Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Əkrəm Əylisli səfirliklərə müraciət etdi: "Münasibət bildirin"


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

“Hakimiyyət tərəfindən mənə olan mənəvi terrorun dayanacağını fikirləşirdim.

Fikirləşirdim ki, bunu uzatmayacaqlar. Dövlət televiziyası hər gün mənə qarşı hücumlar təşkil edir. Gördüm ki, bunlar heç əl çəkmək istəmir, gördüm ki, bunlar çox dərinə gedir, xarici səfirliklərə müraciət etdim ki, əsəri oxusunlar. Kim istəyir müdafiə eləsin, kim istəyir eləməsin. Ancaq mən bu müraciəti etməyi lazım bildim”.

Bunu AzadlıqRadiosuna yazıçı Əkrəm Əylisli fevralın 7-də Azərbaycandakı diplomatik nümayəndəliklərə müraciət etməsinin səbəbi ilə bağlı deyib.

Fevralın 7-də qalmaqallı “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli Azərbaycandakı xarici diplomatik nümayəndəliklərə - ABŞ, İngiltərə, Almaniya, Fransa, Rusiya, Norveç, İsveç, İsveçrə, Avstriya, Niderland, Ukrayna, Gürcüstan və digər ölkələrin səfirliklərinə, eləcə də Avropa İttifaqı, ATƏT və Avropa Şurasının nümayəndəliklərinə müraciət edib.
Səfirlikləri romanla tanış olmağa və münasibət bildirməyə çağırıb.

“Yaşadığım evin qarşısında icazəsiz kütləvi aksiyalar keçirilir, kitablarım yandırılır, ailə üzvlərimə qarşı ədalətsiz təzyiqlər göstərilir”. (“Turan”)

Yazıçı bildirir ki, “bu, son 100 ildə Azərbaycanın ictimai həyatında görünməmiş hadisədir və bunun hakimiyyət tərəfindən həyata keçirilməsində mənim heç bir şübhəm yoxdur. Mən bunu hakimiyyət dairələri tərəfindən söz və ifadə azadlığına qarşı analoqsuz dözümsüzlük nümunəsi sayıram”.

Əkrəm Əylisli AzadlıqRadiosuna deyib ki, müraciətin məqsədi ölkədən getmək istəyi ilə bağlı deyil: “Mənim heç bir ölkəyə getmək fikrim yoxdur. Hücum edənlər yazıçını başa düşməyə çalışmalıdırlar. Mirzə Fətəlinin başına nə işlər gətirmişik, 100 ildən sonra başa düşməyə başlamışıq. Mirzə Cəlili də biz sonra başa düşüb anladıq. Ona görə də bu cür məsələlərdə hökmü zaman verməlidir. Bunlar isə özlərinin hökmünü verməkdə çox tələsirlər. Bunlar fikirləşir ki, bütün məmləkət eyni fikri deməlidir. Ancaq bütün məmləkət eyni fikri deyəndə ölkə demokratik ölkə olmur. Bu ölkə totalitar olur. Hamı eyni fikirdə ola bilməz. Bunlar istəyirlər ki, bütün camaatda o əsərə qarşı eyni fikir yaratsınlar. Mən öz vətənimi, öz xalqımı o hücum edənlərin hamısından çox istəyirəm. Vətəni tərk etmək planım yoxdur. Amma insan hava ilə nəfəs alır. Əgər sənin nəfəs aldığın havanı hər yerdən kəsirlərsə, bir yerdə hava almalısan. Allah eləməsin, əgər elə bir hadisə baş verərsə, mən Azərbaycana hökmən qayıdacağam. Azərbaycanı mənsiz, özümü də Azərbaycansız təsəvvür eləmirəm”.
XS
SM
MD
LG