Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:13

İlqar Məmmədovun sənədləri MSK-ya göndərilib


İlqar Məmmədov
İlqar Məmmədov
-
REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun sənədləri avqustun 19-da MSK-ya göndərilib. Sənədləri onun vəkili Xalid Bağırov təcili poçtla yollayıb.

«BİR ÇIXIŞ YOLUMUZ QALDI»

Hərəkatın İdarə Heyətinin üzvü və İlqar Məmmədovun seçki qərargahının rəhbəri Azər Qasımlı AzadlıqRadiosuna bildirib ki, böyük ehtimalla MSK avqustun 20-də keçiriləcək iclasında məsələni müzakirə edəcək. Onun dediyinə görə, Baş Prokurorluq hələ də notariusun İlqar Məmmədovun yanına keçməsinə icazə verməyib:

«Daha əvvəl bu məsələ ilə əlaqədar Bakı İstintaq Təcridxanasının rəisinə də müraciət etmişdik. Əfsuslar olsun ki, onlar da bizə müsbət cavab vermədilər. Ona görə bir çıxış yolumuz qaldı ki, özümüz İlqar Məmmədovun sənədlərini MSK-ya göndərək».

Qanunvericiliyə əsasən, ya şəxs özü, ya da səlahiyyətli nümayəndəsi sənədlərini MSK-ya təqdim etməlidir. İkinci halda, şəxs səlahiyyətli nümayəndəyə notarial qaydada təsdiq olunmuş etibarnamə verməlidir.

İlqar Məmmədov avqustun 10-da Penitensiar Xidmət rəhbərliyinə müraciət edib ki, qanunvericilikdə ona verilmiş səlahiyyətdən istifadə edib, etibarnaməsini notarial qaydada təsdiqləsin. Ancaq ona belə bir səlahiyyətin olmadığını bildiriblər.

«Halbuki bizim vəkil Xalid Bağırov bir müddət əvvəl başqa bir məhbus üçün belə bir sənəd almışdı», - Azər Qasımlı belə deyir.

İMZA TOPLAMAĞA ÇOX AZ VAXT QALIR

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov isə bir müddət əvvəl AzadlıqRadiosuna bildirmişdi ki, müxtəlif məsələlərin baxılma müddəti iki həftə, ya da bir aya qədərdir.
Mehman Sadıqov
Mehman Sadıqov
O müddətdə rəsmi müraciətlərə rəsmi də cavab verilir.

İmzatoplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.

Azər Qasımlı düşünür ki, İlqar Məmmədovu seçkiyə buraxsalar, imza toplamağa çox az vaxtı qalacaq və ola bilsin, hakimiyyətin məqsədlərindən də biri budur.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da olacaq.

Avqustun 14-də REAL Hərəkatının sədri İlqar Məmmədov haqqında həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb. O, bu ilin yanvarında İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
XS
SM
MD
LG