Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:47

Xurma ağacının göz yaşları


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Balayar Sadiq


BOMJ

I

Başı
qibləsiz kəsilmiş
toyuqdur
döyüşçü xatirələri...

Bir qaçqın uşağın
göz yaşında qaynadılmış
toyuqlara
dən səpir
bir şəhid məzarı...

Və uzaqlarda
sükut gövşəyir
döyüşçü silahı...

II

Torpaq dənizində
yelkənini qaldırıb
hara gedir
bu qərənfil açmış qəbir?!

Qəfil başlayan
sual yağışları altında
bir bayraq islanır...

Qərib-qərib
ləpələnir
yaddaş gölməçələri...

III
Qışın oğlan çağında
Murovda
istidən yaxasını açıb
döyüşçü yuxuları...

Və tanrı hədiyyəsidir
döyüşçü yuxusuna
qonmuş
xanım əllər...

IV

Döyüşçü dostu
yapıncısını çıxarıb
atdı
yuxusunun üstünə...

Dodağındakı
azəri qızının
adı üşüməsin.

V

Gecə
gözünün acısını
almışdı
tətiklər üstə

Üfüqlərin
süd dişi
tumurcuqlayırdı.

İlxı-ilxı
kişnəyirdi
yurd yerləri...

VI

...Ümidin
o üzündəki dərədə
üz-üzə gəldi
bir ovuc gavurla...

Son gülləsini də
bayraq kimi
sancdı
bir gavur sinəsinə...

Uzaqlarda
Bir bayraq
Gülümsəyirdi...

VII

Sonra
ürəyini ovcuna alıb
qumbara əvəzi
tulladı...

Hərəkətsiz bir elin
barmaqlan arasından
şəhidlik damırdı...

VIII

Adsız dərələrə
səpələnmiş
mamırlı daşlar
bir döyüşçü ürəyinin
qəlpələridir...

General qoxusu
verir
məmləkətin
döyüş muzeyi...

IX

Qapanmamış gözlərin
qisas alovu
kişnəyir...

Tanrım,
ətəyini çək,
mələklərin
qanadı yandı...

X

Paytaxt binaları
əzan səsiylə
əl-üzünü yuyur...
Üzüquylu yıxılıb
bir parça torpaq,
burnu qanayıb
əhləd daşının...

Vağzal ətrafında
Dolaşan
“bomj”dur
Döyüşçü nəğmələri...

XI

Oğul qəbrini
qara dəsmal kimi
sıxıb gözlərinə
bir ana duası.

Torpaq
xəcalətdən tökülür
barmaqları arasından...

XII

Susmaq
dərdin o üzüdür..
Susmamağın
rəngləri qarışıq...

Və daşları
asmaq lazım deyil
həqiqətdən danışdığına görə...



XURMA AĞACININ GÖZ YAŞLARI

I

Mərmi alovunda
islanmış əzan səsini
qurutmağa yer yoxdur...

Göy üzünü cırmaqlayır
məscid minarələrinin
doluxsunmuş sükutu...

Mələklər
səbr kitablarını
varaqlamaqda -
yaralı ərəb susuzluğunu...

II

Xurma ağacının
içində
mərmi-mərmi
yarpaqlayıb
2003-cü ilin aprel ayı...

İraqlı körpələrin
gözündən
damcılayır Bağdad...

III

Qoca ərəb
kürəyinə aldığı nəvəsindən soruşur:
- səngərin necədir, oğlum?

Cavab əvəzi
qırmızı-qırmızı
qar yağır
səngərin yaxasına...

Son dəfə çiçəkləyir
qoca ərəbin
dodaqlan:
“Həbibim, fəsli-güldür bu...”

IV

Qum saatıdır
səhralar...
Qolunda
gəzdirə bilməzsən,
ingilis əsgəri...

Öldürdüyün
qoca ərəbin köksündə
hələ də çıqqıldayır
nifrət saatı...

V

Bir xurma ağacının
dizlərini qucaqlayıb
için-için ağlayır
iraqlı körpənin
tənhalığı...

Tanrının
istirahət günüdür...

VI

Susuzluqdan
dodaqlan çatlayıb
ümid küləklərinin...

Ağzına su alıb
Fərat çayı...
Göz yaşında
güzgülənir
“Allahu-əkbər” nidası...

VII

Ölümün
yanağına çökmüş
qızartı
iraqlı əsgərin
öpüş yeridir...

Ölüm düşməndən
həyalıdır,
ey xurma ağacı...

VIII

Qumlu səhraların
yaddaşını çimdikləyir
mərmi karvanlarının
zınqırov səsi...

Dünya kitabxanalarından
çıxıb
qaçmaq istəyir
“Min bir gecə” nağılları...

IX

Üzü qibləyə
durub
xurma ağacının
içindəki hönkürtü...

İngilis əsgəri
şirin xurma kimi
yeyir
xurma ağacının
göz yaşlarını...

X

Azadlıq təndirində
kütə gedən
kündədir
iraqlı əsgərin
son nərəsi...
Üzüquylu yıxılıb
Tanrını
torpaqda axtarır
yaralı ərəb...

Ən uzaq yoldur
“Bəqərə” surəsi...

XI

Tanrının
istirahət günüdür...

Bəxtini qoltuğuna vurub
qoca Bağdad...

Xurma ağacının
göz yaşları
“Qarabağ şikəstəsi”dir...

XII

Dizəcən sükuta
batıb
azadlıq harayı...

Saat kəfkiri kimi
havada yellənir
ingilis tankının
lüləsi...

Ədəbiyyat vaxtıynan
Saat neçədir,
cənab Əzrayıl?!
XS
SM
MD
LG