Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:44

Florian Irminger: «Bakıda diplomatlar prezidentin kim olacağını bəri başdan deyir...»


Florian İrminger
Florian İrminger
-

Bir sıra beynəlxalq təşkilatlar seçki prosesini yaxından izləyirlər. Onlardan biri də Human Rights House şəbəkəsidir. Bir müddət əvvəl bu şəbəkənin ofisi bağlansa da qurum Azərbaycanda fəaliyyətini davam etdirir. Şəbəkənin Cenevrə Bürosunun rəhbəri, bu yaxınlarda Bakıdan qayıtmış Florian İrminger-lə AzadlıqRadiosu Azərbaycanda oktyabrın 9-da keçiriləcək seçkilərlə bağlı söhbət edib. Cənab İrminger bildirib ki, seçkiqabağı ab-hava onları ciddi narahat edir.

- Əslində biz seçki prosesini lazım olduğu qaydada izləmirik. Bununla belə, biz müstəqil müşahidəçilərə yaradılan şəraitdən narahatıq. Biz daha çox seçkilərdə birbaşa namizədi olmayan müşahidə qruplarının vəziyyətindən narahatlıq keçiririk. Söhbət ilk növbədə jurnalistlərdən, insan haqları fəallarından gedir. Biz indinin özündə görürük ki, bu adamlar təhdidlərə məruz qalırlar.

Məsələn, Xədicə İsmayılovaya qarşı şantaj kampaniyasına yenidən start verilib. Bu bir növ indidən verilən xəbərdarlıqdır. “Yəni biz bu gün belə ediriksə, görün, sabah nə edə bilərik”.

- Bəzi beynəlxalq təsisatlar – Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyası Azərbaycan seçkilərinə müşahidəçi göndərməmək qərarına gəliblər. Azərbaycan hakimiyyəti bu faktı onunla izah edir ki, Azərbaycanda seçkilər demokratik keçirilir və artıq beynəlxalq qurumlar müşahidəyə ehtiyac görmürlər. Siz bu barədə nə düşünürsünüz?

Azərbaycanda kimin prezident olacağının indidən bilinməsi o deməkdir ki, hamı seçkilərin saxtalaşdırılacağını bilir.
- Mən onu deyə bilərəm ki, ATƏT-in Parlament Assambleyasına etimad hazırda çox aşağısıdır. Avropa Parlamenti Azərbaycanda qarşıdan gələn seçkilərdən narahatdır.

Biz hələ dəqiqliklə bilmirik ki, Avropa Parlamenti Azərbaycana müşahidəçi göndərəcək, yoxsa yox. Əgər göndərməyəcəksə, bu qərarın da hansı şəraitdə qəbul olunduğunu bilmirik. Adətən seçki keçirilən ölkə onları dəvət edəndə müşahidəçilər gəlirlər. Biz bunun baş verib-vermədiyini də bilmirik.

Amma bunu demək mümkündür ki, əgər Avropa Parlamenti, ATƏT, Avropa Şurası və ya BMT hökumətin yaratdığı şəraitdən razıdırlarsa, belə bir vəziyyət məqbul sayıla bilməz.

Hazırda Avropada məzuniyyətlər vaxtıdır və inanıram ki, avqust ayı bitəndən sonra Avropa təşkilatları Azərbaycana müşahidəçi göndərilməsi məsələsinə aydınlıq gətirəcəklər.

Azərbaycanda həm də ATƏT-in uzunmüddətli müşahidəsinə ehtiyac var. Bir var ki, müşahidəçilər yalnız seçki günü monitorinq aparırlar, bir də var altı həftə ərzində müşahidə edirlər. Burada söhbət seçkilərə qədərki şəraitdən və seçkilərdən sonrakı vəziyyətdən gedir.

- Konkret olaraq sizin təşkilatınız seçki müşahidəsi aparacaqmı?

Hər halda, biz Azərbaycan seçkilərində müşahidəçilik edən yerli QHT-lərlə həmrəylik nümayiş etdirəcəyik. Azərbaycanda vətəndaş cəmiyyəti xüsusilə hazırlıqlıdır və bir neçə QHT var ki, onların müşahidə üçün həm təcrübələri, həm də hazırlıqlı heyətləri var.
Avropa İttifaqının keçmiş rəhbəri qarşıdan gələn seçkilərdə hazırkı prezidentin yaxşı imkanlara malik olduğunu bəyan edirsə, bu artıq müəyyən mənada nəticələri sanksiyalaşdırmış olur.

Bundan əlavə, BMT-nin İnsan Haqları Komitəsinin xüsusi məruzəçisi seçkidən bir həftə sonra hesabat verəcək. Bu hesabatda yerli müşahidəçilərin iş prosesi də işıqlandırılacaq.

Əslində ötən seçkilərdə də Avropa Şurasının müşahidəçiləri olmuşdu. Onlar monitorinqdən sonra bildirmişdilər ki, seçki günü hər şey normal olub. Lakin sonradan yerli müşahidəçilərin və ATƏT-in uzunmüddətli monitorinqinin sənədləşdirdiyi pozuntular tutuşdurulanda böyük uyğunsuzluq ortaya çıxmışdı. Bu seçkidə ümid onadır ki, hazırkı prezidentə Rüstəm İbrahimbəyovun simasında güclü rəqib ola bilər.

- Lakin Azərbaycanın hakim elitası bildirir ki, hazırkı prezidentin seçkidəki qələbəsi təmin edilib. Belə bir şəraitdə seçkilərin və hökumət namizədinin legitimliyi məsələsinə necə baxıla bilər?

- Mən bir qədər əvvəl Azərbaycanda olmuşam və bir çox diplomatlarla söhbət etmişəm. Hamı prezidentin kim olacağını əvvəlcədən bilir. Başqa ölkələrdə adamlar kimin qalib gəldiyini seçkinin ertəsi günü bilirlər, nəticələr dərc olunandan sonra. Kimin prezident olacağının indidən bilinməsi o deməkdir ki, hamı seçki prosesinin saxtalaşdırıldığını bilir.

Digər tərəfdən Avropa Birliyinin ölkədəki keçmiş nümayəndəsi qarşıdan gələn seçkilərdə prezidentin yenidən seçilmək üçün yaxşı imkanlara malik olduğunu bəyan edir. Bizim fikrimizcə beynəlxalq icmadan gələn bu cür mesajlar problem yaradır, çünki onlar seçkilərin necə keçiriləcəyini sanksiyalaşdırmış olur. Eyni zamanda indiyədək Azərbaycandakı etiraz aksiyaları aşırı zorla dağıdılıb. Hətta ötən bazar keçirilən etiraz aksiyasına da hökumət müdaxilə edib. Əgər sən sərbəst toplaşa bimirsənsə, seçkilərdə necə normal iştirak edə bilərsən?

Seçkidə namizəd olmaq xalqa cavab vermək deməkdir. Bu cavabları isə azad mətbuat qeydə alır. Əgər azad mətbuat yoxdursa, onda necə olsun? Azərbaycanda ən çox narahatlıq doğuran da məhz bu məsələlərdir.
XS
SM
MD
LG