Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:43

G8 nazirləri Şimali Koreyanın hərəkətlərini pisləyir


İnkişaf etmiş ölkələrin Böyük Səkkizliyin xarici işlər nazirləri
İnkişaf etmiş ölkələrin Böyük Səkkizliyin xarici işlər nazirləri
-
İnkişaf etmiş ölkələrin Böyük Səkkizliyi Şimali Koreyanın nüvə proqramını son dərəcə kəskin tənqid edir və Suriyada mülki əhali arasında ölümlərin artmasından narahat olduğunu bildirir.
Münaqişə bölgələrində qadınların zorlanmasına son qoymalı olan razılaşmanın imzalama mərasimində isə Hollywood ulduzu Angelina Jolie iştirak edib.
Londonda Britaniya xarici işlər naziri William Hague və ABŞ dövlət katibi John Kerry – nin iştirakı ilə keçirilən görüşdə Pxenyana raket buraxmaq niyyətindən əl çəkməzsə, ən kəskin sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq verildi.
Mətbuatın yazdığına görə, G8 ölkələri Şimali Koreyanı «nüvə silahlarının və ballistik raketlərin inkişaf etdirilməsinə, həmçinin «uran zənginləşdirmə fəaliyyətinə» görə «mümkün olan ən sərt şəkildə» tənqid etdilər.
PXENYANA QARŞI ƏN SƏRT BƏYANAT
ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada və Rusiyadan ibarət G8-in xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının dörd mövcud qətnaməsini birbaşa pozmaqla məşğuldur və Pxenyanın 2013-cü ilin fevralında həyata keçirdiyi nüvə sınağı 2006-cı ildən bəri üçüncü belə sınaqdır və ötən il iki raketin buraxılması beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir.
Böyük Səkkizlərin xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının ötən ay qəbul edilmiş qətnaməsini dəstəklədiklərini təsdiq ediblər.
Bu qətnamədə deyilir ki, Şimali Koreya raket buraxmaq niyyətindən əl çəkməzsə, Pxenyana qarşı sərt sanksiyalar tətbiq olunacaq.
Cənab Kerry London görüşündən sonra Cənubi Koreya və Yaponiyaya səfər etməli idi.
SURİYA BARƏDƏ BƏYANAT OLMAYIB
Bununla belə, Suriya məsələsində yekdil mövqe nümayiş etdirilməyib.
Segei Lavrov
Segei Lavrov
Rusiya hələ də Suriya lideri Bashar al-Assad-i müdafiə edir və buna görə də London görüşündə Dəməşqi kəskin tənqid edən bəyanat verilməyib.
Görüşdə həmçinin Suriya üsyançılarının silahla təchizatı məsələsi də qaldırılmayıb və söhbət yalnız münaqişə qurbanlarına «daha çox humanitar yardımın artırılmasından» gedib.
Bununla belə, nazirlər bəyan ediblər ki, münaqişədə hər hansı bir şəkildə kimyəvi silahın işlədilməsinə beynəlxalq reaksiya olacaq.
Lakin London sammitinin kuluarlarında cənab Kerry və cənab Hague Suriya müxalifətinin liderləri ilə görüşüblər.
Suriya müxalifəti silahla təchizat istəsə də, ABŞ rəsmilərinin dediyinə görə, cənab Kerry konkret olaraq heç nə vəd etməyib, Qərb nazirləri isə Suriyaya göndəriləcək silahların əl-Qaedanın əlinə keçə biləcəyi barədə narahatlığı dilə gətiriblər.
Hazırda ABŞ və Avropa İttifaqı Azad Suriya Ordusunu qeyri-döyüş, kommunikasiya və kəşfiyyat avadanlığı ilə təchiz edir.
Britaniyanın Suriya üsyançılarına döyüş silahlarının verilməsi üçün Avropa İttifaqının embarqosuna düzəliş etmək cəhdi artıq neçənci dəfədir ki, uğursuzluqla nəticələnib.
Buna səbəb Qərb ölkələrinin silahların terrorçuların əlinə keçə biləcəyi barədə narahatlığıdır.
Şimali Koreyada hökümətin iclası
Şimali Koreyada hökümətin iclası
Bu narahatlıq Suriyada rejimlə döyüşən qüvvələrdən biri – əl-Nusra Cəbhəsinin əl-Qaedanın rəhbəri Ayman al-Zawahiri ilə bağlı olduğunu elan etməsindən sonra daha da artıb.
İRANLA QOŞA MÜNASİBƏT DAVAM EDƏCƏK
BBC xəbər verir ki, Şimali Koreya iki «Musudan» raketini sahil bölgəsinə gətirib.

Bu raketlər bundan əvvəl sınaqdan keçirilməsə də, bəzi ekspertlər onların döyüş radiusunun 4000 kilometr olduğuna inanırlar.
Bu radiusa Cənubi Koreya və ABŞ-ın Quamdakı hərbi bazaları düşür.
Bununla yanaşı, Pxenyan ot basmış nimdaş nüvə reaktorunu yenidən işə salmaqla hədələyib.
London danışıqlarında həmçinin İranın nüvə proqramının dayandırılması məqsədilə ötən həftə Qazaxıstanda keçirilmiş danışıqların nəticəsiz qalması müzakirə edilib.
Britaniyanın xarici işlər naziri William Hague bildirib ki, İranla sanksiyalar və danışıqlardan ibarət qoşa münasibətlər davam edəcək.
XS
SM
MD
LG