Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:22

Rövşən Yerfi. Üzdəniraq ada


Rövşən Yerfi
Rövşən Yerfi
-

Rövşən Yerfi

“Üzdəniraq ada”


(əsərdən parçalar)

Bir axşam, günün sonuna yaxın Əliməmməd Şəfini kabinetinə çağırdı. Adəti üzrə əhvalı kök olan rəisin geniş masasının üstünü Quran kitabından başqa (o, bütün əməllərini Quranın “şahidliyi” ilə edirdi) büllur qablarda cürbəcür desert təamlar:ləbləbi, meyvələr, şir-niyyatlar bəzəyirdi.
-Səndən qulağıma xoşagəlməz söhbətlər gəlir.
-Nə barədə, cənab polkovnik?
-Zabitə yaraşmayan sözlər danışıbsan. Guya, burada işçini paqonlu məhkum hesab edirlər. Şənbə günləri qeyri-qanuni işlədirlər. Bayram günləri ikiqat zəhməthaqqı ödənilməlidir...
Şəfi ötən dəfəki məsul növbətçılık zamanı əməliyyatçı Gərayla etmişdi bu söhbəti. Şübhəsiz, rəisə də, o, çatdırmışdı.
-Cənab polkovnik, mən qanunda yazılanlardan danışmışam...
-Elə bilirsən o qanunu bircə sən bilirsən, bizim xəbərimiz yoxdur? Yoxsa demək istəyirsən ki, biz qanunsuz işləyirik? Hələ bu azmış Baş idarənin də işlərinə qarışırsan. Yenə guya, məhkumların cəzasının yüngülləşdirilməsi zamanı, məhkəməyə təqdim olunmadan əvvəl razılıq alınması üçün siyahıların Baş idarəyə göndərilməsi qanuna müvafiq deyil. Sən nə etmək istəyirsən? Məhkumları üstümüzə qaldırmaqmı istəyirsən? Çox bilirsən, az danış. Bunları Baş idarədə bilsələr sənin də başın ağrıyar, mənim də. Bildin? Biz dövlətin kəbinli arvadıyıq. Öl desələr ölməliyik, qal desələr qalmalıyıq. Yox, əgər elə olmayacaqsan, atacaqlar işdən kənara... Başa düşdün? Bilirəm, cavan oğlansan, görüşə getməyə vaxt tapmırsan. Vacib olanda gəl mənə de, ayda bir, ya iki şənbə mən sənə icazə verərəm. Daha demaqoqluq etmək lazım deyil. Ədliyyə zabitinin şərəfini qorumaq lazımdır. -Şəfi şərəfdən danışan rəisə baxa-baxa özündən asılı olmadan sonuncu peyğəmbərin hədislərinin birindəki sözləri xatırladı: “Tamahkar insanın şərəfi olmaz”... -Oldumu? Gedə bilərsən.
Əliməmməd onu eşitmək istəməyib əli ilə də getmək işarəsi verdi. O, nəsə deməyin, mübahisə etməyin mənasız olduğunu düşünərək durduğu yerdən dönüb, bir söz demədən kabinetdən çıxdı.

* * *

Üç gün idi, şəhərdənkənar müəssisələrin birində məhkumların qiyamının baş verməsi ilə əlaqədar nazirin əmri ilə bütün islah əmək müəssisələrində gücləndirilmiş iş rejiminə keçilmişdi. Gücləndirilmənin səbəbini məhkumlardan hələlik gizləmək tapşırılsa da, sirr saxlamağa hulqumu olmayan zabit və nəzarətçilərin hesabına məhkumların əksəriyyəti məsələdən xəbərdar idi.
Hadisə möhkəm rejimli müəssisədə olmuşdu. Axşam yoxlaması zamanı əvvəldən razılaşmış iki məhkum xasiyyətcə kobud rəisi bilərəkdən yersiz hərəkətləri ilə özündən çıxarırlar. Rəisin söyüşündən sonra təhqirə dözməmələrini bəhanə edərək, gözlənilmədən onun üzərinə atılıb bıçaqla ölümcül yaralayırlar. Rəis müavininin tapançasını çıxarıb göyə atəş açması ilə xaosun, ağlı başında olmayan kütlənin qabağını almaq olur. Rəisi təcili xəstəxanaya aparıb, ölməsinə imkan vermirlər. Vəhşiləşmiş iki məhkumu isə qandallayıb, doyunca çırpıb həbsxanaya göndərirlər. Çağırılmış daxili qoşun əsgərlərinin müəssisəyə daxil olması ilə adboyadək rejim şəraiti əvvəlki vəziyyətinə qaytarılır. Bununla belə, prokuror və müstəntiqlər açılmış cinayət işinə dair fəaliyyətlərini hələ bitirməmişdilər.
Bu hadisədən hamı mütəəssir olmuşdu. İstintaq başa çatandan sonra nə qədər əməkdaş cəzalandırılacaq, iş yeri dəyişdiriləcək, işdən kənarlaşdırılacaqdı! Hər yerdə yoxlamaların sayı çoxalacaqdı. Heç məhkumlara da yaxşı olmayacaqdı. İki vəhşinin ardınca, onlarla məhkumun cəza müddəti artırılacaq, cəza yerləri dəyişəcək, qalanlarına isə nəzarət gücləndiriləcəkdi.
Şəfinin düşüncəsi ilə nəticə məlum idi. Bəs səbəb nə olmuşdu ki, o, iki məhkuma həmişə eşitdikləri söyüş bəhanə olmuşdu? Qəribə də olsa, səbəb barədə dərin fikirləşmək istəyən yox idi. Səbəb adi qaydada qiymətləndirilirdi: məhkumun qudurması.
Zabitlərin qəzalı anlarına sevinən məhkumların bəziləri isə öz aralarında pıçıldaşırdılar: “Dustağın çörəyini yemək olmur, gec-tezi var…”
Gücləndirilmənin dördüncü günü rəisi nazirlikdə keçirilən müşavirəyə çağırmışdılar. Axşamtərəfi müəssisəyə qayıdan rəis iclas keçirmək üçün daxili radio ilə bütün zabitlərin təcili kabinetinə yığışmasını elan etdirdi. Rəisin müşavirəyə aid məlumatı və fikirlərini sabaha saxlamayıb tələsməsi, müşavirənin ciddiliyindən xəbər verirdi.
İyirmi dəqiqə ərzində hamı rəisin otağına yığışmışdı. Rəisin həmişə məğrur görünən çöhrəsi dəyişilmişdi. Narahatlıq yağan sərt baxışları dolmuş buludu xatırladırdı, əsəbiləşməyə hazır idi. O, adəti üzrə iti baxışları ilə hamını süzüb sözə başladı:
- Vəziyyət olduqca ciddidir. Baş verən hadisədən hamının xəbəri var. Bu günkü müşavirədə məsələ ətraflı müzakirə olundu. Vəziyyətin gərginliyini nəzərə alan hörmətli nazirimiz hadisənin səbəblərini yaxından öyrənmək üçün şəxsən özü həmin müəssisəyə getmiş, oradakı əməkdaşlarla, məhkumlarla görüşüb araşdırma aparmışdır. Nəticədə islah idarəsinin işindən bütövlükdə narazı qalmışdır. Müşavirədə idarə rəhbərliyinin yenisi ilə əvəz olunması qərara alındı. Əvvəlki işində ədalətliliyi və rəhbərlik qabiliyyəti ilə fərqlənən daxili işlər nazirliyinin əməkdaşı rəis təyin olundu. Yeni rəhbərlik qarşısında köklü islahatların aparılması tələbi qoyuldu. Hörmətli nazirimizdən sonra çıxış edən idarəmizin təzə rəisi bütün islah əmək müəssisələrinin rəislərinə müraciət edərək günü sabahdan fəaliyyətimizdə ciddi dönüşün yaradılmasını, bu vaxtadək məhkuma olan münasibətin dəyişilməsini, onlara bir şəxsiyyət kimi yanaşılmasını tələb etdi. Yersiz söyüş və təhqirlər, işgəncə və cismani cəzalar yığışdırılmalıdır. Cəzalar yalnız qanun çərçivəsində olmalıdır. Məhkum həbsdən cəmiyyətə fiziki və mənəvi cəhətdən sağlam vətəndaş olaraq qayıtmalıdır. Hələ yuxarının göstərişi olmayanda, mən bu müəssisəyə rəis gələn gündən özbaşınalığın qarşısını alıb hər şeyi, o cümlədən cəzalandırmanı öz nəzarətimə götürmüşəm. And olsun stolumun üstündəki Qurana, bir də təkrar etməyəcəyəm. Birdəfəlik qulağınızdan sırğa edin: məhkumdan məcbur pul almaq olmaz. Bir-iki nəfərə güzəştlər etmişdim. Sabahdan onlara, eyni zamanda bütün əməkdaşlara xəbərdarlıq edirəm: tələblərə uyğun işləyə bilməyən əməkdaşlar vaxt itirməyib özlərinə başqa yerdə iş tapsınlar. Aramızda rüşvətxorlara yer olmamalıdır. Korrupsiyaya yox deyirik. Qaldı bir məsələ: nazirin göstərişi ilə adı çəkilən müəssisəyə yeni şəxsi heyət yaradılması üçün qalan müəssisələrin hərəsindən bir-iki nümunəvi əməkdaş toplanılıb komplektləşdirilməlidir. Yaxın günlərdə, - müavinləri göstərdi, - məsləhətləşib, qərara gəlib, iki-üç nəfəri təqdim edəcəyik. Könüllü getmək arzusu olan varsa bildirsin. Rəis yerindən gözünüzü çəkin. Yeni rəis artıq təyin olunub.
- Müavin yeri necə? - adəti üzrə yerində sakit otura bilməyən “bozdarın” - sex rəisi Aqilin qəfil sualından hamının üzünə gülüş qondu.
- Müavinlik keçir könlündən? Sən müavin olsan qan su yerinə axar, yazıqdı millət, - rəisin azca qırışığı açıldı, - yüksək vəzifə deyə bilmərəm, ən azı bərabər vəzifə veriləcək.
- Rəis, - Aqil yenə dilavərləşdi, - doğrudurmu, deyirlər təzə baş rəisimiz avtomobil müfəttişi olub. Biri prokuror idi, prokurorları yığdı başına, digəri idmançı idi, idmançıları topladı. Bu da yol müfəttişlərini yığacaq idarəyə...
-Sənlik deyil, get işinlə məşğul ol, - rəis ona bozardı, - yaxşı, dediklərimi unutmayın. Xüsusilə məhkumlarla münasibətlərinizdə yersiz hərəkətlərə yol verməyin. Hərə öz işini məsuliyyətlə, təmiz vicdanla yerinə yetirsin. Gedə bilərsiz.
Otaqdan çıxan yaşlı zabitlər başlarını bulaya-bulaya təəssüflənirdilər:
- Gözəl sözləri eşitdinizmi? Təzə işə başlayanda hamısı belə tələb edir. Azmı görmüşük? Qiymət artımndan qeyri heç nə dəyişməyir...
-Hə, əvvəlki hamıdan turnikə çıxmağı tələb edirdi, bu da sürücülük vəsiqəsi istəyəcək...
- Hələ görəcək günlərimiz irəlidədir, cinayətkar şəxsiyyət olub. Təqaüd vaxtı da çatmadı, ərizəmizi yazaq rədd olaq...

***

İki gün sonra rəis, iki müavini və əməliyyat rejim şöbəsinin rəisi ilə məsləhətləşib baş idarəyə təqdim ediləcək əməkdaşları müəyyənləşdirərkən, Nüsrət zabitlərdən Şəfinin göndərilməsini təklif etdi. Bəhramın etirazına baxmayaraq, təklif səs çoxluğu ilə qəbul edildi. Ondan əlavə daha iki nəzarətçinin də təqdim olunması qərara alındı.
Şəfi bu xəbəri sakit qarşıladı. Rəis onu kabinetinə çağırıb xeyli təriflədi. Rəhbərliyin qoyduğu yeni tələblərə başqalarına nisbətən daha çox onun uyğun gəlməsini qeyd etməklə yanaşı, ciddi rejimdə bir ilə yaxın iş təcrübəsi toplayıb, işləyəcəyi ağır olmayan rejimdə özünə layiq yerlərdən birini daha asan tutaraq böyük hörmət qazanacağına əmin olduğunu bildirdi.
Zonda aparılan islah tərbiyəsinin hər üzünü öyrəndikcə, bəzi işçiləri çıxmaq şərti ilə, sözü ilə işi düz gəlməyən bu adamlarla işləmək Şəfiyə onsuz da daxili mənəvi əzablardan qeyri heç nə vermirdi. Bacara bilirsənsə həya gözləmədən yalan danışmaq, aldatmaq, atmaq adi hal, qabiliyyət - həyat norması idi. Zarafatla deyilən işləmək devizi isə belə idi: Qanacağın olmasa da olar, təki qazanacağın olsun.
Təzə iş yeri buradan yaxşı olmasa da, pis də olmayacaqdı. Çünki, digər müəssisələrdən də yığılacaq özü sayaq “işə yaramayanlarla” işləməkdən əzab çəkməyəcəkdi.
Şəfi rəisin gözləmədiyi tərzdə razılıq etdi:
- Çox sağ olun, cənab polkovnik, mənə göstərilən etimada görə. Böyük məmnuniyyətlə rəhbərliyin göstərişinə əməl etməyə hazıram. Ancaq, bir xahişim var. Əgər gedirəmsə, bax elə indi, buradan məni yola salın. Mən daha iş otağıma qayıtmayım.
Rəis təəccübləndi:
- Onun nə fərqi var, sənin üçün? Bəs yoldaşlarınla vidalaşmaq istəmirsən?
- Xeyr.
- Özün bil, doğrudan, qəribə oğlansan. İndi tapşıraram, bu saat sənədlərini hazırlayarlar.
Şəfiyə kim inanacaqdı ki, o, özü getmək istəyir. Kənarlaşdırıldığını duyub, sözlə deyilməsə belə ona dikiləcək çoxmənalı baxışları görmək, o baxışlardan əzilmək, alçalmaq istəmirdi.
Yarım saatdan sonra Şəfi dəmir qapıları keçib çölə çıxdı. Müəssisənin qabağında onunla işə ilk dəfə gəldiyi gün rastlaşan “otdelkadr” Elmira, hazırlanmış sənədləri Şəfiyə verib ah çəkdi:
- Bura bir işə gələndə sevinirlər, bir də işdən çıxanda.
Heç nə dəyişməmişdi. Vahiməli qapı da, uca hasarlar da. Vışkadakı əsgərlər də həmən idi. Bir il əvvəl olduğu kimi. Heç o da, demək olar ki, dəyişməmişdi. Sadəcə, bir il hasarların o tayında qalan ayrı dünyada - təkcə fiziki baxımdan yox, mənəvi üzdəniraqlarla dopdolu dünyada qonaq olmuşdu. Bu dünyanın çöldən ən böyük fərqi ondaydı ki, burda hər şey öz adı ilə çağırılır: cildini gizlədə bilməzsən! Paqon da, burjuy da, lüt də, “şusturyak”, üzdəniraq da özünü olduğu kimi tanıyır və tanıdır. Onların içərisində həyatından, günündən razı qalan bir insan tapa bilməzdin: hərəsi bir cür bədbəxt idi…
XS
SM
MD
LG