Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

15 dəqiqəyə sürücülük vəsiqəsi, bu dəfə Azərbaycanda...


«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir
«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir
-
Biri var müxtəlif yerlərdə min cür quruma gedib sənədləri toplayasan, biri də var girirsən bir binaya, lazım olan sənədləri toplayıb, gərəkli xidmətə üz tutasan və yekun sənədi götürüb çıxasan. Fərqi gördünüz? Bütün bunlar bircə günə deyil, ən çoxu 2-3 saata başa gəlirsə, necə? Yanvarda açılışı olmuş «ASAN xidmət» mərkəzi vaxt itkisinin qarşısını almaq üçün yaradılıb deyənlər, yəqin ki, yanılmırlar:

«Televizorda elan verirdilər, eşidib gəldim. Rüsum normal oldu, bir şəxsiyyət vəsiqəsinin dəyişməsi 16 manata başa gəldi, halbuki əvvəllər 100-200 manata idi».

Bu, 50 yaşlı Tapdıq Əliyevin sözləridir. O deyir ki, buraya gəlmək çox rahatdır, həm şəkli, həm tibbi arayışı elə binanın içindəcə alıb və 3 günə şəxsiyyət vəsiqəsinin köhnəsini yenisi ilə əvəzləyib.

15 DƏQİQƏYƏ YENİ SÜRÜCÜLÜK VƏSİQƏSİ

«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir. Alt mərtəbədə ilkin müraciətlərə baxılır, vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə növbəyə alınır və üz tutmaq istədikləri dövlət orqanına yönləndirilirlər. Birinci və ikinci mərtəbələr buraya yerləşmiş 9 dövlət qurumunun iş yeridir. Mərkəzdə təlim və çağrı mərkəzi də var.

Şakir Məmmədxan 19 manata sürücülük vəsiqəsini dəyişdirib
Şakir Məmmədxan 19 manata sürücülük vəsiqəsini dəyişdirib
2012-ci ildə prezident fərmanı ilə yaradılmış bu mərkəzdə şəxsiyyət vəsiqəsinin, xarici pasportların verilməsi, dəyişdirilməsi, pensiyaların təyin edilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, notariat və s. xidmətlər də daxil olmaqla, 23 sayda xidmət göstərilir. Ancaq bundan, hələ ki, Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri yararlana bilir.

ASAN mərkəzdən arxiv arayışı almaq istəyən Şirinbala Məmmədovun mərkəzə baş vurub-çıxması 10-15 dəqiqə vaxtını alır. Həmin xidmət ödənişsiz olduğu üçün, sadəcə, ərizə formasını doldurur.

Nəsimi rayon sakini Şakir Məmmədxan isə sürücülük vəsiqəsini dəyişdirib:

«15 dəqiqəyə aldım. 18 manat 20 qəpiyə başa gəldi».

Zakir Səfərov
Zakir Səfərov
TƏRCÜMƏÇİ TAPILMIR

Müəssisə yaratmaq üçün müraciət edən Zakir Səfərov deyir ki, indi bu işi 1 saata görsə də, əvvəllər sənədlərə görə ora-bura qaçmalı olurdu:

«Sənədləri verdim, çatışmayanlara da özləri kömək elədilər. Yaxşı ki bir yerdə bütün işləri görürsən – rüsumu da ödəyirsən, notarius da burdadır. Hələ deyirlər, möhürü də alırsan. Rüsuma da 11 manat ödədik».

Valeh Nəsibov
Valeh Nəsibov
Bir başqa vətəndaşın – Valeh Nəsibovun fikrincə, işlərin tam yoluna qoyulduğunu demək hələ tezdir. O, arayışın tərcüməsi üçün gəlsə də, tərcüməçi olmadığından istəyi baş tutmayıb. Halbuki mərkəzin göstərdiyi xidmətlərə sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi də daxildir:

«Notarial kontor tam xidmət göstərmir. Rus dilindən Azərbaycan dilinə tərcümə etmişdim arayışı, təsdiq etmədilər. Dedilər, tərcüməçi yoxdur, deyirəm nə vaxt olacaq, deyirlər bu yaxınlarda olacaq».

BİR AYDA 16 MİN MÜRACİƏT

«ASAN xidmət» mərkəzi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Azad Cəfərli
Azad Cəfərli
Agentliyin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli deyir ki, 15 yanvardan fevralın 18-dək mərkəzə 16 mindən çox müraciət olub:

«Gündə 600-700 civarında vətəndaş müraciət edir. Mərkəz, əsasən, 4 prinsipə uyğun çalışır. Söhbət operativlik, rahatlıq, etik davranış və şəffaflıqdan gedir. Şəffaflıq prinsipinə söykənərək, burda birbaşa ödəniş qəbul olunmur. Xidmətlər yalnız qəbz əsasında edilir, xidmət kameralarla çəkilir, ofislər isə şüşə materialından quraşdırılıb ki, vətəndaşlar bütün bu proseslərin şahidi ola bilsinlər».

İqtisadçı-ekspert Nazim Məmmədov ölkədə şəffaflığın artırılması yönündə alət kimi qiymətləndirilən «ASAN xidmət» mərkəzinin vətəndaşların vaxtını, pulunu və əsəblərini korlamağa xidmət göstərməyəcəyinə ümid edir.
Nazim Məmmədov
Nazim Məmmədov
«Ümid edək ki, bu reklamdan daha çox vətəndaşlara real xidmət göstərəcək, qanunlarla müəyyən olunmuş xidmətləri almağa, əlavə vaxt sərf etmədən, vəsaiti şəffaf olaraq birbaşa büdcəyə ödəməsinə, məmurların korrupsiyaya meylliliyini aradan qaldırmağa xidmət edəcək. Mən müsbət baxıram bu mərkəzin yaradılmasına. Hər halda, qonşu Gürcüstanın 4-5 il əvvəl apardığı islahatlar, hökumətin atdığı addımlar müsbət imic formalaşdırmışdı».

DÖVLƏT ORQANLARI İLƏ VƏTƏNDAŞ ARASINDA ƏLAQƏÇİ

Xidmətlərin sayının nə vaxt artırılacağı ancaq yeni fərmandan asılıdır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Azad Cəfərli deyir ki, dövlət orqanlarının xidmətləri onların öz əməkdaşları tərəfindən həyata keçirilir.
«ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq
«ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq
«ASAN xidmət» mərkəzi bu işin təşkili və əlaqələndirməsi, nəzarət və qiymətləndirməsinin həyata keçirilməsinə, xidmətlərlə bağlı məlumat bazalarının elektronlaşdırılması səlahiyyətinə malikdir. Qısası, ASAN, sadəcə, dövlət orqanları ilə vətəndaş arasında əlaqəçidir. Mərkəzin göstərdiyi xidmətlərə nələrin daxil olduğunu bilməyənlər 108 nömrəsinə zəng edə bilərlər.

Nəzərdə tutulur ki, «ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq.
XS
SM
MD
LG