Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:57

Hicran Hüseynova "Qəribə arzu" (Hekayə)


Hicran Hüseynova
Hicran Hüseynova
-

Hicran HÜSEYNOVA


QƏRİBƏ ARZU

(hekayə)

“Kaş o, imtahandan “5” alaydı, kaş ki, kaş ki...”
Bu qəribə, anlaşılmaz arzu nədən, hardan doğurdu, araşdırmağa gərək yoxdur. Onda səbəb-nəticə əlaqələrini düşünmür, nəyin nədən qaynaqlandığını, nə ilə nəticələnəcəyi kimi fikirlərlə özümü yormurdum.
Yəqin elə başlıcası da buymuş – arzulamaq. Arzulamaq və başqa heç nə düşünməmək.
Onda, o illərdə hər şey sadə, aydın, gözəl idi. Həm də yəqin ki, əlçatan, mümükün olan.
...Musiqi məktəbində görürdüm onu, məndən əvvəlmi, sonramı, yadımda deyil, dərsi olurdu. Fərdi olurdu dərslərimiz. Müəllimə, qara piano, bir də şagird.
Rus əsilli müəlliməmiz Tatyana xanım, hesab edirdim ki, peşəsini sevmir, bizi, sadəcə, yola verir. Bir dəfə də belə bir hadisə oldu. Mən İ.S.Baxın qızı “Anna Maqdalena Baxın not dəftəri” deyilən kitabdan çətin bir əsəri ifa edirdim. Dönə-dönə hazırlaşmışdım. Fikrimcə, yaxşı çalırdım. Müəllimə isə eyni parçanı təkrar-təkrar çaldırır, elə bil, vaxtı uzadırdı. Çox hirsləndim. Dönüb arxaya baxandasa Tatyana xanımın məni dinlədiyini yox, alma yediyini gördüm. Demə, o, almanı yeyib qurtarana qədər məni yubatmaqçün “yenə çal” deyə-deyə şüşə kimi soyuq üzünü, mavi gözlərini yana çevirirmiş. Burda musiqi duyumundan, sənət sevgisindən danışmaq, yəqin ki, gülünc olardı.
Dərin bir küskünlük hissi, bir az da acıqla dərsi yarımçıq tərk etdim. Musiqi məktəbiylə də o vidalaşan oldum. Heç Tatyana xanımın üzrlü dəvəti də məni tərpətmədi. Soyumağı, arxaya baxmadan dönüb getməyi, bəlkə də onda öyrəndim ilk dəfə. Sonralar üz çevirdiyim, sərt hərəkətlə qırıb atdığım çox bağlar oldu...
Hə, qəribə arzumdan danışırdım axı. O anda onun “5” almasını necə dəli bir istəklə arzulayırdım. Ən qəribəsi o idi ki, həmin gün ikimiz də imtahan verirdik, özüm “4”lə kifayətlənir, ona “5” arzulayırdım. Ona, elə bil ki, vurulmuşdum. İpək kimi saçlarından tutmuş ötkəm hərəkətlərinə, ədalı gülüşünə qədər hər şey maraqlı, çox sirli gəlirdi mənə. Bəzən də təsadüfən üzümə baxıb, nəsə soruşacağını gözləyirdim. Niyə özüm soruşmurdum, ilk addımı atıb, ilk sözü demirdim? Cəsarətsizdimmi? Cəsarətsizdimsə, müəlliməyə necə etiraz edirdim? Musiqi məktəbinə gedib-getməməklə bağlı özüm qərar verirdim? Qəribə vurğunluğuma gələndə isə...
Elə bilirdim ki, onu kənardan-kənara, baxışlarımla müşayiət etməliyəm. Bəzən də heç vaxt görməsəm belə, onun necə ritmik hərəkətlə, bir az da təkəbbürlə rəqs etdiyini gözlərim önündə canlandırır, xəyali şəkilıər çəkirdim. Mənə elə gəlirdi ki, onun hətta ayaqqabılarından da heç kəsdə ola bilməz, nəinki yerişindən, duruşundan...
Həmin gün o, imtahandan “5” aldı. Çox sevindim, həm də ürəkdən. O vaxtlar ürəkdən sevinmək necə də asan imiş...
Hər şey-ətrafda nə varsa, yumşaq, çox da qabarıq olmayan, ancaq sevimli boyalarla süslənmişdi. Hisslərim, düşüncələrim də çaldığım əsərlər kimi həzin, harmonik idi. Zərifdən zərif duyğularım su kimi təravətli, su kimi saf, dərin idi. Nə bu dərinlikdə batıb boğulmaq, nə də suların bir gün bulanacağı, lillənəcəyi ilə bağlı qorxu yoxdu. Azad, azad, hüdudsuz, bitib-tükənməz bir gözəlliyə dalmışdım. Bayram idi mənim küçəmdə...
Yəqin həssas oxucum (həssas olmasaydı, yazını buradək oxumazdı) bunu ilk məhəbbət hekayətindən cizgilər sanıb gülümsəyəcək. Mənsə həmişəki kimi onu heyrətləndirəcəm – imtahandan “5” almasını qəribə bir istəklə arzuladığım şagird oğlan yox, yaşıdım olan qız idi.
XS
SM
MD
LG