Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:08

MİS süründürür, bələdiyyə düşündürür


Elmira Süleymanova
Elmira Süleymanova
-
Parlamentin martın 5-də keçirilən iclasında insan haqları üzrə müvəkkil Elmira Süleymanova mənzil-kommunal istismar sahələrinin (MİS) ləğvini və bu qurumun bələdiyyələrə verilməsini təklif edib:

«Mənzil-istismar sahələrinin öz vəzifələrini tam yarıtmaz şəkildə həyata keçirməsi 448 müraciətdə əksini tapıb».

Elmira Süleymanova deyib ki, mənzil-kommunal istismar sahələrindən şikayətlər qaz, içməli su və elektrik enerjisi ilə bağlı olub. Ombudsman məişət tullantılarının vaxtında daşınmaması, mənzillərə istiliyin verilməməsi, liftlərin yararsız durumu, binaların təmiri və abadlaşdırılması ilə bağlı vəzifələri MİS-lərin yerinə yetirməməsindən danışıb.

BU QURUMLARIN BƏLƏDİYYƏLƏRƏ VERİLMƏSİ NƏYİ DƏYİŞƏCƏK?

«Bələdiyyələrin fəaliyyətinin təbliği» İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli deyir ki, qonşu ölkələrdə MİS-lərin işini çoxdan bələdiyyələr görür. Onun fikrincə, bu, bələdiyyə fəaliyyətinin maliyyələşdirilməsinə də bəlli mənada müsbət təsir göstərə bilər və həmin qurumların yerlərdəki nüfuzu artar. Üstəlik, bələdiyyənin seçici qarşısındakı öhdəliklərini yerinə yetirməsinə də şərait yaranar:

«Bu addım mənzil-istismar sahələrinin saxlanmasına dövlət xərclərini də azaldardı, çünki bu strukturun saxlanmasına büdcədən milyonlarla manat vəsait ayrılır. MİS-ləri ləğv etməklə onun səlahiyyətinin bələdiyyəyə verilməsi həmin o vəsaitin qənaətinə, israfçılığın qarşısının alınmasına yol aça bilər. O da düzdür ki, bunun bələdiyyə sisteminin fəaliyyətinə əsaslı təsiri olmayacaq».

«Bələdiyyələrin fəaliyyətinin təbliği» İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli
«Bələdiyyələrin fəaliyyətinin təbliği» İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli
«CAMAAT DEYİRDİ, QOY, MEYİTİ BASDIRAQ, BƏLƏDİYYƏ DEYİRDİ YOX»

Yasamal bələdiyyəsi sədrinin müavini Əli Ələkbərlinin fikrincə, belə bir şey gerçəkləşsə, bələdiyyələrin fəaliyyətində heç nə dəyişməyəcək:

«Çünki bələdiyyələrin mənzil-kommunal təsərrüfat birlikləri tərkibində olan MİS-lərlə ayrı-ayrı səlahiyyətləri var. MİS adi bir təşkilatdır, xidmət sahəsidir, mənzillərə xidmət göstərir. Bələdiyyələr isə yerli özünüidarə hakimiyyətidir. MİS bələdiyyələrə verildi-verilmədi, bunun bələdiyyənin fəaliyyətinə heç bir aidiyyəti yoxdur».

Bakı sakini Əsmər Əliyeva deyir ki, o, bələdiyyələrin işindən razı deyil. Onun da fikrincə, MİS-lərin bələdiyyələrə verilməsi mövcud durumu dəyişə bilməz:

«Başımıza belə bir iş gəlmişdi: Camaat deyirdi, qoy, meyiti basdıraq, bələdiyyə də deyir yox, torpağın, yerin pulu verilməmiş meyiti qəbirə qoymaq olmaz. MİS-lərin işini bələdiyyəyə versələr, bizim üçün dəyişən heç nə olmayacaq».

Rövşən Ağayev
Rövşən Ağayev
«MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN BİRLİKLƏRİ YARANMALIDIR»

Ekspert Rövşən Ağayev deyir ki, mövcud qanunvericilik MİS-lərin ləğv olunub bələdiyyələrə verilməsini nəzərdə tutmur:

«Təəssüf ki, rəsmi qurumların rəhbərləri arasında da belə bir rəy var. 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinə görə, MİS-lərin ləğvindən sonra onların bazasında vətəndaşların özlərinin təşəbbüsü ilə rəsmi olaraq qurulan və Ədliyyə Nazirliyində qeydiyyata alınan MMB-lər – mənzil mülkiyyətçilərinin birlikləri yaranmalıdır. Qanunvericiliyə əsasən, bu birliklərin yaranması ilə bağlı təşəbbüsü – vətəndaş yığıncaqlarının keçirilməsini bələdiyyələr təşkil etməlidir. Belə birliklər yaranacaqsa, onların maliyyə mənbələrindən biri də bələdiyyə büdcələri ola bilər».

Mənzil-kommunal istismar sahələrinin ləğv edilib bələdiyyələrə verilməsi ilə bağlı təklif yeni deyil. Elmira Süleymanova ötən il də belə bir təkliflə çıxış etmişdi.
XS
SM
MD
LG