Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:28

Generalın 28 Apreldə qırılmış ömrü... (On ikinci yazı)


Osmanlı ordusu Bakıda, 1918
Osmanlı ordusu Bakıda, 1918

AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə, böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyi qərara aldıq. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq. On ikinci yazıda general-mayor Davud bəy Yadigarovdan danışırıq.

-
Davud bəy şöhrətli Yadigarovlar nəslinin nümayəndəsidir.

Şəmistan bəyin yazdığına görə, bu nəslin çoxu hərbçi olub. Onlar Rusiya-İran, Rusiya-Türkiyə, Rus-Yapon və Birinci Cahan müharibələrində vuruşub ad-san qazanıblar.

Davud bəy 1881-ci ildə Borçalı qəzası Təkəli kəndində doğulub.

Bu kəndin binasını da elə Yadigarovlar qoyub. Odur ki, kəndə həm də Ağalıq deyirlər.

Yadigarovların ətraf ərazilərdə çox böyük torpaq sahələri olub. Deyilənə görə, bu soyadın ikimərtəbəli 12-otaqlı şəxsi evi indi Təkəlidə orta məktəb binasıdır...

Kənddəki dəyirmanı, məscidi də Yadigarovlar tikdirib.
1878-ci il martın 10-da Tiflisdə can verən Mirzə Fətəlinin yatağı başında duran adam da elə Yadigarovlar nəslindən general-mayor İsrafil bəy Yadigarov olub:

«MİRZƏ, SIZ NƏ SAYAQ DƏFN OLUNMAĞINIZI İSTƏRDİNİZ?»

Bu məşhur sualı da o gecə İsrafil bəy səsləndirib. Cavabı hamınız yaxşı xatırlayırsınız...

İndi haqqında söz açdığımız Davud bəy Sadıq bəy Yadigarovun oğludur.

Sadıq bəyin həyat yoldaşı yarı gürcü, yarı Polşa tatarı olub.

Sadıq bəyin bu xanımdan Ərçil bəy, Vəli bəy və Davud bəy adlı oğlanları olub.

Davud bəy 1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu kornet rütbəsində bitirib.

Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun polkunun ştab-rotmistri olub.

1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub.

1919-cu il avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə general Cavad bəy Şıxlinskinin Birinci piyada diviziyasında Birinci dəstəyə komandirlik edib.

Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb.

23 oktyabr 1919-cu ildə Hərbi nazir Səməd bəy Mehmandarovun 492 saylı əmrilə Qarabağ döyüşlərindəki igidliyə görə general-mayor rütbəsi alıb.

Şəmistan bəyin yazdığına görə, Cümhuriyyət ordusunda həmin illərdə Yadigarovlar nəslindən olan 8 zabit xidmət edirmiş.

Generalın 1920-ci il 28 aprel çevrilişindən sonrakı taleyi məlum deyil.

Vəssalam. Böyük bir nəslin davamçısının ömür yolu o məşum tarixdən sonra qırılıb.

Onun başına nələr gəlib?

General Gəncə üsyanının iştirakçıları ilə birgə Nargində güllələnib, ya Gəncə uğrunda döyüşlərdə həlak olub?

Hələ ki, məlum deyil...

Elə bu üzdən--taleyi qaranlıq olduğundan Davud bəyi «Güllələnmiş generallar» dəstəsinə yazdıq...

P.S. Davud bəyin qardaşı Vəli bəy də polkovnik rütbəsində Cümhuriyyət ordusunda xidmət edib. Şəmistan bəyin yazdığına görə, Vəli bəy 1921-ci ilin martınadək bolşeviklərlə vuruşub və sonda Türkiyəyə, ordan da Polşaya keçib. Polşada hərbi işlərdə çalışıb. Daha sonra Argentinaya mühacirət edib. 1971-ci ildə Buenos-Ayresdə vəfat edib. Yaxınları vəsiyyətinə əməl edib uzun illər sonra onu ikinci dəfə Polşada dəfn ediblər...
XS
SM
MD
LG