Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:22

««Dolu» filmində ağdamizm və qarabağizm həddən artıq qabardılır» (Debat)


Rza Rzayev və Sevda Sultanova
Rza Rzayev və Sevda Sultanova

Aqil Abbas: "Biz öz savaşımızı göstərmişik. “Dolu” kimi film yoxdur, dünyada çəkə də bilməzlər".

-


Aydın Xan: "Cavan oğlanlar çox gözəl erməni qadınını əsir götürürlər və ona əl vurmadan buraxırlar. Bu mümkün deyil".

Elxan Cəfərov: "Deyəcəkdilər ki, niyə Qarabağda döyüşən ən bərkgedən oğlan naxçıvanlı ləhcəsi ilə danışır?"

Sevda Sultanova: "Pələngin “qız görmədim” məsələsi mənim üçün filmin ən təsirli hissəsidir".

Qarabağ müharibəsindən bəhs edən “Dolu” filmi necə alınıb?.

“Pen klub” proqramındakı debata ssenari müəllifi Aqil Abbas, filmin rejissoru Elxan Cəfərov, Drakon obrazını canlandırmış Rza Rzayev, filmi tənqid etmiş kulturoloq Aydın Xan və kinoşünas Sevda Sultanova qatıldılar.

AKTYOR RZA RZAYEV: “BİZ DƏ ANLAYIRIQ Kİ, PEŞƏKAR BUNU ETMƏZ”

Şahnaz Bəylərqızı:

- Rza bəy, “Dolu”nu plakat filmi, təbliğat filmi adlandırırlar. Siz nə deyirsiz?

Rza Rzayev:

- Bütün yaradıcılıq təbliğatdır. Bütün dövlətlər öz siyasətlərini, ideologiyalarını kino vasitəsilə həyata keçirirlər. ABŞ-da belə deyim var ki, Amerikanı Hollivud qurub. Bu film Azərbaycan əxlaqını, mənəviyyatını bütün dünyaya, həm də öz cəmiyyətimizə göstərdi, yəni bax, biz hətta döyüşdə də buyuq. Bizə qarşı mənəviyyatsızlıq olsa da, biz mənəviyyatla döyüşürük, qadına, uşağa, qocaya toxunmadan. (ardı aşağıda)



Şahnaz B:

- Sizcə, bu, inandırıcı alınıb? Məsələn, filmə iradlardan biri budur ki, erməni qadının əsir götürülüb buraxılması inandırıcı görünmür. Arqument də budur ki, yaxşı, peşəkar kəşfiyyatçı əsiri buraxmaz.

Rza R:

Rza Rzayev
Rza Rzayev
- Peşəkarlıq ayrı şeydir, insan olmaq ayrı. Bunu biz də anlayırıq ki, peşəkar bunu etməz. Ancaq dünya gördü ki, azərbaycanlı döyüşçü bunu edər.

"BU FİLM SANKİ HANSISA SERİALIN QAYÇILANMIŞ FORMASIDIR"

Aydın Xan:

- Böyük ekran əsərləri ümumiyyətlə, 3 formada olur: kommersiya kinosu, müəllif kinosu, bir də dövlət kinosu. “Dolu” dövlət sifarişiylə çəkilən filmdir. Biz anlayırıq ki, “Dolu” dövlət sifarişi ilə çəkildiyindən müəyyən məhdudlaşdırmalara gedilib. İstər ssenarist, istər rejissor indiyə qədər qoyulmuş ictimai-siyasi tabulara tabe olmalıydı. Ondan çıxa biməzdilər. Mənim baxışıma görə, romana nisbətən film zəif alınıb. Filmə baxanda düşünürsən ki, bu, böyük ekran əsəri deyil. Sadəcə, hansısa teleserialın qayçılanmış formasıdır. Bundan başqa filmin başlanğıcında 30 dəqiqə stabil, dinamikasız gedişatı görürük. Təsəvvür edin, XXI əsrin insanı 30 dəqiqəsini itirib stabil, sakit hadisəyə baxır. Bu mümkün deyil. Bəzən tamaşaçıların da simasında görürdük ki, bu nədir, savaş filmidirsə, o necə stabil ola bilər? Baxmayaraq ki, film “qrad” yağması ilə başlayır və tamaşaçıda maraq oyadırdı ki, bundan sonra müharibə görüntüləri gələcək. Amma dinamika qurtarandan sonra vizuallıq bədiiliyi basmağa başladı. Operator işini və aktyor seçimini də yüksək qiymətləndirməliyik. Amma bu yenə də filmi xilas etmir. Bir də, filmdə baş qəhrəman demək olar ki, yoxdur. Komandir, Drakon, raykom katibi, polis rəisi hər biri müsbət qəhrəman obrazında göstərilir.

Ş.B:

- Yəni sizcə, bu obrazlar açılmır?

A.X:

- Sanki baş qəhrəmanla epizodik qəhrəmanlar birləşdirilir. Bu da filmin qüsuru kimi götürülə bilər. Bir də filmdə iki epizod mənə qeyri-səmimi gəldi. Erməni qızını əsir götürən kəşfiyyatçı dəstənin pəhləvanları onu buraxırlar. Bu mümkün deyil. Cavan oğlanlar çox gözəl erməni qadınını əsir götürürlər və ona əl vurmadan buraxırlar. Bu mümkün deyil. Pələng ləqəbli obraz öləndə son sözü bu olur: “Mən qız görmədim”.
Aydın Xan
Aydın Xan
slində, müharibədə hər iki tərəfdə insanlıq geridə qalır. Hər iki tərəf əsirləri zorlayırlar. Filmdə ağdamizm və qarabağizmin qabardılması da görünür. Həddindən artıq qabardılır. Bu qədər olmaz. Bu səhvdir.

REJİSSOR: "MƏQSƏDİMİZ SAF, TƏMİZ, QƏHRƏMAN AZƏRBAYCANLI OBRAZI YARATMAQDI"

Elxan Cəfərov:

- Hər bir müharibədə çox kəskin və açınacaqlı hadisələr baş verir. Onları olduğu kimi sənətə gətirmək bədii yaradıcılıqdan uzaqdır. İkincisi də, filmin janrı plakatdır. Biz düşünürdük ki, ilk növbədə gələcək nəsildə və bugünkü azərbaycanlılarda ruh yüksəkliyi yaradaq. Bəli, azərbaycanlı əsgər əsir götürdüyü qızı zorlaya da bilər, başına oyun da aça bilər. Amma bu gün biz azərbaycanlı obrazını formalaşdırmaq istərdik.

Şahnaz B:

- Amma Elxan bəy, insan insandır, azərbaycanlı obrazının da çatan, çatmayan yönləri var. Yəni müharibə zamanı bu azərbaycanlı insanını bütün yaxşı və pis tərəfləri ilə vermək olardı.

E.C:

- Düzdür. Amma bu, plakat janrıdır. Hər xalqın əyər-əskiyi var. Ancaq düşmənlə müharibə zamanı onu üzə çıxarmaq, özümüzə olan münasibətə bir az da ləkə gətirmək nə qədər düzgün olardı? Bizim də məqsədimiz saf, təmiz, qəhrəman azərbaycanlı obrazı yaratmaqdır.

“BU ABSURDDUR, HANSI TAMAŞAÇI İNANACAQ BUNA? ”

Rza R:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Aydın müəllimə demək istəyirəm ki, Pələngin ölüm səhnəsində “Mən qız görmədim” deməsi “mən sevmədən öldüm” deməkdir. Yəni müharibə olmasaydı o da sevə bilərdi. Burda söhbət cinsi istəkdən getmir. Bu film anti-müharibə filmidir.

Aydın X:

- Hər iki fikir yanlışdır. Mən anlamıram, bu nə deməkdir? Bu film müharibəyə qarşı yox, bizim vuruşqan olduğumuzu təbliğ etməli film olmalıdır.

Rza R:

- Aydın müəllim, təbliğ edir də.

Aydın X:

- Büdcədən pul ayrılıb bu filmə, mənim cibimdən çəkilib. Mən istəmirəm ki, orda azərbaycanlılar ölü, zorlanan kimi göstərilsin. Necə olur ki, bütün azərbaycanlılar filmdə məhv olur, ruhən sındırılır, amma siz kəşfiyyatçı qadını toxunmadan buraxırsız? Bu absurddur, hansı tamaşaçı inanacaq buna? Sovet zamanı belə filmlər çəkmək olardı. amma sovet filmlərinə kim baxırdı? Hamı gedib hind filmlərinə, fransız komediyalarına baxırdı. Dövlətin pulunu bu filmlərə xərcləyirik, amma ona baxan bir tamaşaçı tapa bilmirik. Dostlar, böyük film çəkmisiz, ancaq tənqidlə razılaşmaq lazımdır.

“TƏBİİ OLAN ŞEYDƏN NİYƏ UTANMALIYIQ Kİ?..”

Sevda Sultanova:

- Pələngin “qız görmədim” məsələsi mənim üçün filmin ən təsirli hissəsidir. Yəni müharibə təkcə təbliğatla, militarizmlə olmur. İnsanın müharibədəki hisslərini, yaşantılarını, ölümlə üz-üzə gələndə keçirdiklərini verəndə daha maraqlı olur. Çingiz
Elxan Cəfərov
Elxan Cəfərov
əsulzadənin “Kuklalar” filmi vardı, filmin sonunda 18 yaşlı əsgər qorxur və bunu müəllifə irad tutmuşdular. Bu, düzgün irad deyil. O gerçəyi, müharibənin insanın həyatında buraxdığı təsiri, ağrını, o qorxunu göstərmişdi. Təbii olan şeydən niyə utanmalıyıq ki?.. “Dolu” Azərbaycanın daxili bazarına hesablanmış, normal filmdir. Qarabağ haqda çəkilən filmlərdən fərqlənir. Ən az ona görə ki, burda ritorika, öyüdçülük görmədim. Bəlkə xırda-para nüanslar ola bilər. Bir də burda maraqlı obrazlar vardı. Ancaq təəssüf ki, Drakonla Pələngin ziddiyyətli münasibəti filmin ana xəttinə çevrilmədi. Cilalanmamış qalır. Cilalansaydı, daha uğurlu ola bilərdi. Filmdə bir sıra obrazlar – müəllim, ana, jurnalist obrazı da işlənməmiş qalıb. Elxan Cəfərov döyüş səhnələrinə üstünlük verir. Ancaq biz bununla dünyanı təəccübləndirə bilmərik. O yalnız bizim üçün yenidir.

REJİSSOR İRADLARIN ÇOXU İLƏ RAZI OLDUĞUNU SÖYLƏDİ

Elxan C:

- Bu gün biz müstəqil Azərbaycan kinematoqrafının təməlini qoyuruq. Nöqsanlardan danışanda düşünmək lazımdır ki, fundamenti təzə tökülən binanın 15-ci mərtəbəsini təsəvvür etmək daha çətindir.

Şahnaz B:

- Bəzi obrazların natamam olması haqda fikirlərə cavab vermək istəyirsizmi?

Elxan C:

- Bu iradlar doğrudur. Ancaq “Dolu” son 20 ildə çəkilən ən industrial Azərbaycan filmidir. Döyüş səhnələri dünya üçün köhnə bir şeydir. Ancaq bu özümüzünküdür, Azərbaycan kinosunun bugünkü industrial səviyyəsidir. İradların çoxu ilə razıyam. Amma ona görə sevinirik ki, tamaşaçı zaldan ruh yüksəkliyi ilə çıxırsa, demək məqsədimizə çatmışıq.

Şahnaz B:

- Drakonu oynayan Rza Rzayevi niyə başqası səsləndirir?

E.C:

Aqil Abbas
Aqil Abbas
- Rza naxçıvanlıdır, mən onun nitqində naxçıvanlı ləhcəsinin bir qədər önə çıxmasından çəkindim. Düşündüm ki, sonra başqa söhbət çıxar: “Niyə Qarabağda döyüşən ən bərkgedən oğlan naxçıvanlı ləhcəsi ilə danışır? Niyə bu döyüşçü qarabağlı, lənkəranlı olmadı və s...”

Sevda S:

- Bu filmdə müharibədən çox onun necə kino dilinə çevrilməsi müzakirə olunmalıdır. Erməni qızı ilə bağlı səhnə inandırıcı alınmayıb. Bu səhnələrdə söz yox, təsvir öz sözünü deməlidir. O səhnədə bu yox idi. Bu film həm də ona gör dünya bazarına çıxa bilməz ki, Elxan Cəfərov bu hadisələri dünya kinosunda isti qarşılanan kino dilinə çevirə bilməyib.

AQİL ABBAS: “MƏNƏ SENZURA QOYMAQ OLAR? MƏN YAZIÇIYAM”

Aqil Abbas:

- Əvvəla, dünya bazarına çıxmaq məni heç maraqlandırmır. Məni maraqlandıran vətənpərvərlik hissini, artıq donmaqda olan hissləri oyatmaqdır. Aydın Xan müharibədə olmayıb, Aydın Xan Ağdamın, Cəbrayılın yolunu da tanımır. Mən onun ziyalılığına şübhə etmirəm, qınamıram da niyə orda olmayıb. O deyir ki, erməni qızı niyə buraxıldı? Müharibəni mən yaşamışam. Erməni qızının buraxılmasını da, əsirlərə münasibəti də mən görmüşəm, mənim kimi səngərdə olanlar. 200 erməni əsiri dəyişmişik. Onlara gündə 3 dəfə yemək verilirdi. Drakon dediyi kimi arvad davası etmirdik. Deyirlər ki, ay filan səhnəyə inanmadım. İnanmırsan dünəndən inanma! Mənə deyirlər ki, katib özünü öldürə bilməzdi. Niyə Vaqif Cəfərovu vurub öldürmədilərmi? Necə “Xoca” filmindən tələb edirlər ey... Gül kimi film çəkib camaat, üstünə düşüblər, filan şey belə olmalıydı. Yazıçı təxəyyülü də var axı. Heç bir katib özünü öldürməyibsə, qoy gələcəkdə rayon işğal olunanda özünü vursun. Mən onu yazmaq istəmişəm ki, kişi olmalıdır və özünü öldürməlidir. İkincisi, deyirlər ki, dünyaya çıxa bilməz. Necə olur rembolar dünyaya çıxır, ruslar ata-ata gedir? Biz öz savaşımızı göstərmişik. “Dolu” kimi film yoxdur, dünyada çəkə də bilməzlər. Üçüncüsü, guya dövlət pulu ilə çəkdiyimizə görə bizə tabu qoyublar. Heç bir senzura olmayıb. Mənə məhdudlaşdırma qoymaq olar? Mən yazıçıyam, mənə heç kim məhdudiyyət qoya bilməz. Elxan Cəfərov gözəl də film çəkib, düzdür, nöqsan da var, Allahın bacısı oğlu deyil... O ki qaldı jurnalistə, o da yazısını yazıb cəhənnəm oldu da.

Sevda S:

- Bu izahat məni qane etmədi...


Bu, proqramda deyilənlərin bir hissəsi idi. Tam şəkildə burda dinlə
XS
SM
MD
LG