Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:03

«Cinayət işinin açılması Elşad Abdullayevi susdurmağa hesablanıb»


Azad Mürsəliyev
Azad Mürsəliyev
-
Fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevə cinayət işi açılıb.

Baş Prokurorluğun martın 7-də yaydığı məlumatda sabiq keçmiş rektor «cinayət etməyə cəhd»də və «rüşvətvermə»də ittiham olunur. Məsələyə onun münasibətini öyrənmək üçün AzadlıqRadiosunun cəhdləri nəticəsiz qaldı. Odur ki, sualları Elşad Abdullayevin qanuni nümayəndəsi, həm də onun itkin qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev cavabladı.

- Azad müəllim, Elşad Abdullayevə qarşı cinayət işi açılmasına necə yanaşırsınız?

- Prokurorluq bu məsələdə çox ciddi səhvə yol verib.

- Niyə belə düşünürsünüz?

- Hələ 2009-2010-cu illərdə Elşad Abdullayev prokurorluğun cinayət adlandırdığı məlumatlarla bağlı dəlil-sübutları videodisklərdə hüquq-mühafizə orqanlarına təqdim edib. Bu məlumatları özü təqdim edibsə, indi o, necə məsuliyyət daşıya bilər? Bunu anlaya bilmirəm.

- Elşad Abdullayevin hüquq-mühafizə orqanlarına hansı videodiskləri verdiyini xatırlada bilərsiniz?

- Konkret Vaqif Hüseynovla bağlı. 3 il qabaq hüquq-mühafizə orqanları bu məsələdən xəbərdar olub, xüsusilə Milli Təhlükəsizlik Nazirliyi, polis orqanları və bu sənədləri qəbul edən insanlar. Onların adları var, bizdən o sənədləri qəbul edən adamların imzası var. Prokurorluq yaydığı məlumatda bunlara toxunmur, Elşad Abdullayevin özünün o sənədləri bir-neçə il əvvəl hüquq-mühafizə orqanlarına təqdim etdiyini xatırlatmır.

- Vaqif Hüseynova 1 milyon dollar rüşvət verməyini nəzərdə tutursunuz?

- Bəli...

- Vaqif Hüseynov kim idi?

- Səhv etmirəmsə, o, həmin vaxt Nazirlər Kabinetində yüksək vəzifə tuturdu.

- Deyirsiniz ki, Elşad Abdullayev 1 milyon dolları Vaqif Hüseynova verdiyini etiraf edir və bununla bağlı sənədləri hüquq-mühafizə orqanlarına təqdim etdiyini də söyləyir. Vaqif Hüseynovun o pulu kimə verdiyi və ya verəcəyi sizə məlumdur?

- Vaqif Hüseynovun kiminlə iş görüb-görmədiyi onun şəxsi işidir. Mən bu barədə bir şey deyə bilmərəm.

- Bəs Elşad Abdullayev o 1 milyonu həmin şəxsə hansı məqsədlə verib?

- Həmin vaxt onların yanında olmamışam. Bildiyim odur ki, Vaqif Hüseynovla Elşad Abdullayevin 40 illik dostluğu var.

- Pul artıq Elşad Abdullayeva qaytarılıb?

- Bəli, bilirəm ki, Elşad Abdullayev bu barədə prokurorluğa rəsmən məlumat verib və xahiş edib ki, Vaqif Hüseynovla aralarındakı pul məsələsi həll olunduğundan onunla bağlı hər hansı şikayəti yoxdur. Ancaq onun bu xahişi rədd edilib. Bilirsiniz, Vaqif Hüseynov həbs olunmalı idisə, 3 il öncə həbs olunmalıydı. O bu əməli etmişdisə, niyə o vaxt tutulmurdu? Niyə bu məsələ araşdırılmırdı? Belə çıxır ki, həmin dövrdə bu məsələ ört-basdır edilib. Bu gün Elşad Abdullayev deyəndə ki, qardaşımın oğurlanmasında əli olanları axtarıb üzə çıxarmaq istəyirəm, həmin işi atırlar ortalığa. Bununla da prezident və ictimaiyyət qarşısında görüntü yaradırlar ki, guya, işləyirlər. Bu məsələnin Mahir Abdullayevin işinə nə dəxli var, axı? Biz bələ qənaətə gəlmişik ki, Mahir Abdullayevlə bağlı heç bir iş görülməyib.

- Elədirsə, Elşad Abdullayevə qarşı cinayət işi nə məqsəd güdür?

- Yeganə məqsəd Elşad Abdullayevi susdurmaq, ona əzələ nümayiş etdirmək, onun yaxınlarının bank hesabına həbs qoymaq, qanuni nümayəndəsinin ölkədən çıxmasını yasaqlamaq, ölkədə girov saxlamaqdır. Məqsəd ancaq budur.

- Baş Prokurorluğun martın 7-də yaydığı məlumatda sizin də adınız çəkilir. Qeyd olunur ki, Vaqif Hüseynov 1 milyon dolların 465 minini Elşad Abdullayevə oğlunun Kiprdəki əmlakını onun adına sənədləşdirməklə həll edib. Məlumatda qeyd olunur ki, 2011-ci ildə bu əmlakın sənədləşməsində siz və Elşad Abdullayevin qardaşı İsmayıl Abdullayev iştirak edib. Deyilənlərlə razısınız?

- Bu, həqiqətdir, ancaq heç də hər şey prokurorluğun qeyd etdiyi kimi deyil. 2009-2010-cu illərdə Elşad Abdullayev Vaqif Hüseynovla bağlı şikayət verdikdən sonra hüquq-mühafizə orqanları heç bir addım atmasa da, Vaqif Hüseynovun özü Elşad Abdullayevdən aldığı pulu qaytarmağa başladı. O pulun bir hissəsini də, Baş Prokurorluğun məlumatında qeyd olunduğu kimi, oğlunun Kiprdəki obyektini verməklə həll edib. Amma sonradan məlum oldu ki, həmin obyektin heç bir sənədi qaydasında deyil. Mən və dayım İsmayıl Kiprdə olanda Elşad Abdullayev bizdən xahiş elədi ki, bu məsələ ilə maraqlanaq. Yenidən Vaqif Hüseynovun oğlu ilə alqı-satqı müqaviləsi imzalandı, amma sonradan o da heç bir işə yaramadı. Aydın oldu ki, həmin obyektin dövlət sənədləri yoxdur. Maraqlıdır ki, prokurorluq mənim və İsmayıl Abdullayevin Kiprdə olmasını qeyd edir, amma Elşad Abdullayevin 2010-cu ildə oraya getməsi qeyd olunmur.

- Bunun səbəbi nədir?

- Ən azı, ictimaiyyətin diqqətini yayındırır və öz istədikləri xətlə getmək istəyirlər. Amma bu artıq mümkün deyil, hamı hər şeyi yaxşı bilir. İstər Elşad Abdullayevi, istərsə məni və yaxınlarımızı həbs edib-etməmələri bizi narahat etmir. Biz haqq yolundayıq, dayımızı, qardaşımızı, əzizimizi axtarırıq. Mahir Abdullayevin aqibətinə aydınlıq gətirilməyincə, cinayətkarlar ifşa olunmayınca, nə qədər cinayət işi açılır-açılsın, nə qədər haqsız iş görülür-görülsün, bu, bizim işimizə maneə törədə bilməyəcək.
XS
SM
MD
LG