Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

İnterpol həqiqət və ədalət üçün vuruşur, yoxsa canilərə kömək edir?


Arxiv foto
Arxiv foto
-

Azərbaycan rəsmilərinin isti münasibət qurduğu beynəlxalq təşkilatlardan biri də İnterpoldur. Bu təşkilatın baş katibi (Ronald K. Noble) Bakını ziyarət edir, Azərbaycanın Birinci xanımına isə İnterpolun yüksək mükafatı verilir. «The Daily Telegraph»da dərc olunan yazıya əsasən İnterpol heç də həmişə cinayətkarlıqla təmənnasız mübarizə aparan təşkilat deyil. Yazının tərcüməsini diqqətinizə təqdim edirik:


«The Daily Telegraph» qəzetinin müxbiri Peter Oborne belə başlıqlı yazısında bildirir ki, «despotlar bu məşhur polis qüvvəsindən siyasi düşmənlərinin təqibi üçün istifadə edirlər».

Müxbir yazır ki, cinayətlərlə sərhədləri aşaraq mübarizə aparan İnterpol barəsində əksəriyyətimiz müsbət fikirdəyik, hərçənd bu təşkilatın həqiqətdə nə iş gördüyü barədə dumanlı təsəvvürümüz var.

YAXŞI İNTERPOL YALNIZ KİNODA OLUR

Müəllifin fikrincə, İnterpol, barəsindəki yaxşı təsəvvürə görə müəyyən mənada məktəblilərin sevimli film qəhrəmanı Biggles-ə minnətdar olmalıdır: «O, İnterpol üçün təhlükəli beynəlxalq cinayətkarları axtarıb tapmaq naminə qorxulu missiyalara çıxardı. Başqa bir güclü təsir vasitəsi yazıçı Agatha Christie olub. Onun belçikalı inspektoru Hercule Poirot hər hansı quldurbaşı barədə informasiya almaq istəyəndə İnterpoldakı nüfuzlu dostları ilə bir-iki kəlmə bölüşərdi».

Peter Oborne yazır ki, «bunların hamısı çox yaxşıdır, Lakin təəssüf ki, İnterpol indi artıq, bir vaxtlar olduğu kimi xeyirxah qüvvə deyil. İndi o caniləri təqib etmir, onlara kömək və dəstək verir. Təşkilatın keçmiş rəhbəri Jackie Selebi bu yaxınlarda narkobaronlardan rüşvət almaqda təqsirli bilinib».

İnterpol-un baş katibi Ronald K. Noble (ortada)
İnterpol-un baş katibi Ronald K. Noble (ortada)
Müəllif qeyd edir ki, bundan da narahatedici məqam, İnterpolun dünyanın bir sıra ən dəhşətli rejimlərinə daxili dissidentlərin təqibində yardım göstərməsi barədə çoxsaylı dəlillərin olmasıdır:

«Bəlkə də bir vaxtlar bu təşkilat namuslu vətəndaşların gecələr daha rahat yatmasına kömək edib. Lakin İnterpol son bir neçə ildə elə işlər görüb ki, biz gecə vaxtı yuxudan dik atılıb çığırmalıyıq».

İNTERPOL MOSKVANIN XİDMƏTİNDƏ

Jurnalist Hermitage Capital Management şirkətinin keçmiş icraçı direktoru Bill Browder-in əhvalatını yada salır.

Məqalədə deyilir ki, onun həmkarı Sergei Magnitsky dörd il əvvəl, heç şübhəsiz Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə Rusiya həbsxanasında işgəncələr verilərək öldürülüb. O vaxtdan bəri, mərd və yüksək prinsiplərə malik cənab Browder Magnitsky üçün ölümündən sonra ədalət tələb edir.

Əvəzində Rusiya hakimiyyəti onu korporativ oğurluqda ittiham edib. Bu ayın əvvəlində FTX cavab tədbiri görərək, İnterpoldan Bill Browder üçün «ən geniş axtarış» orderi verməsini istəyib.

Müəllif yazır ki, belə bir order Browder-in yerinin aşkar edilməsini və nəticə etibarilə onun Rusiyaya ekstradisiyasını nəzərdə tutur.

«Hər hansı namuslu təşkilat bu qeyri-məqbul tələbi dərhal rədd etməli idi, lakin İnterpol Rusiyanın tələbinə cavab verib-verməyəcəyi barədə məsələni bu gün özünün Liondakı qərargahında keçirilən iclasında müzakirə edib», deyə Oborne yazır.

Ximki meşəsi
Ximki meşəsi
Bundan sonra müəllif Moskva yaxınlığındakı Ximki qəsəbəsində meşənin qırılmasına etiraz aksiyasında iştirakına görə Rusiyadan qaçmağa məcbur olan Petr Silaev barədə yazır.

Məqalədə qeyd olunur ki, Ximkidə meşə sahəsini qıraraq, tikinti işləri aparanların arxasında qara və qaba qüvvələr durur.

Həmin əraziyə baş çəkdiyini qeyd edən Oborne yazır ki, onunla birlikdə Ximki tikintisinə gedən jurnalistlər izlənib və sonradan mülki geyimlilər tərəfindən döyülüblər. Onlardan Mikhail Beketov aldığı xəsarətlərdən vəfat edib.

Silaev-ə gəlincə isə, o, Rusiyadan qaçdıqdan sonra İspaniyaya gəlib. Burada onu Moskvadan gələn və İnterpol vasitəsilə dövriyyəyə buraxılan təlimatlar əsasında anti-terror polisi həbs edib:

«Gəlin açıq danışaq, FTX-nin xətrinə dəyməkdən başqa Silaev heç bir cinayətdə suçlu deyil. Buna baxmayaraq o, səkkiz gün sərt rejimli həbsxanada saxlanıb».

Məqalədə deyilir ki, İnterpol sistemindən insan haqları fəallarına, jurnalistlərə və biznesmenlərə təhlükə yaradan sui-istifadələr barədə hesabat hazırlayan Ədalətli Mühakimələr (Fair Trials International) beynəlxalq insan haqları təşkilatı Silaev-in adının məlumat bazasından silinməsi üçün rəsmən müraciət edib.

İNTERPOL HİTLER-İN NƏZARƏTİNDƏ OLUB

Müxbirin fikrincə, Silaev hadisəsi İnterpolun repressiv rejimlərlə əməkdaşlıq etdiyini göstərir. Qeyd edilir ki, üzdəniraq rejimlər İnterpol orderlərindən yerli müxalifətin təqib olunması üçün istifadə edirlər.

Başqa bir misal da göstərilir. Şri Lankalı bloqqer Chandima Withanaarachchi hökumətin korrupsiya faktlarını ifşa etdiyinə görə onun internet saytı bağlanıb, özü isə sürgündə və İnterpolun siyahısındadır.

Və yaxud mədəndə baş verən, ağır itki ilə nəticələnən qəzaya görə hökuməti günahlandıran meksikalı fəal Napoleon Gomez hökumət tərəfindən korrupsiyada suçlanıb. Onun da adı İnterpolun adətən terrorçuların axtarışına tətbiq edilən «qırmızı order»ində olub.

Məqalədə deyilir ki, İnterpolun «qırmızı order»indən Səudiyyə Ərəbistanı, İran və İndoneziyanın xətrinə sui-istifadə edilib.

Zine El Abidine Ben Ali
Zine El Abidine Ben Ali
Hazırda Londonda biznesmenlik edən Mohammad Ali Harrath prezident Ben Ali-nin qəddar rejimini tənqid etdiyinə görə ölkədən didərgin salınıb və onun adı İnterpolun «qırmızı order»ində silahlar, partladıcılar və terrorla bağlı cinayətlərdə şübhəli kimi göstərilib.

Jurnalist yazır ki, onun barəsində verilən bu order Ben Ali hakimiyyətdən devrilənədək, 20 il müddətində qüvvədə olub:

Peter Oborne bildirir: «Üç ay sonra İnterpol tülküsayağı onun adını axtarış siyahısından çıxarıb, özünə isə bildirib ki, «bütün lazımi informasiyalara yenidən baxıldıqdan sonra ona qarşı ittihamların lap əvvəldən siyasi motivli olduğu qərarına gəlib».

Müxbir yazır ki, yüksək vəzifəli bir polis zabiti ona İnterpolun hansı müraciətlərin siyasi xarakterli olduğunu yaxşı bildiyini deyib:

«Əslində, İnterpolun populyar imicinə baxmayaraq, heç vaxt tam mənada xeyir qüvvə olmayıb, 1930-cu illərin sonlarından 1945-ci ilədək təşkilat Hitler-in nəzarəti altına düşüb, bundan sonra isə bir çox onillik ərzində siyasi cinayətlərə qarışmadığını bəhanə gətirərək, nasist caniləri axtarmaqdan boyun qaçırıb. Silaev-in işi göstərir ki, indi də bu təşkilat despotlar və işgəncə verənlərlə bir cərgədədir».

Sonda Oborne yazır: «Mən Bill Browder barədə mümkün qərar haqqında Daxili İşlər Nazirliyi ilə danışanda mənə bildirdilər ki, nazir May bu işlə maraqlanmır. Bu məsələ tamamilə ruslarla İnterpol arasında olan məsələdir».
XS
SM
MD
LG