Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

Ekspert: İran Azərbaycan alimini islamçılara dəyişmək istəyir


Xalidə Xalid
Xalidə Xalid
-
İran dövlət televiziyasının rəsmi saytı (IRIB) Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun Təbrizdə həbs edilən elmi işçisi Xalidə Xalidin casusluqla ittiham olunduğunu bildirir.

Məlumatda Azərbaycan vətəndaşının irqçilik və casusluq istiqamətində təhrikedici fəaliyyətinə görə həbs edildiyi diqqətə yetirilir.

«BU İTTİHAM İRANIN BÖHTANI OLA BİLƏR»

Xalidə Xalidin qızı Ləman Məmmədli deyir ki, aprelin 30-da saxlanandan bəri anasından bir xəbər ala bilmirlər. Ləman anasına qarşı irəli sürülən ittihamı yalan adlandırır:

«Bu ittiham İranın böhtanı ola bilər. Mənim anamı ittiham etməkləri absurddur. Artıq neçə gündür ondan xəbərsizik. Aydın deyil ki, İran anamı niyə tutub. Biz əlimizdən gələni edəcəyik ki, ittihamı puça çıxaraq. İran tərəfdən heç kimlə danışa bilmirik. Azərbaycanın oradakı konsulluğu ilə əlaqə saxlayırıq. Heç olmasa, anamın harada saxlandığını öyrənsəydik... Çox nigaranıq».

Ləman Məmmədli və qardaşı Azərbaycan prezidentinə müraciət edərək, analarının İrana elmi iş üçün getdiyini, onun siyasi təxribatın qurbanına çevrilməsindən narahat olduqlarını bildiriblər.

«O, HEÇ BİR CİNAYƏT İŞİ İLƏ MƏŞĞUL OLA BİLMƏZ»

Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin müdiri Vaqif Arzumanlı iş yoldaşının taleyindən nigaran qaldığını dilə gətirir:

Vaqif Arzumanlı
Vaqif Arzumanlı
«Şəxsən mən də, şöbəmiz də, institut da əməkdaşımızın saxlanmasından narahatdır. O, mənim şöbəmdə çalışır. Şəhriyarın yaradıcılığı ilə məşğuldur, onun irsini araşdırır. Şəhriyarla bağlı materialları toplamaqdan ötrü istirahət günlərindən yaralanaraq Təbrizə gedib. O, heç bir cinayət işi ilə məşğul ola bilməz. Çünki neçə illərdir elmi işlə məşğuldur. Onun qanun pozuntusuna yol verə biləcəyinə inanmıram. Ola bilər, həmkarları, dostları ilə görüşdüyü üçün saxlanılıb».

Vaqif Arzumanlının bildirdiyinə görə, üç gün öncə Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov onun həyat yoldaşına zəng edərək deyib ki, narahat olmayın, mən bir neçə gündən sonra gələcəyəm. Ancaq sürücü bunları özü haqqında deyib.

«İRAN BU YOLLA MÜBADİLƏ ETMƏK İSTƏYİR»

«Orta Doğu» Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan həmin ölkədə Azərbaycan vətəndaşlarına qarşı belə münasibətə əvvəllər də rastlaşıldığını, buna misal olaraq, azərbaycanlı alim Rəşid Əliyevin, şairlər Fərid Hüseynlə Şəhriyar Hacızadənin həbsini xatırladır. O, bu hadisənin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərinin başa çatdığı gün baş verməsini də vurğulayır:

«Bu onu göstərir ki, İran hakimiyyəti üçün dövlət rəsmisinin ölkəyə gəlməsi o qədər də önəmli deyil. Xalidə Xalid haqqında ittihamlara heç bir əsas tapılmayacağı istisna deyil. Sadəcə, Azərbaycan Respublikasına təzyiq vasitəsi kimi istifadə edilir.
Sədrəddin Soltan
Sədrəddin Soltan
Azərbaycanda bir sıra islamçı şəxs müxtəlif ittihamlarla həbs olunub. Mümkündür ki, İran hakimiyyəti bu yolla mübadilə üçün əsas axtarır. Şairlər məsələsində də mübadilə oldu. Düzdür, mübadiləyəcən 3-4 ay ötdü. Azərbaycanda islamçı kimi fəaliyyət göstərən bir neçə adam dekabr ayında prezidentin imzaladığı əfv fərmanına düşdü. Ehtimalım çoxdur ki, İran hakimiyyəti islam adı altında fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının azadlığa buraxılmasını istəyir».

TEHRAN NOTAYA CAVAB VERMİR

Aprelin 30-da gecə saatlarında Xalidə Xalidi və sürücü Şamxal Hüseynovu azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları həbs ediblər. Üstəlik, 4 yerli azərbaycanlı fəalın da həbsi xəbər verilir.

İranın Bakıdakı səfirliyindən Azərbaycan vətəndaşlarının həbsi ilə bağlı məlumat vermədilər.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi mayın 4-də ISNA agentliyinə bildirib ki, Azərbaycan vətəndaşları «qanunsuz əlaqələr qurmaqda ittiham olunurlar».

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. İran, hələlik, notaya rəsmi cavab verməyib.
XS
SM
MD
LG