Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:28

Azərbaycan Cümhuriyyətində polyak izi…


Vilayət Quliyev
Vilayət Quliyev
-
«Polyaklar bizim ilk Cümhuriyyətimizin quruculuğuna öz töhfələrini veriblər».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Azərbaycanın Macarıstandakı səfiri, tanınmış araşdırıcı Vilayət Quliyev söylədi.

ONLARIN ARASINDA UNİVERSİTET TƏHSİLLİ ADAMLAR VARDI

Varşavada polyak dilində yenicə çapdan çıxmış «Polyaklar Azərbaycan Demokratik Respublikasında» kitabı barədə proqramımıza danışan Vilayət Quliyev XX əsrin əvvəllərində Bakıda böyük bir polyak icmasının varlığını bildirdi:

«Onların böyük bir qismi rus imperiyasının əleyhdarı idi. Çünki Polşa da Azərbaycan kimi müstəmləkə idi. XIX əsrdə dəfələrlə Rusiya əleyhinə polyak üsyanları olmuşdu. Üsyanın iştirakçıları o zaman «isti Sibir» adlanan Qafqaza—Azərbaycana sürgün olunmuşdu. Təbii ki, azərbaycanlılar müstəqilliyini quranda, polyaklar bu işdə onların köməkçiləri oldular. Çünki onların arasında universitet təhsili görmüş, idarəçilik prinsiplərinə yiyələnmiş təcrübəli insanlar vardı. Polyaklar istər ordu quruculuğunda, istər dövlət idarələrində müstəqil Azərbaycan üçün çalışmağa başladılar».

RƏSULZADƏ XATIRLAYIR:

Verilişin qonağı M.Ə. Rəsulzadənin bu barədə dəqiq bilgilər verdiyini xatırlatdı:

«Rəsulzadə sonralar xatırlayırdı ki, təkcə Azərbaycanın Xarici İşlər Nazirliyi və Hərbi Nazirlik sistemində 20-dən çox polyak və mənşəcə Polşa tatarı olan türk çalışırdı. Onlar bizim ilk Cümhuriyyətimizin quruculuğuna öz töhfələrini vermişdilər».

13 MİN NƏFƏRDƏN 20 GENERAL ÇIXIB

Vilayət Quliyev kitabda adları ayrıca fərqləndirilənlərdən də danışdı:

«Onlar daha çox Polşa tatarlarıdır. Tatarlar Polşada XV yüzildən yaşamağa başlayıblar və Polşanın hərb tarixində çox böyük iz qoyublar. 1897-ci il siyahıyaalınmasında tatarların sayı 13 min nəfər göstərilir və onların içindən 20-dən çox rus ordusunun generalının yetişdiyi bildirilir. Yəni, bu xalq həmişə hərbçi olub, silahla, atla gözəl rəftar etməyi bacarıb».

AZƏRBAYCAN ORDUSUNUN İLK BAŞ ŞTAB RƏİSİ SULKEVİÇ

Araşdırıcı elə bu üzdən onların Azərbaycan milli ordu quruculuğunda yaxından iştirak etdiyini söylədi:

«Azərbaycan ordusunun ilk baş ştab rəisi general-leytenant Mosey Sulkeviç olub.
Azərbaycan parlamenti, 1918
Azərbaycan parlamenti, 1918
O, əslən Polşa tatarı idi. Azərbaycanın görkəmli hərbçisi Əliağa Şıxlinski ilə 1905-ci ildən—rus-yapon müharibəsindən tanış idi. O cümlədən, Səməd bəy Mehmandarovla bir cəbhədə döyüşmüşdü. Onlar müstəqil dövlətin ordusunu qurarkən, Sulkeviçi bu işə cəlb etmişdilər. O, 1918-ci ildə Azərbaycana gəlib baş ştaba rəhbərlik etməyə başlamışdı. Ordunun yenidən qurulmasında, ciddi nizam-intizam, əsl hərbi sistem yaradılmasında böyük rolu olmuşdu. Sulkeviçi 1920-ci ilin iyununda bolşeviklər güllələmişdi…».

HƏMİŞƏLİK AZƏRBAYCANIN DOSTU QALDILAR

Qonağımız Azərbaycan Cümhuriyyətinin digər müəssisələrində çalışan polyaklardan da söz açdı:

«Onların sırasında iki Polşa tatarını fərqləndirmək olar. Onlar Leon və Olgert Kriçinski qardaşları idi. Olgert Kriçinski Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirinin müavini idi. Ölkədə ədliyyə sisteminin qurulmasında mühüm xidmətləri olmuşdu. Bir sıra beynəlxalq sənədlərin hazırlanmasında və danışıqlarda rolu olub. Onun kiçik qardaşı Leon Kriçinski isə Nazirlər Kabinetinin dəftərxana rəisi idi. Nazirlər arasındakı bütün yazışmalar onun əlindən keçirdi. Qardaşlar hər ikisi Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdilər. Çox hazırlıqlı idilər. Rus dilini, bir sıra xarici dili, o cümlədən Azərbaycan dilini yaxşı bilirdilər. Onlar Polşaya qayıtdıqdan sonra da Azərbaycanın dostu olaraq qalmışdılar. 30-cu illərdə Polşa mətbuatında Azərbaycan Cümhuriyyəti barədə, Fətəli xan Xoyski və digər qurucular haqqında maraqlı məqalələr dərc etdirmişdilər».

POLYAK HƏRBÇİLƏR GƏNCƏ ÜSYANINDA…

Araşdırmaçı polyak hərbçilərin 1920-ci il Gəncə üsyanındakı fəaliyyətlərindən də danışdı:

«Onlar Gəncə üsyanında azərbaycanlıların tərəfində vuruşurdular. Polkovnik Stankeviç hətta üsyanın gedişində aparıcı sima olmuşdu və döyüş zamanı həlak olmuşdu… Dediyim kimi, dövlət idarələrində, tibb sahəsində, neftçıxarma sahəsində bu qədər yüksək rütbəyə yüksəlməyən, amma öz əməyilə, Azərbaycana dost münasibətilə Cümhuriyyətə kömək edən polyaklar olmuşdu».

RƏSULZADƏNİN POLŞADA YERLƏŞMƏSİNDƏ POLYAKLARIN ROLU

Vilayət Quliyev «Məhəmməd Əmin Rəsulzadənin bir müddət məhz Polşada məskunlaşmasında polyakların və ümumən polşalıların rolu nə qədərdir» sualını da cavablandırdı:
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

«Burada iki amili fərqləndirmək lazımdır. Əvvəla, Polşanın o zamankı dövlət başçısı Yozef Pilsudski Sovetlərə qarşı son dərəcə qətiyyətli mövqe tuturdu və Sovet İttifaqını Rusiya imperiyasının yenidən dirçəldilmiş variantı sayırdı. Ona görə də, Sovetlərdən olan mühacirlərə Polşada yardım göstərilirdi. 20-ci illərin sonlarında Polşada müasir Sovetologiya institutlarını xatırladan müəssisələr qurulmuşdu. Onların qarşıya qoyduqları məqsədlərdən biri də keçmiş Sovet respublikalarından olan mühacirlərin fəaliyyətini koordinasiya etmək idi».

POLŞADA RƏSULZADƏNİ HƏQİQİ LİDER KİMİ GÖRÜRDÜLƏR

Araşdırıcı Azərbaycan mühacirətinin 30-cu illərə qədər məhz Türkiyədə cəmləşdiyini xatırlatdı:

«Mühacirətin burada mətbuat orqanları vardı və öz mübarizəsini aparırdı. Bu da, təbii ki Stalini narahat etməyə bilməzdi. Odur ki, 1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 illiyi qeyd olunanda, Stalin özünün iki tanınmış sərkərdəsini—Budyonnı və Voroşilovu bayram tədbirlərində iştirak etməyə göndərdi. O, Atatürkə xüsusi mesaj da göndərmişdi ki, mühacirləri, xüsusən də azərbaycanlı mühacirləri ölkədən çıxarsın…Buna görə də, 1933-cü ildən sonra istər Rəsulzadə, istərsə də mühacirətin digər üzvləri Polşaya üz tutmağa məcbur oldular. Bir tərəfdən Pilsudskinin tutduğu siyasi xəttin, bir tərəfdən də polyak dostların böyük yardımı dəydi. Və deməliyəm ki, M.Ə. Rəsulzadə o vaxt Polşada kifayət qədər siyasi nüfuza malik idi. Mən onun Polşadakı izlərini araşdırarkən, müxtəlif polyak dövlət adamlarına, elm-təhsil müəssisələrinin rəhbərlərinə yazdığı məktubları aşkara çıxardım və gördüm ki, onlar Məhəmməd Əmin bəyin simasında həqiqətən də, Azərbaycan xalqının bir liderini görürdülər və onunla çox ehtiramla rəftar edirdilər».
XS
SM
MD
LG