Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:11

Obama Rusiyanın təklifini «müsbət» adlandırır


Barack Obama
Barack Obama
-
ABŞ Prezidenti Rusiyanın Suriya ilə bağlı təklifini «potensial müsbət dəyişiklik» adlandırır.

Barack Obama deyib ki, Rusiyanın Suriya hökumətinin bütün kimyəvi silahlarını beynəlxalq nəzarətə verməsinə dair təklifi müsbətdir, ancaq rejim həmin ideyadan yubatma taktikası kimi yararlana bilər.

ABŞ televiziyasına müsahibələrində Obama onu da qeyd edib ki, həmin ideya barədə Rusiya prezidenti Vladimir Putin-lə ötən həftə Böyük 20-liyin Sankt Peterburq samitində danışıb.

Obama bazar ertəsi bir neçə televiziya müsahibəsi verib.

Amerika qanunvericiləri isə Obama administrasiyasına Suriyaya qarşı hərbi əməliyyata icazə məsələsini müzakirə ediblər. Suriya hökumətinin kimyəvi silahlardan istifadə etdiyi iddia olunur.

DİPLOMATİK CƏHDLƏR TÜKƏNƏRSƏ...

Obama PBS-in «NewsHour» proqramına deyib ki, Dövlət katibi John Kerry-yə Rusiya rəsmiləri ilə silahların təhvil verilməsi təklifinin reallığını müzakirə etmək göstərişi verib:

«Mənim bu prosesdə niyyətim odur ki, gördüyümüz kimyəvi silahlardan kobud istifadə halı təkrarlanmasın. Problemin diplomatik həlli mümkünsə, mən tamamilə buna üstünlük verirəm. Bilirsiniz, John Kerry-yə göstəriş vermişəm ki, ruslarla birbaşa danışsın və təklifi hərtərəfli yoxlasın. Bütün diplomatik cəhdləri tükəndirə bilsək və beynəlxalq ictimaiyyətə Suriyadakı kimyəvi silahlar dair təsdiqlənmiş, tətbiqi mümkün mexanizm formulu təqdim etsək, tamamilə bunu dəstəkləyərəm. Ancaq gərək detallara baxaq».

Suriyanın kimyəvi silahları təhvil verməsi müzakirə olunarkən, Senat çoxluğunun lideri Harry Reid hərbi əməliyyata icazə üçün sınaq səsverməsini təxirə salıb. Çərşənbə gününə planlaşdırılan səsvermənin keçiriləcəyi tarix də hələ bəlli deyil.

Konqres üzvlərindən çoxu hərbi əməliyyatların düzgün addım olmasına şübhəylə yanaşır. Avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silah hücumunda 1400 nəfərin öldüyü bildirilir.

Son rəy sorğuları amerikalıların çoxunun Suriyadakı müharibəyə müdaxilənin əleyhinə olduğunu göstərib.
XS
SM
MD
LG