Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Vəkili Tale Bağırzadənin döyüldüyünü deyir


Tale Bağırzadə
Tale Bağırzadə
-
İlahiyyatçı Tale Bağırzadəyə işgəncə verilməsi ilə bağlı aprelin 4-də müdafiə tərəfi məhkəmə nəzarəti qaydasında Sabunçu rayon məhkəməsinə şikayət verib.
Bu haqda AzadlıqRadiosuna Tale Bağırzadənin vəkili Cavad Cavadov məlumat verib.
Vəkil deyir ki, Sabunçu rayon polis idarəsinin əməkdaşları martın 31-də Tale Bağırzadəni saxlayandan sonra polis idarəsində ona işgəncə verib:

«Dünən mənimlə görüşəndə Tale Bağırzadə dedi ki, tutulanda polis onu döyüb, Sabunçu polis idarəsinə gətiriləndən sonra əlləri ayaqlarına arxa tərəfdən bağlanıb. Ağzı bağlanıb. Belə vəziyyətdə o uzun müddət saxlanıb. Bundan başqa polis idarəsində ac-susuz saxlanılıb, dini ibadətlərin yerinə yetirilməsinə imkan verməyiblər».
Vəkil istintaq qarşısında da işgəncə ilə bağlı tibbi müayinənin aparılması üçün istintaq qarşısında da vəsatət qaldırıb.
Cavad Cavadov Tale Bağırzadəyə işgəncə verilməsi ilə bağlı Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib. Onun haqqında həbs-qəti imkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından Bakı Apelyasiya Məhkəməsinə də şikayət verib.
Sabunçu rayon polis idarəsinin növbətçi hissəsindən hər hansı məlumat verə bilməyəcəklərini dedilər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, Tale Bağırzadəyə işgəncə verilməsi haqqında onun vəkilinin iddialarının heç bir əsası yoxdur.
“Sabunçu rayon polis idarəsində Tale Bağırzadəyə hər hansı formada təzyiq göstərilməsi, yaxud xəsarət yetirilməsi barədə deyilənlərin heç bir əsası yoxdur”.
Tale Bağırzadə martın 31-də saxlanılıb. Onun üstündən 1,026 qram heroin çıxdığı bildirilir. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur. Hazırda DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsinin təcridxanasında saxlanılır.
Tale Bağırzadə həbsindən bir həftə əvvəl məscidlərdən birində xütbə ilə çıxış edərək hakimiyyəti korrupsiyaya və dindarların hüquqlarının pozulmasına görə sərt tənqid etmişdi.
XS
SM
MD
LG