Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:30

«Eurovision» - Oğurluq mahnı qalmaqalında


Arxiv foto: Eurovision 2012
Arxiv foto: Eurovision 2012
-

«The Independent» qəzeti yazır ki, «Eurovision» mahnı yarışı həmişə ziddiyyətləri ilə tanınıb.

«Gah İspaniya turizm sənayesinin markasını qaldırmaq üçün Franco-nun 1968-ci il yarışını saxtalaşdırdığı, gah da Azərbaycan hökumətinin 2012-ci il yarışmasının ərəfəsində Bakını gözəlləşdirmək üçün sakinləri öz evlərindən zorla çıxardığı iddia olunub», qəzet yazır.

Məqalənin müəllifi Gillian Or bildirir ki, artıq bu ilin də «palçıqatma» prosesi başlanıb.
Söhbət Almaniyanın bir neçə il əvvəl yazılmış «Rəqs Meydançasını Evakuasiya Edin» (Evacuate the Dancefloor) mahnısı ilə dünya şöhrəti qazanmış «Cascada» qrupundan gedir.

Bu il İsveçin Malmo şəhərində keçiriləcək «Eurovision» yarışması üçün də Almaniya məhz bu qrupu və onun «Ecazkar» (Glorious) mahnısını seçib.

Lakin indi, bu mahnının ötən il Bakıda birincilik qazanmış isveçli müğənni Loreen-in «Eyforiya» mahnısından oğurluq olduğu iddia edilib.

Almaniyanın NDR telekanalı bu iddiaları araşdırmaq üçün musiqi auditi təyin edib.
İddiaları irəli sürən aparıcı alman bulvar qəzeti yazıb ki, iki mahnı «tamamilə eynidir».

«DƏHŞƏTLİ MAHNIDIR»

Loreen
Loreen
«Cascada» qrupunun əsas müğənnisi Natalie Horler mətbuata açıqlamasında bəyan edib ki, «lazım gələrsə, biz bu iki mahnının fərqli olduğunu isbat edə bilərik».

Lakin musiqi ekspertlərindən Tina Johns «Bild» qəzetinə müsahibəsində deyir ki, bu iki yüksək templi mahnı, doğrudan da oxşar səslənir.

«Xor eyni vurğudan istifadə edir, son akkordların yüksəliş kombinasiyaları eynidir.

Müğənnilər hətta eyni tənəffüs metodlarından istifadə edirlər», ekspert deyib.

Almaniyanın NDR telekanalının əyləncəli proqramlar departamentinin rəhbəri Thomas Schreiber şikayətlənib ki, «Eurovision» ilə bağlı hər il xoşagəlməz söz-söhbət olur.

«Ona qalsa, ötən il Loreen-in «Eyforiya» mahnısı David GuettaRihanna-dan oğurluq olmaqda ittiham edilirdi, axırı nə oldu?», Schreiber deyib.

«The Independent» qəzetinin musiqi mövzusunda yazan müxbiri Or isə məqaləsinin sonunda bildirir:

«Hər iki mahnıya yan-yana qulaq asanda çox oxşar olduqları görünür. Hər ikisi dəhşətli mahnıdır».
XS
SM
MD
LG