Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

ABŞ Dövlət Departamentinin hesabatında sələfilər, hicab və məscidlərin bağlanması məsələləri...


ABŞ Dövlət Departamentinin loqosu
ABŞ Dövlət Departamentinin loqosu
-

«Amerikalıların müqəddəs saydıqları hüquqların arasında seçimimizə uyğun ibadət azadlığı haqqı var... Biz unutmuruq ki, din azadlığı yalnız Amerika hüququ deyil, ölkədə və Yer kürəsi boyunca qorunmalı olan ümumbəşəri insan haqqıdır. Bu azadlıq insan ləyaqətinin mühüm hissəsidir və bunsuz dünyamız sürəkli sülhə nail ola bilməz» – ABŞ Dövlət Departamentinin 2012-ci il üçün yenicə açıqladığı «Beynəlxalq Din Azadlığı Hesabatı» prezident Barack Obama-nın bu sözləri ilə başlanır.

Hesabatın müqəddiməsində məlumat verilir ki, ABŞ-da dini azadlıq barədə hesabatların hazırlanması 15 il öncə, Beynəlxalq Din Azadlığı haqqında Qanun qəbul edildikdən sonra ənənəyə çevrilib.

O da qeyd olunur ki, bu qanunun qəbulu əzilənlərin, təqib olunanların və ibadət hüququndan məhrum edilənlərin müdafiəsi istiqamətində Birləşmiş Ştatların cəsarətli addımıdır.

Sənəddə bildirilir ki, adı çəkilən qanunda söhbət istisnasız bütün dinlərdən – istər təkallahlı, istərsə çoxallahlı dinlərdən gedir və bənzər sitayiş ümumbəşəri insan haqqı sayılır. Hesabatda daha sonra deyilir:

«Belə azadlıq axtarışları zəvvarları əsrlər öncə Amerika sahillərinə gətirib və bu hüquq Konstitusiyamızda təsbit olunub. Lakin bu o demək deyil ki, söhbət müstəsna bir Amerika hüququndan gedir. Ümumdünya İnsan Haqları Bəyannaməsinə uyğun olaraq, bütün ölkələr fikir, vicdan və inanc azadlığını qorumaq öhdəliyi götürüblər».

Bakıda pravoslav kilsəsi
Bakıda pravoslav kilsəsi
Hesabatda 2012-ci ildə din azadlığı hüququnun gerçəkləşdirilməsi sahəsindəki çoxsaylı çətinliklərə də toxunulub və bəzi ölkələrin bu mühüm azadlığı məhdudlaşdıran qanunlar qəbul etməsi, dindarların təqib olunması, dini azlıqlara qarşı zorakılığa yol verilməsi diqqətə yetirilir. Məhz bu səbəbdən sənəd ölkələr üzrə fəsillərə bölünüb.

Sənədin hazırlanmasında 200-dək fərdi hesabatdan istifadə olunub.

AZƏRBAYCANDA DİN AZADLIĞI

Azərbaycana aid bölümdə deyilir ki, ölkə Konstitusiyası din azadlığını elan etsə də, başqa qanun və siyasətlər bu azadlığı real həyatda məhdudlaşdıra bilir.
Məhdudlaşdırmanın xüsusən hökumətin «qeyri-ənənəvi dinlər» kimi tanıdığı inanc növlərinə şamil etdiyi göstərilir.

Bütün dini qrupların icbari qaydada hökumət qeydiyyatından keçməsi tələbi bəzi dini icmaları qeydiyyatsız qoyur və belə icmalar cərimələr və polis zorakılığı qarşısında müdafiəsiz qalır.

Hesabatda deyilir ki, hökumət dini ədəbiyyatın ölkəyə gətirilməsini də xeyli məhdudlaşdırıb. Eyni zamanda o da vurğulanır ki, ötən il din azadlığına sayqı önəmli dəyişikliklərə uğramayıb. Bildirilir ki, Bakıdakı ABŞ səfirliyi dini təşkilatların dövlət qeydiyyatı məsələsini Azərbaycan hökuməti, QHT-lər və dini icmaların rəhbərləri ilə müzakirəyə çıxarıb. Səfirlik Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin və bir sıra ruhanilərin ABŞ-a səfərlərini də maliyyələşdirib.

Hesabatda daha sonra ölkənin dini demoqrafiyası barədə məlumat verilir və deyilir ki, 2011-ci ilin rəqəmlərinə görə 9,3 milyonluq əhalinin 96 faizi müsəlmandır. Ölkədə Rus Pravoslav Kilsəsinin, Erməni Apostol Kilsəsinin davamçıları, başqa xristian, yəhudi və ateistlər də var. Müsəlman dindarların 65 faizi şiə, 35 faizi sünnidir.

Müqəddəs Meri katolik kilsəsi
Müqəddəs Meri katolik kilsəsi
Xristianlar, əsasən, Bakıda yaşayırlar və onlar lüteranlardan, Roma katoliklərindən, baptistlərdən, molokanlardan və yeddinci günün adventistlərindən ibarətdir.

SƏLƏFİLƏRİN AYAĞI YER TUTUB

Hesabatda bu da qeyd olunur ki, 1991-ci ildən bəri hökumətin «qeyri-ənənəvi dini qruplar» kateqoriyasına aid etdiyi bir sıra cərəyanlar – sələfilər, əhdi-cədid xristianları, «Yahova şahidləri» və Hare Krişnalar ölkədə bərqərar ola biliblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ədəbiyyatın ölkəyə gətirilməsinə və paylanmasına tam nəzarət edir.

Dini ədəbiyyatın icazəsiz nəşri, ölkəyə gətirilməsi və yayılması qadağandır. Qaydanı pozanlar 5 min manatdan 7 min manatadək cərimələnə və 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər. Təkrar pozuntuların daha ağır cərimə və daha uzunmüddətli həbslə cəzalandırılması nəzərdə tutulur.

Azərbaycan qanunları əcnəbilərin yerli vətəndaşları müxtəlif dinlərə cəlb etməsini də yasaqlayır. Eyni fəaliyyət ölkə vətəndaşları üçün qanuni sayılır.

Hesabatda deyilir ki, fərdi qaydada maliyyələşdirilən ibtidai və orta məktəblərdə din dərsləri tədris planına daxil edilmir, ancaq tələbələr ali məktəblərdə din kursları keçə bilərlər.

Xaricdə dövlət dəstəyi ilə dini təhsil almaq istəyənlər dövlət komitəsinin və ya Təhsil Nazirliyinin qeydiyyatından keçməlidirlər.

Dini ədəbiyyat
Dini ədəbiyyat
Öz təşəbbüsləri ilə xaricdə dini təhsil almaq istəyənlərin rəsmi icazə almalarına ehtiyac yoxdur.

Qanunla siyasi partiyaların dini fəaliyyəti qadağan edilib. Dini liderlər rəsmi dövlət postu da tuta bilməzlər. Dini müəssisələrdən siyasi məqsədlərlə istifadəyə də qadağan qoyulub.

Baş örtükləri əksər ictimai yerlərdə qadağan olunmayıb, lakin rəsmi fotoların baş örtüyü ilə çəkilməsinə yol verilmir.

Təhsil Nazirliyinin sərəncamına uyğun olaraq, hicab və ya baş örtüyü ibtidai və orta məktəblərdə qadağandır, amma bu qadağa fəal şəkildə həyata keçirilmir.

POLİS DİNƏ QARŞI

Bununla belə, bir sıra «qeyri-ənənəvi» sayılan dini icmalar, fəaliyyətlərinin məhdudlaşdırılması və hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər.

Hazırda Avropa Məhkəməsinə göndərilmiş 13 iş baxılmasını gözləyir. Bunların arasında «Yahova şahidləri»ndən, ilahiyyatçı Səid Nursinin davamçılarından daxil olan şikayətlər var.

Hesabatda qeyd olunur ki, polis 2012-ci ilin mayında adventistlərin Gəncədəki kilsəsinə basqın edib.

Sentyabr ayında «Yahova şahidləri»ndən Fəxrəddin Mirzəyev hərbi xidmətdən boyun qaçırdığına görə birillik həbs cəzası alıb.

Bakıda məscid
Bakıda məscid
İyun ayında polis Xaçmazda adamları öz inanclarına cəlb etməkdə təqsirləndirilən baptistləri həbs edib.

Hesabatda vurğulanır ki, hökumət dini qurumların təkrar qeydiyyata alınması qaydasından onlara qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Sənəddə qeyd olunur ki, 2009-cu ildən – dini qurumların təkrar qeydiyyatı barədə qaydalar tətbiq olunandan bəri 576 təşkilat qeydiyyata alınıb və onlardan 555-i müsəlman, 21-i qeyri-müsəlman, 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai təşkilatıdır və biri Krişna icmasıdır.

Bir sıra dini icma və qurumların qeydiyyatından imtina edilib.

Bəzi təşkilatların qeydiyyatı məsələsinə hazırda baxılmaqdadır.

Hesabatda deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2012-ci ildə dini ədəbiyyatın xaricdən gətirilməsi barədə 333 xahiş alıb və 40 xahiş rədd edilib.

Bu da vurğulanır ki, hökumət hicabı yasaqlayan hər hansı sərəncam verməyib.

BAĞLANAN MƏSCİDLƏR, AÇILAN MƏSCİDLƏR

Sənəddə deyilir ki, hakimiyyət orqanlarının 2010-cu ildə qapatdığı bir sıra məscid, məsələn, Şəhidlər Xiyabanındakı məscid, Gəncədəki sünni məscidi bağlı qalır. Bakının Suraxanı rayonunda Fatimeyi-Zəhra şiə məscidinin tikintisinə də icazə verilmir.

Təzə Pir məscidində ibadət edən şəxs
Təzə Pir məscidində ibadət edən şəxs
Hesabatda ötən il 7 yeni məscidin açıldığı, bəzi açılışlara prezident İlham Əliyevin də qatıldığı bildirilir.

Sənəddə dini tolerantlıq məsələlərinə də toxunulur.

Qeyd olunur ki, islam ekstremizmini ciddi tənqid etdiyinə görə Xəzər Universitetinin professoru Ağalar Məmmədov fiziki zorakılıq təhdidləri alandan sonra İsveçdən siyasi sığınacaq istəyib.

Oktyabrın 5-də 200-dək dindar Təhsil Nazirliyinin məktəblərdə hicaba qeyri-rəsmi qadağasına etiraz edib və bu aksiya polis tərəfindən zorakılıqla dağıdılıb.

İqtisadiyyat və Siyasət Araşdırmaları Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, cavab verənlərin 18 faizi siyasi islamın yayılmasını ciddi təhlükə sayıb.
XS
SM
MD
LG