Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

«Bakıda aksiya yerlərinin yeni siyahısı hazırlanır» [VİDEO]


Avropa Şurasının insan haqları komissarının AzadlıqRadiosuna müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:19:04 0:00

Avropa Şurasının insan haqları komissarının AzadlıqRadiosuna müsahibəsi

-

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks-lə müsahibə mayın 24-də, səfərin son günü baş tutdu. Komissar Kürdəxanı təcridxanasından təzəcə qayıtmışdı. O, üçgünlük səfərində gərgin qrafiklə işlədiyini deyir. Komissar bu müddətdə Prezident Administrasiyasının rəhbəri, Daxili işlər naziri, Ədliyyə nazirinin, eləcə də İnformasiya və Rabitə Texnologiyaları nazirinin müavinləri və QHT rəhbərləri ilə görüşüb, Kürdəxanı təcridxanasında REAL hərəkatının sədri İlqar Məmmədova, «Tolışi sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova və N!DA hərəkatı İdarə Heyətinin üzvü Zaur Qurbanlıya baş çəkib:

- Avropa Şurası xüsusən İlqar Məmmədovun işində maraqlıdır. Axı bu şəxs Avropa Şurasının Siyasi Araşdırmalar üzrə Bakı Məktəbinin də rəhbəridir.

- Məhbuslarla görüşlərdən hansı təəssüratla ayrıldınız?

- Aydındır ki, bu şəxslər orada olmamalıdır. Hilal Məmmədovun məhkəməsi gizli keçirilib, ictimaiyyətə açıq olmayıb. Birinci tövsiyəm odur ki, ictimai nəzarəti həyata keçirmək üçün məhkəmələr ictimaiyyətə açıq olsun. İlqar Məmmədova gəlincə, İsmayıllıya getdim, jurnalistlərlə, vəkillərlə, icra hakimiyyəti ilə görüşdüm. Məncə, etirazlar, açıq-aşkar, oradakı bürokratik özbaşınalıqla bağlı olub. Yeni icra hakimi də etiraf etdi ki, orada zorakılıq və mülkiyyətin dağıdılması baş verib. Ancaq yalnız fəal zorakılıq və mülkiyyətin dağıdılmasında birbaşa qatılanlar cəzalandırılmalıdır. Mən İlqar Məmmədovun mülkiyyətin dağıdılmasında birbaşa iştirakını, onun belə zorakılığı çağırdığını göstərən dəlil görmürəm. Onun hazırkı durumu, məncə, daha çox siyasi fəaliyyəti ilə bağlıdır.

«BUNA SON QOYULMALIDIR»

- İsmayıllı hadisələrinə görə saxlananların yaxınları, vəkilləri heç bir istintaq hərəkətinin aparılmadığını deyirlər...

- Bəli, vəkillər ilkin mərhələdə müdafiə etdikləri şəxslərlə bir neçə gün görüşə bilmədiklərini söylədilər. Deyirlər ki, saxlananların iştirakına dair dəlillər bir çox hallarda əsaslandırılmayıb, yaxud mövcud deyil. İşin detalları barədə mühakimə yürütmək mənə çətindir. Ancaq təəssüratım belədir ki, fəal zorakılıq olub, ancaq bu iğtişaşlara görə saxlananların çoxu hadisələrdən uzaq olub. İlqar Məmmədovun məsələsi də belədir. O, İsmayıllıda bir saatdan da az olub, maşına oturdulub və şəhərdən çıxarılıb və bu, etirazlardan bir gün sonra baş verib.

- Zaur Qurbanlı ilə də görüşmüsünüz. Onun üzvü olduğu N!DA hərəkatından 8 nəfər saxlanıb...

Bu məsələni də hakimiyyətlə müzakirə etdim. Hakimiyyətdəkilər iddia edirlər ki, həmin qrupun silahları, «Molotov kokteyli» və s. olub. Görüşdüyüm N!DA üzvü «Molotov kokteyli»nin nə olduğunu belə bilmədiyini deyir. Onlar qanun çərçivəsində siyasi dəyişikliyə çağırıblar. N!DA üzvü siyasi baxımdan hədəfə alındıqlarını deyir. Bu gənclər hərəkatı idarə heyəti üzvlərinin eyni vaxtda həbsi mənə qəribə gəlir. Məncə, həddən çox adam fikrini səsləndirdiyinə və mülki-siyasi fəaliyyətinə görə həbsə atılır. Buna son qoyulmalıdır.

- Bu ilin əvvəlindən təkcə İsmayıllıda deyil, Bakıda və başqa bölgələrdə də etiraz aksiyaları keçirilib. Hakimiyyətin bu aksiyalarla bağlı davranışını bütövlükdə necə dəyərləndirirsiniz?

«MƏNİ İNANDIRDILAR Kİ, BAKININ MƏRKƏZİNDƏ DƏ YERLƏR AYRILACAQ»

Nils Muižnieks AzadlıqRadiosuna müsahibə verir
Nils Muižnieks AzadlıqRadiosuna müsahibə verir
- Daxili İşlər naziri ilə yaxşı görüşüm oldu, polisin etirazçılara qarşı zorakılıqdan
istifadəsini müzakirə etdik. O, mənə bildirdi ki, həmin tədbirlər təlimlərdə öyrədilib və məqsəd zorakılığı məhdudlaşdırmaq olub. Əlbəttə, hakimiyyət etirazçıların günahını qabardır. Sərbəst toplaşma azadlığı ilə bağlı məni ən çox narahat edən razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələrin artırılması, eləcə də saxlanma müddətinin 15 gündən 2 aya qaldırılmasıdır. Bunlar sərbəst toplaşma azadlığı sahəsində geriyə addımdır. Məni inandırdılar ki, Bakının mərkəzində etirazlar üçün yerlər müəyyənləşdiriləcək. Bunun tez baş verəcəyinə ümid edirəm. Məncə, Bakının mərkəzindəki parklar təkcə uşaqlarını gəzməyə çıxaran ata-analara deyil, bütün əhaliyə, eləcə də siyasi müxalifətə məxsusdur. Onlara imkan verilməlidir ki, həm şəhərin mərkəzində, həm də bir az kənarda, müasir məkanda baxışlarını çatdıra bilsinlər. Mənə təminat verdilər ki, bu proses gedir, bu yerlər tezliklə elan olunacaq. Azərbaycan hakimiyyətinin bu vədinə əməl edəcəyinə ümid edirəm.

- Hakimiyyətin bu məsələdə mövqeyi illərdir dəyişmir. Müxalifətin şəhər mərkəzində aksiyalarına icazə verilmir. Onlara şəhər kənarı göstərilir...

- Mən onlara dedim ki, bunu yerinə yetirmək nisbətən asandır. Şəhər mərkəzində xeyli yerlər var. Dedilər ki, bu, polisin işidir, nəqliyyatın işinə əngəl yaranmayacağına təminat verməlidir. Bilirəm ki, tıxac problemləriniz var. Polis asayişi qorumağa qadir olmalıdır. Mən onları bu məsələni tezliklə həll etməyə çağırdım. Dedilər ki, iş gedir, Bakı Şəhər İcra Hakimiyyəti tezliklə təkcə Bakıda deyil, digər yerlərdə də aksiyaların keçirilməsinə icazə verilən yerlərin siyahısını açıqlayacaq. Seçki öncəsi bu məsələ tezliklə həllini tapmalıdır.

- Deməli, təzə siyahı olacaq?

- Bəli, dedilər bunu tezliklə elan edəcəklər. Bu məsələni təkcə Daxili İşlər naziri ilə deyil, Prezident Administrasiyasının rəhbəri ilə görüşdə də qaldırdıq.

LAP BAŞDAN SİQNAL

- Bəs hakimiyyət rəsmiləri ilə diffamasiya – qarayaxma məsələsini də müzakirəyə çıxarmısınız? Qanunvericiliyə dəyişiklik böhtan və təhqirə görə cəzanı İnternetə də şamil edir...

Milli Məclis
Milli Məclis
- Bu məsələni müxtəlif görüşlərdə qaldırdıq. Avropada ümumi tendensiya – ortaq meyl qarayaxmanın dekriminallaşdırılmasına (cinayət sayılmamasına və Cinayət Məcəlləsindən çıxarılmasına – A.K.) doğru gedir. Ədliyyə nazirinin müavini də, başqaları da bu qanunun son illərdə tətbiq olunmadığını arqument gətirirlər. Mən də dedim ki, «lap yaxşı, onda onu internetə də şamil etmək yox, ləğv etmək lazımdır». Bu, irəliyə doğru kiçik, amma müsbət addım olardı. Azərbaycan bu öhdəliyi «İnsan Haqları üzrə Fəaliyyət Planı»nda da üzərinə götürüb. Bu addımı Azərbaycan Venesiya Komissiyası ilə də müzakirə edib. Bu addım Avropa İnsan Haqları Məhkəməsinin bir neçə qərarının yerinə yetirilməsi üçün də Azərbaycandan tələb olunanlara uyğundur. Özəlliklə Prezident Administrasiyası rəhbərindən aldığım siqnal ondan ibarətdir ki, onlar diffamasiya qanunları olan digər Avropa ölkələrini misal çəkirlər. Ancaq məncə, Azərbaycan Avropa Şurasında sədrliyə gedən yolda irəliyə doğru konkret və müsbət addımlar atmalıdır. Əks halda, həm onun, həm də Avropa Şurasının etibarı xeyli zəifləyəcək. Mən onlara təklif etdim ki, bu, onların atacağı konkret addımdır, xüsusən qanunu jurnalistlərə, mediaya qarşı tətbiq etməməkdə.

REJİM KÖVRƏK DEYİL Kİ...

- Diffamasiyadan qorunmağa dair qanun layihəsinin Venesiya Komissiyasına göndərilən variantı bir neçə gün öncə açıqlanıb və ekspertlərin fikrincə, başlıca maddələr layihədən çıxarılıb...

- Xəbərim var. Rəsmilər mənə digər Avropa ölkələrini nümunə göstərdilər. Ümid edirəm ki, Venesiya Komissiyası ilə dialoq beyinləri dəyişəcək, biz də onları bunun düzgün iş olmadığına inandıra biləcəyik.

- Bir neçə jurnalist həbsdədir. Bəzi jurnalistlərə hücumlar olub. Söz və ifadə azadlığının qorunması, jurnalistlərə qarşı siyasi alətlərdən istifadənin önlənməsi üçün, sizcə, hansı addımlar atılmalıdır?

- Məncə, lap başdan aydın siyasi siqnal olmalıdır: «Dediyinizi xoşlamaya bilərəm, ancaq bunu deməyə haqqınız var». Bu siqnal Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna uyğundur. Həmin hüquqa görə, hətta sarsıdıcı, təhqir kimi qavranılan və üzücü fikirlərə də icazə verilməlidir. Kiminsə hansısa siyasətçini, parlamenti, prezidenti ələ salması onun təqib olunmasına əsas sayılmamalı və onların azadlığı məhdudlaşdırılmamalıdır. Birinci addım kimi siyasi siqnal olmalıdır. Azərbaycan canlı siyasi debat, sərt tənqidin öhdəsindən gəlməyə qadir olan güclü dövlətdir. Rejim kövrək deyil, daha açıq və azad debata duruş gətirə bilər. Bu, oyunun bir hissəsidir, ictimai həyatdasansa, tənqidə məruz qalırsan. Bunu qəbul etmək çətin olsa da, müasir, demokratik ölkədə bunu qəbul etməlidirlər.

- Siyasi mühitin açıqlığı baxımından seçkiöncəsi durumu necə dəyərləndirərdiniz?

İsmayıllı hadisəsi
İsmayıllı hadisəsi
- Səfərimin məqsədi seçki kampaniyasına fokuslanmaq deyil. Ancaq dediyim kimi, sərbəst toplaşma azadlığı baxımından bəzi addımlar seçkiöncəsi narahatlıq yaradır. Cərimələrin qaldırılması, saxlanma müddətinin artırılması seçkiöncəsi heç də yaxşı siqnallar deyil. Söz azadlığına gəlincə, parlamentin diffamasiya maddələrini internetə də şamil etməsi seçkiöncəsi yaxşı əlamət sayıla bilməz. Bu, yanlış istiqamətdir. Biz daha açıq debat, daha azad toplaşma görmək istəyirik. Birbaşa cinayət törətməyən siyasi namizədlərin həbsi qəbuledilməzdir. İlqar Məmmədovun işində bunu görürük.

ÜÇÜNCÜ DƏFƏ PREZİDENTLİKDƏN DAHA VACİB

- İndiki prezidentin üçüncü dəfə prezidentliyə namizədliyinə dair gözləntilər var. Venesiya Komissiyası Konstitusiyaya dəyişiklikləri demokratik geriləmə saymışdı. İnsan haqları komissarı kimi, siz buna necə yanaşırsınız?

- Məncə, başqa fikirlərin də ifadəsinə, adamların toplaşmasına icazə vermək, siyasi rəqabətin də həyatın normal, sağlam bir hissəsinə çevrilməsinə şərait yaratmaq daha önəmli məsələdir. Bütün bunlar prezidentin də daha yaxşı işləməsinə imkan verərdi. Mən indiki prezidentin bir daha namizədliyini verəcəyindən daha çox, daha geniş demokratik azadlıqlar – sərbəst toplaşma, birləşmə və ifadə azadlığı sarıdan narahatam.

- Bir sıra ölkələrdə insan haqlarının monitorinqi ilə məşğul olmusunuz. Azərbaycandakı durum sizə nə deyir?

- Ölkələri müqayisə etmək doğru olmazdı. Azərbaycan hakimiyyəti ilə yaxşı əməkdaşlıq edirəm, bu səfər proqramım yaxşı alındı. İstədiyim bütün şəxslərlə görüşdüm. Bütün ölkələrdən gözləntim budur. Söhbətlər çox konstruktiv keçdi. Heç də həmişə qarşılıqlı razılaşma olmur. İnsan haqları sahəsində daha yaxşı nəticələrə çatmaq üçün Azərbaycana kömək etmək mənim işimdir. Hakimiyyət Avropa Şurasında uğurlu sədrlik üçün daha yaxşı iş örnəyi göstərməlidir. Bu mesajı çatdırmağa çalışdım.

- Bəzi qurumlar insan haqlarının acınacaqlı vəziyyətdə olduğunu deyirlər. Durum nə dərəcədə qorxuludur?

- Fikirlərini bildirdiyinə, ictimai-siyasi fəaliyyətlə məşğul olduğuna görə insanların təqibə məruz qalması barədə məlumatlar çox ciddi narahatlıq yaradır. Təkcə mən narahat olmuram, AŞPA və Avropa Şurasının digər qurum rəhbərləri də narahat olur. Avropa Şurası İlqar Məmmədovun işini çox yaxından izləyir. Axı o, Avropa Şurasına bağlıdır. O, siyasi plüralizmin də simvoludur. Siyasi plüralizmin mövcudluğuna icazə verilməlidir.

- Müsahibə boyunca bir neçə dəfə REAL sədrinin adını çəkdiniz. Avropa Şurasının insan haqları komissarı kimi daha hansı məhbusların durumunu diqqət mərkəzində saxladınız?

- Yox, təkcə o deyil, Məmmədovun həmkarı Tofiq Yaqublu da həbsdədir. Eləcə də Hilal Məmmədovla altı ay əvvəl görüşmüşdüm. Bu şəxsə qarşı ittihamlar həqiqətin təhrifidir. Bir şəxsin eyni vaxtda həm casus və narkobaron, həm də dini, milli, etnik nifrəti qızışdıran bir adam olması məntiqə ziddir. Alim və şair olan bu şəxslə görüşən hər kəs üçün bu ittihamlara inanmaq xeyli çətindir. Onun məhkəməsi sonrakı mərhələlərdə ictimaiyyətə və beynəlxalq müşahidəçilərə daha açıq olsa, bütün istintaqın bir sıra zəiflikləri üzə çıxacaq.

İŞİ MƏHKƏMƏYƏ ÇATDIRMAMAQ

- Bir sıra tənqidçilər Avropa Şurası başda olmaqla, beynəlxalq monitorinq qurumlarının insan haqlarına dair öhdəliklərin yerin yetirilməsi üçün daha çox iş görə biləcəyini düşünür, ancaq görmədiyini deyirlər. O tənqidlərlə nə dərəcədə razısınız?

Strasburqda AB üzvlərinin bayrağı
Strasburqda AB üzvlərinin bayrağı
- Bu suala cavab vermək mənim üçün çətindir. Məsələn, mənim sərəncamımda hansı təzyiq alətləri var? Biz yardım istəyənlərə kömək edə bilərik. Biz inandırmağa çalışa bilərik və bunu edirik. Başqa yerlərdəki yaxşı nümunələri göstəririk – bu, inandırmaqdır. Ölkə daxilində və başqa yerlərdə durum barədə bilgi veririk. İrəli getmək istəyən, dəyişiklik ehtiyacını geniş kontekstdə anlayan yaxşı niyyətli adamlar var. Çox güman, biz onlara buradakı mübarizədə «silah-sursat» verə bilərik. Ölkə heç bir kənar təsir istəmirsə, Qərbdən pula ehtiyacı yoxdursa, yeni düzənə qoşulmağı arzulamırsa, sonucda kənar aktyorların ölkəyə təsiri çox az olur, böyük təsir göstərmək çox çətindir. Məncə, Avropa İnsan Haqları Məhkəməsinin təsiri ola bilər, amma onun da limiti var. Hazırda Azərbaycandan mülkiyyət hüquqlarına dair xeyli sayda şikayətlər gəlir. İnsanlar evlərinin dağıdılmasından, mülkiyyətin mənimsənilməsindən, evlərindən çıxarılmaqdan şikayətçidirlər. İdeal halda, bu şikayətlər Strasburqa gedib çıxmamalıdır. Onların ölkədə həlli mümkün olmalıdır. Məncə, bir çox halda adamlar işin məhkəmədə çözümünü, məhkəmənin onlara yol göstərəcəyini gözləyirlər. Ancaq problem yığılıb qalıb, bir çox məhkəmə işləri var. Ən yaxşısı, onları yerli səviyyədə həll etməkdir. Eyni tipli işlər çoxdur. Bu, ölkədə həllini gözləyən sistematik problemlərin mövcudluğuna dəlalət edir. Bu da mənim mesajımdır – məhkəmədən problemlərinizin həllini gözləməyin. Onlarla bağlı qabaqlayıcı tədbirlər görün.

- Bəzi tənqidçilər Qərb dövlətlərinin hakimiyyətlə danışıqlarda daha yumşaq mövqe tutduğunu deyir və bunu seçki ilində hakimiyyətdən gözləntilərlə bağlayırlar. Nəticədə demokratiya və insan haqlarının enerji, təhlükəsizlik maraqlarına qurban verildiyinə dair iddialar ortaya çıxır...

- Ola bilər. Mənim işimin üstünlüyü regional təhlükəsizlik, neft-qaz maraqlarını nəzərə almaq məcburiyyətimin olmamasıdır. Hər bir ölkədə bu işi görürəm. Başqa ölkələrin, təşkilatların fərqli maraqları ola bilər. Vicdanla işləmək, hər şeyi gördüyüm kimi çağırmaq, onların daha yaxşı olmasına çalışmaq üçün birbaşa məsuliyyət daşıyıram.

- Hesabatınız nə vaxt hazır olacaq? İkili standartlar ittihamına nə dərəcədə hazırsınız?

- Azərbaycana dair hesabat yayın ortalarına və ya sonunadək açıqlanacaq. Hesabatda ifadə, sərbəst toplaşma, birləşmə azadlıqları və mülkiyyət hüququna dair məsələlər əksini tapacaq. Ümid edirəm bu hesabat irəliləyişə dair müzakirələrə zəmin yaradacaq. Hər bir ölkə barədə ayrıca hesabat hazırlayırıq. Artıq bir neçəsini tərtib etmişəm. Gələn il Gürcüstana dair hesabat olacaq. Ermənistan da gündəmdədir. Onların sədrliyi yaxınlaşır, ölkənin sədrliyi dövründə hesabat hazırlamamağa üstünlük verirəm, çünki həmin dövrdə ölkə xeyli həssas olur. Ermənistana dair hesabat sonra olacaq.
XS
SM
MD
LG