Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Əlillərin güzəştli kredit umacağı


Tamam Cəfərova
Tamam Cəfərova
-
«Sosial Müdafiə Nazirliyinə getmişəm. Aparıram sənədlərimi, baxıb deyirlər ki... sənə güzəşt düşmür, Qarabağ savaşında olmamısan və daha nə bilim nə, – heç anlamıram».

Bu sözləri söyləyən Tamam Cəfərova Göygöl rayonunun Quşçu kəndindəndir. Dediyinə görə, 1997-ci ildə Tovuz rayonunda minaya düşərək bir ayağını itirib. O biri ayağı və qolunun biri qəlpələrlə doludur. Tək gəlir mənbəyi əlliliyə görə verilən pensiyadır. Tamam Cəfərova deyir ki, əlillərə göstərilən dövlət qayğısını hələ də hiss etməyib, bircə protezindən başqa. «Bəs nə ilə dolanırsınız» sualını da belə cavablandırır:

«95 manat pensiya alıram, başqa heç nə. İşləmirik. Ev yox, zəlil günündə yaşayırıq».

ƏLİLLƏRƏ NİYƏ GÜZƏŞTLİ KREDİT VERİLMİR?

Əlillər haqqında Qanununda göstərilir ki, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb ocaqlarında büdcə vəsaiti hesabına fərdi reabilitasiya proqramı və tibbi xidmətdən yararlanmaq, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda yaşayan azı 400 min əlil sosial xidmətə ehtiyac duyur.

Azərbaycan əlil vətəndaşların problemlərini çözmək üçün başqa dövlətlərin, tutalım, qonşu Türkiyənin də təcrübəsindən yararlana bilər. Orada son illər əlillərin sosial durumunun yaxşılaşdırılması üçün bəzi addımlar atılıb. Məsələn, banklardan biri öz iş yerlərini açmaq və ya sərbəst fəaliyyət göstərmək istəyən əngəllilərə 5-25 min TL (təxminən 2 min 500-12 min 500 manat civarında) faizsiz kredit verir. Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi də öz işini qurmaq istəyən əngəllilərə 100 min TL-lik (təxminən 50 min manat) qrant ayırıb. Pulu alan şəxs məbləğin 70%-ni geri ödəyəcək.

Bəs Azərbaycanda necə, qonşu dövlətdə – Türkiyədə olduğu kimi əlillər üçün güzəştli kreditlər var?
Musa Quliyev
Musa Quliyev

«TÜRKİYƏDƏ OLAN BU LAYİHƏ, OLA BİLSİN, QRANT LAYİHƏSİDİR»

Deputat Musa Quliyev bildirir ki, əngəllilər məşğulluq idarələrinə müraciət etməklə iş tapa bilərlər:

«Türkiyədə olan bu layihə, ola bilsin, qrant layihəsidir. Belə layihələr daimi olmur və hər hansı dönəm üçün bəlkə bizdə də tətbiq edilə bilər. Əlillərin böyük qismi çalışır, ailəsi olanlara ailələri yardım göstərir. Bunlar həyat fəaliyyəti məhdudlaşan, başqalarının köməyinə ehtiyacları olan insanlardır. Onlar necə biznes qura və ya təsərrüfatla məşğul ola bilər? Əlilin biznes qurmasına dünyada çox nadir rast gəlinir. Yalnız 3-cü qrup əlil buna nail ola bilər. 1-ci qrup əlil isə başqasının yardımına ehtiyacı olanlardır. Ancaq xüsusi kateqoriyaya aid olan əlillərə, xüsusən Qarabağ əlillərinə ya dövlət, ya da biznes strukturları vasitəsilə iş yerləri açıla bilər».

«QANUNDA ƏLİLLƏRİN İPOTEKA ALMASI BARƏDƏ AYRICA MADDƏ YOXDUR»

Bəs Azərbaycanda əngəlli şəxslərin maddi durumunu yaxşılaşdırmaq üçün hansı addımlar atılıb?

Hüquqşünas Kazım Salman bildirir ki, ipoteka haqqında qanunda əlillərə aid ayrıca maddə yoxdur:

«Həmin qanunda əlillərin ipoteka alması barədə ayrıca maddə yoxdur. O qanunla ipotekadan yararlanıb əmlak almaq istəyən şəxslərin dairəsini müəyyən etmək mümkündür: şəhid ailəsinin üzvü,
Foto: Arxiv
Foto: Arxiv
milli qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər və s.».

«KAĞIZ ÜZƏRİNDƏ GÖZƏL LAYİHƏLƏR...»

Birləşmiş Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin rəhbəri Mirzə Məmmədvəliyevin fikrincə, əlillərin maddi vəziyyətini yaxşılaşdırmağı hədəfləyən layihələr var, ancaq... elə layihə olaraq da qalıb:

«Kağız üzərində gözəl layihələr, təkliflər, prezidentimiz tərəfindən də tapşırıqlar var. Lakin çox təəssüflər olsun ki, məmurlar hələ bu sahədə iş görmək istəmirlər. Əlillərin hər hansı bir işlə məşğul olmaları üçün kredit alınmasından söz ola bilməz. Güzəştli kreditlərdən də söhbət gedə bilməz. Olsa-olsa, ən ağır şərtlərlə ən ağır kredit ala bilərlər. Heç bir güzəşt yoxdur. Xaricdəki əlil nəsə iş görmək istəyirsə, ona güzəştli kreditlə yanaşı, sıfırdan aşağı bonus da verilir. Götürdüyü kreditin müəyyən məbləği ona bağışlanır. Azərbaycan üçün bu xəyaldır. İş yerlərinin 5 faizi əlillərə ayrılmalıdır. Hansı işadamı, yaxud idarə bunu öz xoşu ilə etmək istəyəcək? Bu, qeyri-mümkündür. Çünki qanunvericilik çərçivəsində həmin təşkilatlar həvəsləndirilmir. Əlillərə güzəştli iş qrafiki, güzəştli məzuniyyət heç bir iş adamına sərf etmir. Dövlət də öz boxçasından heç nə xərcləmək istəmir və hər şeyi müəssisələrin üzərinə yıxır».

Pərviz Heydərov
Pərviz Heydərov
«GÜZƏŞTLİ KREDİTLƏR BARƏDƏ HEÇ DÜŞÜNMÜRƏM»

1-ci qrup əlil Pərviz Heydərov 66 manat sosial müavinət alır. İqtisadi İnkişaf Nazirliyinin Elmi Təhqiqat İnstitutunda ev şəraitində çalışır. Deyir mindən çox məqaləsi var. Maddi durumunu çalışqanlığı sayəsində normallaşdıra bilib:

«300 mindən çox birinci qrup əlil var. 50 milyarda yaxın valyuta ehtiyatı olan ölkədə 1-ci qrup əlilə 65 manat sosial müavinət verilir. Bu 65 manat minimum istehlak səbətindən də aşağıdır. Evdə çalışıram. Maddi durumumu qonorarla düzəldirəm. Ancaq bu hamıda belə deyil. Güzəştli kreditlər barədə heç düşünmürəm. Əllillərə güzəştli kredit verilməsi məsələlərinin heç hüquqi tərəfləri də hazır deyil. Kommersiya banklarının kredit faizləri 18-%-dən başlayır. Bu şəraitdə dövlət islahat aparmalıdır ki, əlillər güzəştli kredit ala bilsin».

Ümumilikdə pensiya və müavinət alan əlillərin sayı 506 min 127 nəfərdir. Onların da 58 min nəfərindən dən çoxu 18 yaşınadək uşaqlardır. Bu rəqəm 2000-ci ildən bəri 2 dəfədən çox artıb. 2000-ci ildə onların sayı 250 min 712 nəfər olub. Bu sayın 21 min 739 nəfəri 18 yaşına çatmayan uşaqlarmış.
XS
SM
MD
LG