Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:06

Ərdəbilli yazar Şuşada nələr gördü?


-

...Mən deyəndə ki, Səməd Vurğunun yazdıqları tarix deyil, ədəbi əsəridir və heç bir tarixi dəyəri yoxdur, maraqlandılar. Mən onlara Ağa Məhəmməd Şah Qacarın dahi və ədalətli şah olduğunu deyəndə daha artıq bilgi istədilər...

...Bu söhbətlərdən sonra duşundum ki, insanlar Şuşanın qədim qala divarlarının arxasında sadəcə yaşayırlar. Bu divarların sirr sərhədləri onların üzünə bağlıdır. Elə buna görə də, hələ o vaxt Şuşanın taleyinə nigaran oldum. Fikirləşdim ki, insanlar uçun sadəcə yaşayış yeri olan bu şəhəri bunlar çox rahat dəyişə bilərlər, adi bir yaşayış yeri kimi...



Səməd Niknam


ŞUŞANIN DAĞLARI


Bakı-Krasnovodsk gəmisinə bilet almaq uçun sənədlərimi pəncərədən bilet satan xanıma verirəm:

- Bakıya bir bilet.

- Gözlə.

Gözləmə otağında oturub gözləyirəm. Xeyli vaxt keçir. Artıq bilet almaq uçun gözlədiyimi belə unutmuşam. Səmərqənddə, Buxarada gördüklərimin xəyalına dalmışam. Birdən iki nəfər polisin başımın üstünü kəsdirməsi məni xəyalımdan ayırır.

- Zəhmət olmasa, bizimlə polis bölməsinə gəlin.

Elə bil bayaqdan oturub bunları gözləyirmişəm. Polis idarəsinə yola düşürük.

Çatandan sonra sorğu-sual başlanır.

- Haradan gəlirsən?

- Daşkənddən.

- Nə uçun oradan birbaşa Bakıya getmədin?

- Yol boyu Səmərqəndə , Buxaraya baş çəkdim, yolum burdan düşdü.

- Bilmirsən ki, bu şəhər bağlı şəhərdir və bura icazəsiz gəlmək olmaz?

- Yox, bilmirdim.

Elə bu zaman polis rəisi məni çağırır. Rəisin otağına keçirəm. Bilet almaq uçun kassaya verdiyim sənədlər rəisin masasının üstündədir. Vəsiqə, bir də öyrənci bileti. Rəis mənimlə görüşür və mənə xoşgəldin deyir:

- Azərbaycanlısan?

- Bəli.

O da azərbaycanlıdır. Mənimlə öz dilimizdə danışır və deyir:

- Təəssüf ki sənədləri sənə qaytara bilməyəcəyəm, artıq qeyd olunub, amma Bakıya getməyinə kömək edəcəyəm. Sənədləri isə Bakıda alarsan.

Sənədlərə diqqət kəsilir. Anadan olduğum yer Ərdəbil. Bu kimi suallar rəisi maraqlandırır. İkilikdə xeyli söhbət edirik. Rəis o gün işini buraxıb gəmi gədənə qədər mənimlə birlikdə oldu. Nahar yedik, söhbət etdik. O gün elə keçdi ki, Sovet hökumətinin hansısa qanununu pozduğumu və polis tərəfindən saxlanıldığımı belə hiss etmədim.

Gəmiyə biletimi də almışdılar. Rəis və polisdə işləyən başqaları ilə, hətta məni gözləmə zalından götürən polislərlə səmimi görüşüb Bakıya yollanan bərəyə oturdum.

Bərə Bakıya çatanda rəisin tapşırığına görə sənədlərimi verdilər. Amma bilirdim ki, harasa çağırıb, bu işin sorğu-sualın edəcəklər.

Az vaxt keçmədən yoldaş komissarın hüzurundayam.

- Krasnovodska niyə getmişdin?

- Daşkənddən gəlirdim, yolum oradan düşdü.

- Daşkənddə olduğunu bilirik.

- Bir də icazəsiz bir yerə getməyin. Mütləq icazə almaq lazımdı.

- Aydındır.

1987-ci ilin yay ayları idi. Yenə həmən yoldaş komissarın hüzurundayam.

- Şuşaya getmək istəyirəm. Gəldim sizdən icazə alam.

- Olmaz.

- Demişdınız ki, bir yerə getməmişdən öncə icazə almaq lazımdır. Məndə ona görə gəldim.

- Düzdü , amma Şuşaya getməyə icazə verilmir.

- Oldu.

Komissarın otağından çıxıb, birbaşa avtovağzala gedib, Bakı-Şuşa avtobusuna bilet alıram.

Şuşaya getməkdə məqsədim Şuşanı görmək idi. O vaxt hələ erməni-müsəlman, Dağlıq Qarabağ problemindən səs-səmir yox idi. Heç kimin ağlına bələ gəlməzdi ki, duz iki il ondan sonra Şuşa da daxil olmaqla Dağlıq Qarabağ problemi ətrafında nələr baş verəcək və beş il sonra isə Şuşanı ermənilər işğal edəcək. Mən Bakıdan Şuşaya yola düşəndə bu fikirləri ağlıma belə gətirmirdim.

Avtobus yol boyu şütüyür. Azərbaycanın "ala gözlü gündüzləri " qızmar günəş altında parıldayır. Yol boyu yaşıl tarlaların gözəlliyi göz oxşayırdı. Televiziyada göstərilən tarla kadrları və oxunan mahnılar yadıma düşür. Sovet Sosialist Azərbaycanının əkin sahələrini, tarlalarını birinci dəfə idi görürdüm. O vaxta qədər belə fürsət olmamışdı.

Artıq Bərdə, Ağdam arxada qalmışdı. Stepanakertə (Xankəndi) yaxınlaşırıq.

Avtobusda birgə oturduğum İradə xanımla söhbət edirik. Mən Stepanakertdə düşəcəyimi dedim. İradə xanım təəccüblə sordu :

- Orada nə işin var?

Dedim Xankəndini də görmək lazımdır. Bir də mənim yolum bu tərəflərə nə zaman düşər, allah bilir. Elə gəlmişkən, bir-iki gün də burda qalım.

İradə xanım razılaşmırdı. Yox, burda çətin olar sizin uçun, getməyin ora, birbaşa Şuşaya gedək deyirdi. Mən İradə xanımın nigaranlığını başa düşmürdüm. O da heç nə demirdi. Sadəcə, təkid edirdi ki, ora getməyim. Mənim təkidimi və Stepanakertdə düşəcəyimi yəqin edən İradə xanım, mənə telefon nömrəsi verdi və dedi:

- Bir çətinliyin olsa, zəng elə. Telefon nömrəsini aldım və öz-özümə fikirləşdim, mənim burda nə kimi çətinliyim ola bilər?

Mən Stepanakertdə düşdüm. İradə xanımla sağollaşıb arxayın olun- dedim, - heç nə olmaz.

O isə məndən nigaran, üzüyuxarı Şuşaya tərəf getdi. Stepanakertdə hotel avtobus vağzalından bir az aralı yerləşirdi. Hotelə getdim. Çox təmiz və o vaxtkı SSRI-də tayı-bərabəri olmayan bir hotel idi. Sənədlərimi verib yer istədim. Sənədlərimə baxan erməni hotelçi xanım, gecikmədən sənədləri özümə qaytarıb “yer yoxdur” dedi. Qırağa çəkilib gözləmə zalında oturdum. Gəlib gedənlərə diqqət edirəm.

Ermənilər dəstə-dəstə gəlir, yer alır, sonrakı günlərə yer saxlayır, bir sözlə məndən başqa kimsəyə “yer yoxdur” sözü deyilmir. Üstəlik bir neçə nəfərin diqqətini də çəkmişdim. Mənim orda oturmağımdan təəccüblənmiş kimi bir-biri ilə danışırlar. Yer almaq uçun bir də hotelçi xanıma yaxınlaşdım , mənə bircə günlük yer lazım olduğunu dedim. Cavab eyni oldu - "yer yoxdur " dedi. İzahsız-filansız. O hələ mənim bu cəsarətimdən bir az da əsəbiləşmişdi. Burada yer ala bilməyəcəyimi başa düşdüm. Amma durumun nədən bu yerdə olduğunu hələ başa düşmədim. Şuşaya getmək qərarına gəldim. Şuşaya getməmişdən öncə şəhərdə bir az gəzmək istədim.

Şəhərin mərkəzinə doğru getdikcə, özümü qəribə baxışlar əhatəsində hiss edirdim. Hami mənə təəccüblə baxır və diqqət kəsilirdi. Amma kimsə nəsə demirdi. İnsanların bəzisi nifrətlə baxsa da, bəzisinin də təəccübləndiyini hiss edirdim. Onların arasında mənə "sən burda nə gəzirsən?" dəmək istəyənlərin sayı daha çox idi. Amma onu da deməyə cürət etmirdilər. Bəzilərinin isə baxışında özümə qarşı qəzəb və kin hiss edirdim. Bu vəziyyətə dözmək çətin idi. Duzunu desəm, bir az qorxdum. Artıq dözə bilmədim. Taksiyə əl qaldırıb, Şuşaya getmək istədiyimi dedim. Bir taksi, iki taksi , beş taksi, kimsə məni götürmədi. Nə qədər pul istəyirsiz verərəm - dedim, təki məni Şuşaya aparın. Kimsə razılaşmadı. Hava getdikcə qaralırdı. Gecə bu şəhərdə qalmaq olmazdı. Mütləq burdan getmək lazım idi.

Sonuncu umudum kimi bir taksiyə də əl qaldırdım. Saxladı. Sən demə bu taksi neçənci dəfədir məni görüb. Yaşlı bir erməni kişi idi. O tərəf-bu tərəfinə baxıb mənə dedi :

- Ay oğul səni burda kimsə götürməz, Azərbaycanlı taksiçilər şəhərin çıxacağında dayanır, get, onlar səni aparar Şuşaya.

Bizim dildə təmiz danışırdı. Tez dedim:

- Sən məni ora qədər apararsanmı?

Dedi:

- Yox, apara bilmərəm. Amma çox uzaq deyil , hava qaralmamış tələs.
Onun dediyi tərəfə yollandım. Fikirləşirdim ki, birdən azərbaycanlı taksiçiləri tapmadım, nə edəcəyəm? Birdən, İradə xanımın verdiyi telefon nömrəsi yadıma düşdü. Hələ indi bildim İradənin məndən nigarançılığı nəyə görə imiş. Bir az arxayınlaşdım .Yoluma davam etdim. Xeyli getdikdən sonra gördüm şəhərin lap çıxacağında Şuşa yolunun üstündə bir neçə taksi dayanıb. Yaxınlaşdım, gördüm bizimkilərdi. Ürəyim sakitləşdi. Böyük bir təhlükə və sıxıntıdan qurtarmış kimi bunlarla görüşüb, çəkilib bir tərəfdə oturdum. Azərbaycanlı sürücülər nigaran oldu. Sənə nə olub - deyə məndən sordular.

Dedim:

- Heç nə olmayıb. Şuşaya gedəcəyəm.

Soruşdular:

- Şəhərdən gəlirsən?

Dedim :

- Hə.

Dedilər:

- Axı sənin orda nə işin var? Dəli olmusan ?

Dedim:

- Yox dəli-zad olmamışam, mənə elə gəlirdi ki, ora da Azərbaycandır, görmək istəyirdim. Sən demə burada "balaca Ermənistan " yaratmısız ki.
Sürücülər heç nə demədi.

Mənə çay süzdülər. Dedilər bir az dincəl, indi gedərik Şuşaya. Sürücülər bu məsələ haqda daha mənim suallarıma cavab vermədilər. Çox təkidlə soruşdum ki, axı ora niyə o gündədir? Hoteldə yer vermədilər. Taksilər məni götürmədi, şəhərdə az qalırdılar adamı diri-diri yesinlər. Sürücülərdən kimsə cavab vermədi. Sadəcə dedilər ki, axı sənin orda nə işin var, dur getdik Şuşaya. Bir də gördüm ki, şəhərdə mənə yol göstərən, erməni taksi sürücüsü kimisə gətirdi. Məni görcək düşüb mənə tərəf gəldi. Azərbaycanlı sürücülərlə görüşdü, məni onlara göstərib nə isə dedi. Onlardan biri ona dedi:

- Nigaran olma, artıq bizim yanımızdadır.

Görünür erməni sürücü mənim nabələd olduğumu onlara deyir və məni onlara tapşırırdı. Mən onlara yaxınlaşıb erməni sürücüsü ilə görüşdüm.

O mənə dedi :

- Məndən incimə, bunlar bilir, mən səni götürə bilməzdim. Azərbaycanlı sürücülər sözə qarışıb dedilər:

- Kirvə, sən narahat olma, biz hər şeyi deyərik. Sonra onlar görüşüb ayrılarkən, bizimkilər erməni sürücüsünə dedi:

- Qonaqdan arxayın ol, kirvə , çox sağ ol ki, gəldin, baş çəkdin. Bəlli oldu ki, erməni sürücüsü məndən nigaran qalıb. Mənim azərbaycanlı sürücüləri tapıb-tapmadığımdan arxayın olmaq uçun buraya gəlibmiş.

Az sonra taksilərin biri ilə Şuşaya tərəf yola düşdüm. Yol boyu Şuşa gədiyinin vahiməsi və qorxusu söhbətimizə maneə olurdu. Şuşaya bir yol var , o da sərt gədikdir. Gədiyi qalxmaq nə qədər çətin və qorxulu olsa da, şuşalı sürücülər uçun çətin deyil. Sürücü mənim Şuşaya birinci dəfə gəldiyimi bildikdən sonra hər yeri yerbəyer mənə göstərir, tanıtdırır. Mənim diqqətim isə gədiyim dolanbac yollardan ayrılmırdı.

Artıq “Şuşa” mehmanxanasının həyətindəyəm. Bakıdan tanıdığım Firidun Şuşinskini gördüm. Əlində çərəkəsi, mehmanxananın həyətində gəzişirdi. Məni görən kimi dedi:

- Bacı oğlu, mən səni Bakıda tapa bilmirəm , burda xeyir ola?

Mən də zarafatyana dedim :

- Firidun müəllim, bildim ki, siz məni axtarırsız, gəldim sizinlə görüşəm.

Firidun müəllim gülərək dedi:

- Əşi, mən bilmirəm bu camaat yayın bu istisində nəyə tıxanıb qalib o Bakıda, gəlin də bu Şuşaya, sizin elə gəlib burda nərd-taxta atmağınız da bu camaata ürək-dirəkdir, bala.

Onun bu sözündə Şuşanın tənhalığını düydüm. Görünür Şuşa, mənim Azərbaycanın içində "kiçik Ermənistan " adlandırdığım Dağlıq Qarabağ Muxtar Vilayətində çoxdan təklənibmiş. Bunu duyan Firidun Şuşinski gənclərin Şuşada nərd-taxta oynamasını da qənimət və Şuşaya dayaq sayırdı. Az söhbətdən sonra dedi:

- Mənə verdiyin Əbulhəsən Xan Iqbalın kasetini itirmişəm, onun üzünü bir də mənə verə bilərsənmi?

Dedim:

- Firidun müəllim, o kaseti Almaniyadan Məmmədəli Hüseyni sizin uçun göndərmişdi, mən də olduğu kimi verdim sizə. Çalışaram kaseti tapam. Firidun müəllim dedi :

- Oldu , get yerləş sonra danışarıq.

Hotelçinin yanına getdim. Sənədlərimi verib yer istədim. Mənə xoşgəldin deyib, əyləşin, dedi.


Bir azdan bir anket doldurmağımı istədilər. Anketi doldurarkən Stepanakertdə başıma gələni hotelçiyə danışdım. Dedi :

- Sənin orda nə işin var axı, gəl bura, bu hotel sənə qurbandır. Onlar sənə yer verməz. Hələ yaxşı qurtarmısan.

Dedim :

- Necə bəyəm, nə ola bilərdi ki?

Dedi:

- Əşi, bu sənəd ki, səndə var, hər nə desən olardı. Deyərdilər icazəsiz gəmisən, nə bilim min dənə bəhanə tapardılar incitmək üçün, elə azərbaycanlı olmağın yetər ki, səni incitsinlər.

Təzə sözlər eşidirdim.

Dedim:

- Orda kiçik Ermənistan yaratmisiz, bu nə işdi? Radionu açırsan, deyir “xosumə Stəpanakərt”, bir kəlmə də olsun bizim dildə danışmırlar. Bəs siz hara baxırsız ?

Bu sözlərdən sonra hotelçi yerindən dik qalxıb dedi:

- Buyurun, otağınız hazırdır. Hər şey aydın idi.

Dedim:

- Başa düşdüm, sonra görüşərik.

Səhər tezdən yerimdən duran kimi şəhərə çıxdım. Artıq çoxdan arzusunda olduğum Şuşadaydım. Haqqında çox eşitdiyim, yaddaşımda Ağa Məhəmməd Şah Qacarın başının kəsildiyi şəhər kimi həkk olan Şuşanın damına, daşına, lap elə divarlarına da acgözlüklə baxırdım. Tez-tez yeriyib yeni küçələri arxada qoyurdum. İkimərtəbəli, eyvanlı evlərin görkəmi, indi də olduğu kimi yadımdadır. Daşlı küçələr, bağlı-bağatlı həyətlər məni lap heyran etmişdi.

Şuşanın bəzi küçələri məni Ərdəbilin küçələrinə aparırdı. Qəribə bir oxşarlıq var idi. Ərdəbilin köhnə məhəllələri, qədim darısqal küçələri kimi idi Şuşanin küçələri. Enişli-yoxuşlu, daşlı-çınqıllı, güllü-çiçəkli küçələr, məhəllələr.

Dayanıb bu qəribə oxşarlığın xəyalına daldım. Birdən qarşımda bir maşın saxladı. Sürücü maşından düşüb, məni maşına dəvət etdi. Maşına baxanda gördüm Bakıdan yol yoldaşım olan İradə xanımdı. Salamlaşdıq, görüşdük. Gülə-gülə soruşdu:

- Nə tez gəldin Stepanakertdən?

Dedim:

- Heç qaldım ki. Elə həmin gün qayıtdım.

Dedi:

- Mən bilirdim mümkün olmayacaq. Sonra əlavə etdi:

- Mən indi işə gedirəm, işdən sonra sürücünü göndərərəm gələrsən Şuşani sənə özüm göstərəcəyəm. Sağollaşib ayrıldıq. İradə xanımın iş vaxtı bitənə qədər mən Şuşanı ayaqdan saldım. Ötəri bir gözdən keçirtdim.

Saat dörddə də İradə xanımın sürücüsü gəldi, məni apardı.

Bura Üzeyir Hacıbəyovun ev muzeyidir. Bura Xan Qızı bulağıdır, Vaqifin məqbərəsi, Cıdır duzu, Xuraman qayası, Şuşa məscidi, hər tərəfi bir-bir gəzdik. İradə xanım bütün bu yerlər haqda mənə bilgi verirdi. Arabir mən də Şuşanın tarixindən bildiklərimi ona deyib, diqqətini çəkirdim.

Fransalı yazar Jan Geverin Şuşa haqda yazdıqlarını sanki əzbərləmişdim. Qacar qoşununun Şuşanı necə mühasirə etməsi haqda dediklərim şuşalı xanımı çox maraqlandırdı. Bu gəzinti gözəl bir elmi diskussiyaya çevrildi. Günün necə gəlib keçdiyini bilmədik.

Axşamüstü “Şuşa” mehmanxanasının həyəti Azərbaycanın tanınmış aydınları ilə dolu idi. Çoxunu imzası ilə, çoxunu da qəzet səhifələrindən, televiziya ekranlarından tanıyırdım. Hamısı oturacaqların üstündə oturub söhbətləşirdi. Bu mənzərədə böyük bir doğmalıq və gözəllik var idi. Firidun Şuşaliyla salamlaşandan sonra dedim :

- Gileylənirsiz ki, kimsə gəlmir, maşallah hami burdadır ki.

Dedi:

- Bacı oğlu, gənclərimizi deyirəm. Biz artıq qocalmışıq, bu oturacaqların üstü boş qalmamalıdır. Gəlin tanıyın, camaatla qaynayıb qarışın, öyrəşin bura. Biz bu yerləri sizə verib getməliyik. Amma mən nigaranam, gənclərimiz gəlmir dedi.

Onun dediklərində bir nigarançılıq duydum. Kişi lap ümidsiz idi. Şuşanın taleyindən nigaran idi.

Mən artıq tanış olduğum şuşalı gənclərlə idim. Onlar daha açıq danışırdı. Şuşa telefon qovşaqı məntəqəsində tanış olduğum Müsahib deyirdi:

- Keçən ay ermənilərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda toplanmış imza siyahısı tutublar.

Dedim :

- Madam ki, imza toplayırlar, deməli, harasa göndərəcəklər də, onu tutmağın nə mənası var ki.

Dedi:

- Duz deyirsən, biz də deyirik tutublar, özü də bu, birinci dəfə deyil ki.

Mən bu söhbətlərlə çox maraqlandığımdan Müsahib və başqa şuşalı gənclər deyirdi:

- Əşi, erməni nədi ki, sən də bu qədər onlardan danışırsan, narahat olma, heç nə olmaz.

Bu gənclər Şuşanın keçmişini yaxşı bilmədikləri uçun yaşlı nəsildən fərqli olaraq şəhərin gələcəyindən nigaran deyildilər.

Onlar Səməd Vurğunun “Vaqif” əsərindən əzbərlədikləri bəzi parçaları həvəslə mənə oxuyurdular: “Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin" deyirdilər. Mən deyəndə ki, Səməd Vurğunun yazdıqları tarix deyil, ədəbi əsəridir və heç bir tarixi dəyəri yoxdur, maraqlandılar. Mən onlara Ağa Məhəmməd Şah Qacarın dahi və ədalətli şah olduğunu deyəndə daha artıq bilgi istədilər. Onlarla söhbətimiz çox maraqlı keçdi. Onlara Şuşanın qala divarlarını göstərib dəyəndə ki, Ağa Məhəmməd Şah Qacar üst-üstə 12 ay bu qala divarlarının arxasında qalsa da, şəhərə girəndən sonra daşı-daş üstdən tərpətmədi və bir nəfərin də burnu qanamadı, inanmırdılar. Nəhayət qəbul etdilər ki, Şuşanın tarixi haqda deyilməmiş söz hələ çoxdur.

Bu söhbətlərdən sonra duşundum ki, insanlar Şuşanın qədim qala divarlarının arxasında sadəcə yaşayırlar. Bu divarların sirr sərhədləri onların üzünə bağlıdır. Elə buna görə də, hələ o vaxt Şuşanın taleyinə nigaran oldum. Fikirləşdim ki, insanlar uçun sadəcə yaşayış yeri olan bu şəhəri bunlar çox rahat dəyişə bilərlər, adi bir yaşayış yeri kimi. Bu insanların simasında Şuşada bir quyu qazılmışdı, burada adam özünə qayıdanda o quyuya düşüb batırdı. Qalsa-qalsa ondan bir quru səs qala bilərdi. Onlar bilmirdi ki , Şuşa Azərbaycan ucun sadəcə bir tikə torpaq deyil. Şuşa bu vətənin sirlər xəzinəsi, duyğusu və ruhudur. Ruh görünməsə də, səs, duyum, vəsfolunmaz milli mənəvi həyat, onun göstəricisidir. Düşünürdüm ki, Şuşanı itirməklə həyatımızın milli-mənəvi bütövlüyünü itirmiş olacağıq. Milli-mənəvi həyatı bölünmüş millət bütöv həyat yaşaya bilməz. Torpaq itirildikdə, millətin ruhu parçalanmış olur. Onun həyatında həmişə nə isə çatışmır.

Bir gün axşamüstü şuşalı gənclərlə Şuşa qalası divarının yaxınlığında yerləşən bir qayanın üstünə toplaşdıq. Onlar o qayanın üstünə niyə çıxmışdılar, mən bilmədim. Bir azdan onların biri mənə dedi:

- Göydə ulduzlara bax.

Göyə baxdım, göydə ulduzlar salxım-salxım idi. Adama elə gəlirdi ki, Şuşa göyə yaxındı. Deməli, Şuşa allaha da yaxın idi. Şuşa adının gözəlliyi ilə yaşasa da, onun doğal adı qaya, dağ üstündə bir şəhərdir. Dörd dövrəsi sıldırım qayalardan ibarət bu şəhər, bəlkə də yer kürəsinin ən gözəl incisidir. Şuşanın təbiəti də özü kimi füsunkar və qəribədir. Hələ gözümü dumduru göydəki salxım ulduzlardan çəkməmişdim, gecənin qaranlığında dərədən qalxan sərin və ağappağ duman üstümüzü aldı. Duman o qədər sıx və təmiz idi ki, ona əl vuranda pərən-pərən olduğunu və dağıldığını duyurdun və görürdün. Dərədən qalxan duman dağların zirvəsinə doğru irəlilədi. Dağların başını tala-tala duman aldı. Hər şey qaranlıq gecədə ağ duman içində itdi, elə biz özümüz də.

Şuşalılar belə səhnələrə adət etsələr də, mənim təəccüblənəcəyimi bilirdilər. Ona görə də gözəl muğamat oxuyan maqnitofonu söndürüb bu səhnənin və mənim təəccüblənməyimin şahidi olmaq istədilər. Dedim, niyə söndürdünüz, qoy oxusun.

Maqnitofonun səsini artırdılar :

"Şuşanın dağları başı dumanlı,
Qırmızı köynəkli, yaşıl tumanlı,
Dərdindən ölməyim xeyli zamandı,
Ay qız, o nə qaş-göz, o nə tel.
Ölürəm dərdindən barı bil.
Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Dayanıb yol üstə yarını gözlər.
Ay qız o nə qaş-göz, o nə tel.
Ölürəm dərdindən barı bil.

Mən bu kaseti illər boyu özümlə gəzdirirdim. Bir neçə il ən sevdiyim kaset idi. Mütəllib Mütəllibovun ifasında adıgedən mahnı məni hər an xəyalən də olsa, Şuşaya aparırdı. Bu kaseti axırıncı dəfə Şuşanın işğal olan günü dinlədim, sonra daha ona qulaq asa bilmədim. Hələ də qulaq asmıram. Elə bu yazını yazmaq da mənə çox çətin idi, çoxdan başlasam da, yaza bilmirdim. Nəhayət, bu il Novruz bayramı axşamı Şuşada novruz şamı yandırdım. Vətənin bu müqəddəs şəhərini yad etdim və əmin oldum ki, Şuşanı azad edəcəyik. Şuşanı almağa nə var ki, onun uğrunda ölməyə dəyər.

Şuşa gözəl idi, mənim təsəvvür etdiyimdən də gözəl. Bunu bu gün Şuşanın işğal altında olduğu uçun demirəm, bu belə idi. İndi də belədir.

Sonra şuşalılar gecənin o qaranlığında, o qayaları mənə göstərmək istədilər. Xuraman qayasını, Cıdır düzünü, bir-bir hamısını gəzdik. Birdən dayandığımız yerdən aşağı baxdım, dərənin dibində yanan çıraqları gördüm.

Soruşdum:

- O nə çıraqlardır yanır ?

Dedilər, ora Stepanakertdi.

Düz ayağımızın altında idi. Dərənin dibində. Heç vaxt ağlıma da gəlməzdi ki, oradan baş yuxarı bir gədik yolu ilə qalxıb Şuşanı tuta bilsinlər. Bu, tarixdə heç vaxt mümkün olmamışdı. Bunu Ağa Məhəmməd Şah Qacar da bacarmamışdı, ermənilər də bacarmazdı.

Mən Şuşaya gedərkən onun təbiəti haqda heç bir təsəvvürüm yox idi. Bu haqda yalnız fransız yazıçısı Jan Geverin Ağa Məhəmməd Şah Qacar haqda yazdığı tarixi romanı oxumuşdum. Şuşada yəqin etdim ki, fransalı yazıçı Şuşa haqda nə qədər gözəl yazsa da, o, Şuşanı görməyib, görsəydi, tamam başqa cür yazardı. Jan Gever Cıdır Düzündə Xarı Bülbülü görsəydi , "dindən-imandan" dönərdi.

Bir gün axşam üstü şəhərin ortasında yerləşən bir parkda oturmuşduq. Yaşlı bir kişi yolundan dönüb gəldi bizim yanımıza. Ayağa qalxıb görüşdük, tanış olduq. Adı Nəriman idi. Biz ona Nəriman dayı deyirdik. Yer göstərdik, oturdu. İşdən gəlib evə gedirdi.

Dedi, istədim sizinlə bir az söhbət edim. Əlindəki gülləri göstərib dedi:

- Nəvəm komsomola keçir, gülləri onun uçun aparıram. Gülləri özü dərmişdi. Bəlkə də on beş, iyirmi cürə gül vardı əlində.

Dedim:

- Nəriman dayı, bu gülləri haradan dərmişsən belə?
Dedi:

- Mənim Cıdır Düzündə bağçam var, bu gülləri orada yetişdirirəm və əlavə etdi: Cıdır düzü Xarı Bülbüllə doludur oğlum, Qarabağ cənnətdir bala, onun gülü-çiçəyi büs-bütün dərmandır.

O dedi:

- Məndə bir neçə dənə qədim əlyazma kitablar var, mən onların üzündən dərmanlar düzəldirəm, bax, bu otların hamısının müalicəvi əhəmiyyəti var, mən onlarsız yaşaya bilmərəm.

Nəriman dayı mənim Bakıdan, hələ üstəlik Güney Azərbaycandan olduğumu biləndə əl çəkmədi, mütləq evə gedəcəyik dedi. Bivaxt olduğu uçun getmədik. Razılaşdıq ki, sabah Cıdır düzündə, Nəriman dayının bağçasında görüşək.

Şuşalılar mənimlə zarafat edirdilər. Deyirdilər, Nəriman dayının Xarı Bülbülləri bərkdən oxuyur. Mən də inanırdım və deyirdim bülbül oxuyar də, burda təəccüblü nə var ki ?.
Sabahısı gün Nəriman dayının bağında gözümə inanmadım. Həmən vaxtdan 17 il keçdiyindən gördüklərimi olduğu kimi təsvir edə bilməyəcəm. Sadəcə, onu deyim ki, Nəriman dayının Cıdır Düzündə becərdiyi Xarı Bülbül bir sarı bülbülnən bir arının sevişməsindən ibarət gözəl cütlük idi. Bülbül də, arı da bir kötük üstündə bitən gül idi. Mən əvvəlcə onların bitki olduğuna inanmadım, süni olduqlarını zənn etdim, sonra saatlarla təbiətin bu möcüzəsinin sehrinə daldım.

Nəriman dayı deyirdi, bu gül Cıdır Düzündən başqa heç yerdə bitmir, yalnız burda bitir. Xarı Bülbül möcüzəsi, məni Nəriman dayının başqa güllərinə baxmaqdan qafil etdi. Nəriman dayı onlardan birini kökündən çıxarıb bükdü və mənə verdi.

O dedi :

- Amma Şuşadan çıxandan sonra tez solacaq. Şuşalı uşaqlar mənim nə dərəcədə heyrətləndiyimi gördükdən sonra daha zarafat etmirdilər. Deyirdilər, Şuşadı də, allahın möcüzəsi ilə dolu Şuşa.

Mehmanxanaya təzəcə qayıtmışdım. Telefon zəng çaldı. İradə idi.

Dedi:

- Anam səninlə danışmaq istəyir.

Dəstəyi anasına verdi.

- Oğlum, gəl bizimlə də tanış ol. Niyə evə gəlmirsən? Gəl, qonağımız ol.

Dedim:

- Çox sağ olun, ay xala, sağlıq olsun, gələn səfər gələrəm.

Çoxlu söhbətdən sonra dedi onda gəl İradə ilə danış. İradə ilə danışdım. Evlərinə getmədiyimdən incidi. Şuşalıların sözünü yerə salmaq olmazmış. Tanrı bu insanları məğrur yaradıb. Onların sözü də, səmimiliyi də Şuşanın təbiəti və havası kimi təmizdir. İradə xanımla şəhərdə görüşdük. İş yerinə getdik, bütün kollektivlə tanış oldum. Bir neçə məktəbə baş vurduq. İradənin kiçik bacısının oxuduğu məktəbə getdik. Kiçik yaşlı, qaraqaş- qaragöz qız bizi qarşıladı. Bizi görən kimi nə qədər sevindiyini bir allah bilir. Müəllimləri də özləri kimi mehriban idi. Şuşalıların gülərüzlüyündə, mehribanlığında, qayğıkeşliyində son dərəcə səmimilik və doğmalıq var idi. Şuşalılarda gördüyüm alicənablıq məni heyran etdi. Bugünkü sözlərlə desəm, şuşalıları aristokrat gördüm. Kiçik bir şəhərin böyük bir mədəniyyəti var idi. Şuşa mədəniyyətinin zirvəsi Şuşanın özü kimi bir çoxları uçun əlçatmaz idi. Şuşada çoxlu simvollar yaratmaq istəsələr də heç nə alınmamışdı. Uzun illər keçməsinə baxmayaraq Şuşanın mədəniyyət simvolu yenə Xan Qızı idi.

Bakıya gəldim. Az vaxt keçmədən yenə yoldaş komissarın hüzurundayam.

“Şuşa” mehmanxanasında doldurduğum anketlər yoldaş komissarın stolunun üstündədir. Hər şeyi başa düşdüm. Yenə həmən suallar.

-Şuşaya nəyə getmişdin ?

- Şuşanı görməyə.

- Demişdilər axı olmaz, getməyin.

- İnstitutda dərslər başlanırdı, dedim sonra vaxtım olmaz, dərslər başlanmamış gedim.

- Axırıncı dəfə olsun.

Doğrudan da axırıncı dəfə oldu. Amma axırıncı dəfə olmayacağına inanıram. Mən Şuşaya hələ çox gedəcəyəm.

1992-ci il may ayının 12-si idi. Şuşadan həyəcanlı xəbərlər gəlirdi. Bir dostumun bacısı oğlu Şuşada döyüşürdü. Xəbər tutmaq uçun onlara getdim. Xəbər tutmaq mümkün deyildi. O, talış olduğu uçun rabitə sistemində çalışırdı. Ermənilər talış dilini başa düşmürdülər deyə əlaqələr o dildə qurulurdu. Şuşa ilə bütün əlaqələr kəsilmişdi.

Nigarançılıq anbaan artır və adamı Şuşanı itirmək xofu basırdı. Rəsmi xəbərlərdə heç nə demirdilər. Birdən qapı döyüldü. Qapını açdıq. Bu həmən Şuşa döyüşçüsü idi.

Tanımaq mümkün deyildi - illər yorğunu, aylar xəstəsinə bənzəyirdi. Sifətində dəhşətli cizgilər əmələ gəlmişdi. Vətəni itirmiş, məğlub olmuş, xəyanətə məruz qalmış bir ordunun əsgəri kimi. Hələ şok vəziyyətində idi. Nələr baş verdiyini bilmirdi. Şuşadan Bakıya gələrkən qorxusundan heç kimlə kəlimə kəsməmişdi. Paltarını elə bil qan gölünə basıb çıxartmışdılar. Qan laxtalarının quruduğu paltar dəmir kimi olmuşdu.

Saatlarla özünə gəlmədi. Görünür, artıq bizə də inanmırdı. Bizimlə də danışmaq istəmirdi. Mən dedim işiniz olmasın, özünə gəlsin, görək nə olub.

Dedi :

- Mənim ağlım başımdadır. Bakıda hər şey qaydasındadırmı?

Dedik:

- Nə olub ki, bəyəm?

O, bir az fikrə gədəndən sonra, ilk cümləsi bələ oldu:

- Bizi özümüzünkülər vurdu. Biz yaxşı döyüşürdük, Şuşanı heç cürə vermək istəmirdik. Hər şeyimiz də var idi. Şuşanın müqavimətini Azərbaycan vertolyotları qırdı. Öz vertolyotlarımız bizi vurandan sonra ümidimiz qırıldı. Biz öncə öz vertolyotlarımızı görəndə sevindik. Hələ onlara yerdən işarələr də verdik. Onlar isə bizi atəşə tutdu Səngərdəkilərin hamısı öldu, iki nəfər qaldıq. Bu qan laxtaları özümüzünkülər tərəfindən vurulan öz uşaqlarımızın qanıdır. Yoxsa ermənilər Şuşanı ala bilməzdi. Bizi özümüzünkülər vurdu.

Həmin gün axşam Şuşa İcra hakimi Nizami Bəhmənov televiziyadan çıxış etdi. O özünü qalib gəlmiş kimi, göstərirdi və deyirdi: "Əsir vermədik, hər şeyi çıxartdıq, hətta mal-qaranı da. Şuşa bankında olan 5 milyon manat pulu da çıxartdıq ".

Şuşanın son döyüşçüləri və sona qədər döyüşənlər sırasında Şuşa türməsinin dustaqları da olmuşdu. Onların Şuşadan çıxartmağa heç nəyi yox idi. Onların olan -qalanı dustaq olduqları o vətən idi. Onun uğrunda da sona qədər vuruşdular və şəhid oldular. Vətən onları unutmayacaq!

2004, mart
XS
SM
MD
LG