Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:08

Kommunist keçmişindən necə qurtulmalı


SSRİ-nin gerbi
SSRİ-nin gerbi
-
Lüstrasiya «işıq» sözü ilə bağlıdır, «təmizləmə, saflaşdırma, arındırma, durultma» anlamına gəlir. Söhbət müstəqillik qazanandan və ya münaqişədən sonra siyasi qrupların əvvəlki rejimdən necə qurtulmasından gedir. Bu, eləcə də rejim qurbanlarının hüquqlarının bərpasını hədəfləyir.

«KEÇİD ƏDALƏTİ»

Bənzər təmizləmə metodları beynəlxalq hüquqda Keçid Ədaləti adlandırılır. Lüstrasiya keçmişə baxmaq cəhdi, keçmiş rəsmilərin dövlət, yaxud ictimai fəaliyyətini ya məhdudlaşdırmaq, ya da qadağan etməkdir.

Baltikyanı ölkələr öz keçmişləri ilə hesablaşma yolunu daha tez tutublar. Gürcüstanda lüstrasiya qanunu 2011-ci ildə qəbul olunub. Azərbaycanda isə hələ də belə bir addım atılmayıb, Keçid Ədaləti yönündə məhdud işlər görülüb.

Belə bir qanun «KQB», Baş Kəşfiyyat İdarəsi (QRU) və DİN-in 7-ci idarəsi ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının bilinməsi demək olardı. Bu sənəd həmin agentləri Azərbaycan MTN-ə özləri barədə məlumat verməyə məcbur edərdi.

Məsələn, Polşada 2007-də qəbul olunmuş qanuna görə, vətəndaşdan sadəcə soruşurlar ki, keçmiş rejimin bir hissəsidir, ya yox. Yalan danışsa, sərt cəza ilə üzləşir.

Azərbaycanda Keçid Ədaləti barədə növbəti yazıda. İndilik, bu fürsətdən yararlanmış ölkələrin təcrübəsinə baxaq.

Şərqi Avropanın 30 ölkəsindən azı 10-da Lüstrasiya Qanunu qəbul olunub.

Lüstrasiya Qanununun tətbiqi üçün demokratiyanın da vacibliyi vurğulanır, çünki bu qanun anti-demokratik sayıla, siyasi rəqabət üçün istifadə oluna bilər. Müşahidəçilərə görə, dövlət nə qədər demokratikdirsə, bu qanunun tətbiqindən doğacaq təhlükələrə bir o qədər sinə gərir.
Gürcüstanda Sovet İşğalı Muzeyi
Gürcüstanda Sovet İşğalı Muzeyi

GÜRCÜSTAN QANUNUNDA RUSİYA XOFU

Gürcüstan «Azadlıq xartiyası» adlanan qanunu 2011-ci ildə qəbul edib.

Maraqlıdır ki, keçmiş dissident Zviad Gamsakhurdia da Lüstrasiya Qanununun qəbulundan vaz keçib. Bunu onun xüsusi xidmətə bağlılığı, ya da atasının Xüsusi Xidmətlə bağları ilə izah edənlər var.

Gürcüstanda bu sənədi siyasi addım da sayırlar, çünki qanunun təşəbbüskarı, hələ ki, zəif mülki cəmiyyət deyildi. Sənəd ictimai müzakirəyə də çıxarılmayıb. 2007-ci ildə qəbul oluna bilməyən qanunu 4 il sonra qəbul etmək mümkün olub.

Corctaun Universitetinin Şərqi Avropa və Gürcüstanda siyasət və lüstrasiya təcrübəsi üzrə araşdırmaçısı Peter Rozic Gürcüstan mediasına deyib ki, qanunun qəbulu daxili və xarici amillərlə bağlıdır:

«Gürcüstan ümumilikdə Rusiya sarıdan narahatdır. Sovet Xüsusi Xidmətinə bağlı şəxslər heç vaxt Gürcüstanda hakimiyyətə qayıda bilməyəcəklər. Buna baxmayaraq, onlar hələ də bu strukturlara bağlı sayılırlar».

KOMMUNİST OLDUNSA...

«Azadlıq xartiyası» Sovet İttifaqının xüsusi xidmətinin keçmiş əməkdaşları, keçmiş kommunist partiyası və komsomol yetkililərinə məhdudiyyətlər qoyur. Eləcə də ictimai yerlərdə faşist və kommunist simvolikasından istifadəni yasaqlayır, xaricdən pul axınına göz qoyur.

Gürcüstanda Sovet İşğalı Muzeyi
Gürcüstanda Sovet İşğalı Muzeyi
Bu şəxslər müdafiə və daxili işlər nazirliklərində, əməliyyat bölmələrində işləyə bilməyəcəklər. Eləcə də hakim, ali təhsil müəssisəsinin rəhbəri, prorektor, dekan, kafedra müdiri ola bilməzlər. İctimai televiziya rəhbəri, nizamlayıcı şuranın üzvü olmağa da qadağa var.

Ancaq onlar parlamentə namizədliklərini verə bilərlər, bir şərtlə ki, MSK onların SSRİ-dəki fəaliyyətini açıqlasın.

«Azadlıq xartiyası»nın təşəbbüskarı Giya Tortladze yerli mediaya deyib ki, bu sənədin himayəsi altında seçki mühiti yaxşılaşmalıdır. Belə ki, «adıçəkilən şəxslər birbaşa Moskvaya işləyiblər və indi Rusiya onlardan Gürcüstana qarşı yararlanmamalıdır. İctimaiyyət onlar barədə hər şeyi bilməlidir».

ÇEXİYADA SAFLAŞMA

Xeyli sərt lüstrasiya Çexiya Respublikasında həyata keçirilib.

1991-ci ildə qəbul olunmuş «Kommunist rejiminin qanunsuzluğu haqqında» Qanun ölkənin 1948-1989-cu illərdəki idarəçilik metodlarına görə məsuliyyəti Çexoslovakiya Kommunist Partiyasının üzərinə qoyurdu. Bu qanun həmin illərdə kommunist rejimi ilə əməkdaşlıq etmiş 140 min şəxsə aid edilmişdi. Xüsusi xidmət əməkdaşlarına və gizli agentlərə 5 il dövlət orqanlarında vəzifə tutmaq yasaqlanmışdı. Təbii ki, xüsusi komissiya onların günahını sübut edirdisə. Qanunla bu yoxlamaya iki ay ayrılırdı. Bəzən yoxlanış çox uzun çəkirdi.

1996-cı ildə Çexiya vətəndaşları xüsusi xidmət dosyesi ilə tanışlıq hüququ qazandılar. Müstəqil Çexiyanın ilk prezidenti Vaclav Havel-i də sorğu-sual üçün materiallar tapıldı.
SSRİ-Çexiya. Dostluq
SSRİ-Çexiya. Dostluq
Ancaq sonra bu nəticəyə gəlindi ki, Havel-i «əməkdaşlıq üçün mümkün namizəd» saymaq olar.

Bu akt kommunist rejiminə bağlı şəxslərin ictimai yayım sahəsində vəzifə tutmasını da qadağan edir. Həmin postları tutmaq istəyənlər kommunistlərə bağlı olmamasına dair Daxili İşlər Nazirliyindən məktub gətirməliydilər.

Hazırda Çexiya parlamentində kommunistlər də təmsil olunur. Onların seçki qurumlarında təmsilçiliyinə hər hansı qadağa yoxdur, ancaq icra strukturlarında işinə məhdudiyyətlər var.

Vaclav Havel qanunun 2000-ci ilədək uzadılmasına veto qoymaq istəsə də, parlament vetonu rədd edib. 2001-ci ildə Çexiyanın Konstitusiya Məhkəməsi qərar verir ki, Lüstrasiya Aktı Konstitusiyaya zidd deyil və qüvvədə qala bilər.

«XÜSUSİ XİDMƏTƏ BAĞLI DEYİLSƏNSƏ, SƏNƏD GƏTİR»

Estoniya 1940-1950-ci illərdə kütləvi repressiyalarla bağlı qanun qəbul edib. Estoniya Prokurorluğuna tapşırılıb ki, kütləvi qətllərdə təqsirli olanlar məsuliyyətə cəlb olunsunlar.
Latviyada 1992-ci ildə qəbul olunmuş Seçki Qanunu tələb edir ki, deputatlığa namizədlər sovet rejimi, yaxud xüsusi xidmətlərlə bağlı olmadığını sübut edən sənəd göstərsinlər.

Moskvada KGB-nin binası
Moskvada KGB-nin binası
Litvada SSRİ və digər ölkələrin xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən deputatların mandatlarının yoxlanması tələb olunur.

1996-cı ildə Rusiya qoşunları Çeçenistandan çıxandan sonra Aslan Maskhadov hakimiyyəti «Lüstrasiya qanunu» qəbul etdi. Qanuna görə, Doku Zavgayev-in dövründə vəzifədə olanlar 10 il ərzində İçkeriyada vəzifə tuta bilməzdilər.

Rusiyada 1991-ci ildə siyasi repressiya qurbanlarının reabilitasiyasına dair qanun qəbul olunub. 1992-ci ildə isə Galina Starovoytova Rusiya Federasiyası Ali Sovetinə «Totalitar rejimin siyasət daşıyıcılarına peşə qadağasına dair» qanun layihəsi təqdim edib. Layihədə nəzərdə tutulurdu ki, Sov. İKP aparatının, sovet və rus xüsusi xidmətlərinin əməkdaş və agenturasına peşə məhdudiyyətləri qoyulsun. Starovoytova 1997-ci ildə sənədi yenidən Dövlət Dumasına təqdim edir, ancaq qanun qəbul olunmur. Daha sonra Starovoytova öldürülür. 2005-ci ildə onun ölümünə görə Baş Kəşfiyyat İdarəsinin əməkdaşı təqsirli bilinir. Sifarişçilər tapılmayıb.

2011-ci ildə Qırğızıstanda Lüstrasiya Qanununa dair referendum təklifi qəbul olunmayıb. Mərkəzi Seçki Komissiyası (BSK) lazımi sənədlər olmadığı üçün belə bir referendumu istisna edib. Beləcə, hökumət rəsmiləri keçmiş prezident Kurmanbek Bakiyev və ailəsi, eləcə də administrasiyası ilə bağlantılarını açmaqdan qurtulub.
XS
SM
MD
LG