Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Rasim Qaraca. "Bir dön bizim Bakıya bax"


Rasim Qaraca
Rasim Qaraca
-

Bakının büsbütün yontalanmış boz rəngli mişar daşıyla qaplanması şəhərə ümumilikdə qəbirəstanlıq mənzərəsi verir.


Rasim Qaraca


"BİR DÖN BİZİM BAKIYA BAX"


Dünən yeni açılmış Qış Bulvarında gəzintiyə çıxmışdıq, qarışıq məhəllələrin sökülüb yerində belə bir açıq məkanın yaranması bütün hallarda insanı sevindirir, istər-istəməz hökumətimizə minnətdarlıq hissilə çoxsağol deyirsən, büdcə pullarının heç olmasa bir hissəsini bu cür xeyirxah işlərə xərclədiklərinə görə.

Lakin bu açıqlıqda sanki, şəhərin eybəcərliyi də üzə çıxıb. Evə yeni bir əşya alanda qalan əşyaların əskimiş olduğu necə üzə çıxarsa, Bakının (“Bakımızın”) üzündən də pərdə çəkilmiş kimi, ətrafdakı binaların memarlıq açısından heç bir nizama, prinsipə və ya ideyaya uymadığı açıq-aşkar görünməkdədir.

Faydası yoxdur, istər sağa, istər sola, istər çevrilib arxaya bax, əsla modern adlanmayacaq qarmaşıq şəhər görüntüsü. Alçaq binaların arasından qəflətən kolbasa kimi uzanan, fasad boyası ürəkbulandıran, başında 4 dənə günbəzi olan bir binanın bir az daha irəlisində, Ağır Cəza Məhkəməsi ilə üzbəüz nisbətən modern binanın həmən yanında, memarlıq həlli və kompozisiya olaraq insanı depressiyaya salan ampir üslubunda bir tikili və bitişiyində son dərəcə bəsit inşaat qusmağı deyə biləcəyimiz başqa bir çoxmərtəbəli bina.

Bir də dönüb geriyə baxdığımızda (“Bir dön bizim Bakıya bax”) Dram Teatrının arxa planında əsl şəhər dramını - çoxmərtəbəli binaların əmələ gətirdiyi beton meşəni görürsünüz. Ümumən şəhərin bozluğu, rəngli binaların demək olar ki olmaması, ən yaxşı halda, daha yaxşı şeylər arzulamaq ehtiyacı doğurur insanın ürəyində.

Şəhərin siması dəyişir və dəyişməlidir. Neft gəlirlərinin pik nöqtəyə çatdığı bu illərdə, xalqımız bütün məhrumiyyətlərə səbrlə sinə gərərək əsas yatırımların Bakı şəhərinin yenidən qurulmasına, “əşi, nə qədər yesələr də, heç olmasa şəhəri abıra salırlar” deyərək bir təsəlli kimi baxmaqdadır. Lakin elə ilk baxışdan bu yenidənqurmanın naşı əllərdə olduğunu görmək insanı xəyal qırıqlığına uğradır.

Əvvəla, demək olar ki, bütün restavrasiya olunan binalarda, parklarda və digər məhəllərdə “imperiya” üslubunun tətbiq edilməsi, mənim görüşümə görə, olduqca yersizdir, deyərdim ki, müasir memarlıqdan xəbəri olmayan birinin alimi-biəməlliyidir. 19-cu əsrin əvvəllərində Fransada yaranmış “İmperiya üslubu” – Ampir (fr. Empire) Napoleonun həşəmərini göstərmək üçün tətbiq edilmiş memarlıq üslubu idi. Əsas cəhətləri sərt, amansız cizgilər, təmtəraqlılıq, teatrallıq, soyuqluq, nümayişkaranəlik və müəyyən mənada ağır təsir bağışlamaq və s. idi. Bu memari üslubun əsas əlamətləri qədim Yunan və Roma monumental obrazlarından istifadə edilməsindəydi. Çox təmtəraqlı olması adətən bu üslubda olan layihələrin baha başa gəlməsinə səbəb olurdu. Bu cür layihələrdə pəncərələr mütləq relyefli çərçivədə olmalı, giriş nərdivanları küçəyə doğru uzanmalı, karnizlər, yapışdırma elementləri, yuvarlaq medalyon formasında barelyeflər, binaya monumentallıq verməkdən ötrü yonulmamış daşlar, rotondalar, kolonlar və s. elementlər uyqulanmalıdır ki, bu üslub elementlərin hamısnı biz Bakıda yapılan binalarda görməkdəyik.

Hətta, dünyada istisna hallarda tətbiq edilən hərbi emblematikanın izlərinə belə bu günün Bakı memarisində rastlaya bilərik.

İmperiya üslubunun ən son dalğası “proletar Ampiri” hesab olunur ki, bunun örnəklərini biz Bakı şəhərində, “stalinka” deyilən binaların timsaalında görə bilərik. Moskvada və SSRİ-nin digər böyük şəhərlərində tikilən, sözün birbaşa və məcazi mənalarında “topdağıtmaz” binalar daha çox düşməni “əzmək” vasitəsi idi. Binaların zahiri ehtişamı siyasi propaqandanın bir davamı kimi nəzərdə tutulurdu və kapitalist dünya ilə qarşıdurma halında olan Sovetlər Birliyi üçün bu başadüşülən idi. Demokratik Avropa ailəsinin bir üzvü olan Azərbaycanda isə ampir üslubunun ucdantutma tətbiq edilməsi, mənim düşüncəmə görə, ən yumşaq ifadəylə desək, zövqsüzlükdür.

Bakının büsbütün yontalanmış boz rəngli mişar daşıyla qaplanması şəhərə ümumilikdə qəbirəstanlıq mənzərəsi verir. Kolonnadalı, günbəzli, mərmər qaplamalı, massiv binalar da həmin məzarlıq əhval-ruhiyyəsini tamamlayır, insanın üzərində öldürücü psixoloji təsir buraxır, bu binaların içinə girmək deyil, qorxub onlardan kənara çəkilmək hissi oyandırır.

Şəhərin yüngül konstruksiyalı rəngarəng binalara ehtiyacı var. Bu, vətəndaşların nəfəs almasını asanlaşdırardı.

Kimə deyirsən…

qaynar.info
XS
SM
MD
LG