Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:03

Narıngül “Kardelen çiçəyi” (Seçmə hekayələrdən)


Narıngül
Narıngül
-

İstəyirsən siyasətdən yaz. Səndə alınır. ...Amma fahişə kimi yazmaq lazımdır, siyasətdən yazanda da... Çəkinmədən!


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Narıngül


KARDELEN ÇİÇƏYİ

Sübut edəcəkdi: özünü, gücünü, səbrini - hər şeyi. Bütün malik olduqlarını bir yerə cəm edib qisas alacaqdı. Ən çox da özündən. Alınacaqdı... Çox güclü olacaqdı. Bacaracaqdı. Alınmayan nə var ki?!


- Hm... gülməlisən vallah! Nədən qorxursan ki?

- Nə bilim...düzgün deyil axı...

- Qorxma gəl! Fikir vermə adamlara, cəhənnəm olsun hər şey!

- Yox, yenə də olsun...

- Səni istəyirəm... ölürəm səninçün.

Bədəni gizildədi.

- Onda özün bilərsən... Çox yalvardım deyəsən. Mən səni məcbur edən deyiləm. Hər yer doludur qadınla. Daha heç nə demirəm. Gəlsən, yaxşı olardı. Səndən xoşum gəlirdi.

Sanki göylərdən endi. “Xoşum gəlirdi”, indi gəlmir. Səsin nə deyəcəyini gözlədi. Artıq danışmaq olmaz. Hər şey pozula bilər. Nəyinsə yerini dəyişmək yaramaz... Azıb qala bilər, çıxışı tapmaz. Onsuz da bütün düşüncələri qarmaqarışıqdı.

Susmaq işə yaradı deyəsən. Telefondakı səs yumşaldı, tonu xeyli aşağı düşdü.

- Özün bil, sənə ziyan olmazdı mənumlə görüşmək... - gerisini demək üçün pauza verməli oldu - sənə hədiyyə də almışam. Sən hər şeyə layiqsən. Biz həyatımızı yaşayırıq. Hər şeyin gözəldi, ürəyimcədir. Bircə əxlaq dərsi keçmə mənə.

- Yox, nə əxlaq dərsi. Müasirəm.

- Müasirsən onda gəl ...

Səs yenə hökmlü göründü. Səsin yiyəsi hakimdi. Səsin tonu açmadı bu dəfə onu. Nə cavab versin. “Adam deyir ki, gəl özü də səni istəyir, israr edir, get! Hələ o biri tərəfi də var... hədiyyə filan... diqqətlidir sənə. Dəyər verir. Get! Həm də müasir deyilsən deyir...” Belə tez istəməzdi. Hər şeyin ortada olduğu, qarışıq bir məqamda. Bilirdi sonluq bu yerə gələcək. Amma hələ hazır deyil. İçindəki cəhənnəm boşluğunu doldurmaq kimi bir şeydi bu. Dayanıqlı deyil bu əlaqə. Desin gəlməyəcəyəm. Nə olar –olar. İçindəki səs təslim etdirdi. “Görüşək, xoşbəxt olarıq”. Sırf qadın marağında olan daha başqa şeylər qərarını üstələdi. Ürəyi uçundu.

- Ey... gözəl, hara gedirsən? gəl aparım hara istəyirsən. Taksi dayanacağındakı maşınlardan biri onu səslədi.

Dodağını dişlədi: “Allah vurub səni, bircə sən çatmırdın”.

- Özün bil... bax da... Gözləyirəm.

“ Bu harda qaldı görəsən?” Telefondakı səsin sahibi o qədər hökmlüydü ki, zəng etməyə də ürəyi gəlmədi. Qoy özü axtarsın. Elə başa düşsün ki, hələ gəlməmişəm. Yüngüllük olmasın. Səsin sahibi görünmürdü.

Dözməyib zəng etdi. Telefon söndürülmüşdü. Nə olmuşdu görəsən. “Gələcək, əlbəttə gələcək. Oyuncaq deyil ki?..” O tərəf - bu tərəfə gəzişə-gəzişə xəyallar qurdu. Çox isti və mərhəmdi hər şey. Sevgi və ehtiras vardı ortada. Sevinc, nəşə, xoşbəxtlik vardı. Çox açıq danışmağa imkan verməyəcək. Hər şeyin sonu deyil ki... ədəb - ərkan deyilən bir şey də var...Bir qədər uzaqda dayanmaq lazımdır. Əriyib müvazinəti itirmək olmaz. Kodları əlində saxlamaq gərəkdir.

“Gərək gəlməzdim. Çəkisini saxlamamaq budur. Yalvartmaq lazımdı. Uzatmaq lazımdı vaxtı. Ürəyimə, ruhuma yaxın idi axı. İncitmək istəmədim. Niyə oynamalıydım ki... Bir-birimizdən xoşumuz gəlirdi. Lənətə gələsən... Bəlkə qisas alır. Əvvəl çox soyuq davrandım. İstiliyim qalıb ki? Qırılıb, param-parça olub ürəyim”. Hər şey beynində qarışdı. “Ələ salıb məni. Bu da sənin ruhun, arzun. Havaya sovurdun hər şeyi. Uduzmağa bənzəyir. Xəyalların, istəklərin.Tfu...”

Ağlamadı. Ağlamaq zəiflikdi. Zəif olmağa nifrət edirdi. Onsuz da saman çöpündən yapışana bənzəyirdi. O, dirçəltmişdi bir az, ruhlandırmışdı. Hər şeyə maraq yaratmışdı, inandırmışdı. İndi də belə.

Təkrar zəng etdi. Telefondan səs gəlmədi.

Kənarda dayanmış kişi yaxına gəldi. Qoluna toxundu. Mızıltılı səs eşidildi:

- Istəyirsən gedək, yaxınlıqda ev də var. Danışaq, razılaşaq. Key-key baxdı kişinin üzünə. Üzünün ifadəsi o qədər laqeyd və mənasızdı ki... Kişi bir şey anlayammadı. Ayağını sürüyə-sürüyə gəzişdi. “Xarab olub e, bunun başı. Hardan ağlına gəlir birdən-birə mənə təklif etmək. Üzümdə yazılıb elə bil, mən bura nəyə gəlmişəm”. Dayandığı yerə indi nəzər saldı. Bura fahişələrin yığıldığı bağın yaxınlığıydı. Amma ora deyildi, bir qədər kənardı. Bir dəfə yazı yazmışdı bu bağdan. Gözaltı kişinin arxasınca baxdı. “Adamını tanımır, axmaq! - dodaqlarını sıxdı, özüylə zarafatlaşdı - yəqin elə məni də “adamına” bənzədib. Nə fərqi var ... Hara qaçıram ki? Gedib bir yerə çıxa bilmirəm onsuz da”.

“Yox o, ruhuma çox yaxın idi. Məni çox xoşlayırdı. Nə qədər dil tökürdü , belə etməməliydi”.

Hər şeyi qırıb tökmək olmaz. Nə qədər zaman sərf edib. Əlini telefona uzatdı. Cavab gəlmədi.
Geri qayıtmağa qərar verdi.

Evə çatıb paltarını soyunanda zəng gəldi. O idi: səsin sahibi. Istədi telefonu açmasın. “Daha nə zəng. Təhqir etdi məni, əməlli-başlı”.

Dözmədi. Səsin sahibi üzrxahlıq etdi:

- Işim oldu.

- Yalan deyirsən. Qurtardı.

- Yalan demirəm. İnan!

Söz tapmadı deməyə. Hər şeyi qırıb atmağa ürəyi gəlmədi. Barışmaq da istəmədi. Yumşalmaq məğlub olmaqdı. Qələbənin bir addımlığındaykən. Qalib olacaqdı...

- Səni istəyirəm. Səs zəhmli idi yenə.

“Sevirəm yox, istəyirəm”. Acı-acı güldü.

- Məni istəyən çoxdur. Sevgi istəyirəm mən.

Niyə dedi axı bunu. Dilənçi deyil ki... O qədər sevəni var.

Səsin sahibi dil tökməyə başladı. Bir ümid cücərdi. Amma yaşıl tarlaların bar verib- verməyəcəyi qəqiq bilinmirdi. İçindəki təlatüm çəkilmədi.

- O qızın yazıları daha perspektivlidir. O gənc qızı deyirəm. Bağışla, onu seçməli olduq. Bizə elə kadr lasımdır ki, həyatın nəbzini tutsun. Kompleks-filan burda işə keçmir. Özün bilirsən də, insanların içinə nüfuz etmək lazımdır, quzum. Sən bir az çəkingənsən.

Demək iş məsələsi yenə də qaldı. Bu dəfə də alınmadı.

“Yaman da çəkingənəm. Çəkingən-zad deyiləm. Öz tutumum qədər varam. Bundan artıq olmayacam ki... daha neyləməliyəm...Deyəsən yaxşı fikirlər gəlir ağlıma. Qeyd etmək gərəkdir.

- Səni onsuz da tanıyırlar, yazıların-filan... Hara getsən yaşıl işıq yanacaq.

“İşıq zad yoxdur. Hələ də işsizəm. Allah kəssin belə yaşıl işığı”.

- Sən də pis deyilsən.Ancaq...

“Lazım deyil sənin işin, işləməsəm də olar ”.

Səsin sahibi zəng etdi: “Bir kənara çəkil, danışaq. Görüşmək istəyirəm”. Dəhlizin o başına çəkildi.

- Gərginsən, həm də, yorğun görünürsən .

- Bilirəm.

- Səni mənim kimi duyan yoxdur...

- Düz deyirsən.

- Onda görüşək. Nə oldu, danış, nə fikirləşirsən.

- Şöhrət də boş şeydir, sabun köpüyü kimidir. O tərəfindən bu tərəfi görünür. Neynirəm şöhrəti.

- Bəs istədiyin nədir? - səsin sahibi onu çözələyir, içinə nüfuz etməyə çalışır,- sevdiyin adam da sənə laqeyddir. Nə vaxtdır itib. Nə istəyirsən?

Nə istədiyini özü də bilmir. Amma istəyir, çox istəyir. Səsin sahibinə inanıir, güvənir, sığınmaq istəyir. Qadındır da... Kiməsə inanmasa, güvənməsə gərək onda qadın olmaya.

- Yaşamağın sirrini öyrənirəm..

- Gəl səni yaşadım da...

Sevgilisi son dəfə “kardelen çiçəyimsən” yazmışdı ona. Ondan sonra yazışmamışdılar. Üç gün - üç gecə ağlamışdı. Indi də yadına salanda göz yaşlarını güclə tutur. Həmişə ağlayır. Hərdən onunla çox xoşbəxt olurdu. Sonra əvəzini ödəyirdi, ən xoşbəxt anlarında belə . Bu ağlamaq hardan gəlib tapırdı onu. Ürəyində çoxdan kök salmış axmaq arzusunu bildirirdi sevgilisinə. Birlikdə ölmək, əl-ələ tutaraq intihar etmək!

Sevgilisi : ”Niyə ölək ki, ” - deyə etiraz edirdi.

- Qoy belə bitsin sevgimiz, ayrılıq olmasın... Yaxşı, mən özüm ölərəm.

- Sən olmasam elə mən də ölmüş olaram. Nə fərqi?..

O qədər xoşbəxtdi ki... İnanırdı ona. Indi də inanır. Gələcəkdə də inanacaq. İnanmasa ölər!
Hanı, indi yoxdur. Heç biri ölməyib. Amma unuda da bilmir. Özünü tanıyammır. Gözlərini yuman kimi onu istəyir. Dünyanın ən böyük ayrılığını yaşayırlar. Aralarında o qədər keçilməz sərhədlər var ki...

Canı, ruhu ölməyib. Müharibə dövrünün qadınlarından deyil ki,oturub ömrüboyu yas saxlasın.

- Mənə sevgilindən danış , - deyir səsin sahibi. Hiss edir ki, danışanda qısqanır. Bəzən qəsdən danışıb,qıcıqlandırmaq istəyir, sonra xətrinə dəyər deyə vaz keçir. Amma hiss edir ki, heç kəsə danışmadıqlarını danışa bilir səsin sahibinə. Sirr ortağı tapıb özünə. Yaxşı dost ola bilərlər. Ovuda bilir onu, ürəyini isidir. Unutdurur hər şeyi.

- Uşaqlar texnikanı yaxşı bilirlər, yazı texnikasını. Əsas texnikadır, - redaktor əli ilə balaca qlobusu stolun küncünə itələyir, - nə ictimai nüfuz, ictimai nüfuz nədir? Sənin yazmağın elə ictimai nüfuzundur da... yaz getsin. İstəyirsən siyasətdən yaz. Səndə alınır. ...Amma fahişə kimi yazmaq lazımdır, siyasətdən yazanda da... Çəkinmədən!

Redaktor ayağını ayağının üstünə aşırıb əlavə edir:

- Heç yazmaq da bir peşə deyil, əslində. Gedin özünüzə iş tapın.

Uşaqların xoşuna gəlmir bu sözlər. Dodaqaltı mızıldanırlar: “Sənin nə vecinə. Yazdığını yazmısan, aylıq maaşını da alırsan, kef çəkirsən!”

- Yox, o şəhəri istəmirəm... başqa yer olsa sevinərdim. Artıq fikrimi dəyişdim.
Redaktorun gözləri heyrətdən böyüyür:

- Dünənə kimi yalvarırıdın, nə oldu indi. Özün bil. Mən sənin ürəyini almaq istəyirdim, iş məsələsinə görə... mükafatlandırırdım səni. Hm... qadınsan da... Nə istədiyinizi bilirsiz ki. Arxadan kinayəli səsi eşidilir.

Geri qayıdıb cavab vermək də olar. Həvəsi gəlmir, həm də lazım bilmir. Durub deməyəcək ki, orda məni sıxan çox şeylər var. Ora gedən kimi sevgilimi xatırlayacam. O şəhərin hər qarışında onun ruhu var, nəfəsi var. Məni dəli edər o yerlər. Məhv olaram! Yox!

“Guya sən kişi olub neyləmisən ki?!” Ürəyində qeyzlənir.

Yağış damlaları getdikcə güclənib arx şəklində küçə aşağı axmağa başlayır.

- Bu yollara bir əncam çəkmirlər - şəhərin yaşlı sakinlərindən biri söylənir. Ürəyində bahar çiçəklənir. Bilmir hara tələsir.

Məruzəsi var. Cəmi bir saat. Kitabxana işçilərinin qarşısında çıxış edəcək. Vətən, milli dəyərlər, sənət, bədiilik. Pafoslu çıxışdı.

Insanlar nə isə öyrənəcək, maariflənəcək. Belə hesab edir təşkilatın başçısı.

Natamamlıq var hər yerdə. Hər şey yarımçıqdı. Təkcə səsin sahibi onu oxuyur. Səsin sahibi idarə edə bilərdi onu. “Sizə etibar yoxdu”, - deyirdi səsin sahibi. - “Xəyanət edə bilirsiniz istədiyiniz vaxt. Xislətiniz belədir!” Düz deyirdi, bəlkə də. Gülümsündü. “Xislətiniz” sözünə gülməyi gəldi.

Sevgilisinə necə?! Yox, ona etməzdi! Dünya dağılsa etməzdi! Amma etdi sonda. Necə olsa da sonunu gözləyə bilmədi. Enerjisi çatmadı. Gücü qalmadı. Qurtardı hər şey!

“Uğur qazana bilərsən” deyirdi səsin sahibi. Kim bilir, bəlkə elədir. Xoşbəxt olacaq bəlkə. Hansında? - sənətində, yoxsa həyatda? Bilmir. Bəlkə dönüş başlanacaq.

Daha o, olmayacaq. Heyf! Hər şeyi olacaq. Səsin sahibi onu çox sevəcək. Xoşbəxt olacaqlar. Bəlkə o, başqasını seçəcək. Dəqiqləşdirmək çətindir, olacaqları. Amma o, olmayacaq. Bu dəqiqdir! Yenə gözləri dolur.

Küçədə zibil qutusunun içinə başını soxub nə isə axtaran kişi arvadını çağırır, deyəsən “işəyarayan” əşya tapıb. Sevinərək qadına göstərir. Geyimlərindən, hərəkətlərindən ağıllarını itirmiş olduqları hiss olunur. Səfillər öz işlərindədir.

“Hər şeydən yazmaq olar,- deyirdi redaktor – zibildən də konfet kimi yazmaq... Peşəkarlıq budur... Gərək heç nəyi gözdən qaçırmayasan”. Səfillərə yaxınlaşır. Qadın təəccüblə ona baxır. Kişi bir az qəzəblidir. Hürkmüş kimi görünürlər. Qadın onun üzünə baxıb öz aləmində hansısa mahnını zümzümə etməyə başlayır.

Gülümsünərək onları başa salır ki, qorxmasınlar. Cibindən xırda pul axtarır, kişinin ovcuna basır. Qadın pulu götürür, əlindəki torbanın içinə atır. Hiss olunur ki, kişini o idarə edir.

Deyəsən, isinişirlər ona. Onları danışdırmaq istəyir. Qarışıq danışırlar, nə danışdıqlarını başa düşülmür. Bir neçə dəfə cəhd etsə də, heç nə alınmır. Kişi zibilqablarının birinni onu qarşısına itələyir.Yəqin demək istəyir ki, sənə verdik bunu. Bir-birinə dəyə-dəyə aradan çıxırlar. Qarşısındakı zibilqabı ilə üzbəüz qalır. Redaktorun qarasınca söylənir: “Bu da sənin çılpaq həqiqətin”...

Adamların diqqətini çəkməmiş aralanmaq istəyir. Tələm -tələsik irəli addımlayır. Qarşıdakı divara yazılmış elanı görür: “Bura keçid deyil”. Yolu dəyişmək lazımdır.

Səsin sahibi zəng edir:

- Nə edirsən, nəylə məşğulsan indi?

Qeyri-ixtiyari dillənir:

- Heç nə! Yolumu dəyişirəm yenə...
XS
SM
MD
LG