Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:28

İ. Əliyev: Antimilli, satqın, xain qruplar...


İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılış mərasimində çıxış edərkən (Foto: prezident.az)
İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılış mərasimində çıxış edərkən (Foto: prezident.az)
-
İyulun 2-də Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib.

AzerTag-ın məlumatına görə, İlham Əliyev son zaman Azərbaycanda və dünyada baş verən proseslər haqda danışıb:

«Bir-birinin işinə qarışmamaq prinsipi bizim üçün əsasdır. Bu, bizim prinsipial mövqeyimizdir. Ancaq şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri vardır».

QUL PSİXOLOGİYASI... BÖYÜK QARDAŞ AXTARIŞI HAQDA...

Mərasimdə Azərbaycanın sürətli inkişafı haqda danışan İlham Əliyev qeyd edib ki, daxili vəziyyətlə bağlı bizim heç bir problemi yoxdur:

«Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra».

İLHAM ƏLİYEV: «POLİS CƏZALANDIRILMAYACAQ»

Prezident həmçinin bildirib ki, «Polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaq»:

«Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma «narıncı inqilab» etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənibdir. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər».
İlham Əliyev deyib ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavab verirlər və verəcəklər. «Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaqdır» deyə, prezident fikrini yekunlaşdırıb.

Prezident Azərbaycanda kriminogen durumun çox müsbət olduğunu da bildirib:

«Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq əksəriyyəti o qədər də ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox cüzi bir rəqəmdir.

Bu, onu göstərir ki, cəmiyyətdə hökm sürən sabitlik, müsbət inkişaf dinamikası, əlbəttə ki, kriminogen durumun da müsbət səviyyədə qalmasına xidmət edir. Çünki işsizliyi, yoxsulluğu həddən artıq çox olan ölkələrdə cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır».
XS
SM
MD
LG