Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:30

Qismət: "İkinci bir müharibəyə gərək yoxdu!" Aqil Abbas: "Sülh bağlayıb torpağı verək?"


soldan sağa - Şahnaz Bəylərqızı, Azad Yaşar və Qismət
soldan sağa - Şahnaz Bəylərqızı, Azad Yaşar və Qismət
-

Həmid Herisçi:

“Əkrəm Əylisli işini həmişə Moskva vasitəsilə görüb”

Azad Yaşar:

"Məşhur deyim var: “Üzrü günahından betər”. Əkrəm bəyin bu əsəri daha çox o təsnifata uyğun gəlir"



Dünya ədəbiyyatında Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanının analoqu varmı?

“Pen klub”dakı debata Azad Yaşar, Qismət, telefonla Həmid HerisçiAqil Abbas qatıldılar.

“Əkrəm Əylisli nə kollaborasionistdir, nə də əksi...”

Azad Yaşar:

- Yazıçı xalqın düşünən beynidirsə, yazan əlidirsə, o da xalqla can bir qəlbdə olmalıdır. Amma buna baxmayaraq yazıçı hər hansı təbliğatın, çərçivələrin əsiri olmamalıdır. Öz yaradıcı azadlığını da qorumalıdır. Əkrəm Əylislinin romanının dünya ədəbiyyatında analoqu varmı deyirsizsə, kollaborasionist yazıçılar var. Bunlara misal olaraq fransız yazıçısı Loui Ferdinand Celine, Amerika şairi Ezra Pound, Norveç romançısı Knut Hamsunu göstərmək olar.

Şahnaz Bəylərqızı:

- Onlar necə və nədən yazırdılar?

Azad Y:

Azad Yaşar
Azad Yaşar
- Kollaborasionist yazıçı nə deməkdir, əvvəlcə onu izah edək. Məsələn, hər hansı ölkə işğal olunub, o ölkənin də vətəndaşları işğalçılarla əməkdaşlığa gedirlər. Sovet vaxtında Ukraynada, Belorusda, Rusiyada yerli əhali bir az çarəsizlikdən, bir az da rəğbətdən işğalçılarla əməkdaşlıq edirdi. Yeri gələndə də xalqın qəniminə çevrilirdilər. Əkrəm Əylislinin situasiyası tamam fərqlidir. Bu nə kollaboratsonizmdir, nə də əksi. Çünki Azərbaycanın torpaqlarının yalnız 20 faizi işğal altındadır. İşğal altında olmayan - azad ərazidə yaşayan yazıçı işğalçıya, düşmənə rəğbət bildirir. Buna nəsə termin düşünüb tapmaq lazımdır.

QİSMƏT:

- Mən də razıyam ki, dünya ədəbiyyatında Əkrəm Əylislinin “Daş yuxular”ına birəbir uyğun gələn əsər yoxdur. Soljenitsının “QULaq arxipelaqı”nda, Pasternakın “Doktor Jivaqo”sunda indiyədək mübahisə edilən məsələlər var. Ancaq bütün bunların fövqündə yazıçının azad söz demək hüququ durur. Biz onunla razılaşmasaq da, bəyənməsək də. Post-modern estetikasında “yeni tarixçilik” deyilən anlayış var. “Yeni tarixçiliyə” görə yazıçı tarixi faktları təhrif edə bilər, zamanla oynaya, hadisələri öz gördüyü kimi yaza bilər. Mən demirəm ki, Əkrəm bəyin yazdığı əsər həmin estetikaya aiddir. İstənilən halda ifadə azadlığı nümunəsidir.

Aqil Abbas: “Əkrəm bəy uşaq deyil”

Aqil Abbas:

Aqil Abbas
Aqil Abbas
- Qismət deyir ki, yazıçı azaddır, sözünü deyə bilər. Yazıçı, bəli, tarix yazmır. Ancaq yazıçının da tarixi o dərəcədə təhrif etməyə haqqı yoxdur. Mən də azdan-çoxdan kitab oxumuşam, bilmirəm, dünyada belə əsərlər var, ya yox. Amma inanmıram ki, böyük yazıçılar tarixi o cür təhrif etsinlər. Olmayan hadisələri necə qələmə almaq olar? Əylislinin romanında bir yer var ki, qarderobçu qadını 12-ci mərtəbədən aşağı atırlar. Mən həmən hadisənin baş verdiyi binada yaşamışam. Gərək ki, 10-cu mərtəbədəydi, bir erməni kişi qızı və nəvəsiylə yaşayırdı. O kişi özünü balkondan atdı, özü də yaxşı bir məktub qoymuşdu ki, ermənilərin vəhşətinə dözməyib özümü atıram. Özü yazmışdı və bu istintaqda da sübut olundu. Heç bir yazıçının tarixi o cür təhrif etməyə, olmayanları millətin adına çıxmağa haqqı yoxdur. Əkrəm Əylisli elə-belə yazıçı deyil, böyük yazıçıdır, Azərbaycandan kənarda onu tanıyırlar. Əkrəm Əylislinin sözü başqa cür qəbul olunur, onu başqası yazsaydı bəlkə də əhəmiyyət verilməzdi.

Şahnaz B:

- Dediniz ki, Əkrəm Əylisli adi yazıçı deyil, o zaman niyə yazdı bu romanı? Bəlkə cəmiyyəti düşünməyə dəvət edirdi, mesaj vermək istəyirdi?

Aqil A:

- Onu deyə bilmərəm. Biz erməni əsirlərə başqa cür münasibət göstərmişik. “Quran”a da and içsəm, inanmazsınız. Özüm dəfələrlə əsir dəyişdirilməsində iştirak etmişəm. Bizim qaytardığımız əsirlər adam idi, onların verdikləri... Belə vəhşiliyi heç nasistlər də etməmişdilər. Mən yenə də erməni xalqına nəsə demək istəmirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, nə vaxtsa haqq yoluna gələcəklər və bir yerdə yaşayacağıq. Hər kəs günahını boynuna ala bilər, cəzasını çəkə bilər. Müharibədən sonra məhkəmələr qurulur. Demirəm, biz belə məhkəmə quracağıq. Amma hər halda, günah üzə çıxarılır. Soruşursuz ki, Əkrəm bəy romanı niyə yazıb? O uşaq deyil. Ola bilsin rus ya erməni dostları bu mövzunu ortaya atıblar.

Azad Y:

Azad Yaşar və Şahnaz Bəylərqızı
Azad Yaşar və Şahnaz Bəylərqızı
- Məşhur deyim var: “Üzrü günahından betər”. Əkrəm bəyin bu əsəri daha çox o təsnifata uyğun gəlir. Bundan sonra nə qədər tövbə etsə də, inanmıram ki, bağışlansın. Tarixdə Aqil bəyin dediyi kimi məhkəmələr qurulub. İkinci Dünya Müharibəsindən sonra 1951-ci ildə Knut Hamsun da məhkəməyə verilib. Norveç hökuməti ona cəza verməyib, - bəlkə yaşının çoxluğu ilə bağlıydı – ancaq pul cəzası kəsilib.

Şahnaz B:

- Demək istəyirsiz ki, Əkrəm Əylisliyə də belə məhkəmə qurula bilər?

Azad Y:

- Mənim elə təklifim yoxdur.

“Mən məsələyə münasibətdə Siseronun tərəfindəyəm"

QİSMƏT:

- Bir var bədii əsəri əsər kimi analiz etmək, bir də var əsərdəki məsələlərə tarixçi gözü ilə yanaşmaq. Mən ikincinin əleyhinəyəm. Qaldı müharibəyə, gərək ki, Siseronun sözüdür: “Ən pis sülh ən haqlı savaşdan daha yaxşıdır”. Mən məsələyə münasibətdə Siseronun tərəfindəyəm. O məsələnin başqa tərəfi ki, Əkrəm müəllim məsələyə Siseron qədər humanist yanaşa bilibmi? Bədii əsərdə bunu ifadə edibmi? Mən də hesab edirəm ki, o, fikrini tamlıqla ifadə edə bilməyib.

Aqil A:

- Siseron boş söz danışıb. Siseronun danışdığı “Quran” ayəsi-filan deyil ki. Biz hansı sülhdən danışa bilərik? Deməli, Qarabağı verək, sülh bağlayaq? Hər şey bitdi də... Sevinək ki, insan ölümü yoxdur, qırılmırıq? Elə şeymi olar ki, sən mənim torpağımı tut, mən də səninlə sülh bağlayım ki, müharibə pisdir, adam ölür?

QİSMƏT:

Qismət
Qismət
- Əziz Aqil müəllim, siz hədsiz emosional yanaşırsız. Ona da haqqınız var. Çünki müharibənin ağrı-acısının birbaşa şahidi olmusuz. Mən şəxsən başqa cür düşünürəm. Düşünmürəm ki, bir müharibə olubsa, onu bitirmək üçün başqa bir müharibə olmalıdır. Mən bütün zamanlarda bunun əleyhinə olacam. Başa düşürəm ki, itkilər olub. Amma bir şey də var, bu itkilər təkcə biz tərəfdən olmayıb axı. Bu nə qədər davam etməlidir?

Aqil A:

- Ədalət bərpa olunana qədər. Mən Ermənistan torpağına hücum etməmişəm, erməni öldürməmişəm. Bəli, onlardan da adam ölüb. O ölünün də anası-bacısı var. Amma sən niyə mənim evimi yandırmalı idin? Niyə? Bu cinayətə cavab verilməlidir. Ədəbiyyatın missiyası insanları özünə düşmən etmək deyil, daha yüksəkdir, sevgi, insanlıq aşılamaqdır. Buyurun, hamımız bu missiyaya qulluq edək. Ancaq bir missiyanın altında bir milləti aşağılamayaq, bu, ədəbiyyatın missiyası deyil.

“Əkrəm Əylisli işini həmişə Moskva vasitəsilə görüb”

Həmid Herisçi:

- Gəlin boynumuza alaq ki, siyasətdə və ya hərbi sahədə düyünü açmaq mümkün olmayanda ədəbiyyat, yazıçı ortaya girir. Oxşar vəziyyət 1930-40-cı illərdə Fransada olub. Loui Ferdinand Celine “Gecənin sonuna səyahət” romanında fransız xalqını ciddi şəkildə tənqid edib. O əsər o vaxt səs-küylə qarşılandı. Təəssüf ki, bu əsər Azərbaycan dilində yoxdur. Oxusaydılar, görərdilər ki, yazıçı heç də xalqını mədh edən, tərənnüm edən deyil. Bizdə belə fikir var ki, yazıçı tərənnüm eləməlidir, Səməd Vurğunun “Azərbaycan” şeiri kimi. Yazıçı xalqını ciddi tənqid də edə bilər. Celine də xalqını hərtərəfli tənqid edib. Mən Əkrəm Əylislinin əsərini oxumamışam, ancaq mənə
Həmid Herisçi
Həmid Herisçi
lə gəlir ki, Azərbaycan ədəbiyyatına Loui Ferdinand Celine təcrübəsi gəlir. Buna hazır olmaq lazımdır. Biz Əkrəm Əylislinin istedadına çərçivə qoya bilmərik. Bir də nəzərə almaq lazımdır ki, Əkrəm Əylisli Moskvada təhsil alıb, imperiyanın xoşuna gəlib, respublika rəhbərliyinin ona gücü çatmayıb. O işini həmişə Moskva vasitəsilə görüb. Belə şeylər də heç vaxt arxivə getmir.

Şahnaz B:

- Yəni sizcə, bu romanın yazılmasında Moskvanın təsiri var?

Həmid H:

- Mən həmişə hesab etmişəm ki, bizim bəzi yazıçılarımız ciddi şəkildə Moskva ilə bağlıdırlar. Buna pis də baxmıram. Ola bilər Əkrəm Əylisliyə sifariş verilib, bəlkə heç bunu başa da düşməyib.

Aqil A:

- Mən babal yuya bilmərəm ki, Əkrəm Əylisli bu yaşda pul alıb əsər yazıb. İnanmıram ki, pula da ehtiyacı olsun. Həmid Moskva mühitindən danışdı. Ordakı söhbətlər bəlkə də təsir edib.

“Xalq yazıçısı adının ondan alınması düzgün addımdır”

Şahnaz B:

Qismət və Azad Yaşar
Qismət və Azad Yaşar
- Aqil bəy, prezidentin qərarı ilə Əkrəm Əylislidən “xalq yazıçısı” adının alınmasına necə baxırsız?

Aqil A:

- Bu adı ondan prezident almadı, bunu mətbuat qaldırdı, müraciətlər oldu. Xalqına qarşı olan yazıçının xalqın yazıçısı kimi çıxış etməyə hüququ yoxdur.

Azad Y:

- Əkrəm bəy düşünür ki, romanda öz həqiqətini yazıb. Ancaq taleyin işinə bax ki, onun 75 yaşda gəldiyi qənaət, müharibə haqda həqiqəti xalqın son 20 ildə yaşadığı həqiqətlə üst-üstə düşməyib, çat əmələ gəlib. Ona görə də “xalq yazıçısı” adının alınması ən primitiv məntiqlə düzgün addımdır. Yəni ən azından sadəcə yazıçı olsun.

QİSMƏT:

- Bütün zamanlarda həqiqətin yazılmasına ehtiyac var. Nə yaxşı ki, cəsarətli yazıçılar var. Mən Əkrəm Əylisliyə qarşı bu aksiyaların aşırı olduğunu düşünürəm.

İZLƏ
XS
SM
MD
LG