Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:44

Əvəz Zeynallı: «Nə belə məhkəmə tanımıram, nə də onun çıxardığı qərarı»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının dəmir barmaqlıqları təpikləməsinə, yumruqlamasına və qışqırmasına səbəb vəsatətlərinin təmin olunmaması idi.

«MƏNİ HƏBS ETDİRƏNLƏR İNDİ ÖZLƏRİ GÜNDƏMDƏDİRLƏR»

Bunadək Əvəz Zeynallı məhkəmə heyətini keçmiş deputat Gülər Əhmədovanı məhkəməyə gətirməməkdə qınayır, işin ibtidai istintaqa qaytarılmasını tələb edirdi.

Məhkəmə iclası başlayanda, Əvəz Zeynallı əlində bir neçə qəzet tutaraq keçmiş deputatın həmin qəzetlərə müsahibələrindən ayrı-ayrı yerləri işarələyirdi. Bu, köməkçi hakim Novruz Məmmədovun diqqətindən yayınmır:

Hakim:

- Gündə bir qəzetlə gəlirsiniz. Yenə qəzetlə gəlmisiniz (gülümsəyir).

Əvəz Zeynallı:

- Neyləyim, ay Novruz müəllim. Məni həbs etdirən adamlar özləri indi ölkənin gündəmindədirlər. Adam oğurluğunda, mütəşəkkil cinayətkar qrupun üzvü olmaqda ittiham edilirlər. Məni həbs etdirən adam hər gün mətbuata danışır, bəyanatlar verir. Burda da ittiham tərəfinin şahidi kimi iştirak etməlidir, ancaq gəlmir.

Sonra Əvəz Zeynallı Gülər Əhmədovanın «Yeni Müsavat» qəzetinə verdiyi müsahibəsinə istinad etdi:

- Gülər Əhmədova deyir ki, dünyanın heç bir yerində videoya görə adamı həbs etmirlər. Montaj olunmuş videolar heç vaxt sübut sayıla bilməz.

(Üzünü məhkəmə iclasına sədrlik edən Ramella Allahverdiyevaya tutur):

- Ramella xanım, bunu o adam deyir ki, bir səs yazısına görə məni 15 aydır həbsdə saxlatdırır. Halbuki, özünüz də dinlədiniz, diktofonuna ayaqqabısının dabanının səsindən başqa heç bir səs düşməmişdi.

«GÜLƏR DEYİR Kİ, MƏNİ O TUTDURMAYIB»

Əvəz Zeynallı Gülər Əhmədovanın yanvarın 11-də «Bizim yol» qəzetinə müsahibəsindən də danışdı:

- Ramella xanım, mən tələb edəndə ki, Gülər Əhmədovanı məhkəməyə çağırın, Siz deyirdiniz ki, çağırırıq, xəstədir, gələ bilmir. Ancaq özü müsahibəsində deyir ki, hakim nə vaxt çağırıbsa, iclasda iştirak etmişəm. Ramella xanım, belə çıxır ki, Siz onu cəmi bir dəfə çağırmısınız. Onda da gördünüz ki, aləmi qarışdırıb, dava salıb çıxıb getdi. Belə çıxır ki, sonrakı vəsatətlərimizə baxmayaraq, Siz onu məhkəməyə dəvət etməmisiniz.

Hakim susur.

Əvəz Zeynallı:

- Gülər Əhmədova müsahibəsində, az qala, 7-8 dəfə təkrar edir ki, Əvəz Zeynallı mənə görə həbs olunmayıb. Bəs onda niyə 15 aydır həbsdəyəm, möhtərəm hakimlər?

Hakim Novruz Məmmədov:

- Zeynalov, Sizə qarşı cinayət işi başlanması ilə bağlı qərarı oxumusunuz?

Əvəz Zeynallı:

- Bəli. Oxumuşam. Səbail rayon Məhkəməsi mənim barədə Gülər Əhmədovanın ərizəsi əsasında həbs qərarı verib.

Hakim:

- Vəssalam da.

Əvəz Zeynallı:

- Axı indi bu adam müsahibəsində 7-8 dəfə xüsusi vurğulayıb ki, Əvəz Zeynallını mən tutdurmamışam və açıq şəkildə deyir ki, a kişi, səni başqası tutdurub, mənlik deyil. Məni kim tutdurub? Mən niyə 15 aydır həbsdəyəm?

Hakimlər susurlar.

Əvəz Zeynallı:

- Jurnalist ondan soruşur ki, Sizdən rüşvət istəməsi təsdiqini tapmayıb? Gülər də cavab verir ki, tapmadı. Bu nə deməkdir axı, möhtərəm hakimlər? Deyir ki, təsdiqini tapmadı, çox gözəl, təsdiq olunmur, heç olunmasın, arzu edirəm ki, onu tezliklə azadlığa buraxsınlar. Möhtərəm hakimlər, bu o deməkdir ki, Gülər Əhmədova prosesdən imtina edir, deyir ki, ay Əvəz Zeynallı, səni mən tutdurmamışam. Adam açıq-aşkar başa salır ki, səni tutduran Ramiz Mehdiyevdir. Ona görə də tələb edirəm ki, cinayət işi ibtidai istintaqa qaytarılsın.

Əvəz Zeynallı
Əvəz Zeynallı
Hakim Ramella Allahverdiyeva Əvəz Zeynallının dediklərinə münasibət bildirmədən vəsatətlərin müzakirəsinə başladı.

Hakim:

- Birinci vəsatət Toğrul Əhmədovun məhkəməyə təkrar dəvət olunub dindirilməsi və ötən dindirmədə yalan ifadə verməsinə görə barəsində cinayət işi başlanmasına qərar çıxarılması ilə bağlıdır.

Əvəz Zeynallı:

- Bəli. Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov burda sizi də aldatdı. Gözümün içinə dedi ki, özüm diskə qulaq asıb eşitmişəm ki, anamdan 26 min manat istəmisən. Burda yalan ifadə verdi.

Prokuror:

- Hesab edirəm ki, Toğrul Əhmədov burda ətraflı ifadə verib və kifayət qədər sorğu-sual olunub. Vəsatəti təmin etməməyinizi xahiş edirəm.

Hakim:

- Biz də hesab edirik ki, Toğrul Əhmədovun təkrar dindirilməsinə ehtiyac yoxdur. Onun doğru-yalan ifadə verdiyinə isə sonra sübutlara qiymət veriləndə, münasibət bildirəcəyik. Buna görə vəsatətin Toğrul Əhmədov barəsində cinayət işi başlanması ilə bağlı hissəsi də təmin olunmur.

PROKURORUN VƏSATƏTLƏRƏ MÜNASİBƏTİ ARANI QATDI

Əvəz Zeynallı və vəkili etiraz etdilər.

Əvəz Zeynallı:

- Bütün vəsatətlərə belə münasibət bildirəcəksinizsə, heç başqa vəsatətlərimizə münasibət bilməyin.

Hakim:

- İkinci vəsatət işi aparmış müstəntiq Qabil Qasımovun məhkəməyə dəvət olunub şahid kimi dindirilməsi ilə bağlıdır.

Prokuror:

- Hesab edirəm ki, məhkəmə istintaqının gedişində Qabil Qasımovun ibtidai istintaq zamanı hər hansı qanun pozuntusuna yol verdiyi aşkar olunmayıb. Bu vəsatət də təmin edilməsin.

Ancaq bu dəfə hakim vəsatətə münasibət bildirməyə imkan tapmadı. Əvəz Zeynallı dəmir barmaqlıqları döyəcləməyə və
Əvəz Zeynallı məhkəməyə gətirilir
Əvəz Zeynallı məhkəməyə gətirilir
qışqırmağa başladı:

- Mən bu məhkəmədən ədalət gözləmirəm, nə bu məhkəməni, nə də onun çıxaracağı qərarı tanıyıram.

CPM PROKURORUN AYAĞI ALTINDA

Hakim və prokuror Əvəz Zeynallıya məhkəməni təhqir etməməyi bildirəndə, Əvəz Zeynallı Cinayət Prosessual Məcəlləsi külliyyatını prokurorun ayaqları altına atdı:

- Çıxın bunun üstünə. Onsuz da qanunları tapdalaya-tapdalaya gəlirsiniz. Hansı qərarı istəyirsiniz, qəbul edin.

Əvəz Zeynallı yumruqlarını və təpiklərini dəmir barmaqlıqlara vura-vura üzünü nəzarətçilərə tutdu:

- Nə dayanmısınız, açın, aparın məni burdan.

Hakimlər məhkəmə iclasını tərk etməli oldular. Məhkəmə iclası qeyri-müəyyən vaxtadək ertələndi.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Gülər Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar rüşvət tələb etməkdə günahlandıran videonu yayandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Bu yaxınlarda isə o, həmin videogörüntülərə görə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.
XS
SM
MD
LG