Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:24

Müsəlmanın nefti heç kimə lazım olmayanda...


Arxiv foto
Arxiv foto
-

Müsəlmanın nefti heç kimə lazım olmayanda... Bu, cənnəti elə bu dünyada yaşayan hər bir petroşeyxin ən dəhşətli yuxusudur.

Elə bir dəhşət ki, onu dilə gətirmək belə istəmirlər. Bir dəfə Shimon Peres Azərbaycan televiziyasına nadir müsahibəsində ərəblər barədə, «görək, neftləri qurtaranda nə edəcəklər» demişdi.

Lakin indi ərəblərin arasında ən varlılarından biri, sərvəti ilə öyünən Səudiyyə şahzadəsi Alwaleed bin Talal həyəcan təbili çalmağa başlayıb.

O bildirib ki, ABŞ-ın şist və ya gillik neft istehsalının artması Səudiyyə və neft istehsal edən ölkələrin - OPEC təşkilatının gələcəyi üçün böyük təhlükədir.

Alwaleed bin Talal-ın bu bəyanatı dünyanın bütün ciddi media qurumlarını dolaşıb.
O deyib ki, Səudiyyə Ərəbistanı və OPEC iqtisadiyyatını enerji ixracatının ağuşundan dartıb çıxarmasa, Amerikanın şist inqilabı dünya düzümünü kökündən dəyişəcək.

Alwaleed bin Talal
Alwaleed bin Talal
Səudiyyə investisiyasının lideri Alwaleed bin Talal bu qənaətdədir ki, Yaxın Şərqin biznes modeli inkişaf etmiş ölkələrin enerjiyə olan tələbatının azalmasına rəvac verib.

OPEC QORXUR, LAKİN NARAHAT DEYİL

Talal Səudiyyə Ərəbistanının neft naziri Ali al-Naimi-yə məktubunda yazır ki, tamamilə neft ixracına güvənmək ölkəni ciddi təhlükə qarşısında qoyub. Məlumat üçün deyək ki, Səudiyyənin builki büdcəsinin 92 faizini neft ixracından gələn gəlirlər təşkil edir.

Bununla belə, nə cənab al-Naimi, nə də OPEC narahatlıq keçirir.

Al-Naimi ötən ay bildirib ki, bundan əvvəl də yeni neft yataqlarının kəşfi elan edilib.

«Şimal dənizindən tutmuş Braziliyayadək neft tapılıb. Görəsən, bu şist nefti ətrafında hay-küy nə üçündür?» deyə, neft naziri sual edib.

OPEC etiraf edir ki, şist neftinin çıxarılması, elmi dildə deyilsə, «frekinq» onun dünya bazarındakı aparıcı roluna son qoya bilər.

Ancaq təşkilatın baş katibi Abdalla El Badri israr edir ki, şist nefti tükəndikdən sonra da OPEC bazarda olacaq.

O deyib ki, OPEC indi daha çox Avropadakı maliyyə böhranından və Çin bazarındakı çətinliklərdən narahatdır.

OPEC-in loqosu
OPEC-in loqosu
Lakin şahzadə Alwaleed bildirir ki, Avropanın zəngin ölkələrinin xam neftə ehtiyacı davamlı şəkildə azalır və səudiyyəlilər sürətlə artan büdcə xərclərini qarşılamaq üçün neft istehsalını gündə 12,5 milyon barreldən 15 milyon barrelə qaldıra bilməyəcəklər.

ABŞ DÜNYANIN ƏN BÖYÜK NEFTÇİSİ KİMİ

Ötən ay İtaliyanın neft və qaz nəhəngi «Eni»nin keçmiş başçısı Leonardo Maugeri-nin Harvard Universiteti tərəfindən açıqlanmış hesabatında deyilir ki, ABŞ-ın şist nefti istehsalı 2017-ci ilədək 3 dəfə artaraq, gündə 5 milyon barrelə çatacaq. Bu da Amerikanı yenidən dünyanın ən böyük neft istehsalçısına çevirəcək.

Ən böyük sual ABŞ təcrübəsindən Argentina, Britaniya, Polşa, Rusiya və Çinin nə dərəcədə faydalanacağıdır.

Çində su qıtlığı frekinqi son dərəcə çətin edir.

Fransa, Almaniya və bir sıra Avropa ölkələri şist nefti və qazının istehsalından hələlik ekoloji mülahizələrə görə aralı dururlar, lakin təcrübə uğurlu olarsa, onlar da fikirlərini dəyişə bilərlər.

Əgər şist nefti gözlənildiyi kimi bu xammalın qiymətini aşağı saxlaya bilsə, bu, hökumət xərclərini neft gəlirləri hesabına ödəyən OPEC ölkələri üçün ölümcül təhlükə olacaq.

Bu ölkələrin büdcə xərcləri son onillikdə iki dəfə artıb.

İndi bu rəqəm İranda 140 milyon, Bəhreyndə 115 milyon, İraqda 100 milyon, Səudiyyə Ərəbistanında 80 milyon, Rusiyada 100 milyon və hətta firavan dolanan Birləşmiş Ərəb Əmirliklərində 75 milyon dollardır.

RAHAT VƏ FİRAVAN DUBAYIN TİKİNTİSİ ÇÖKÜR

David Beckham
David Beckham
Britaniya mətbuatı xəbər verir ki, «Dubayın pulu quruyur». Amma bunun hay-küyə çevrilməməsi üçün ölkə rəsmiləri dünya məşhurları sayılan investorların batmaqda olan sərmayəsini dərhal onlara qaytarılıb.

Səhmdarlar sırasında Dubaydakı tikinti biznesinə sərmayə qoymuş İngiltərə futbolçusu David Beckham da var.

Mətbuat xəbər verir ki, Dubay özünün bir çox tikinti layihələrini dayandıraraq, Hollivud ulduzu Brad Pitt və futbolçu David James kimi məşhur səhmdarlara olan borclarını da qaytaracaq.

İnvestorların arasında İngiltərə futbolunun bütöv bir pleyadası var: Michael Owen, Joe Cole, Andy ColeKieron Dyer.

WAM dövlət xəbər agentliyi bildirib ki, Dubayın rəhbəri Sheikh Mohammed bin Rashid Al Maktoum ölkənin tikinti sənayesinin iflasının səbəblərini araşdırmaq üçün xüsusi komitə yaradıb. Dubayın tikinti sənayesi əvvəllər böyük gəlirlər vəd etsə də, indi böyük itkilər gətirir.

Bir çox inşaat firmaları tikinti layihələrindən çıxırlar. Səbəb odur ki, son vaxtlar mülk qiymətləri yarıbayarı aşağı düşüb və müştərilər pulunu ödədikləri mülkləri ala bilməyiblər.

Dünyanın yeddi qitəsini ehtiva etməli olan və adalardan ibarət Dubai World 4 ildir ki, tikinti halında qalıb.

İKİ İL ƏRZİNDƏ DUBAYDA 200 TİKİNTİ DAYANDIRILIB

Dubay
Dubay
Dubayın Dövlət Mülkiyyət İdarəsi bildirib ki, 2009 və 2011-ci illər arasında ölkədə 200 tikinti ləğv edilib.

İdarə bildirir ki, yaradılacaq komitə əsasən ləğv olunmuş tikintilərdə mülkiyyət payı olanların məhkəmə iddiaları ilə məşğul olacaq.

Bu komitə həmçinin inşaat firmalarının xərci hesabına audit üçün beynəlxalq ekspertlər dəvət edəcək.

Audit tikinti sənayesində mümkün yeyinti hallarını araşdırmalıdır.

Ancaq auditin Dubai World kimi dəbdəbəli layihəyə aid olmayacağı bildirilir, çünki onun tikintisi ləğv edilməyib, sadəcə dayandırılıb. Necə deyərlər, qeyrət məsələsidir.
XS
SM
MD
LG