Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:01

Günel Mövlud. Çay və şokoladın siyasiləşməsi


Günel Mövlud
Günel Mövlud

Bizə sonradan sizə bəraət qazandırmaq üçün bircə səbəb verin...

-

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.


Günel Mövlud


ÇAY VƏ ŞOKOLADIN SİYASİLƏŞMƏSİ


Bu yazı hələ bizim sıralarımızda olmayanlar, rejimə baş əyməyə, ona xidmət etməyə məcbur olanlar, məcbur olduğunu düşünənlər, əllərində polis dəyənəyi gəzdirənlər, əyinlərinə həbsxana nəzarətçisi paltarını geyinənlər, biznesmenlər, etirazçı gəncliyin yanında olmağa cəsarəti çatmayanlar, amma içlərindəki bir damcı işığı, iynə ulduzu qədər azadlığı hələ itirməyənlər üçün yazılıb... Təbii ki, cəmiyyətimizdə hələ belələri qalıbsa...


Üzvü olduğum Nida vətəndaş hərəkatının yeddi üzvünün həbs olunmağı iki zaman və məkan baxımından fərqli iki hadisəni yadıma saldı...

Bir neçə il əvvəl bir qadının xatirələrini oxuyurdum. Şairə və tərcüməçi Natalya Qorbanevskayanı tanımayan varsa, əvvəlcə onun barəsində bir neçə kəlmə deyim. O 1968-ci ildə, avqustun 25-də Sovet tanklarının Çexoslovakiyaya yeridilməsinə etiraz olaraq Qırmızı meydana çıxan yeddi nəfərdən biri idi. İki körpə oğlunun birini qucağında tutub, birinin təkərli arabasını sürə-sürə etiraz eləməyə çıxmışdı. Nümayiş iştirakçılarının beşini həbsə, ikisini dəlixanaya atmışdılar. Dəlixanaya atılanlandan biri də Natalya Qorbanevskaya idi. Onun sonrakı taleyini öyrənmək istəyənlər internetdə sadə bir axtarış etməklə bunu edə bilərlər. Mənsə onun bu dəqiqə yazıma dəxli olan, məni təsirləndirən bir hekayətini paylaşmaq istəyirəm.

O yazır: Kamerada sümüklərimə qədər donduğum gecələrdə həbsxana nəzarətçilərindən biri səhərə qədər mənə çay gətirirdi. Çay Rusiyanın şaxtasına qalib gələ bilməz, amma etiraz elədiyim rejimə xidmət edən həbsxana nəzarətçisinin mənim, siyasi dustağın qayğısına qalmağı məni çaydan daha çox isidirdi. Başa düşdüm ki, insanlığı hər yerdə eləmək olar – hətta həbsxanada da. Başa düşdüm ki, insanlığı hər yerdə qoruyub saxlamaq olar. O həbsxana nəzarətçisinin qayğısı, onun bir stəkan çayı məni inandırdı ki, düz hərəkət eləmişəm. O bir stəkan çay məni sınmağa, ümidimi itirməyə qoymadı...

Nelson Mandelanın həbsxana nəzarətçisi olmuş Ceyms Qreqorinin xatirələri əsasında çəkilmiş «Əlvida Baffana» filmində maraqlı bir məqam var. Olduqca ciddi nəzarət
Natalya Qorbanevskaya
Natalya Qorbanevskaya
ltında saxlanılan Mandela bayram günü onunla görüşə gələn həyat yoldaşına hədiyyə vermək istəyir. Bu hədiyyə bir parça şokoladdan ibarət olur. Amma ciddi nəzarət altında saxlanılan siyasi dustağın arvadına nəsə ötürməyi barədə söhbət belə gedə bilməzdi. Mandelaya xüsusi hörməti olan, onunla nəzakətlə rəftar edən həbsxana nəzarətçisi Ceyms Qreqori bu şokolad parçasını cib dəsmalına bükərək Vinni Mandelaya ötürür.

Həmin gün Mandelanın əqidədaşları ikiqat bayram edir, onun göndərdiyi şokolad parçasını xırda tikələrə bölüşdürüb yeyirlər. Bu bir tikə şokolad Nelson Mandelanın həbsdə, ciddi nəzarət altında belə hələ də azadlığını saxlaya bilməsinə, burada da hansısa imkanlara sahib olmasına işarə idi.

Bu hadisə mətbuata çıxır. Qreqori ciddi töhmət alır, iş yoldaşları, qonşuları tərəfindən ələ salınır. Amma dili çox yaxşı bildiyinə görə cənubi afrikalı siyasi dustağa nəzarəti yenə ona tapşırırlar.

Qeyd edim ki, Nelson Mandela özünün «Azadlıq – gediləsi uzun bir yol» adlı xatirələr kitabında Qreqorinin ona ehtiram dolu münəsibətini təsdiqləyib.

Belə baxanda dəyəri nədi ki? Bir stəkan çay, ya da bir parça şokolad. Qəpik-quruş müqabilində istənilən dükandan, istənilən kafedən alacağınız bir şeylər. Amma zamanın, tarixin elə bir vaxtı, elə saatı olur ki, o bir stəkan çay insanlığa inamı qaytarır. O bir parça şokolad azadlığın simvoluna çevrilir. Bir stəkan çay, bir parça şokolad sənin hələ də insan olduğunun göstəricisi olur. Əyninə həbxana nəzarətçisi paltarını geyinsən də, içindəki bir damcı işığı, insanlığı, azadlığı göstərir.

Bir həbsxana nəzarətçisinin xidmət elədiyi rejimə etirazı bəlkə də bir stəkan çaydan, bir tikə şokoladdan ibarət ola bilər. Amma bu ölkədə hamı həbsxana nəzarətçisi deyil. Hamı sistemə həbsxana nəzarətçisi qismində qulluq eləmir. Deməli, başqalarının etirazı daha çox ola bilər. Deməli, bu ölkədə mühəndisin də, mühasibin də, inzibatçının da, müəllimin də etiraz yolu var. Bəzən itaətsizlik, bəzən gizli kömək, bəzən açıq dəstəklə...

Biz heç birini unutmayacağıq.

Və sonda: Yeddilər nümayşindən sonra çex qəzetlərindən biri yazırdı: «Qırmızı Meydandakı yeddi nəfər, bizim bundan sonra ruslara nifrət etməməyimiz üçün ən azı yeddi səbəbdi...»

Bizə sonradan sizə bəraət qazandırmaq üçün bircə səbəb verin...
XS
SM
MD
LG