Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Qrant və ianələrə görə cərimələr arta bilər


Rafael Cəbrayılov
Rafael Cəbrayılov
-
«QRANT VƏ İANƏLƏR KÖÇÜRMƏ YOLU İLƏ OLMALIDIR»

Fevralın 6-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi qrant və ianələr alınması qaydalarına bəzi dəyişiklikləri müzakirə edib.

Bu haqda AzadlıqRadiosuna deputat Rafael Cəbrayılov məlumat verib. Onun dediyinə görə, qeyri-hökumət təşkilatları və dini qurumların qrant müqavilələrinin surətini qeydiyyat üçün icra hakimiyyəti orqanına təqdim etməmələri bağlı cərimələr artırılır:

««QHT-lər», «Qrant» və «Dini etiqad azadlığı» haqqında 3 qanuna dəyişiklik təklif edilib. Belə bir əsaslı dəyişiklik nəzərdə tutulur ki, qrant müqaviləsində qrant haqda qərar olmadan dini qurumlar, qeyri-hökumət təşkilatları və başqaları qrant ala bilməzlər. Xarici ölkələrin Azərbaycandakı nümayəndəlik və filialları da qrant qəbul edə bilməzlər. Deməli, onlar qrant müqaviləsini müvafiq icra orqanında, ədliyyə nazirliyində qeydiyyatdan keçirməlidirlər».

Üstəlik, alınan qrant və ianələr köçürmə yolu ilə olmalıdır. Nağd şəkildə qəbulu yolverilməzdir. Bunu da Rafael Cəbrayılov deyir:

«Nağd şəkildə olarsa, buna görə məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, qrant müqaviləsi olmadan «çöldən-çölə» qrant almaqla bağlı da məsuliyyət var. Hüquqi şəxslər üçün 15 min manatadək, vəzifəli şəxslər üçün 3 min manatadək cərimələr nəzərdə tutmuşuq. Böyük cərimələrdir».

Foto: Arxiv
Foto: Arxiv
«Trend» İnformasiya Agentliyinin yazdığına görə, layihədə «Dini etiqad azadlığı haqqında» qanuna dəyişikliklər də nəzərdə tutulur. Dəyişikliyə görə, dini qurum ianə müqabilində onu verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və s. nemət, hər hansı imtiyaz və ya güzəşt verə bilməz. Bundan başqa dini quruma ianə verən şəxs bunun müqabilində özü və ya üçüncü şəxs üçün maddi və sair nemət, imtiyaz, güzəşt qəbul edə bilməz.

«YAXŞI BİLİRİK Kİ, BÖYÜK PULLAR SİYASƏTƏ XİDMƏT EDİR»

Bəs bu dəyişikliyi zəruri edən nədir? Rafael Cəbrayılovun izahatı:

«Demirik ki, qrant almayın! Deyirik ki, göstər nə qədər almısan! Və təyinatı üzrə hara xərcləmisən? Yaxşı bilirik ki, böyük pullar siyasətə xidmət edir. Yaxşı da bilirik ki, bu siyasət bəzən xoş niyyətə xidmət etmir. Bir də Azərbaycanın milli təhlükəsizlik konsepsiyası var. Azərbaycana xaricdən qrant verilir ki, get, demokratiyanı, insan haqlarını inkişaf etdir. Söhbət odur ki, bu təyinatı üzrə xərclənirmi? Niyə bu hesabata salınmasın?».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, «Bu təkliflər parlamentdə qəbul olunarsa, Azərbaycan Belarusun vəziyyətinə düşəcək».

Onun düşüncəsinə görə, bunun arxasında siyasi məqsəd durur və bu yolla siyasi hakimiyyət həm yerli, həm də beynəlxalq təşkilatları total nəzarətə götürmək istəyir.
Anar Məmmədli
Anar Məmmədli

«MƏQSƏD İANƏ VERMƏK İSTƏYƏNLƏR, PARTİYALAR ÜZƏRİNDƏ NƏZARƏT QURMAQDIR»

Anar Məmmədli deyir ki, Azərbaycanda qrant prosedurları mövcud qanunvericiliklə də tənzimlənir. Yəni, qanuna görə, qrant müqaviləsinin surəti və məlumat dərhal Ədliyyə Nazirliyinə göndərilir:

«Yenidən bu məsələni gündəmə gətirməkdə məqsəd – QHT-lərin, siyasi partiyaların, dini icmaların işini bürokratik baxımdan ağırlaşdırmaqdır. Burda qrantdan daha çox ianələrdən söhbət gedir. Biz seçki ilinə yaxınlaşırıq. Çox güman ki, bir sıra insanlar siyasi partiyalara, namizədlərə ianə vermək istəyəcəklər. Məncə, məqsəd həm ianə vermək istəyənlər, həm partiyalar üzərində total nəzarət qurmaqdır».

«NƏZİR QUTULARINA PUL ATANDA, BUNU QEYDİYYATDAN KEÇİRMƏLİDİRLƏR?»

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı cərimələrin artırılmasındakı məqsədi anlamadığını deyir:

«Əlbəttə, bank yolu ilə köçürmə şəffaflığı artırır. Ancaq ianələrdən söhbət gedirsə, tutaq ki, nəzir qutularına pul atanda, bunu qeydiyyatdan keçirməlidirlər? Və ya «5 qəpik» kampaniyasını götürək. Bu da ianə, yardım formasıdır. Bunların hamısına bankla köçürülməsi tələb olunacaqsa, absurd deyil?».

Bunlar hələlik Komitənin parlamentə təklifidir. Parlamentin qərarını yaxınlarda görəcəyik.
XS
SM
MD
LG