Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Prezidentə məktub verməyin cəzası


Tamara Əliyeva
Tamara Əliyeva
-
«2006-cı ilin mart ayında prezident Şirvana gələndə yaxınlaşıb məktub verdim. 10 gün sonra icra hakimiyyətinin başçısı çağırıb dedi ki, Prezident Aparatından tapşırıq gəlib. Sizi yaşayış qeydiyyatına alacağıq, ev verəcəyik».

«MƏKTUB BAŞIMIZA BƏLA AÇDI»

Şirvandakı 5 saylı orta məktəbdə müəllimə işləyən Tamara Əliyeva «Qaynar xətt»ə danışır ki, 7 il əvvəl ölkə başçısına əlbəəl təqdim etdiyi şikayət məktubunun «cəzasını» hələ də çəkməkdədir. Onun dediyinə görə, rayonun icra hakimiyyətinin başçısı Mərdan Camalov şikayət məktubundakı problemləri həll etməkdənsə, bu ailənin güzəranını daha da iflic edib:

«Asma-bronxit xəstəliyindən əziyyət çəkdiyimə görə təqribən 15 il əvvəl həkimlərin məsləhəti ilə hündürmərtəbəli evdən həyət evinə köçməli idim. Binadakı evimizi satdıq, ancaq evi alan adam pulumuzu hissə-hissə ödədiyinə görə təzə ev ala bilmədik. Uzun müddət ailəlikcə kirayələrdə yaşamalı olduq. Rayonun icra hakimiyyətinə yazdığım çoxsaylı ərizələrin birinə də cavab ala bilməmişdim. 2006-cı ilin martında prezident Şirvana gələndə fürsət tapıb ona məktub verə bildim. Ancaq bu məktub başımıza bəla açdı».

«PROBLEMLƏRİ HƏLL ETMƏKDƏNSƏ, BİZİ SIXIŞDIRMAĞA BAŞLADI»

Tamara Əliyeva deyir ki, prezidentə verdiyi məktubda icra başçısından narazılıqlar da edib. Bir neçə gün sonra başçı onu yanına çağırıb:

«Dedi, tapşırıq var, sənə ev də veririk, qeydiyyata da salırıq. Ancaq bir izahat yaz ki, başçı ilə bağlı yazdıqlarımı geri götürürəm, əsəbi olduğuma görə nə yazdığımı bilməmişəm. Düşündüm ki, bizə ev lazım idi, onsuz da həllini tapır. Götürüb istədiyi izahatı yazdım. O gün – bu gün, başçının mənə münasibəti dəyişdi. Heç İcra Hakimiyyətinin binasına yaxın da düşə bilmədim. Nə vaxt getdimsə, dedilər səni ev növbəsinə yazmışıq, növbədə 131-cisən. Nə vaxt növbən çatsa, özümüz xəbər edəcəyik».

İKİNCİ MƏKTUBDAN 3 GÜN SONRA...

6 il keçir, ev növbəsinin yetişmədiyini görən Tamara Əliyeva bu dəfə prezidentə prezident.az saytı vasitəsilə şikayət yazır. Yazır ki, 7 il əvvəl verdiyiniz tapşırığı icra başçısı hələ də yerinə yetirməyib:

«Yazdım ki, cənab prezident, sizin tapşırığınızdan sonra başçı bizə ev yox, uşaq bağçasında şəraitsiz, tövləyə bənzəyən bir otaq verib. Bankdan 1500 manat borc götürüb tövləni otaq vəziyyətinə gətirmişik. Heç 3 gün keçmədi ki, başçı İcra Hakimiyyətinin yaşıllaşdırma idarəsində işləyən qızımı işdən çıxartdı, həyat yoldaşımı isə sahə rəisliyindən çıxarıb fəhləliyə keçirtdi. Özünə də tapşırdı ki, get, otur evdə, çölə çıxma. 3 aydır ki, həyat yoldaşım ev dustağı olub. Başçının qorxusundan evdən çıxmır».

Şirvan rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, Tamara Əliyeva və ailə üzvləri rayondakı yataqxanalardan birinə yaşayış qeydiyyatına götürülüb. Özlərinə isə uşaq bağçalarından birində sığınacaq verilib. Sığındıqları otağın təmir xərclərini də rayon icra hakimiyyəti çəkib. Tamara Əliyevaya növbədənkənar ev verilməsi barədə tapşırıq verilməyib. O, başqa evsizlər kimi ev növbəsindədir. Siyahıda da 131-cidir.

İcra hakimiyyətindən Tamara Əliyevanın həyat yoldaşını «evdə dustaq» etmələri barədə deyilənləri də yalanladılar. Bildirdilər ki, sahə rəisi kimi işinin öhdəsindən gəlmədiyindən fəhlə işinə keçirilib. Hər gün işə gedib gəlir, hər ay maaşını alır.
XS
SM
MD
LG