Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:20

Obama-Putin: Sankt Peterburq dueli


Vladimir Putin və Barack Obama
Vladimir Putin və Barack Obama
-
Böyük 20-lərin bu gün Sankt Peterburqda işə başlayan sammitinə dair Britaniya, ABŞ və Qərb mətbuatının yazdıqlarını yekunklaşdırsaq, belə bir qənaətə də gəlmək mümkündür ki, bu, nəticəsi əvvəldən bəlli olan dueldir.
G20 sammitinin rəsmi gündəliyində dünya iqtisadiyyatı birinci məsələ olsa da, analitiklər bu tədbirə ABŞ və Rusiya prezidentlərinin Suriya məsələsində qaçılmaz qarşıdurması kimi baxırlar.
Əslində, Barack Obama İsveçdə etdiyi çıxışında, Vladimir Putin isə sammit ərəfəsində verdiyi müsahibələrdə öz mövqelərini tam açıqlığı ilə ortaya qoyublar.
Rusiya prezidentinin Suriya məsələsində mövqeyinin dəyişmədiyi bəllidir.
Moskva hələ də Suriya üzərinə hər hansı hərbi müdaxilə üçün BMT Təhlükəsizlik Şurasının razılığını əsas sayır.
MOSKVA VAŞİNQTONA İNANMIR
Bəzi Qərb şərhçiləri Vladimir Putinin «əgər Suriyada kimyəvi silahdan istifadə edilməsinə dair sübutlar təqdim olunarsa, Moskva BMT Təhlükəsizlik Şurasındakı mövqeyinə yenidən baxa bilər» bəyanatını onun mövqeyinin yumşalması kimi qiymətləndiriblər.
Lakin bu da məlumdur ki, Vladimir Putin Assad-ın kimyəvi silaha əl atdığına dair Amerika kəşfiyyatının məlumatlarına inanmadığını deyib.
Rusiya prezidenti həmçinin ABŞ-ın İraqa da əlində kütləvi qırğın silahlarına dair sübutları olmadan müdaxilə etdiyini xatırladıb.
Sanki bu xatırlatmaya cavab olaraq prezdent Barack Obama özünün İraq müharibəsinin əleyhinə səs verdiyini yada salıb və bildirib ki, səhvləri təkrar etmək niyyətində deyil.
Odur ki, ümumən Qərbin Vladimir Putini yola gətirmək planları bəri başdan uğursuz görünür.
Suriyada Hərbi günü qeyd edilərkən
Suriyada Hərbi günü qeyd edilərkən
Lakin Suriyaya dair Obama administrasiyasının mövqeyinin Amerikanın özündə asanlıqla dəstəklənəcəyini də tam əminliklə demək tezdir.
Mətbuat yazır ki, Suriyaya qarşı cəzalandırıcı zərbələrin endirilməsinə dair qərar Senat komitəsindən azacıq səs çoxluğu ilə keçibsə də, tam heyətli Senatda və xüsusən də Konqresdə müzakirələrin hansı istiqamətdə gedəcəyindən Ağ Evin özü də narahatdır.
Hərçənd Senatın Xarici İşlər Komitəsinin xeyir-duası Suriya rejiminə qarşı hərbi hərəkət üçün 60 günlük pəncərə verir. Lazım gələrsə, bu müddət 90 günədək artırıla bilər.
Bu nəticələrin Sankt Peterburq görüşündən nə dərəcədə asılı olduğunu gözləmək lazım gələcək.
Necə ki, ABŞ-ın Suriyaya qarşı hərbi kampaniya planında ən böyük müttəfiqi olan Paris son qərar üçün Senat və Konqres səsvermələrinin nəticələrini gözləyir.
PARİS VAŞİNQTONA BOYLANIR
Ötən çərşənbə Fransanın Milli Assambleyası prezident François Hollande-ın Amerikanın Suriya üzərinə cəzalandırıcı zərbələrinə qoşulmaq planını qızğın müzakirə edib.
Əsas sağ-mərkəzçi müxalifət partiyası prezidenti BMT-nin dəstəyi olmadan Amerika «avantürasına» qoşulmaqda ittiham edir.
Müxalif Union pour un Mouvement Populaire (UMP) – Xalq Hərəkatı İttifaqı partiyasının parlament fraksiyasının lideri Christian Jacob deyib ki, Fransa prezidenti ölkəni müttəfiqləri və hüquqi əsası olmayan, xalq tərəfindən dəstəklənməyən müharibəyə sürükləyir.
Bununla belə, müxalif UMP-nin özü də Suriyaya qarşı hərəkət məsələsində parçalanıb.
Partiyanın keçmiş lideri Nicolas Sarkozy Suriya rejiminin cəzalandırılmasını qızğın şəkildə dəstəkləyir.
Beləliklə, Fransa parlamentindəki iki saatlıq debat səsverməsiz başa çatıb.
Fransa qanunlarına görə prezident Hollande dörd aydan çox çəkməyəcək hərbi əməliyyatlar üçün parlamentin xeyir-duası olmadan da silahlı qüvvələrə hərəkət komandası verə bilər.
Fransa prezidenti Hollande
Fransa prezidenti Hollande
Bununla belə, hökumət işarə edib ki, ABŞ Konqresinin Suriyaya qarşı hava zərbələrini dəstəkləyəcəyi təqdirdə Fransanın bu həmlələrdə iştirakı məsələsi parlament səsverməsinə çıxarıla bilər.
Baş nazir Jean-Marc Ayrault parlament debatlarını açarkən həmkarlarını “bu əsrdə ən pis kimyəvi hücum həyata keçirmiş Suriya rejiminə qarşı zərbələri” dəstəkləməyə çağırıb.
O da Amerika dövlət katibi Kerry kimi deputatları inandırmağa çalışıb ki, Dəməşq üzərinə zərbələr “məhdud və mütənasib” olacaq.
Onun çıxışı hakim sosialistlər tərəfindən alqışlansa da, müxalif sağçılar tərəfindən küyə basılıb.
Bununla belə müxalif UMP Suriya məsələsində parlamentdə göründüyü qədər də yekdil deyil.
Partiyanın sədri Jean-François Copé deyib ki, prezident Hollande Suriya məsələsində əsası Charles de Gaulle tərəfindən 1958-ci ildə qoyulmuş 5-ci Respublikanın doktrinası əsasında hərəkət etməlidir. Bu doktrinaya görə xarici işlər və müdafiə kimi məsələlərdə prezident parlamentdən daha üstün mövqeyə malikdir.
BRİTANİYA BAŞ NAZİRİ MÜXALİFƏTƏ QƏZƏBLİDİR
David Cameron
David Cameron
Bu arada Britaniyanın baş naziri David Cameron müxalif Leyborist Partiyasını parlamenti Suriya məsələsinin müzakirəsi zamanı parçalamaqda ittiham edib.
O deyib ki, müxalifət Britaniyanın Assad rejiminə qarşı sərt mövqeyinə xələl gətirməməliydi.
Lakin baş nazir parlamentdə Suriya məsələsinin ikinci səsverməyə çıxarılmasına tərəfdar olmadığını bildirib.
Cənab Cameron deyib ki, o, Sankt Peterburqda keçiriləcək G20 sammitində ABŞ-ın mövqeyini dəstəkləyəcək və Vladimir Putini Dəməşqə qarşı ciddi tədbirlərin zəruriliyinə inandırmağa çalışacaq.
Baş nazir bildirib ki, Britaniya parlamenti Suriyaya qarşı hərbi müdaxiləni dəstəkləmədikdən sonra ölkə təbii olaraq hərbi kampaniyada iştirak etməyəcək.
TEHRAN ƏVVƏLCƏ LONDONU İNANDIRMALIDIR

Britaniya parlamentində hər çərşənbə baş nazirin iştirakı ilə keçirilən sual-cavab debatında müxalif leyboristlərin liderləri, məsələn keçmiş xarici işlər naziri Jack Straw David Cameron-u Suriya məsələsinə dair hər hansı sülh prosesinə İranı cəlb etməyə çağırıb.
Lakin Cameron deyib ki, o doktor Ruhanini prezident seçilməsi münasibətilə təbrik etsdə də, Tehran əvvəlcə Britaniya ilə münasibətlərini nizama sala bilməlidir ki, Suriyaya dair Cenevrə prosesinə qoşula bilsin.
Baş nazir deyib ki, əvəzində hökumət Suriyanın qonşuları olan Türkiyə və İordaniyanın humanitar yardımla təminatı üçün əlindən gələni edir.
Cənab Cameron həmçinin işarə edib ki, hadisələrin indiki inkişafı Suriyaya dair Cenevrə-2 konfransını mənasızlaşdırıb.
XS
SM
MD
LG