirici davranışdır».

TƏKCƏ DƏLƏDUZLUQMU?

Vəkil yayılan videolarda məsələnin təkcə dələduzluqla bitmədiyini deyir. Hesab edir ki, qəsdən adamöldürmədən tutmuş, adam oğurluğu, korrupsiya və s. ağır cinayətlərin sadalandığı videoların çoxunda Ramiz Mehdiyevin adı çəkildiyindən, məsələ dərindən araşdırılmalıdır.

O, Prezident Administrasiyasının rəhbəri ilə bağlı araşdırma aparılmasında da hüquqi əngəl görmür:

«Lap sabah desələr ki, araşdırdıq, amma heç bir məsələ təsdiqini tapmadı, yenə mütləq araşdırma aparılmalıdır. Bundan ötrü heç bir problem görmürəm. Deputatların və bəzi başqa şəxslərin toxunulmazlıq hüququ olsa da, Prezident Administrasiyasının rəhbəri ilə bağlı belə hal yoxdur. Bu baxımdan da, araşdırma aparılması mümkündür».

Baş prokurorluq məsələyə, hələ ki, hər hansı reaksiya verməyib.
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

RAMİZ MEHDİYEVİN TƏKZİBİ

Ötən ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mediaya açıqlamasında Elşad Abdullayevin onunla bağlı yaydığı məlumatları cəfəng, böhtan, uydurma bəyanatlar adlandırıb.

«O BOYDA VƏZİFƏDƏ OLA-OLA ONA NƏ EDƏ BİLƏRLƏR?»

Naxçıvan Muxtar Respublikasının keçmiş baş prokuroru Hüseyn Hüseynov Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin yaydığı videogörüntüləri və orda aparılan söz-söhbətləri böhtan və ya uydurma saymır. Amma bütün hallarda son sözü hüquq-mühafizə orqanlarının deməli olduğunu söyləyir. Onun fikrincə, Baş Prokurorluq elə ilk gündən və heç kimin müraciətini gözləmədən Ramiz Mehdiyev və adları çəkilən başqa şəxslər barədə araşdırma aparaydı:

«Hətta cinayət işi açılmalı, hamı dindirilməli, üzləşmə olmalı idi. Ortalıqda bu boyda həngamə var».

İndiyədək Ramiz Mehdiyevin istintaqa cəlb olunmamasına gəlincə, sabiq baş prokuror bunu onun tutduğu vəzifə ilə əlaqələndirir:

«O, respublikada, əslində, ikinci adamdır. O boyda vəzifədə ola-ola ona nə edə bilərlər? Gərək o vəzifədən kənarlaşdırıla ki sonra başlayalar işləməyə. Səbəb yalnız odur».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Vəkil Elçin Namazov da Ramiz Mehdiyevlə bağlı susqunluğu siyasi amillərlə əsaslandırır. Onun da fikrincə, ölkədə prezidentdən sonra ikinci adam barədə qərar verilməsi xeyli problemlərə yol aça bilər.

ƏMƏLİ BAXIMDAN MÜMKÜNSÜZ İŞ

Politoloq Zərdüşt Əlizadə Ramiz Mehdiyevin istintaqa cəlb edilməsini nəzəri baxımdan mümkün saysa da, əməli baxımdan mümkünsüz sayır:

«Çünki Azərbaycanda hüququn aliliyi yoxdur. Hər şey icra hakimiyyətinin diktəsi ilə həyata keçirilir. O isə icra hakimiyyətində ikinci şəxsdir».

Zərdüşt Əlizadəyə görə, belə bir qərar yalnız birinci şəxsin göstərişi ilə ola bilər.
Birinci şəxsin belə bir göstəriş verməsini indiki məqamda nə hüquqşünaslar, nə də politoloqlar inandırıcı saymırlar.
XS
SM
MD
LG