Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:41

Çingiz Hüseyn. “Daş yuxular” kimi əsər bizə lazım idi


Çingiz Hüseynov
Çingiz Hüseynov
-

Ədəbiyyatın funksiyasını o dərəcədə məhdudlaşdırıblar ki, onu çeviriblər təbliğat alətinə. Ədəbiyyat həqiqəti yazmalıdır, göstərməlidir.

Bir daha deyirəm: əsərdə mənim düşüncələrimə zidd olan konkret məsələlər çoxdur.

Amma yazıçıya haqq vermək lazımdır ki, demək istədiyini desin, yazmaq istədiyini yazsın!



Moskvada yaşayan azərbaycanlı nasir, ədəbiyyatşünas Çingiz Hüseyn bu məqaləsi ilə yazıçı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


Çingiz Hüseyn


“DAŞ YUXULAR” KİMİ ƏSƏR BİZƏ LAZIM İDİ


“Daş yuxular” ətrafında olan söz-söhbətlər, Allaha şükür, yavaş-yavaş susmaqdadır, deyilənlər deyildi, cəmiyyət çalxalanıb ikiyə, hətta üçə-beşə bölündü.

Təhqirlər də oldu, hədələr də.

İndinin özündə də bu barədə uzun-uzadı nə mübahisə aparmağı, nə də əsəri ətraflı təhlil etməyi istəməzdim.

Mən də bu müzakirələrdən geri qalmadım, öz sözümü dedim.

Bir daha deyirəm: əsərdə mənim düşüncələrimə zidd olan konkret məsələlər çoxdur.

Amma yazıçıya haqq vermək lazımdır ki, demək istədiyini desin, yazmaq istədiyini yazsın!

Yazıçını söymək, hədələmək qəti yol verilməzdir.

Müəllif kimi Əkrəmin bəzi fikirləri ilə razılaşmasaq da, “Daş yuxular” gec-tez yaranmalıydı, belə bir əsər bizə lazımıydı.

Mən bunu bədii baxımdan bəyənirəm, qəbul edirəm, və zənnimcə, bu əsərə tam siyasi tərəfdən yanaşmaq düzgün olmazdı.

“Daş yuxular” hadisələrin şahidi olan adamın qələmi ilə yazılsa da, sanki zamandan, mühitdən kənardır, bu dövrün əsəri deyil, amma gələcəkdə tövbə ruhlu belə bir əsər hökmən yaranacaqdı – indi yarandı.

Təəsüf ki, tövbə birtərəflidir, ermənilər əksər hallarda bizə hələlik nifrətlər-təhqirlər yağdırır, öz gerçək günahlarını, murdar hərəkətlərini görmür və görmək də istəmir.

Yüz ildən sonra olanı bilmirəm, amma bu gün mənə, bu zamanın, bu mühitin adam kimi əsərin ümumi ideyası, istiqaməti ürəyimdən olsa da, bəzi ümumiləşmiş hadisələri çox-çox yaddır.

Lakin bu, yazıçının öz istədiyini yazmasına qadağa qoyulmasına əsas vermir. Yazıçı ilə təhqir şəklində-üslubunda rəftar etməzlər, bu, mədəniyyətsizlik, bir növ nadanlıqdır.

Biz özümüz-özümüzü biabır edirik. Və bununla müəllifin yazdığını sanki təsdiq edirik. Bir daha deyirəm: mən əsəri bədii baxımdan (süjet – konflikt – qəhrəmanlar sistemi və s.) yüksək qiymətləndirirəm.

Təbii ki, hər bir deyilən söz – siyasətdir, bu cəhətdən, yəni siyasi, etnoqrafik, tarixi, dini baxımından əsərə iradlar tutmaq olardı, bu haqda təkcə mən yox, başqa qələm yoldaşlarım da mətbuatda (Elçin Şıxlı, Emil Ağayev, Azər Mustafayev… və d.) çox yazmışlar, təkrar etmək istəmirəm; tam şəkildə əsərin “erməni” tarix süjetinə aid münasibətimi, fikirlərimi təəssüf ki, Bakıya gəlib çatmayan ikicildlik “Doktor N» romanımda demişəm...

Əlbəttə, konkret əsərdən kənar ümummilli kontekst qalır, odur ki, geniş mənada cəmiyyətdə tənqidi ruh da sönmür, sönməyəcək, bu və ya digər formalarda özünü göstərir və göstərəcəkdir.

Mənim düşüncəmə görə, roman janrında yazılmış əsərə çox iradlar bildirmək olardı. Bu janrda reallıq bütöv və hərtərəfli göstərilməlidir. Amma fəryad, ürək yanğısı kimi hər bir yazıçının bu cür əsər yazmağa haqqı var. Təkrar edirəm: biz əsərin birtərəfli məzmunu ilə razılaşmasaq da, müəlliflə bu şəkildə danışa, bu üslübda rəftar edə bilmərik, amma elədik.

Məsələn, “yeraz” haqqında danışmaq, “yeraz” sözünü işlətmək qəti qadağandır. Niyə?
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əslində bu sözü düzgün təhlil etsək, ermənilərə əməlli-başlı zərbə vurmuş olarıq. Bütövlüklə “yerazları” təbii ki, pisləmək qətiyyən olmaz, onlar əzablardan, çətinliklərdən, ölüm-itkilərdən keçiblər, amma bu anlamın Ay kimi görünməyən tərəfi də var... – yanvarda xaos şəraitin yaranması nəticəsində təkcə ermənilərin qırğını deyil, fəxrimiz olan, bizə, mədəniyyətimizə can-başla xidmət edən minlərcə yəhudinin (və onlarla birgə bizim azərbaycanlıların) Bakıdan qovulması da baş vermişdi, və bu bağışlanmazdır, bizim xeyrimizə olmayan bu hal da gec-tez təhlil olunmalıdır.

Şəxsən mən “Daş yuxular”ı bu şəkildə yazmazdım, ilk-əvvəl ona görə ki, təsvir olunan hadisələrin şahidi olmamışam. Mövzunu bədii əsər kimi başqa cür işləyərdim.

“Daş yuxular”da bir cümlə var “əgər qətlə yetirilən hər erməninin adına bir şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar”.

Mən belə yazardım: Qətlə yetrilən hər erməni və türk, azərbaycanlının adına bir şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar.

Əsl mənada bu kimi qanlı problemdən bəhs edən bədii əsər hər iki tərəfin faciəsini göstərməlidir...

Amma bir daha əsərin konteksti haqqında – unutmayaq ki, bizim yuxarıdan get-gedə geniş yayılan qudurğanlıq inanılası deyil. Murdarlaşan mühit. Yalan və ucuz yaltaqlıq. Qaphaqap. Adi insanı alçaldan yaşadığımız bu qeyri-təbii aləm. Bəzən gerçəyi yuxu donuna geyindirməyə məcbursan.

Çoxdandır mən bir əsər yazıram. Azərbaycan mühitini Qarabağ problem olmadan göstərmək qeyri-mümkündür. Bu problemdən yan keçə bilmərəm, ona da toxunmalıyam və birtərəfli toxunmamalıyam. Erməniləri də ifşa etməliyəm, amma bizim özümüzdə olan nöqsanlardan da deməliyəm. Mən qəti əminəm ki, bəzi şəhərlərimizi satın aldılar. Şuşanı ala bilməzdilər. Onu təsəvvür etmək mümkün deyil. Satdılar. Kim satdı - özümüzünkülər…

"Daş yuxular"a görə Əkrəm Əylislinin kitablarının Gəncədə yandırılması
"Daş yuxular"a görə Əkrəm Əylislinin kitablarının Gəncədə yandırılması
Xalqımızın üstün cəhətləri çoxdur, amma bununla yanaşı ciddi nöqsanlarımız da az deyil. Bunu yazmaq istəyirəm. Bunu araşdırmaq istəyirəm. Erməni probleminə toxunmadan da millət (iqtidar dairələri də bizim millətimizdəndir, onlar – bizik, mənəm, sənsən!) haqqında həqiqət, acı olsa da, deyilməlidir, axı necə də susasan?

Yenə də: “bax gör millət haqqında necə pis şeylər yazır, görürsünüz milləti nə cür təsvir edir”- deyəcəklər.

Ədəbiyyatın funksiyasını o dərəcədə məhdudlaşdırıblar ki, onu çeviriblər təbliğat alətinə. Ədəbiyyatı qırıb öldürüblər. Ədəbiyyat həqiqəti yazmalıdır, göstərməlidir.

Əkrəmə gəldikdə isə hətta deyərdim ki, belə bir şəraitdə “xalq yazıçı”sı adının, ordenlərin geri alınması Əkrəm üçün böyük şərəfdir!..

Azərbaycanın və digər Qafqaz “qardaş” respublikaların ilk xalq yazıçısı erməni olub, gözəl nasir Aleksandr Şirvanzadə. İndiki zamanda bu titulu hakimiyyəti özəlləşdirmiş (indiki Rusiyada da belədir!) konkret bir adam-ailə verir.

Şirvanzadə sadəlövh zamanlarda Gürcüstan, Ermənistan və Azərbaycanın Xalq yazıçısı olmuşdu. İndi “xalqlar dostluğu” “xalqlar düşmənçiliyi” ilə əvəz olunub, bu da Əkrəmi narahat edirdi, onun bədii niyyətlərindən idi. Əlbəttə, bu niyyətin gerçəkləşdirilməsində sosial-siyasi baxımdan qüsurlar ola bilərdi, bəlkə də var.

Bir neçə kəlmə də “PR” barədə: “Daş yuxular”ın məzmunu, təbii ki, piar üçün yaxşı materialdır, piar çox rol oynadı... - əsəri piar və ya mükafat naminə yazıbsa, bu, Əkrəmin öz işidir.

Amma bunu da deməyə bilmərəm: ermənilər bu əsərsiz də təbliğat-piar işində daima qələbə çalmaqdadılar.

Onların fikri, onların ideyaları çox zaman yanlış olsa da, qəbul olunur, bizim çox zaman kobud olan dəlillərimiz (və hərəkətlərimiz!) yumşaq desək, o qədər də qəbul olunmur. Mən bir yazımda demişdim: ermənilər bizim başımıza vurduqları ütünü, çəkici pambığa bürüyürlər, deyirlər, ay dünya, baxın, pambıqla adam öldürmək olarmı?! Bizimkilər isə əksinə, elə çəkic, ütü kimi təqdim edir, üstəlik top-tüfənglə də hədələyirlər.
XS
SM
MD
LG