Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

Almaniya izləndiyi üçün Britaniyadan izahat istəyir


Arxiv foto
Arxiv foto
-

Berlin Britaniyanın ən qüdrətli kəşfiyyat orqanı – Hökumət Kommunikasiyaları Baş Qərargahının ( Government Communications Headquarters - GCHQ ) qlobal izləmə fəalityyətinin Almaniyanı və onun vətəndaşlarını nə dərəcədə təsirləndirdiyini bilmək istəyir.

Almaniya GCHQ xüsusi xidmətinin internet trafikini izləmək fəaliyyətinin leqallığını şübhə altına alıb.

Sabine Leutheusser-Schnarrenberger
Sabine Leutheusser-Schnarrenberger
Almaniyanın ədliyyə naziri Sabine Leutheusser-Schnarrenberger, bununla əlaqədar Britaniyalı həmkarı Chris Grayling-ə və daxili işlər naziri Theresa May-ə məktubla müraciət edib.

Həmin məktublarda deyilir ki, “heç bir demokratiya “məxfilik pərdəsi”ndən istifadə etməməlidir”.

Britaniya kəşfiyyatının qlobal izləmə proqramını “Hollivud dəhşəti” adlandıran nazir, “Tempora” adlı əməliyyatın hər hansı ədliyyə orqanı tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini sual edir. O, həmçinin Britaniya tərəfindən toplanan materialın təbiətini bilmək istəyir.

ALMANİYA BU MƏSƏLƏNİ AVROPADA QALDIRACAQ

Xanım Leutheusser-Schnarrenberger yazır ki, bu məsələ Avropa Birliyinin məlumatların qorunmasına dair hazırda davam edən müzakirələrinə çıxarılmalıdır.

Almaniya kansleri bu yaxınlarda gileylənmişdi ki, qaçaq Amerika casusu Edward Snowden-in açıqladığı məlumatlardan doğan bir çox suallara Obama administrasiysı tərəfindən izahat verilməyib.

Almaniyanın bu tələbi Britaniyanın kəşfiyyat fəaliyyəti barədə açıq şəkildə verilmiş ilk sualdır.

Britaniya Daxili İşlər Nazirliyi bildirib ki, “şəxsi məktublaşmalar” barədə şərh vermir. Ədliyyə Nazirliyi isə deyib ki, şərh lazımi zamanında veriləcək.

Xarici işlər naziri William Hague isə bildirib ki, Britaniya öz kəşfiyyat məlumatlarının ABŞ-la paylaşmasından yalnız qürur duyur.

William Hague
William Hague
William Hague Kaliforniyadakı Ronald Reagan kitabxanasındakı çıxışında deyib:

“Gəlin açıq danışaq. Hər iki ölkədə kəşfiyyat işi hüquq çərçivəsində aparılır. Biz qanunun aliliyi altında işləyirik və bu məsələdə hesabatlıyıq. Bəzi ölkələrdə məxfi kəşfiyyat işi öz xalqlarına nəzarət edilməsi üçün aparılır. Lakin bizim ölkələrimiz vətəndaşdaşların azadlıqlarını qorumaq üçün çalışır”.

Lakin çətin ki, Londonun açıqlaması Berlini qane etsin.

BRİTANİYA ORWELL DÖVRÜNƏ QAYIDIB?

Almaniyanın aparıcı sosial-demokratlarından Thomas Oppermann deyib ki, “Tempora” əməliyyatı ingilis yazıçısı George Orwell-in məxfi cəmiyyətinin müasir Britaniyada çin olduğunu göstərir.

Almaniya ədliyyə naziri Leutheusser-Schnarrenberger-in acıqlı məktubları 1903-cü ilin 25 iyununda doğulmuş Orwell-in 110 illiyi ilə eyni günə təsadüf edib.

Almaniya mətbuatı bu günlər bu mövzuya çox sayda yazılar həsr edir.

Almanlar ingilislər tərəfindən nə dərəcədə izləndiklərini bilmək istəyirlər.

Avropa Parlamentinin Almaniyalı üzvü Markus Ferber deyib: “Mən elə bilirdim ki, bu zəmanə Almaniya Demokratik Respublikasının çökməsi ilə bitib”.

Yaşıllar Partiyasının üzvü Konstantin von Notz isə bildirib ki, bu məsələ Bundestaqda qaldırılacaq.

Bununla belə, Britaniya hökumətinin bir sıra vəzifəli üzvləri xəbərdarlıq ediblər ki, hər hansı şəxsi informasiyanın lazımi hüquqi əsaslandırmalar edilmədən ABŞ kəşfiyyatına ötürülməsi ictimaiyyətin hüquqlarını poza ola bilər.

Mühafizəkarlar Partiyasından David Davis deyib ki, əgər belə hüquqi əsaslandırma olmayıbsa, deməli, Britaniya vətəndaşlarının hüquq və azadlıqları ciddi şəkildə pozulub.

WWW-nin tarixi loqosu
WWW-nin tarixi loqosu
World wide web və ya www-nin Britaniyalı ixtiraçısı lord Tim Berners-Lee isə deyib ki, bu hadisə vətəndaşlara aid məlumatların hökumət tərəfindən nə dərəcədə etibarlı qorunmasına şübhə yarada bilər.

O deyib ki, Yaxın Şərqdə də insanlara internetə daxil olmaq hüququ verilib, lakin sonradan onların bir qismi internetdəki fəaliyyətlərinin güdülməsi nəticəsində həbs edilib.

“Elə isə Qərbin Şərqdən nə fərqi qaldı?”, deyə Tim Berners-Lee sual edib .

QƏRB KƏŞFİYYATI, ŞƏRQ KƏŞFİYYATI

O həmçinin bildirib ki, inkişaf etmiş ölkələr internetdə fəal kəşfiyyat fəaliyyəti ilə məşğuldur və bunu hamı bilir.

Britaniya qanunlarına görə, GCHQ ona nəzarət edən müstəqil qurum tərəfindən araşdırıla bilər.

Bir sıra başqa vətəndaş haqları təşkilatları da nəzarətdənkənar casus əməliyyatlarını tənqid edib.

Mətbuat yazır ki, Amerika kəşfiyyatının qaçaq nümayəndəsi Edward Snowden kəşfiyyat orqanlarının məlumat toplamaq üçün optik-lifli kabellərə müdaxilə edildiyini ehtimal edirdi.

O, bu əməliyyatın kod adının “Tempora” olduğunu da bildirmişdi.

Öz növbəsində, Britaniya kəşfiyyatının da ölkə vətəndaşları barədə bəzi məlumatları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyindən alması barədə ehtimallar mövcuddur.

Almaniyanın keçmiş müdafiə naziri Peter Struck deyib ki, Almaniyanın təhlükəsizliyi hətta Hindiquşda da qorunur:

“İndi əmin olmaq lazımdır ki, bu təhlükəsizliyi öz kandarımızda da qoruya bilirik”.
XS
SM
MD
LG