Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:22

Nicat Məmmədov: "Orijinal heç nə yoxdur, indi calaq dövrüdür"


Nicat Məmmədov
Nicat Məmmədov
-

Bir ara Brodskini çox sevirdim, sonra çox nifrət etdim.

Mənim əsas istəyim heç olmasa bircə ideal səhifə yaza bilməkdir.

Əslində yaradıcılıq seksual enerjinin sublimasiyasıdır.

Mən öz bioqrafiyamdan azad olmağa çalışıram.

Şamşad axtardığım ədəbi cənnətin elə Abşeronda, Əhmədlidə də ola biləcəyini mənə göstərdi.


Namiq Hüseynlinin yazar Nicat Məmmədovla söhbəti


- Nicat, bizdə postmodernizm haqqında o qədər danışırlar ki, amma heç kim onu aydın izah edə bilmir, daha doğrusu hərə öz baxışına görə izah edir, bəs sən onu necə görürsən?

- Bu barədə danışanda ilk növbədə nəzərə almaq lazımdır ki, postmodern heç də vahid bir məfhum deyil. Postmodern özü high postmodern və low postmodernə bölünür (yuxarı postmodern, aşağı postmodern). Misalçün Arkadi Draqomoşenko da postmodernistdir, Timur Kibirov da. Biri çox estetik axtarışlara yönəlmiş postmodernistdir, biri isə pop mədəniyyətə girişmiş postmodernistdir. Postmodern elə bir məfhumdur ki, onu bir məxrəcə toplamaq, bir məzmunda ifadə etmək mümkün olmur. Biz postmoderndə bir azadlıq görürük, totallaşmağa qarşı yürüş görürük, o, çoxluğu vahid bir nöqtədə toplamağa qoymur.

- Mən postmodernizmi elementar səviyyədə elə anlayıram ki, o bizim əsrdə totalitar rejimlər yaranandan sonra təşəkkül tapıb, çünki diktaturalar vardı, adamlar açıq danışa bilmirdi, buna görə də yuxu dilində, hansısa şüuraltı simvollarla danışmağa başlayırdılar.

- Doğrudur, postmodernizm ədəbiyyatın rejimlərə qarşı etirazından doğub. Görünür, bunun köklərini fransız burjua inqilabında axtarmaq lazımdır. Onun şüarı üç sözdən ibarət idi: “Lieberte, Egalite, Fraternite” (Azadlıq, bərabərlik, qardaşlıq). Bax bu üçlükdə. Təsadüfi deyil ki, postmodernizmin nəzəriyyəçilərinin əksəriyyəti fransızlardır. Rolan Bart, J. Deleuz, J. Derrida, Kristeva, Jerar Jenet. Ya da deyək ki, postmodernizmə həsr olunmuş Tel Kel (Tel Quel) jurnalı Fransada çıxırdı. Postmodernizim əsasını bu adamlar qoyub. Həmçinin modern poeziyanın köklərini də fransızlar qoyub: Rembo, Malarme kimi şairlər
Nicat Məmmədov
Nicat Məmmədov

- Səncə bu nəylə bağlıdır?

- Bəlkə dilin stixiyasından, dilin magiyasından. Doğrudur, rus dili də güclüdür, amma rus dili həmişə açılış edəndə bir gözü ilə qərbə baxıb. Misalçün, Puşkin. Fransız dili onun üçün rus dili qədər doğma olub. Fikrimcə, Puşkinin dilinin bu qədər məlahətli olmasının arxasında onun fransız dilinin qrammatikasını rus dilininkinə calaq edib ahəngdarlıq yaratması dayanır. Ya da Tolstoy “Hərb və sülh” romanını fransızca başlayır, girişin 3 səhifəsi fransızca gedir.

- Deməli, ruslar fransızlardan təsirlənibsə, biz də ruslardan təsirlənmişik. Bildiyimə görə, Rusiyada postmodernizmin ilk nümunələri xalq miflərinin və sosrealizmin dekonstruksiyasından yaranıb.

- Ruslarda hələ sovet dövründə underground ədəbiyyatında bu dekonstruksiyalar vardı. Sorokin 70-ci illərdə belə əsərlər yazmağa başlamışdı. Lakin rus miflərindəki obrazlar təkcə rus postmodernizm ədəbiyyatında deyil, qlobal ədəbi axında da var, Hollivud filmlərində də Sorokinin, Pelevinin işlətdiyi, qulyabanı, vervolf obrazları bir az dəyişilmiş şəkildə var.

- Necə olub ki, miflərdəki bu obrazlar Hollivuddakı ilə birləşib?

- Çünki Hollivud özü arxetiplərlə işləyən bir qurumdur, ona xəyallar fabriki də deyirlər. Misalçün, Hollivud ssenaristlərinin ən mühüm kitablarından biri Cozef Kempbelin “The Hero with a Thousand Faces” (“Min simalı qəhraman”) kitabıdır . O kitabda Cozef Kempbel dünya üzrə bütün mifləri araşdırıb və daim təkrarlanan mifləri ortaya qoyub. Bu gün dünya üzrə mifləri Hollivudun yaratdığını deyə bilərik.

- Bəs bizdə kimlər yaradır bu mifləri?

- Sənə elə gəlmirmi ki, bizdə ədəbiyyat hələ mağaradan çıxmayıb? Bizdə hələ dünya ədəbiyyatındakı səviyyədə mifologiya yoxdur.

- Elə bu yaxınlarda, Həmid Herisçi demişdi ki, hər ölkənin bayrağı, gerbi olmaqla bərabər mifləri də olmalıdır. Ya da deyək Kamal Abdullanın romanları Dədə Qorqud mifləri üzərində qurulmayıbmı?

- Bu haqda sən məndən yaxşı bilərsən, mən Kamal Abdullanı oxumamışam.

- Sənin yaradıcılığında şərqə bağlılıq yüksək səviyyədə hiss olunur. Orda tez-tez sözlərin etimologiyasının analizi qarşımıza çıxır. Sanki, sözlərdə dərin hikmət axtarışına can atırsan. Tez-tez Qurandan, sufizmdən, buddizmdən sitatlar gətirilib. Bu bağlılıq nədən yaranıb?

- Bu o qədər də şüurlu şəkildə olmur, təhtəlşüurdan doğur. Mən yazanda adətən mətbəxin qapısını açıq qoyuram, anam mətbəxdə nə isə iş görür və təbii ki, arabir danışır da (o, ədəbiyyat müəlliməsidir). Yəqin ki, onun dediyi sözlər şüurumda bu cür əks olunur. Fikrimcə, ən bayağı sözlər elə ən dərin hikməti olan sözlərdir. Məsəlçün, “Bunu sırğa elə as qulağına” deyimi çox dərin hikmətə malik deyimdir, amma çox bayağılaşıb. Karl Yunq deyirdi ki, bayağılıqda çox böyük numinoz qüvvə var. Amma Jan Jak Ransyer bu fikri bir qədər də dəqiqləşdirdi. O deyirdi ki, banal ifadədən sakrallığı, batiniyyəni çıxara bilmək üçün onun üzərinə yenidən mif kimi qayıtmaq lazımdır. Mənim “Strueniye” (“Axın”) kitabımda bu var. Bayağı ifadədən enerji çıxara bilmək üçün onları yenidən mifləşdirməyə çalışmışam.
Namiq Hüseynli
Namiq Hüseynli

- Bəs buddizmin sənə təsiri necə baş verir. Axı o bizim ölkə və ədəbiyyatdan çox uzaqdır.

- Buddizm üç səmavi dinə ən yaxşı əlavədir. O, din deyil, təlimdir. O, fəlsəfənin, psixologiyanın və yaşam tərzinin ən maraqlı vəhdətlərindən biridir. Sadəcə, onunla özümü hüzur içində hiss edirəm.

- Sən ədəbi-mühitdə çox seyrək görünürsən. Daha çox öz aləmində yaşayırsan və heç özün haqqında mif yaratmağa çalışmırsan. Halbuki, media adətən özü haqda mif yarada bilənləri, şəxsi həyatının intim köşələrini ortaya ata bilənləri sevir və irəli çəkir. Sənin bu davranışların ciddi yazıçılıq iddiasındanmı irəli gəlir?

- Əksinə mən öz bioqrafiyamdan azad olmağa çalışıram. Yazılarımda bioqrafik detallar çoxdur, sevgili var, ata-ana var. Axı mən doğma, əziz şeylərimi niyə marketinq obyektinə çevirməliyəm ki?

- Amma kapitalizm dövründə ədəbiyyat özü bir növ marketinqdir... Yazıçının kimliyi də bu marketinq münasibətlərində iştirak edir.

- Görünür indiki yazıçının əsas missiyalarından biri kapitalist münasibətləri ilə mübarizə aparmaqdır. Düşünürəm ki, mənim üçün yaxşı yazılmış bir səhifə müəllifi olmaq, piar olunmuş yazıçı olmaqdan üstündür. Mən adətən üslubçuları oxuyuram və özüm də üslubçu olmağa çalışıram. Mənim əsas istəyim heç olmasa bircə ideal səhifə yaza bilməkdir. Bu mənim üçün bioqrafiyamla manipulyasiya etməkdən daha yuxarıda dayanır.

- Sənin nəsrdən başqa şeirlə də məşğul olduğun bilinir. Özünü rusdilli şairlərin toplandığı Abşeron məktəbinə aid edirsən. Ümumiyyətlə, Abşeron Məktəbi haqda bilmək maraqlıdır.

- Bizdə “Abşeron Məktəbi” adıyla təsviri incənət qurupu da var. Bura Cavad Mircavadov, Rasim Babayev, Əşrəf Murad kimi rəssamlar aiddir. Bu barədə bir film də var, “Üfiqi ötənlər”. Amma Poeziyada bu məktəbin özünü nə qədər doğrultuğunu bilmirəm. Mən bir müddət əvvəl “Azərbaycanın rusdilli şairləri” adı altında Antologiya yaratmağa başlamışam. Bura rusdilli poeziyada üzdə olan əsas beş şairi daxil etmişəm. Bunlar beşi də azərbaycanlıdır, beşi də rusca yazır, beşi də Abşeron poetikasına, Abşeron magiyasına bağlıdır. Həmin antologiyaya Aydın Əfəndi, İbrahim Şükürov, Valeh Salehoğlu, Dinara Kərəkməzli və özümü daxil etmişəm.

- Maraqlıdır belə bir antologiya yaratmaq ideyası səndə necə yarandı?

- Bu ideyayla çıxış etməyə məni özbək şairi Şamşad Abdullayevin nümunəsi vadar etdi. Özbəkistanda “Fərqanə Məktəbi” adlı poetik məktəb var. Ora daxil olan şairlər də rusca yazırlar, amma qərbin ədəbi ənənələrinə söykənirlər, onların rus ədəbiyyatına heç bir dəxli yoxdur. Şəmşad Abdullayevin mənə ən böyük müəllimliyi o oldu ki, əvvəl mən çox ruscasına yazırdım, Rusiya mənim üçün ədəbi bir cənnət idi, amma Şamşad axtardığım ədəbi cənnətin elə Abşeronda, Əhmədlidə də ola biləcəyini mənə göstərdi. Amma bizim bir çox rusdilli yazarlarımız bunu hələ dərk etməyiblər, onlar hələ də Puşkin kimi, Yesenin kimi yazmağa çalışırlar.

- Bəs bu günki rusdilli Azərbaycan ədəbiyyatında öndə gedən müəlliflərdən kimlər var?
Nicat Məmmədov
Nicat Məmmədov

- İndi “Literaturniy Azerbaydjan” adlı bir dərgimiz çıxır və rusdilli yazarlarımızın çoxu orda çap olunur. Bundan əlavə dünyada tanınmış Azərbaycan mənşəlli rusdilli yazarlardan İnna Lisnyanskaya, Afanasi Mamedov, Aleksandr İliçevski, Aleksandr Qoldşeyn var. Bundan əlavə rudilli ədəbiyyatımıza məxsus, burda doğulub vaxtilə burdan köçmüş erməni yazarlar var, onlardan indi Avstriyada yaşayan Yelizaveta Mnasakanovanın adını çəkə bilərəm.

Rusdilli yazarlardan çoxusu tərcümə olunmayıb. Bir ara Afanasi Mamedov “Sənət” qəzetində tərcümə olunurdu. Mən özüm Aleksandr Qoldşteyndən və İliçevskidən tərcümələr etmişəm.

- Bildiyimə görə sən çox az yazırsan, yazılarını seyrək görürəm. Son dövr nə yazırsan?

- Sonuncu işim Azərbaycanda ilk hipertekstual kitab olan “Proqulka” (“Gəzinti”) kitabıdır. Başqa bir kitabım (Mesto Vstreçi Povsyudu) rus nəşriyyatı “Ruskiy Qulliver”də çapını gözləyir. Onu ən ciddi işim sayıram. Bura 20 şeir, 9 esse və iki müsahibəm daxildir.

Yazmağa gələndə isə bu aralar heç nə yazmıram. Payıza qədər ara vermişəm, çünki yazanda çox enerji itirirəm. Ümumiyyətlə, mənim yazdıqlarım həcmcə kiçikdir, amma çox qatıdır. İstəyirəm payızda esselər və şeirlər yazım.

- Bəs roman yazmağı düşünmürsən?

- Məncə roman yazmaq üçün gücənmək doğru deyil, gərək onu yazmağa özünü hazır hiss edəsən. Mən indi dəbdə nələr olduğunu bilmək üçün yeni romançıları oxuyuram.

- Hər il dünyada milyonlarca yeni kitab çap olunur, sən bu qarışıqlıqda kitabları necə seçirsən?

- Tez-tez qarşıma zövqümə uyğun olmayan kitablar da çıxır, üç-dörd abzas oxuduqdan sonra, onların mənim kitablarım olmadığını anlayıram. Axı, zaman keçdikcə insanın öz zövqü formalaşır. Yaxşı zövq formalaşdırmaq üçün əlinin altında o qədər də çox kitab toplamaq lazım deyil. Mənim kitabxanamda təqribən 300 kitab var. Daha çox üslubçuları oxumağa çalışıram. Söz ardıcıllığı barədə, sözün şəbəkəsi baradə fikirləşən yazarlar mənim üçün vacibdir. Belələri çox azdır. Özü də 500-1000 tirajla çap olunurlar. Amma sabahkı ədəbiyyatın özülünü məhz onlar qoyurlar.

- Bəs bu cürə seçimdə klassik ədəbiyyat kənarda qalmır?

- Bilirsən, klassik ədəbiyyatı tərifləmək çox asandır, əsas məsələ sabahın klassikləri olacaq müəllifləri bu gün tapıb oxumaqdır. Məsəlçün, son dövrlər Nobel alan bir çox müəllifin, Odenin, Tomas Tranströmerin adı ilk dəfə Brodskinin yazılarında qarşıma çıxıb. Buna görə də seçim belə də ola bilər: sevdiyin bir yazarın oxuduğu və daim ustad kimi adını çəkdiyi müəllifləri seçib oxuyasan.
İosif Brodski
İosif Brodski

- Deməli sənin ən çox sevdiyin yazar Brodskidir?

- Bəli, mənim magistr işim Brodski ilə bağlıydı, Azərbaycanda ilk dəfə onun haqqında monoqrafiyanı mən yazmışam. Əvvəllər o mənim üçün çox vacib bir fiqur idi, indi də vacibdir, amma o qədər də yox. Bir ara onu çox sevirdim, sonra çox nifrət etdim, indi isə ona neytral qalmağa çalışıram. Təbii ki, o, dahi şairdir, amma onun üslubu indi iflasa uğrayıb, çünki rusca yazan müəlliflərdən hər 3-4 nəfərdən biri Brodski üslubunda yazır. Keçən əsrdə də belə bir şey Puşkinlə baş vermişdi. Puşkin yeni stil gətirmişdi, əvvəl heç kim onu anlamadı, sonra hamı onu sevdi və bütün simvolistlər Puşkin üslubunda, Puşkin dilində yazmağa başladı. Puşkin də, Brodski də çox “copy-paste edildiyi” üçün iflasa uğradılar.

- Bəs indi kimləri rusca yazan vacib imzalar hesab edirsən?

- Şamşad Abdullayev, Arkadi Draqomoşenko, Aleksandr Qoldşteyn, Aleksandr Skidan, Barzax, Parşikov, Gennadi Ayqi. Burda qəribə bir qanunauyğunluq var, bütün bu sadaladığım adamlar miliyyətcə rus deyil, Draqomoşenko ukraindir, Şamşad Abdullayev özbəkdir, Qoldşteyn yəhudidir, Ayqi çuvaşdır. Bəlkə də rus dilinin indiki zənginliyi bununla bağlıdır. Başqa xalqların təmsilçiləri bu dili öz prizması altında sındırır. Bu postkoloniyalizm adlı maraqlı bir prosesdir. İmperiyalar süquta uğrayır, dili qalır, fərdlər onu mənimsəyir və ədəbi əsər yazıb bir növ imperiyanın vurduğu zərbəni geriyə qaytarır. Bu günki kosmopolitik dünya üçün bu çox normal hadisədir ki, azərbaycanlı olasan, rusca yazasan və Amerikada yaşayasan.

- Deməli, indi keçmiş imperiya dillərində yazılan əsərlər bir növ başqa millətlərin bu dillərə calağıdır?

- Ümumiyyətlə, orijinal heç nə yoxdur, indi calaq dövrüdür, yeni məhz köhnənin calağından ibarətdir. Mən öz şeirlərimi oxuduğum və mənə təsir göstərmiş müəlliflərin calağı hesab edirəm.

- Bəs bizim ədəbiyyata necə yanaşırsan, o nəyin calağıdır?

- Bax gəl aşıq poeziyasını götürək, o da iflasa uğrayıb, hamı qoşma-gəraylı yazır. Bu forma yüzilliklər boyu o qədər işlənib ki, artıq balaca uşaqlar da oturub yeddiliklər, ondördlüklər yaza bilir. Sanki bizim ənənəvi şeirimiz özü-özünü yazır, orda müəllif görünmür, çünki bütün nümunələr bir-birinin təkrarıdır. Həmçinin meyxana da belədir, o əvvəl çox maraqlıydı, amma qısa vaxtda böyük bir kütlənin meyxana ilə məşğul olması onu tükəndirdi. Problem ordadır ki, bizdə ədəbiyyatın stilistləri, texnoloqları yoxdur. Heç olmasa müasir dünya ədəbiyyatı ilə calaqlar etmiş müəlliflər yoxdur.
Nicat Məmmədov
Nicat Məmmədov

- Nicat, səni kitablarla çox bağlı olan birisi kimi tanıyıram. Borxes deyir ki, kitab oxumaq ən asan başa gələn xoşbəxtlik növüdür. Yəqin elə buna görə də biz tez-tez kitablara bağlı adamlar görürük.

- Mən rejissor Jan Lyuk Qodardan sitat gətirmək istəyirəm. O deyirdi ki, ən ideal kadr kitab oxuyan insanın göstərildiyi kadrdır. Tez-tez xaricdən kitablar sifariş verirəm. Bilirsən, mənim xaricdə oxumaq imkanlarım olmayıb, amma kitablar vasitəsilə bütün dünyanı öz evimə toplaya bilirəm. Kitablar vasitəsilə Coysdan, Prustdan tutmuş, Yurqen Volfa qədər istədiyim yazıçı ilə söhbət edə bilərəm. Axı mənim yazı üslubumda kollaj böyük yer tutur, bu elə yazıçı dostlarını bir masa arxasına yığıb çay içmək kimi bir şeydir. Bu tənhalıqla bağlı bir şeydir.

- Tənhalıq demişkən, tanıdığımız xeyli yazar var ki, sırf kitablara və yazıya sevgisindən aseksual həyat tərzini seçib. Kitabın belə bir zərəri yoxdurmu insana?

- Əslində yaradıcılıq seksual enerjinin sublimasiyasıdır. Bu cavab artıq verilib və mən ancaq Freydin, Erix Frommun fikirlərini təkrar edə bilərəm ki, “Qədim insan seksual enerjisini yaradıcı məcraya yönəltməsəydi onda heç sivilizasiya ortaya çıxmazdı”. Çox qəribədir ki, insanın seksual enerjinin sublimasiyası vasitəsi ilə yaratdıqları özündən yüzlərcə il çox yaşaya bilir. Buna görə də kitab insanın əbədiliyinə xidmət edir. Bizim əslində iki qorxumuz var: biri ölüm, o biri tənhalıqdır. Kitab yazmaqla biz hər iki qorxudan yaxamızı qurtarmış oluruq. Malarmenin bir deyimi var: “Bütün dünya kitaba düşmək üçün mövcuddur”. Malarmedən əvvəl də buna bənzər bir ideya Islamda vardı, “Lövhül Məhfuz” ideyası. Bu bir növ səmada mövcud olan bütün informasiyaların toplandığı bir kitabdır.

- Rusiyadan bizim ədəbiyyat necə görünür?

- Mən 2005-ci ilədək rus dərgilərini izləyirdim. Tənqidçilər yazırdılar ki, Sovet hakimiyyəti dağıldıqdan sonra biz Gürcüstan, Ermənistan ədəbiyyatında nələr baş verdiyini bilirik, amma Azərbaycan, Türkmənistan, Qırğızıstan və.s ədəbiyyatlarından xəbərimiz yoxdur. Rusiya dərgilərində ilk dəfə Rasim Qaracanın, Həmid Herisçinin, Nərmin Kamalın, Səlim Babullaoğlunun, Aqşinin şeirlərini mən tərcümə edib təqdim etmişəm. Həmişə bunu bir növ öz missiyam kimi görmüşəm. Tərcümələrim “Drujba narodov”, “Arion” dərgilərində çıxdı. O boşluq qismən də olsa doldu. Ondan sonra ruslar gördülər ki, Azərbaycanda ədəbiyyat heç də geridə qalmayıb və burda müasir ədəbiyyat var. Hətta deyim ki, Azərbaycanın azərbaycandilli ədəbiyyatı rusdilli ədəbiyyatından qat-qat üstündür.

Əgər imkan olsa tərcümələrimi Antologiya şəklində çıxarmaq istərdim. Həm də ruscadan sevdiyim müəlliflərdən tərcümə edərək bir yerdə toplamaq arzum var.

- Azərbaycan ədəbiyyatının gələcəyini necə görürsən?

- Bilmirəm mənim işlərim yaxşı gedir, ya doğurdan da belədir, amma ölkədə mədəni dirçəliş hiss edirəm. Bu məni çox sevindirir. Heç də köçüb burdan getmək, ölkəni tərk etmək arzusu ilə yaşamıram. Bu ədəbiyyatımızın gələcəyinin yaxşı olacağı ümidini yaradır.

Söhbətləşdi: Namiq Hüseynli
XS
SM
MD
LG