Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:05

Milli Kitab Müsabiqəsində yenə də qalmaqal


-

“Nigar Köçərli Şahbazın sözü ilə oturub-durub və münsiflərlə münasibətdə qadağan olunmuş metodlardan istifadə edib. Mən Zakir Sadatlıya ölümündən sonra ayrıca bir mükafat verilməsinin tərəfdarı idim”. Bu sözləri Kulis.Az-a açıqlamasında Milli Kitab Mükafatının münsifi Rəşad Məcid deyib.

Rəşad Məcid mükafatın Zakir Sadatlıya verilməsini insanların duyğularından istifadə kimi qiymətləndirib: “Dünyasını dəyişmiş insanla diri adamları yanaşı qoymaq düzgün deyil. Münsiflərin verdiyi qiymətləri dəyişdirirsən ki, bu adam öldüyünə görə mükafatı onun almasını istəyirəm. MKM xeyriyyə fondu deyil. Vahid Qazı mükafat almağa layiq idi, ancaq qaldı qıraqda. Nigar da dedi ki, Rəşadın nüfuzu var və o, kimlərəsə təsir edir. Bəli, mən də hansısa münsifə fikrimi, hansı əsəri bəyəndiyimi deyirəm. Mən açıq rəqabətin tərəfdarıyam. Bir münsif fikrini deyə bilmir. Nədən qorxurlar bilmirəm. Mən Sayman Aruz, Şəhriyar, Tural haqda fikirlərimi demişəm. Malik Dursunovun əsəri yaxşı əsər idi. Mən ona 5 bal yazdım. Ona görə ki, istəmədim rusdilli əsər birinci yerə çıxsın. Düşündüm ki, Nigarın bu əsərin qalib olmasında marağı ola bilər. Sağ olsun, Cəmil müəllim dedi ki, 10 balı Malik Dursunova verib. Əkrəm Əylisli 3 dəfə qiymət yazıb göndərib. Hər axşam kimsə yadına düşür, kövrəlir, yazdığı qiyməti dəyişir. Belə olmaz axı”.

Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli R. Məcidin keçən dəfə də bu cür açıqlamalar verdiyini söylədi: “Rəşad Məcidi kreativ bir insan kimi tanıyırdım. Bu il başqa şey deyəcəyini düşünürdüm. Belə açıqlamalar vermək münsiflərə qarşı hörmətsizlikdir. Çünki onlar çox nüfuzlu, ədalətli insanlardır. Kim kimə səs verib, məlum olacaq. Biz xeyriyyə cəmiyyəti deyilik. Mən istəmirəm ki, belə fikir formalaşsın ki, azərbaycanlı yazar ancaq həyatını dəyişəndən sonra mükafat ala bilər. Münsiflərin Zakir Sadatlının əsəri haqda fikirləri yüksəkdir. Qiymətləri münsiflər verdiyi üçün onların adından danışa bilmərəm. Ballar iki həftədən sonra açıqlanacaq”.


Zahid Sarıtopraq: “Münsiflərə təsir edirlər”

Milli Kitab Mükafatının (MKM) onluğunda yer alan yazıçı Zahid Sarıtorpaq münsiflərin seçimdə saxtakarlığa yol verdiyini söyləyib. Kulis.Az-a danışan yazıçı MKM-in təsisçisi Nigar Köçərlinin hazırkı münsifləri buraxmasını təklif edib: “Münsiflər heyəti sırf peşəkarlardan ibarət olmalıdır. Nigar xanımın xoş məramı təqdirəlayiqdir. Ekspertlərin söz adamı olduğuna, sözü heç kimin ayağına vermədiyinə inanıram. Münsiflər də ölkədə tanınan nüfuzlu adamlardır. Buna şübhəm yoxdur. Amma münsiflərin hər birimizin əsərlərini oxumasına şübhə edirəm. 19 nəfərdən 5-i bizim əsərləri ya oxuyar, ya da oxumaz. Adlarını çəkmək istəmirəm, ortada bir-iki nəfər var ki, münsiflərə təsir edir. O adamlar da kimi istəyirlərsə onu da seçdirirlər. İndi də elə oldu".

Zakir Sadatlının qalib olmasına sevinən Z. Sarıtorpaq özünün, Qan Turalının, Azad Qaradərəlinin, Sayman Aruzun əsərlərinin ikinci və üçüncü yerə layiq olan əsərlərdən heç də zəif olmadığını qeyd edib.

Sayman Aruz: “Pərvini tanımıram”

“Lev Tolstoyun daydayı olmasa ona da Milli Kitab Mükafatında yer verməyəcəklər. Ümumiyyətlə, yarışmanın quruluşunda, tərkibində dəyişiklik edilməlidir. Bu cür oyunların olacağını görsəm gələn il yarışmada iştirakdan imtina edəcəyəm. Belə getsə MKM yazıçıları itirə-itirə gedəcək”. Milli Kitab Mükafatının onluğunda yer alan yazıçı, AYB-nin Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruzun Kulis.Az-a verdiyi açıqlamada belə deyilir.

S. Aruz qaliblərlə bağlı razılaşmadığı məqamların çox olduğunu söylədi: “Rəhmətə getmiş bir adama birinci yerin verilməsi doğru deyildi. Zakir Sadatlıya ayrıca bir mükafat verilməli idi. İkinci yerin sahibi olan xanımı, Pərvin Nurəliyevanın imzası ilə də tanış deyiləm. Bu yerin ona verilməsi hər halda onun gələcəkdə nə yazmasından asılı olacaq. Digər tərəfdən, mən MKM-də bir rusdilli yazıçıya mükafat verilməsinin tam əleyhinəyəm. Qan Turalı, Zahid Sarıtorpaq, Azad Qaradərəli, Sayman Aruz kimi Azərbaycan ədəbiyyatının inkişafı üçün çalışan yazıçıların olduğu yerdə rus dilinin inkişafı üçün çalışan birinə yer verilməsi ilə heç cür barışa bilmərəm. Münsiflərdən bəziləri də mənimlə həmfikirdirlər”.

kulis.az
XS
SM
MD
LG