Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

Onassis-in Yunanıstandakı adasını ruslar aldı


"The Guardian"ın internet səhifəsindən görüntü.
"The Guardian"ın internet səhifəsindən görüntü.

Məşhur Aristotle Onassis-in nəvəsi Athina babasının Jackie Kennedy ilə evləndiyi şəxsi adası Skorpiosu xərclərini çəkə bilmədiyi üçün rus oliqarxının qızına satıb.

Yunan maqnatı Aristotle Onassis-in 1962-ci ildə aldığı bu ada Yunanıstanın ən məşhur sülaləsinin ən parlaq simvolu idi.

KENNEDY-NİN DUL XANIMI BURADA ƏRƏ GEDİB

Lakin Yunanıstanın üzləşdiyi fəlakətli maliyyə böhranı neft daşımaları maqnatının nəvəsi və onun biznes imperiyasının yeganə varisi Athina Onassis-i bu simvolu Rusiyalı oliqarx Dmitri Rybolovlev-in qızı Ekaterina-ya satmağa məcbur edib.

Kipr Bankında küllü miqdarda səhmləri olan bu Rybolovlev adanı 117 milyon avroya alıb və bununla da Onassis-lərin Yunanıstanla son bağı da qırılıb.

1962-ci ildə bu adanı cəmi 10 milyon dollara almış Onassis burada opera müğənnisi Maria Callas-ın canlı oxumasından feyziyab olarmış.

Lakin ən ümdəsi bura tarixi bir yerdir. Aristotle Onassis qətlə yetirilmiş ABŞ prezidentinin dul xanımı Jackie Kennedy ilə məhz bu adada, 1968-ci ildə özünə dəbdəbəli toy etmişdi.

Onu da demək lazımdır ki, Onassis bu adanı alanda bura quruca torpaq idi. Maqnat adaya saysız-hesabsız nadir bitki və ağac növlərini gətirdikdən sonra bura bir gecədə zəngin kurorta çevrilib.

Microsoft şirkətinin qurucularından biri Bill Gates və pop ulduzu Madonna keçmişlərdə bu adanı almaq arzusunda olublar.

“PULSUZLUĞ”UN ÜZÜ QARA OLSUN

Atçılıq idmanının dəlisi və vaxtının çoxunu Braziliyada keçiriən Athina bu adada cəmi bir dəfə olub, onda da burada dəfn edilmiş anası Christina-nın və böyük əmisi Alexsandors-un məqbərisinə baş çəkməyə gəlibmuiş.

Britaniya mətbuatı yazır ki, gənc Onassis-ə bu adanın saxlanmasının astarı üzündən baha başa gəlirmiş.

O, ada üçün vərəsəlik vergisi kimi 35 milyon avro ödəmişdi və illik xərclər də artmaqda idi.

Halbuki, istəsəydi, Athina Onassis öz adına olan 217 bank hesabı ilə nəinki Yunanıstanın, hətta üçüncü dünya ölkələrinin bütün borclarını ödəyə bilərdi.

Bununla belə, Athina Yunanıstandakı bütün mülklərini satmaqla məşğuldur.

O, hətta ən yaxın qohumlarını təəccübləndirərək anasının bütün ləl-cəvahiratını hərraca çıxarıb və sülalənin ata-baba yurdu olan Afina Rivyerasını da satıb.

Britaniya mətbuatı yazır ki, Athina-nın Yunanıstan mülklərini başından etməsinə əsas səbəblərdən biri də onun Onassis Fondunun rəsmiləri ilə pis münasibətləridir.

Öz növbəsində Aristotle Onassisin helikopter qəzasında həlak olmuş oğlu Alexandros-un xatirəsini əbədiləşdirmək üçün yaradılmış fond Athina-nı yunan milli adət-ənənələrinə naxələf çıxmaqda günahlandırır.

Yunan dilini bilməyən Athina yalnız onu böyütmüş ögey anasının dogma dilində - isveç dilində və fransız atası Roussel-in fransız dilində danışır.

Monako futbol klubunun sahibi olan rus oliqarxı Dmitri Rybolovlev-in 24 yaşlı qızı Katya şan-şöhrətli mülklərin ovçusu kimi tanınır.

Harvard Universitetinin məzunu olan oliqarx qızı deyir ki, bu adanın böyük investisiya gələcəyi var.
XS
SM
MD
LG