Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

İsmayıllı hadisələri, «antiazərbaycançı qüvvələr»


İsmayıllının mərkəzi (Foto: Əziz Kərimov)
İsmayıllının mərkəzi (Foto: Əziz Kərimov)
-

«Bizim yol» qəzeti İsmayıllının İvanovka kəndindən yazır ki, burda icra başçısı Nizami Ələkbərovun mülki var:

«Bir cavandan aldığım məlumata görə, malikanə polislərin nəzarətindədir. Burda heç kim problemlərdən danışmaq istəmirdi. Ən yaxşı halda «özünüz hər şeyi bilirsiniz. Bizdən niyə soruşursunuz deməklə kifayətlənirdilər. Çoxsaylı adamla danışsam da hamı demək olar ki, eyni şeyi deyirdi. Sadəcə onu öyrənə bildim ki, İsmayıllı hadisələrindən sonra kənd camaatına yuxarıdan «susmaq» tapşırığı verilib».

Ölkəni etiraz dalğası bürüyüb

​«Azadlıq» qəzeti yazır ki, İsmayıllı və Zaqatalada vəziyyət gərgindir, İmişli də etiraza qalxıb. Qəzet yazır ki, «İsmayıllıda xalq etirazı zorakılıqla yatırıldıqdan sonra Zaqatalada sakinlər ayağa qalxıb. Hökumət İsmayıllı hadisələrinin təkrarlanmaması üçün təcili tədbirlər görüb. Dərhal sakinlərlə görüş keçirilib, onların problemlərinin həll ediləcəyinə söz verilib. Bir qrup tələbə axşam saatlarında Bakıda ictimai iaşə obyektlərinin və binaların divarlarına etiraz şüarları yazıblar».

Antiazərbaycançı şəbəkənin növbəti məkri

«Azərbaycan» qəzeti yazır ki, «seçki öncəsi antiazərbaycançı qüvvələr və onların ölkəmizdəki «beşinci kolon»u fəaliyyətlərini aqressivlik üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd edirlər. Məlum olduğu kimi, İsmayıllıda dağıdıcı qüvvələrin hüquqazidd hərəkətləri zamanı əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud şəkildə pozulmuşdur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər dinc sakinlərin narahatlığına səbəb olmuşdur. İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
«Beşinci kolon» isə Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edir.

Antiazərbaycan mövqeyi ilə tanınan «Human Rights Watch», eləcə də «Sərhədsiz reportyorlar» bəyanatlarında guya ölkəmizdə insan hüquqlarının pozulduğunu, vicdan azadlığına təhlükə olduğunu iddia etsələr də, nədənsə Amerikada və Avropa ölkələrinin böyük əksəriyyətində baş verənlər barədə səssiz qalırlar».

Zəlzələ qurbanları kütləvi etiraz aksiyalarına hazırlaşır

«Yeni Müsavat» qəzeti yazır ki, fövqəladə hallar nazirinin müavinini Zaqatalaya göndərməsi etirazları durdurub. Ancaq gərginliyi azaltmayıb. Qəzet yazır ki, «zəlzələdən əziyyət çəkən Muxax, Gözbarax, Danaçı, Çobankol, Qımır, Mamrıx kəndlərinin sakinləri yanvarın 31-də yenidən icra hakimiyyətinin binası qarşısına yığışmaq niyyətində idilər. Həmin gün axşamüstü saatlarından rayonun bütün mərkəzi küçələri, eyni zamanda Zaqatala Rayon İcra Hakimiyyətinin binasının qarşısı nəzarətə götürüldü. Qımır kənd sakini Mehriban Mahmudova deyir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən evlər yaşayış üçün yararsızdır: «Nazirliyin göndərdiyi komissiya evlərə düzgün baxış keçirmir. Evimiz qəzalı vəziyyətdədir. Hara gediriksə, şikayətimizə baxan olmur. Ötən ilin mayında baş verən zəlzələnin nəticələri hələ də aradan qaldırılmayıb. Bu da rayonda ciddi narazılıqların yaranmasına səbəb olacaq. Həmin kəndin sakini Sevil Mahmudova deyir ki, sonuncu dəfə dekabrın 17-si evlərinə baxıblar: «Nazir müavini camaata dedi ki, yeni komissiya göndərəcək. Guya bizim kənddə 12 qəzalı ev var. Halbuki qəzalı vəziyyətdə olan evlərin sayı 30-dan çoxdur. Orucəli Hacıyevə sözümüzü deyə bilmədik. İmkan vermədilər ki, problemimizi ona çatdıraq». Gözbarax sakinləri deyir ki, ölkə başçısı İlham Əliyevə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova və digər məmurlara məktub yazsalar da rayon poçtu şikayətlərini cavabsız üstlərinə qaytarır.

«Bakıelektrikşəbəkə » ASC-nin yeni yarımstansiyaları və inzibati binaları istifadəyə verilib

«Yeni Azərbaycan» qəzeti yazır ki, açılışda prezident İlham Əliyev iştirak edib.

Prezident deyib ki, «ölkəmiz də, Bakı şəhəri də inkişaf edir. Şəhərimizdə çoxsaylı tikinti işləri aparılır, yeni sənaye müəssisələri, iş mərkəzləri, ticarət obyektləri yaradılır. Əlbəttə ki, bütün bu obyektlər qidalanmalıdır. Dayanıqlı elektrik enerjisi ilə təchizat hər bir ölkə üçün başlıca vəzifədir və bunsuz heç bir inkişaf mümkün deyildir. Bu il də bu işlər görülür. Əminəm ki, növbəti illərdə də bu sahədə böyük işlər görüləcəkdir. Hazırda ölkədə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ancaq ötürücü, paylayıcı xətlər hələ də lazımi səviyyədə deyildir və yaxın illərdə bu məsələ də öz həllini tapacaqdır».
XS
SM
MD
LG