Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:48

Zakir Sadatlı "İraq olsun" (Əsərdən parça)


Zakir Sadatlı
Zakir Sadatlı
-

Zakir Sadatlı



İ R A Q O L S U N

(Sənədli povest)


...İşıq Gələcəkdən sonra gələcək !
Şivlə.

...Bəşər özünü tapmaq üçün üzü Şərqə tərəf getməlidir !
F i r y e
İngilis səyyahı.



Böyük səfərlər zamanı insanın yaddaşında hansısa bir söz ilişib qalır. Sonra, lap sonra anlayırsan ki, bu səfərin xəlvət qapılarını açmaq üçün eşitdiyin o qəfil ifadə sanki bir açar imiş.
Bütün səyahət boyu beynimdə vurnuxan o kəlməni Bakıda təsadüfən qarşılaşdığım köhnə tanışlarımdan biri demişdi. Özü də qadına xas olan bir səbirsizliklə.
...- Sabah İraqa gedirəm, - dedim.
- Bıy... iraq olsun!- dedi.
Təəssüflə təəccüb arasında yanıb-sönən bu ifadənin ifadə elədiyi narahatlığın səbəblərini təbii ki, mən özüm də çox yaxşı anlayırdım. Amma Bağdadı gördüyüm an həmin köntöy narahatçılığın mahiyyətini qəfildən duymağa başladım.
Bu söhbəti saxlamaq istəyirəm bir az sonraya. Çünki səfər, səyahət elə bir şeydir ki, onun haqqında nə qədər danışsan da, yenə də “bir az sonra”ya nəsə qalır.

Beşinci qütb

Sadat yurdu... Xırman yeri... Bütün kənd əhli buraya toplaşıb... Rəngbərəng kələğayılarla bəzədilmiş “Ələm ağacı”nı Mirağa ağadan alan Əliyusif meydanda gəşt eləyir... Bəzən aramla, ləngər vura-vura, bəzən də böyük coşqu ilə sağa-sola şığıyan “Ələm” insan seli içində gah batır, gah da qəfildən üzə çıxır.
Rövzəxan Həsənqulu kişi nalə çəkir...
Qadınlar - qızlar ağlaşır ...
Kişilər sinə vurur...
Uşaqlar bu “şaxsey-vaxsey” səhnəsinin içində ətrafındakıları sidq - ürəkdən yamsılayır, öz şəbihlərini çıxarırlar.
Bu misteriyanın çərxini bircə cümlə hərəkətə gətirir elə bil. ”Kərbəlaya gəldi çün peyğəmbər Aşurə günü...”, “Gəl sən, ey bəşər – Kərbəlayəcən...”, “İmam-Şəhid...”
Birazdan Qətl sınacaq... Fələyin çərxi dayanacaq... Şami–qəriban gecəsi bizim kəndin adamları evdə çıraqları söndürəcəklər. Mənim uşaq gözlərimə elə görünəcək ki, Tanrı göydəki ulduzları da söndürüb.
Və bundan o tərəfə Məhərrəm ayı bizim Novruza qədər sürən qışımız olacaq, qırışığımız açılmayacaq...
Ələm ağacı- dünyanın beşinci qütbünü göstərən kompas kimi bütün saf və təmiz duyğularımızı üzü Kərbəlaya tərəf tuşlayacaq...
Bütün bu toxumlar hər bir uşağın yaddaşının münbit yerlərinə səpiləcək.
Tabaşir qoxulu sinif otaqlarımızın divarlarına vurulmuş “Dünyanın atlası” da, coğrafiya müəlliminin çubuğu da və həyatın bir çox maddi cizgiləri də ruhumuza əkilən bu toxumları kökündən çıxarıb ata bilməyəcək.
Heç vaxt!!!
Fitrən o vaxtdan bilirdim ki, Kərbəlanın olduğu ölkə səyahət yeri deyil, ziyarət yeridi.


Boynubükük təyyarə . . .

İstanbul hava limanından dünyanın dörd bir tərəfinə səfər edən insanların üzlərindəki ifadə adama heç nə demir. Eyzən əlifbasını bilmədiyin kitabın nöqtə və vergülü kimi... Nə bilim,vallah, bəlkə də yanılıram. Axı hər şey göründüyü qədər sadə olmur. Elektron tabloda sönüb-yanan, görünüb–itən ölkə adları kimi adamlar, onların üzündəki ifadələr də tez-tez dəyişir...
Gecə yarıdan keçib... Hava limanının xidməti heyəti ucsuz-bucaqsız gözləmə salonlarında yır-yığış eləyir. Birdən mənə elə gəlir ki, biz ətrafda gözə dəyən təkəm-seyrək adamlarla birgə unudulmuşuq, xidməti paltardakı adamlar üçün heç nə ifadə eləmirik. Hava limanının gözləmə salonlarına quraşdırılmış bahalı kafelərdən nə qəhvə qoxusu gəlir, nə də manikenə bənzəyən satıcı qızların, oğlanların ətirsiz təbəssümləri gözə dəyir.
Gecə yarıdan keçib...
Gənc operator –yol yoldaşım Elxan Axundovun üzündə qos-qoca bir yorğunluq var. O yorğunluq, o mürgü, o əsnəmələr mənə düzü-dünya kimi tanışdır. Nabələdliyin, yorğunluğun, naməlumluğun qarşısındakı qısaqapanmadı bu.
...”İstanbul-Bağdad“ reysinə minik başlayır. Yoxlama zolaqlarını keçə-keçə, şablon sualları cavablandıra-cavablandıra istər-istəməz bizimlə yol yoldaşı olacaq insanların sifətləri gözümə dəyir. Qəribə bir məzlumluq, kasıblıq və çarəsizlik hökm sürür bu mühitdə... Əgər zənnim məni aldatmırsa, bizi Bağdada aparacaq təyyarənin özü də yaraşıqlı “Boinq”lərin əhatəsində solğun rəngi, sınıq-salxaq duruşu, boynubükük görkəmi ilə fərqlənirdi.



Toz . . . Qadağalar . . . Kilid . . .

Bağdadın hava limanından şəhər mərkəzinə qədər taksi sürətilə ən azı bir saatlıq yoldu. Bunu da biz sonra biləcəyik. Yəni yazının bu yerində bir “sonra” işarəsi qoyub, bir az əvvələ qayıdaq.
...Sübhün ilk işartılarında Bağdad aeroportunda yerə enirik. Ətrafda gözə dəyən hər nə varsa, hamısı toz rəngindədir, uçuş zolaqları da, təyyarələr də, hava limanının binası da, ağaclar da... hər şey qeyri-gerçəkdir, yad yerdə gördüyün yuxunun fraqmentlərinə bənzəyir. Tozlu havada günəşin şüaları sanki dəlmə-deşik qala divarları arasından süzülüb keçir. Elə bil bu bozluğa bir həyat nişanəsi vermək istəyir.
Bağdad aeroportunda adamları heç kim qarşılamır. Müharibə şəraitində , fövqəladə vəziyyətdə, daim terror səksəkəsi içərisində olan İraqın belə strateji nöqtələri ciddi mühafizə olunur. Hava limanının xidməti personalından, hərbi və mülki mühafizəçilərindən, uçuşu təmin edən əməkdaşlarından ,habelə ,sərnişinləri daşıyacaq bir neçə marşurut taksi və xüsusi icazəli minik avtomobillərindən başqa əraziyə ins-cins buraxılmır.
Deməli, bu gün İraqın atributlarından biri də “qadağalar ölkəsi” olmağıdır. Ölkəyə səhra küləyi kimi gələn belə xaos və qarmaqarışıqlıqlar sanki bütün məmləkəti kilidləyib. Belə reallığın hətta poetik ifadəsi də acıdır:

Daha əsməz bahar yeli,
Küləklər yarıda qaldı.
Bütün bağçalar kilidli -
Açarlar Tanrıda qaldı.

Bağrıma basdığım Səs . . .
Dünya başını itirib. Nə qadağaları eyni adlıdır, nə də azadlıqları bir-birinə oxşayır.
İstanbul hava limanının qadağaları bizə düz 12 saat “siqara içməyə” macal vermədi. Bağdad aeroportunda siqaret çəkmək azadlığını polisin bizə uzatdığı alışqan təsdiqlədi.
... Yol çantalarımızı və çəkiliş ləvazimatlarını sürüyə-sürüyə sərnişinlərin axarını tutub “Çıxış qapısı”na yol alırıq.
Və çölə çıxan kimi 60 dərəcə istinin buğanağı bizi qamarlayır. Beləcə, gözləri qıyıq, üz-gözünü turşutmuş biz müsafirləri, üzündəki mis rəngli təbəssümlə bir taksi sürücüsü qarşılayır. Ərəb və ingilis dilində bizimlə sövdələşməyə çalışsa da, əvvəl ümiddən, sonra hövsələdən çıxır. Deyəsən, lal dili köməyimizə çatır...
Bağdadda yaşayan türkmən şairi, professor və ictimai xadim Mehmet Ömər Qazançının telefon nömrəsi yazılmış vərəqi sürücüyə uzadıram. Sürücü bu labirintdən çıxış yolunu tapdığı üçün sevincək öz telefonu ilə Mehmet bəyə zəng vurur.
Bir neçə kəlmə danışıb, mobil telefonu mənə uzadır. Nabələdliyin və narahatlığın labirintlərində azdığım məqamda eşitdiyim bu doğma və məhrəm səsdən dirçəlirəm. Birdən mənə elə gəlir ki, bundan o tərəfə gedəcəyimiz yerlər, görüşəcəyimiz mənzərələr və hadisələr elə bu Səsdən yoğrulub- Mehmet Ömər Qazançının səsindən! Görünür səs doğma olanda, onu qucaqlayıb bağrına basa bilərsən. Elə mən də bu Səsə sarıldım.



Toz və dil

Fərqli dillər bir-biri ilə görüşəndə ortaya üçüncü mücərrəd bir dil çıxır. O dildə adamların, şəhərlərin, küçələrin adını söyləmək olar, hətta vaxtı və günü də təyin etmək mümkündür. Biz də o mücərrəd “dil”ə elə bil bədahətən yiyələndik. Öyrəndik ki, müharibə erasını yaşayan, tozlu-torpaqlı, sınıq-salxaq, amma özünü “şax tutan” taksi sürücüsünün adı Nasirdir.
Nasirlə yol boyu əl işarələri ilə havada qəribə heroqliflər cıza-cıza “şirin –şirin söhbət” eləyirik. Sözarası o, barmağını maqnitafona tuşlayıb qəribə səslər çıxarır: ”Ləhlü-lü-lü-ləh-lü...” Və biz də kamali-ədəblə anlayırıq ki, söhbət musiqidən gedir. O bizdən musiqiyə qulaq asmaq istəyib-istəmədiyimizi soruşur. Belə məqamda ciddi və ya yüngül təranə haqqında düşünməyə dəyməz...
...Sonra siqaret dəyiş-düyüşünə başlayırıq...
...Sonra əməlli-başlı “diskussiya“ aparırıq. Əl-ayaq, baş-göz, dünyanın “bütün əlifbaları və dilləri”- hər şey xaotik şəkildə bir-birinə qarışıb...
...Sonra “söhbət”ə bir az ara veririk...
Taksinin toz basmış şüşələrindən Bağdadın kirli mənzərələrinə tamaşa eləyirəm. Qədim müharibə tanrılarının bütü kimi yol uzunu sıralanmış, başında tikanlı məftilləri bir-birinə sarmaşan beton divarlar məkanı dilim-dilim doğrayıb bölür. Sağı-solu betonla çəpərlənmiş, sədd çəkilmiş yol boyu adama elə gəlir ki, həbsxana divarları arasındadır. Azadlığın və ixtiyarın əlçatmaz yerlərdədir.
(Sonradan bu əhvalatı qızıma danışanda, o mənə xatırladır ki, dünyada siyasi və hərbi səbəblər ucbatından muasir tariximizdə mövcud olan 3 “böyük” divardan biri də məhz bu divarlardır. Demokratiyanın beşiyi sayılan Avropada iki Almaniya arasındakı beton divar, İngiltərədəki katoliklər və protestantları və İraqda şiələri və sünniləri bir-birindən “qoruyan” divarlar... Biri ömrünü tarixə tapşırsa da, ikisi hələ də sağ-salamatdır.)
Və bu gördüklərimiz bizim Nasirlə və həm də Dünyanın İraqla danışdığı mücərrəd “dil”in eynidir. Hələ binaları, yolları, ağacları (və bəlkə də adamları) örtən toz da səssiz-səmirsiz gəlib, bu Məmləkəti zəbt eləyib, hər şeyi öz nəzarətinə alıb, hökm etmədən idarə edir.
Müharibə isə hamımızın gözləri qarşısında, hay-küylə, pafosu və zirehilə, kin və hiddətilə dolub İraqın qoyun-qoltuğuna...
Müharibə şələ-şüləsini yığışdırıb çıxıb gedəcək - hirsi- hikkəsi soyuyandan sonra...
Amma Toz qalacaq. Gedəcək və yenə də Dönəcək.
Müharibənin - taxt-tacı aşkardır.
Tozun hakimiyyəti xəlvətdir.
Zahirdə qurduğumuz bütün qüdrət əlamətləri, özünə sığışa bilməyən İmperiyalar kimi süquta uğrayacaq. Və Toz, yenə də Toz onların üstündə hökmranlıq edəcək. Ağlımızın ən yüksək həddi olan kitablarımızın, əzəmətin və qüdrətin nişanəsi olan qəsrlərimizin üstünə toz dumanı çökəcək.
Bəşər gör nə qədər sadəlövhdü ki, bu müharibədə Toza məğlub olduğunu boynuna almaq istəmir.
Xəlvət gələn sevgilərin həqiqi mənasını Allah insana açmadığı kimi, görünür, tozun da hikmətini heç vaxt bizə deməyəcək...

* * *

Maşınımız qarşıda gedən hərbi kalonu haxlayır. Nasir sürəti azaldır. Az sonra yolun hər iki istiqamətində tıxac yaranır. Sonradan biləcəyik ki, Amerikalı hərbiçilər küçəyə çıxanda yollarda hərəkət dayanır. Onların kalonunu ötüb-keçmək yazılmamış qanunlara görə yasaqdır. Arabir ”cızıqdan çıxanlar”ın da elə yerindəcə dərsini verirlər. Amma bu hansı zavallınınsa ömür məktəbində sonuncu dərsi olur: Al gəldi!!!
Hələ sonra İraqda olduğumuz günlərdə, ölkənin hər yerində insanların “öz xilaskarları”nı görən kimi qaçıb-gizləndiyinin, xəta-bəladan qorunmaq üçün daşın-divarın dibinə qısıldığının tez-tez şahidi olacağıq.
Hərbi kalonla rastlaşan adamlar sanki öz əcəlləri ilə qabaq-qənşər gəlirlər. Zirehli kalon və maskalı hərbçilər uzaqlaşana kimi onlar sözün həqiqi mənasında bir neçə dəfə ölüb-dirilirlər. Olmadı elə, oldu belə. Birdən “Sülhməramlı qardaş” öz naqanını sınamaq istədi. Onda bəs nə olsun? Onsuz da onun gözündə bu yerli adamlar İraq adlı vitrində dayanan manikenlərdir-talesiz, ruhsuz və cansız...

... 55-60 dərəcə istinin yanıb-yandırdığı asfalt şossenin üstündə, yolsuz-yolağasız tıxacda, şüşələri də bəxti kimi kilidlənib, açılıb-bağlanmayan köhnə taksinin içində gerçəklik adama göz dağı çəkir.
İçimi dəli bir qəzəb silkələyir: “Dur, çıx bu maşından, kəs bu kalonun və hərbiçilərin qarşısını- deyir -Onlara de ki, ay zavallılar, hələ elədiyiniz günahların fərqində deyilsiniz. Sizin indi oynadığınız tamaşanı 25 il əvvəl mən özüm də Əfqanıstan adlı səhnədə oynamışam. O ayağı yalın, başı çalmalı çarəsiz adamların gözləri qarşısında. Zavallı bəşər üçün mənim o vaxtkı “zəfərimin”, sizin indiki ”qələbənizin” heç bir quruş da dəyəri yoxdu. İblis qarışdırmağı, insan barışdırmağı ilə yazacaq öz tarixini...”




“Ölüm üçbucağı” - Musəlləs- əl- movt . . .

“Bağdad-Hillə” magistralından sağa bir yol ayrılır. Həsua adlı yaşayış məskənindən keçib üzü Kərbəlaya tərəf uzanır. Amma biz sonra biləcəyik ki, Həsua - ərəb dilində “Daşlıq” deməkdir. Həsuada başımız daşdan-daşa dəyəcək, sanki bu yer özü də bilə-bilə daş kimi üzümüzə dirənəcək ki, onun əsl adını öyrənək və yadda saxlayaq, heç vaxt unutmayaq. İraqın bütöv mahiyyəti məhz Həsuanın ikinci - həm də gizli adıyla şifrələnib: “Musəlləs-əl movt” – yəni “Ölüm üçbucağı!..”
...Birinci xətadan sovuşandan sonra bələdçimiz də söhbətin axarını dəyişmişdi. Yol uzunu Məhəmməd bəy dönə-dönə bizə tövsiyələr verir, hərəkət qaydalarını başa salır, məmləkətdə baş alıb gedən xaos və qarmaqarışıqlıqdan danışırdı:
- İraqın zayı çıxıb, ehtiyatlı olun, heç nəyin dəyəri qalmayıb, insanlar az qala bir-birinin ətini yeyir. Burda daha çox əcnəbiləri quş kimi dənləyirlər. Girov götürürlər, oğurlayırlar, öldürürlər... Sonra ya ölüsünü, ya da dirisini pulla satırlar. Allah peşimançılıq göstərməsin. Sizi sağ-salamat Kərbəlaya aparıb gətirim, elə bilərəm, çiynimdən ağır bir yük salmışam. O Füzuli var ha, yazığın həmişə başı bəlalı olub, axırda da Kərbəlada – müsibət yerində bərqərar oldu. Qəbrinə də zülm elədilər...
Məhəmməd Bayat söhbətinə ara verdi.
Yaman istiydi. Maşının içi isti kürəni xatırladırdı. Hillə ilə Kərbəlanın yol ayrıcında Məhəmməd bəy maşını saxlatdırdı. Ərəbcə sürücüyə nəsə dedi. Hər ikisi maşından enib, aralıdakı kiçik yolüstü bazara tərəf üz tutdular. Birdən Məhəmməd bəy nəsə fikirləşib geri qayıtdı.
- Oturun, heç yerə tərpənməyin, su alıb gəlirik – dedi.
... Ətrafda, gün işığının bağrına basdığı məhəllələrin və gilmöhr evlərin bir qeyri-adi cazibəsi vardı. Buranın ruhuna çökən arxayınlıq, hasar dibində oynayan uşaqların asudəlik təlqin edən hənirtiləri uzaqdan-uzağa bizə də sirayət eləyirdi.
Heç ağlımıza gəlməzdi ki, “Musəlləs-əl-movt”un – yəni “Ölüm üçbucağı”nın qurduğu bir tələdi bu...
Dünyanın bu qocaman gözəlliyini öz tələsinə qoyub, peşəkar ovçular kimi bizə öz səsimizlə “dil” verir... Kim buna aldanmayıb? Kimin ayağı arxayınlığın qurduğu tora düşməyib?..
Əvvəlcə, mən özüm düşdüm maşından - ənginliyi bir az da aydın gördüm... bu məni daha da şirnikləşdirdi. Sən demə, bu mənzərələr operatorumuzun saqqızını məndən qabaq oğurlayıbmış, o da bir himə bəndmiş kimi kameranı götürüb maşından endi. Tez-tələsik qarşıdakı məhəllənin dərinliyinə tərəf cumduq.
Elxan acgözlüklə gözə dəyən mənzərələri lentə köçürürdü. Mən də diqqətimi çəkən kadrları ona işarə ilə göstərirdim. Bu, iki qoca alimin tozlu kitab rəfləri arasından əlyazmalar tapıb üzə çıxarmağına, heyrətlə onu vərəq-vərəq çevirməyinə oxşayırdı. Bir az da bağbanın gözündən oğurlanıb, bağa girən uşaqların acgözlüyü, tələsə-tələsə əlinə keçənləri qoyun-qoltuğuna doldurmağına bənzəyirdi bu. Ətrafdakı mənzərələri kameramız gözünə təpirdi. Təsvirlərin biri o birindən maraqlı görünürdü. Bəlkə də varlığın rəngarəng şəkildə təzahür etməyi gerçəklikdən, reallıqdan qat-qat cazibədar idi.
Mən tez-tez maşınımız dayanan yerə göz gəzdirirdim ki, görüm Məhəmməd bəy qayıdıb, ya yox... Yubanıb ləngiməyək ki, hələ xeyli uzaq yol getməliyik.
Ətrafımızda yavaş-yavaş gilmöhr evlərin həyətindən, dolanbac məhlələrin tinlərindən çıxan başı əmmaməli, əyni əbalı adamlar peyda olurdu. Çəkiliş hayındaydıq, belə şeylərə fikir vermirdik. Mən özüm onların ətrafımızdakı mənzərələrin bir parçası olduğunu düşünürdüm.
Qəflətən maşınımızın yanında dayanıb, əlinin işarəsiylə bizi geriyə səsləyən Məhəmməd bəy gözümə dəydi. O, bir əlilə dizini döyüb, o biri əlilə səssizcə bizə “Qayıdın!” işarəsi verirdi. Mən də uzaqdan-uzağa əlimi havaya qaldırıb, barmaqlarımı açdım: Yəni “beşcə dəqiqə möhlət ver, işimizi yekunlaşdırıb gəlirik!..”
Hər şey öz axarı ilə gedirdi. Ətrafımızda xısın-xısın pıçıldaşan adamların nə hərəkəti, nə səsi, nə də baxışları şübhəli bir şey demirdi. Əgər o var idisə də, bizim diqqətimizdən kənarda qalmışdı.
Çəkiliş bitdi. Kameranı yığışdırıb, bayaqdan bizi müşahidə edən adamlara ədəb-ərkanla əlimizin işarəsiylə “sağ olun!” deyib getmək istədik. Elə bu anda ətrafımızdakı adamlar sıxlaşıb dövrəmizdə canlı hasara çevrildilər. Biz qəfəsə düşdük. İlk dəfə baxışlarım əbaların altından ucu azacıq çıxmış Kalaşnikov avtomatına sataşdı.
Hər şey aydın idi! Arabir kameramızı almaq üçün uzanan əllər, adamların bizi sıxışdırıb naməlum istiqamətə aparmaq istəyi, anlamadığımız dildə gedən qarışıq söhbətlər də çıxılmaz vəziyyətə düşdüyümüzdən xəbər verirdi.
Tələ qapanmışdı, biz artıq girov idik. Təcrübəm mənə deyirdi ki, özümüzdən qat-qat güclü, silahlı, sayca çox, öz torpağında, öz qapısında ölüm-dirim oyunu oynayan bu adamlarla soyuqqanlı şəkildə davranıb dil tapmaq lazımdır. Amma necə? O dil ki, biz bilmirik... O ərazi ki nabələdik...
Bu dar macalda gözlərim Məhəmməd bəyi axtardı. Seldə-suda boğulan adamı bir ağacın budağı necə xilas edə bilərdi və ya bilməzdi – bu başqa söhbətdi, əsas budağa çatıb ondan tutmaq idi... (O “budaq” da bizimlə birgə özünü selə qərq elədi).
“Hasar adamlar”ın arasındakı boşluqdan gördüm ki, Məhəmməd bəy təngənəfəs bizə çathaçatdadı... Bu peşəkar insan ovçuları onu görən kimi daha da kükrəyib coşdular. Hərəsi bir tərəfdən onu didib-didişdirir, danışmağa belə macal vermirdilər.
Anaş toyuq öz cücələrini canfəşanlıqla çalağanın caynağından qoparmaq istədiyi kimi, Məhəmməd bəy Elxanla məni bu qarğa-quzğunların cəngindən alıb, qanadı altında gizlətmək istəyirdi.
Beləcə, süpürləşə-süpürləşə Məhəmməd bəy onlarla hansısa razılığa gələ bilmirdi. Onlar heç nəyi nəzərə almırdılar. Danışa-danışa, didişə-didişə, addım-addım dartına-dartına öz maşınımızın yanına gəlib çatdıq. Onlar bizdən əl çəkənə oxşamırdılar. Nəzarətçi qismində silahlılardan biri bizim maşında böyrümüzdə əyləşdi. Silahlıların əyləşdiyi qabaqdakı maşının arxasınca sürməyi əmr etdi. Arxamızca gələn silahlıların maşını bizi daban-dabana izləməyə başladı. Uzun-uzadı yol gedib, xurma meşəliyinə dönən yola burulduq. Hərdən günahkar baxışlarla bələdçimizə tərəf baxırdım. Ağsaçlı, orta yaşlı Məhəmməd bəyin hansı hisslər keçirdiyini bilmək istəyirdim. Bizim səhlənkarlığımız hamımızı nəhayətsiz bir uçurumun başına gətirib çıxarmışdı. Qarşıda bizi nə gözləyirdi, bu, müəmma idi...
Hərdən beynimin dərinliyindən bir qürur və qəzəb hissi qışqırırdı ki, böyrümüzdə oturan “nəzarətçi”ni tərk-silah edim. “Bəs sonra?..” düşünürdüm. Sözsüz ki, qarşıdakı və arxadakı maşında oturan silahlılar bizi salamat qoymayacaqdılar.
İkinci səhv daha amansız ola bilərdi.
Bəzən adamı ən çox dünyanın təzadları sarsıdır. Biz bu məmləkətdən nə istəyirdik? Onun ağrılarına şərik olmaq, kasıb komamızdan heç olmasa xırda bir dərman çıxarıb məlhəm kimi yaralarının üstünə qoymaq, İraqın dərdlərindən danışmaq... Bütün bunlar saf, xoş niyyətdi. Amma o yer ki, artıq çirkaba bulaşıb, səfalətə yuvarlanıb, orada ən müqəddəs niyyət belə bir anın içində yamanlığa çevrilər, adamı fəlakətin girdabına atar.
... Silahlıların əhatəsində ömrümüzün girovluq dövrünü yaşaya-yaşaya yol gedirdik. Birdən Məhəmməd bəyin üzündə ani işartı göründü. Sanki o, çox götür-qoydan sonra nicat yolunu tapmışdı.
- Bəlkə, bunlara pul təklif edək? Başqa əlacımız yoxdu, - dedi Məhəmməd Bayat...
Sən demə, bu ani fikir bizi xilasa aparan yolun başlanğıcıymış...
Böyrümüzdə oturan silahlı ilə bələdçimiz ərəb dilində xeyli çək-çevir elədi. O da kiminləsə tez-tez telefon əlaqəsi saxlayırdı. Güman ki, “böyükləri” ilə məsləhətləşirdi. Xurma ağacları və qamış kolları ilə əhatələnmiş ərazidə maşınlar dayandı. Qarşı və arxa maşından enən üç nəfər adam cəld mövqe tutub silahlarını bizə tərəf tuşladılar. Bu da girovları qaçmaq fikrindən daşındırmaq üçün qabaqlayıcı tədbir idi yəqin ki...
“Ölüm gözətçiləri”nin çevik, düşünülmüş və sərrast hərəkətləri onların “ixtisaslaşdıqca” daha böyük təcrübəyə yiyələnməyindən xəbər verirdi.
“Görəsən, külli-İraq boyu nə qədər adamın taleyi onların əlinin altından izsiz və səssiz-səmirsiz gəlib keçib? Nə qədər bu “həvəkdəstə” taleləri döyəcləyib, üyüdüb, torpağa qarışdırıb?.. Görəsən, nə qədər?.. Bu zavallı diyarın düşdüyü halətin səbəbini kimdən öyrənəsən? Kimdən soruşsan, görəcəksən əlində bir silah var...”
Əvvəlcə, Məhəmməd bəyi çağırdılar. O, maşından enib, qabaqdakı maşında oturmuş dəstə başçısının yanına getdi. Hardasa, bir saata yaxın səssiz-səmirsiz maşında oturub, yerimizdən tərpənmirdik.
Hərdən səmum küləyinin dalğası qamış zəmisinin başı üstündən gəlib keçir. Uzundraz, süpürgə başlı qamışların nənnisində yellənir. Aralıda danışıq aparan bələdçi ilə dəstəbaşının titrəyən kölgələri, enib-qalxan əllərin mənzərələri elə bil bir-birini tamamlayırdı.
“Tərəflər” arasında məbləğ razılaşdırılandan, bac-xərac alınıb-veriləndən sonra ölüm kabusları qəflətən ağ mələyə çevrildilər. Mən onların bəzilərinin üzündəki təbəssümdə hətta bir canıyananlıq işartısı da gördüm. Hörmət və nifrət qonşuymuş, sən demə...
Kimi əlini sinəsinə qoyub bizə təzim etdi; Kimi qaş-göz işarəsilə bizə “Yaxşı yol!” arzuladı. Hamısı cəld maşınlara doluşub, tozlu yollarda bir anda qeyb oldular. Deyəsən, yavaş-yavaş vərdiş eləməyə başlamışdıq ki, bu İraq adlı vahiməli səhnədə oynanılan tamaşanın məntiqi ardıcıllığı qəfildən pozula bilər. Və onu dünyada mövcud olan “şünas”ların qələminin qayçısıyla kəsib-doğramaq, nizama salmaq mümkün deyil.
Səmum küləyi çöllərdə xurma ağaclarından yapışıb, müvazinətini düzəldib yoluna davam etdiyi kimi, biz də Məhəmməd Bayatdan tutub, qəddimizi düzəltdik. Amma onun üzündəki toxtaq ifadədən anlaşılırdı ki, bizlərin – tərs yolçuların, tərsə-məssəb işləri ilə barışmaqdan özgə çarəsi yoxdu...
Kərbəlaya çatar-çatmaz bələdçimiz içindən güc alıb dirçəldi, araya bir şuxluq qatdı:

• Sizə dedim axı, korkmamaqdan korkulu heç bir şey yok...
Yenə də əlini-əlinə vurub güldü. Biz də ona qoşulduq.
Kərbəla şəhərinin giriş qapısında əsgərlər əl işarəsilə maşınımızı saxladılar – yoxlanış üçün...
Məhəmməd Bayat öz-özüylə danışırmış kimi arxayıncasına dilləndi:
- Bura Kərbəladı, daha mən də sizin kimi heç nədən korkmuram!..
Kərbəla qapısından şəhərin əsas hissəsinə ümumiyyətlə maşınların daxil olmasına izn yoxdu.
Bizi Bağdaddan gətirən sürücü – girov yoldaşımızla görüşüb, halallaşıb ayrılırıq...
Bundan o yana başqa bir yol başlayır – hər mənada...
Arabaçı uşaqlar itələşə-itələşə bizi dövrəyə alırlar (Bolluğun içində seçim eləmək çətindir – elə kasıbçılığın da).
Birinci arabaçıyla Məhəmməd bəyin qiymət sövdələşməsi baş tutmur. Yeniyetmə arabaçı geri duran kimi, onun yerinə hardasa 10 yaş həddində olan arabaçı keçir. Bələdçimizin təklif etdiyi qiymətlə dərhal razılaşır. Yol çantalarımızı bir göz qırpımında arabasına yükləyir. Müştərisi əlindən çıxan birinci arabaçı kənardan onu hədələyərək nəsə deyir. Bu mənzərəni görəndə adam elə bilir ki, dublyaj olunmamış maraqlı filmin epizodlarına baxır. Hiss olunur ki, bu böyük əsərin balaca personajı həyat qanunlarının – bazar qaydalarının yazılmamış tərəflərini hələ tam qavraya bilməyib. Düşünürəm: “Onun zəif və zərif qolları arabaları darta-darta bərkiyəcək, təmiz qəlbini isə həyat özü döyəcləyə-döyəcləyə daşa döndərəcək!”
Amma nə etməli? Yaşamaq elmini vaxtından əvvəl öyrənmək olmur. O, istəsə də bunu vaxt-vədə yetişməsə, öyrənə bilməz.
Balaca arabaçı qulpundan yapışdığı işin incəliklərini öyrənib, kəm-kəsirini düzəldənə qədər hələ çox hədələr və hərbə-zorbalar görəcək... Xəlvət guşələrdə şillə-təpik yeyəcək. Gözlərinin altı göyərəcək, ağzı-burnu qanayacaq. Amma o, öz cəsarətindən geri çəkilməsə, əvvəl-axır həyatını sahmana sala biləcək.
Kərbəlanın giriş qapısında yenə də silahlıların əhatəsindəyik. Amma daha girov deyilik. Mətbuat işçilərinin şəhərə daxil olmasına xüsusi icazə verilməlidir.
Yenə də bələdçimiz bağlı qapıların açılması üçün qollarını çirmələyib hərəkətə keçdi. O, birbaşa şəhərə yollandı – həm bizlər üçün icazə alsın, həm də mehmanxana bələdləsin. Balaca arabaçı da bizimlə bərabər keçid məntəqəsində gözləmək zorunda qaldı. Onun yoldaşları ən azından bir neçə dəfə reys eləyib, qazanc götürmüşdülər. Bayaqkı yeniyetmə oğlan da hər dəfə müştəri yüküylə onun yanından keçəndə, xüsusi bir əda ilə yanıq verirdi. Belə anlarda mən diqqətlə “öz arabaçımız”ın üzünə baxırdım. Onun cavab reaksiyasını öyrənmək istəyirdim. Onun baxışlarında yoldaşlarına qarşı həsəd parıltısı vardı. Amma qüruruna yiyə durmaq mərdanəliyi də görünürdü sir-sifətində... Hətta arabir macal tapıb, cumub hərbçilərin yanından bizə - nabələd müsafirlərə soyuq su da gətirirdi...
Məhəmməd Bayat qayıtdı. O, “İmam Hüseyn” mehmanxanasında otaq kirələmişdi. Bizim üçün də icazə almışdı.
Arabaçı yükümüzü düz mehmanxananın giriş qapısına qədər gətirdi. Hətta yolda bizi bir neçə dəfə arabaya minməyi də təklif etmişdi. Onun “müştəri könlü almağı” çörək qazanmaqdan daha çox alicənablığın, özündən böyüyə ehtiramın ifadəsinə oxşayırdı.
Mən ona 50 dollar pul verdim. O, arabanı bizim yanımızda atıb harasa qaçdı. Az keçmədi ki, qayıdıb gəldi. Xırdaladığı pulun 1 dollarını havada yelləyərək, zəhməthaqqı götürdüyünə işarə etdi. Öz pulunu dərhal kirli köynəyinin döş cibinə dürtüb, qalığı isə mənim ovcuma saymağa başladı. Sadəcə olaraq, mən də maraq xatirinə durub gözləyirdim ki, bu işin axırı necə olacaq...
O, sayıb qırx doqquzuncu dolları mənə qaytarandan sonra açıq ovuclarını qoşalayıb üfülədi – yəni, “hesablaşıb qurtardıq!..”
Bütün pulları mən qaytarıb bu balaca arabaçıya verəndə, o heyrətləndi. Əvvəlcə, götürmək istəmədi, mən zorla 49 dolları da onun cibinə qoydum.
Bəlkə də həyatda birinci dəfəydi ki, o öz səbrinin və mərdanəliyinin qazancını cibinə qoyurdu. Mən özüm də, deyəsən, çoxdan, lap çoxdan idi ki, heç belə başqasını sevindirdiyimə görə sevinməmişdim - o isə birinci dəfəydi ki, belə sevinirdi...


Kərbəlanın küçələri dünyanın dörd bir yanından gələn müsafirlərin səslərinə alışıb. Adamlar kimi küçələr də, evlər də bir-birinə qısılıb çiyin-çiyinə, nəfəs-nəfəs yaşayır.
Şəhərin küçələrində maşına rast gəlmək mümkün deyil. Onları burada balaca arabalar əvəz edir.
Sivilizasiyanın çiçəkləndiyi yerlərdən gələn, dincliyi məhvərindən çıxmış insanlar müvəqqəti olsa da, Kərbəlanın qocaman küçələrində mənəvi rahatlıq tapır. Adamlar saat əqrəbi kimi bütün günü müqəddəs yerlərin başına dolanır. Amma bu başqa zamanın səmtinə istiqamətlənib - İnsanın özünə tərəf gəlişi səmtinə. Elə bil bu məhvər adamın yadına ilkinliyi, əzəli başlanğıca dönüşü xatırladır.

* * *

Rəvayətlər, üstünə ütü çəkilməmiş dünyanın qırışlarıdır. Kərbəlanın ilk sakinləri olan Neynəvayların gələcəyin əlamətlərilə bağlı bilgilərini Vaxtın ütüsü nə qədər hamarlayıb səliqə-sahmana salsa da, adda-budda qırışlar hələ də gözə dəyir...
“İmam Hüseyn kitabxanası”nın saysız-hesabsız sirləri içində yaşayan Qoca... O, rəvayət danışır. Məhəmməd bəy tərcümə eləyir. Düşünürəm ki, elə hekayətlər də olub qurtarmış dünənin tərcüməsidir. Elə belə - üzəvari onun danışdıqlarına qulaq asıram. Fikrim rəflərə düzülmüş qədim əlyazmaların üzərində dolaşır. “Mən bura niyə gəlmişəm? Əlifbasını, dilini anlamadığım nəhayətsizlikdə nə gəzirəm? Qəribədir. – Gəl... Gör... Bax... Get... Və heç nə...”
Sonra Məhəmməd bəyin dilindən bir cümlə düşür bu naməlumluğun ənginliyinə: “Həqiqi gələcəyi ölüm ayağında olan müdriklər bilə bilər!”
Bu fikir məni qəfildən sancır. Diksinirəm. Dağınıq diqqətimi toplayıram. Məhəmməd bəyə deyirəm ki, mümkündürsə, qoca, o əhvalatı lap əvvəlindən bir də söyləsin.
XS
SM
MD
LG