Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:56

Andreas Gross: «Kürü qutularını köməkçilərə paylayırdım»


Andreas Gross
Andreas Gross
-
AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Gross AzadlıqRadiosunun suallarını yazılı şəkildə cavablandırıb.

O, 2001-2006-cı illərdə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçi olub. Hələ 2002-ci ildə Azərbaycanın nümayəndə heyəti AŞPA prezidentindən tələb edirdi ki, Gross bu postda əvəzlənsin.

2005-ci ildə hakimiyyət onu ölkəyə buraxmamaqla hədələmişdi. 2006-cı ilin mayında Gross həmkarı Andres Herkel-lə Bakıya gələndə, heç bir siyasətçinin onlarla görüşməməsi barədə məlumatlar var.

Nəhayət, elə həmin ilin yayında Gross həmməruzəçi postundan gedir. O, hazırda AŞPA-nın üzvüdür.

– Yanvarda AŞPA-nın iclasında Azərbaycana dair siyasi məhbuslar üzrə hesabat qəbul olunmadı. Həmin hesabatın lehinə səs verən azsaylı deputatlardan biri idiniz. Həmməruzəçilik dövrünüzdən bəri Azərbaycanda siyasi məhbuslar, səsvermə, sərbəst toplaşma azadlığı sahəsində irəliləyiş var, yoxsa geriləmə?
– 7 il əvvəl, bu ölkəyə 30-a yaxın səfərdən sonra, Azərbaycanda demokratiya naminə çox ağır fəaliyyətimi dayandıranda, belə olacağına inanmazdım. Ancaq bu gün təəssüratım belədir ki, durum daha da ağırlaşıb. İnsan haqlarına daha az hörmət qoyulur, tənqidçilər ən kiçik ictimai qeydlərə görə də təqib olunur.

Deməli, rejim hələ çox şeyi öyrənməyib. Yeganə fərq odur ki, bu böyük qüsurlar bir neçə il əvvəlkindən daha böyük ictimai diqqət doğurur. Düzdür, həmin illərdə Azərbaycanda nə baş verdiyindən xəbərdar olanların da sayı az idi.
– Azərbaycanda son həbslərlə bağlı mövqeyiniz necədir? Özəlliklə builki etirazlarla az, ya çox dərəcədə bağlı olanların və gənc fəalların həbsi baxımından...

– Hökumət bilməlidir ki, ölkəsinin, onun gələcəyinin qeydinə qalan gənclərə demokratik cəmiyyətin ehtiyacı var. Belə gənclər daim tənqidi mövqedən yanaşır və rəhbər müdrikdirsə, həyatı çətinləşsə də, həmin gəncləri tərifləyir.

Ancaq gənc vətəndaşların da əsas vəzifəsi yalnız tənqid deyil. Görünür, Azərbaycanda rejimin başında duranlardan heç də hamısının bundan xəbəri yoxdur.

Ölkənin gələcəyi uğrunda dialoq qurmaq əvəzinə bu səslər susdurulur və hətta saxta ittihamlarla həbs olunurlar. Dostum və demokrat həmkarım İlqar Məmmədovun işində bunu görürük. Yaxud başqalarını, məsələn, böyük dostum və yazıçı Ələkbər Əliyev kimilərini təhdid edir və ölkədən çıxmağa sürükləyirlər.

Beləcə, rejim öz gələcəyinə təhlükə yaradır və bu da xalqın əksəriyyətinin maraqlarına xidmət etmir.

– Avropa Şurası da daxil olmaqla, beynəlxalq qurumların əlində Azərbaycanın öhdəliklərinə əməl etməsinə nail olmaq üçün hansısa təsir vasitəsi var? Bəzi tənqidçilər bu qurumları yumşaq mövqe tutmaqda qınayır...

– Bu qurumlarda durumu anlayan, təzyiqi artırmağa çalışan şəxslər var. Ancaq bu gün biz çox zəifik. Heç də yetərli sayda şəxs bunu yetərincə anlamır və rejimin Avropanın bir çox yerlərində qurduğu kommunikasiya tələsinə düşür.

– Öhdəliklərdən söz açılarkən, rəsmilər ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını əsas gətirir və Azərbaycana qarşı ikili standartlardan gileylənirlər. Belə yanaşma sizi razı salır?
– Əsla. Başqalarının səhvi vicdanlı adamların səhv etməsi üçün heç vaxt bəhanə olmamalıdır. Uduzulmuş müharibə və Ermənistanla həllini tapmayan münaqişə özlərinin böyük uğursuzluqları və rejimin səhvləri üçün əla bəhanədir. Belə davranış Azərbaycanda demokratiyanın çox zəif olmasının elementidir və Azərbaycanla Ermənistan arasında sülh yaradılmamasının səbəblərindən biridir. Bu yanlış həlqə həmin həlqəyə bağlı şəxslərin çoxuna ağır nəticələr verə bilər. Bunu aşmaq üçün hər şeyi sınamalıyıq.

– 2005-ci ilin noyabrındakı parlament seçkilərindən sonra deyirdiniz: «Baş verə biləcək ən pis şey artıq baş verib. Rəhbərlər məsuliyyətsiz hərəkətləri ilə adamların demokratiyaya ümidini öldürdülər. Artıq heç kəs ölkədə müsbət dəyişikliklərin mümkünlüyünə inanmır». Bu gün nə düşünürsünüz?
– O vaxt həm həddən artıq bədbin, həm də nikbin olmuşam. Çox nikbin idim, axı bunun daha da pis olacağını düşünə bilərdim. Çox bədbin idim, çünki bu durumda gənc demokratların hələ də ayağa qalxıb o vaxtkı kimi bərkdən danışacağına ümid etmirdim.

– Həmməruzəçi olduğunuz ilk dövrdə İlham Əliyevin demokratik prinsiplərə atasından daha çox sadiqliyini, hökumət daxilində fərdlərin və qüvvələrin onun islahatlarına maneçilik törətdiyini deyirdiniz. İndi də o mövqeyinizdə qalırsınız?
– Yox. İlham Əliyevə daha yüksək dəyər vermişəm. Bu gün düşünürəm ki, hətta atası 1999-cu ilin noyabrından ölümünə qədər, yəni onunla işlədiyim zaman dilimində daha yaxşı nəticələr üçün çalışırdı. Atası ölkənin siyasi inkişafını daha çox istəyirdi. Oğlu isə həyatın asan tərəflərinə daha çox diqqət yetirir və işi daha çox şəxsi pul və hakimiyyətini düşünənlərin öhdəsinə buraxır. Bu, məndən ötrü böyük məyusluqdur, amma on il öncə xeyli fərqli yanaşırdım.

– Hazırkı prezidentin üçüncü dəfə namizədliyini verəcəyinə dair gözləntilər var. Venesiya Komissiyası Konstitusiya dəyişikliklərini demokratik geriləmə adlandırmışdı. Bu baxımdan hansı mesajınız var?
– Venesiya Komissiyasının dəyərləndirməsini tam bölüşürəm. İlham Əliyevin siyasi hakimiyyətə münasibətini və buna dair şəxsi mövqeyini çiyrəndirici saymaq olar. Yeganə beynəlxalq müşahidəçiyəm ki, 10 il öncə hakimiyyətin sülalə və özününküləşdirmə planına yol açan və bütün bu dəyişikliklərin başlanğıcı sayılan referendumu (2002-ci il ümumxalq səsverməsini nəzərdə tutur – A.K.) izləmişəm. O vaxt beynəlxalq ictimaiyyətdə çox adam buna elə də diqqət ayırmırdı. Bütün qorxularım çin oldu. Təəssüflənirəm.

– Bir İsveçrə qəzetinə demişdiniz ki, 2000-ci il parlament seçkiləri 1994-cü ildən bəri müşahidə etdiyiniz ən saxta seçki olub. Azərbaycanda seçki nəticələrinin azad və ədalətli olması yolunda əsas maneə nədir?
– Son 100 ildən ala biləcəyiniz ümumi və qlobal bir dərs var: Demokratiya qurulmazdan öncə zəngin neft yataqları tapılan yerdə demokratiyanın oturuşması çox çətin olur. Norveç, ABŞ, Kanada və digər ölkələrdə demokratiyanın yaşı nefti üstələyir. Bir sərvət kimi, neft demokratiyanın əsas dəyərlərinə hakimiyyətdəkilərin sinik münasibətini yaradır (abır-həya gözləməyən, cilovundan çıxan mənasında – A.K.) və beləcə, demokratiyanı ləngərli çətin inkişaf yoluna salır.

Bu gün Azərbaycanda təməl hüquqlara (sərbəst toplaşma, ifadə, birləşmə azadlıqları, azad mətbuat, müstəqil məhkəmə) nə hörmət qoyulur, nə də onlar qorunur. Bu üzdən demokratlar və demokratiya üçün başlanğıc da və irəliləyiş də çətinləşir.

– Həmməruzəçi olduğunuz dönəmdə sizi Azərbaycana qarşı düşmən münasibətində suçlayırdılar və 2006-cı ildə istefa verməli oldunuz. Bu qərara gəlməyə verməyə sizi nə vadar etdi? Niyə sizə elə gəldi ki, daha işləməyi bacarmayacaqsınız?
– İstefa verməyə məcbur olmadım, bunu öz qənaətim və qərarımla etdim. Azərbaycanda bir çoxları işimi qiymətləndirirdi, rejim üzvlərinin çoxu isə bizi sevmirdi. Belə bir qənaətə gəldim ki, həmin şəxslərə və sadiq olduğum dəyərlərə yetərincə yardım göstərə bilərəm. Ona görə də Serbiyanı, daha sonra Rusiyanı seçdim və Azərbaycanda monitorinqi başqalarının öhdəsinə buraxdım.

– Basqılar daha çox haradan gəlirdi – Azərbaycan hakimiyyətindən, yoxsa AŞPA-dakı həmkarlarınızdan?
– Assambleyadakı həmkarlardan qətiyyən təzyiq hiss etmirdim. Azərbaycan hakimiyyətinin basqısı həmişə vardı və bu, normal idi. Ancaq qərarlarımın əsasında təzyiq durmur. Normalda, basqı duyduqca, dirənişim artır.

– Sizin həmməruzəçi olduğunuz illərlə müqayisədə götürəndə son illər Avropa Şurasından daha az tənqid eşidilir. Ötən il bir Avropa QHT-si «Kürü Diplomatiyası» adlı hesabatında hakimiyyətin Avropa Şurasını bahalı hədiyyələrlə susdurduğunu iddia etmişdi. Bənzər iddialarla razılaşırsınız?
– Tam yox. Kürü diplomatiyası həmkarlarımın kiçik bir hissəsinə təsir edən elementdir. Daha önəmlisi bir çoxlarının biganəliyidir. Nefttəməlli iqtisadiyyatdan və köhnə dəblə neft resursları ilə təmin edən rejimlərdən asılılığa onların son qoya bilməmələridir. Son illər Avropa Şurası kimi təşkilatların çiyninə götürdüyü yük daşına biləcəkdən çox böyükdür. Azərbaycan xalqı bu aşırı yüklənmənin və bizim o yükü daşıya bilməməyimizin qurbanlarından biridir.

– Həmməruzəçi olduğunuz zaman sizə də hədiyyələr təklif olunurdumu?
– Tez-tez kiçik hədiyyələr alırdım. Kürü qutularını, adətən, köməkçilərə paylayırdım. Qarşılıqlı hədiyyə kimi kitablarımı, yaxud rəsmlər verirdim. Yalnız şəxsi münasibətləri yaxşılaşdıra bilən bu hədiyyələr siyasi öhdəliyə və işə heç vaxt ziyan vurmamalıdır. Bu, mənimlə birgə çalışan hər kəsə aydın davranışlar idi.

– Nə vaxtsa yerli media Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sizi otağından qovduğunu yazırdı. Olmuşdumu belə bir hadisə?
– Bu şayiələrin əsası yoxdur. Onun otağını həmişə daxil olduğum kimi, sivil yolla tərk edirdim. Ramiz Mehdiyevlə görüşməyi onun mərtəbəsində işləyən digərləri ilə görüşməkdən daha çox sevirdim. Onunla daim müzakirə, fikir mübadiləsi apara və öyrənə bilərdin. Bunu saatlarla edirdik və bir-birimizə qulaq asmağa qarşılıqlı marağımız vardı.

Tez-tez bəzi məsələlərdə razılaşırdıq və bu, bir çox hallarda siyasi məhbuslar və təhlükədə olan digərləri ilə bağlı dəyişikliyə gətirirdi. Təəssüflənirəm ki, uzun müddətdir bir-birimizi görmürük.
XS
SM
MD
LG