Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Əyalətdə təşviqat yerlərində «quş uçub, qulaq cingildəyir...»


Saatlıda kütləvi tədbirlər üçün təklif olunan yerlərin yaxınlığındakı zibillik
Saatlıda kütləvi tədbirlər üçün təklif olunan yerlərin yaxınlığındakı zibillik
-
«Mərkəzi Seçki Komissiyasının seçkiqabağı təşviqat üçün rayonlar üzrə müəyyən etdiyi açıq və qapalı yerlər kütləvi tədbirlər keçirməyə uyğun deyil». AzadlıqRadiosuna danışan Salyan, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan müxalif ictimai fəallar bu fikirdədir.
«SEÇİMİ ETMƏLİ OLAN XALQ NİYƏ ŞƏRAİTLİ YERLƏRƏ BURAXILMAMALIDI?!»
Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədri Yavər Gülməmmədov bildirir ki, seçkini idarə edənlər bu dəfə namizədləri əvvəlki seçkilərdə təklif olunan yerlərə də buraxmaqdan ehtiyat etdi:
«İndiyə qədər keçirilən seçkilərdə təşviqat üçün açıq yer Sabirabad şəhərinin «Meliorator» adlanan yaşayış massivindəki çoxmərtəbəli binaların arasındakı sahə təklif olunurdu. Bura şəhərin mərkəzi hissəsinə yaxın olduğundan, daha çox adamın namizədlə görüşmək imkanı olurdu. İndi açıq toplantı kimi şəhərin mərkəzi hissəsindən kənarda olan stadion təklif olunur. Həmin ünvana gedən yolun kənarına çirkab sular yığıldığından və zibil boşaldıldığından ərazini üfunət bürüyüb. Qapalı yer isə peşə liseyindəki iclas zalını seçiblər. Hələlik qapısı qıfıllı olduğundan bilmirik içəridə şərait necədir. Ötən 10 ildə şəhərin mərkəzi meydanının, mədəniyyət sarayının təmirinə milyonlarla manat büdcə vəsaiti xərclənib. Seçimi etməli olan xalq niyə bu yerlərə buraxılmamalıdır?!»
«MEYDANA GEDƏN YOLU QAZIRLAR...»
AXCP Saatlı rayon təşkilatının sədr müavini Ziyafət Hüseynli kütləvi tədbirlər üçün təklif olunan yerlərlə namizədlərin də, seçicilərin də aşağılandığını deyir:
AXCP Saatlı rayon təşkilatının sədr müavini Ziyafət Hüseynli
AXCP Saatlı rayon təşkilatının sədr müavini Ziyafət Hüseynli
«Axtarıb şəhərin kənarından boş sahə tapıblar, adını da qoyublar «meydan». Onun yanında tikinti işləri aparılır, avtomobil yolu isə yenidən qurulur. Gördüyünüz kimi, əvvəlki yolu qazmağa başlayıblar, avtomobillərin hərəkəti çətinləşib. Yəqin ki, namizədimiz görüşə gələndə bu yol hər iki tərəfdən keçilməz olacaq. O ki qaldı qapalı yerə, ora ən çoxu 70-80 adam sığışa bilər. 17 nömrəli Tikinti-Quraşdırma İdarəsi (onu «Su-17» adlandırırlar) neçə illərdir fəaliyyətsizdir, tədbir keçirilməsi üçün ayrılmış yer vaxtilə müəssisənin texniki şöbəsinin otağı olub. Son vaxtlar binanın içərisindən xəbərimiz yoxdur, amma ətrafı zibillikdir, kol-kos basıb hər yeri, bura sahibsiz itlər oylağına çevrilib. Kütləvi tədbirlər üçün belə yerləri ayırmağın bir adı var: seçiciləri aşağılamaq»
BAĞLI MEYDAN NƏYƏ LAZIMDIR?
AXCP İmişli rayon təşkilatının sədri Əli Qasımlı açıq toplantı üçün təklif edilən yerin adı elan ediləndə təəccübləndiyini bildirdi:
Əli Qasımlı
Əli Qasımlı
«Xalq hərəkatı başlananda İmişlidə dəmir yolu vağzalının yanında Lenin adını daşıyan, sonralar «Azadlıq» adlanan meydan vardı, 20 Yanvar hadisəsindən sonra bu məkana on minlərlə insan toplaşmışdı. O vaxtkı kommunist rəhbərlər bundan vahiməyə düşərək, meydandakı tribunanı sökdülər. İndi də eyni yanaşmadır. Vağzalyanı meydan hər tərəfdən hasara alınıb, ortasına da uca dirəkdən bayraq asmaqla «Bayraq meydanı» saldıqlarını deyirlər. Əgər xalqın üzünə bağlıdırsa, o meydan nəyə lazımdır? Hazırkı vaxtda açıq toplantı üçün ən uyğun yer İmişli şəhər mədəniyyət sarayının qarşısıdır. Son parlament seçkisində açıq toplantı üçün şəhər stadionu ayrılsa da, YAP namizədi seçicilərlə görüşü burada keçirmişdi. Bu dəfə elan edilən yerin adını eşidəndə təəccübləndim. Opponentlərinin səsi eşidilməsin deyə şəhərin mərkəzindən kənarda, yol və çay kənarında seçkiqabağı təşviqat üçün yer ayırmaq indiki hakimiyyətin feodal təfəkküründən irəli gəlir».
BEYLƏQANDA VƏZİYYƏT NECƏDİR?
Seçkilərin Monitinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Beləqan rayonu üzrə koordinatoru Əmir Orucov bildirir ki, Beyləqanda da cari seçkidə açıq toplantı yeri dəyişdirilib:
«Ötən seçkilərdə açıq toplantılar üçün şəhər stadionu təklif olunurdu. İndi təyin etdikləri yer Beyləqan «Pambıq ASC»-nin pambıq qəbulu məntəqəsinin həyətidir. Bura rayon mərkəzindən 20 kilometrdən də çox uzaqdır, ətrafında ən yaxın yaşayış evləri 2-3 kilometrlikdə yerləşir. Tərs kimi, seçki də elə pambıq yığımı mövsümünə təsadüf edir. Özəl müəssisə olan «Pambıq ASC»-nin məntəqəsi pambıqla yanaşı, prezidentliyə namizədləri də qəbul etmək zorundadır. O ki qaldı qapalı yer olaraq təklif olunan Suvarma Sistemləri İdarəsinin akt zalına, onun sahəsi 60 kv.m.-dən çox deyil».
MƏRASİM EVLƏRİ DƏ SİYASİLƏŞDİRİLİR
Cari seçkidə Abşeron, Daşkəsən, Hacıqabul və Salyan rayonları üzrə təşviqat üçün qapalı yer mərasim evləri seçilib. Salyanda fəaliyyət göstərən «Demokratiyaya yardım» İctimai Birliyinin sədri Emil Məmmədov bunun başadüşülən olmadığını deyir:

Salyanda seçkiqabağı təşviqat üçün kütləvi tədbirlər keçirmək üçün ayrılmış yer
Salyanda seçkiqabağı təşviqat üçün kütləvi tədbirlər keçirmək üçün ayrılmış yer
«Başqa uyğun yer olmasaydı, buna normal yanaşıla bilərdi. Amma daha çox gözdən uzaq, əhalinin sıx yaşamadığı, şəraitsiz yerlərin seçilməsindən hiss olunur ki, yığıncaqların mümkün qədər sönük keçməsinə, geniş kütlənin bu tədbirə qatılmağının qarşısının alınmağına çalışılır. Salyanda 3 mərasim evi var. Amma eləsi seçilib ki, o, digərlərinə nisbətən şəhərin mərkəzi hissəsindən kənardadır, daha az adam tutumuna malikdir. Bir də ki, yaxınlıqda yaşayanlardan kimsə vəfat etsə, mərasim evində əza məclisi keçiriləcək, yoxsa təşviqat yığıncağı? Açıq toplantı yeri isə şəhərin mərkəzi hissəsindən 10 kilometr aralıdadır».
«AYAQ ÜSTƏ DAYANSALAR, İCLAS ZALI 100 NƏFƏRİ TUTAR»
Saatlıda qapalı toplantıların keçirilməsi üçün ayrılmış yer
Saatlıda qapalı toplantıların keçirilməsi üçün ayrılmış yer
Saatlı şəhərindəki «Su-17» adlandırılan 17 nömrəli Tikinti-Quraşdırma İdarəsinə məxsus binanın qapısı bağlı olduğundan iclas zalına baxa bilmədik. Saatlı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Reyhan Ocaqova bildirdi ki, əgər toplantı iştirakçıları ayaq üstə dayansalar, ora 100 nəfər sığışa bilər. «Niyə şəhərin mərkəzi hissəsində 451 adam tutumuna, hər cür texniki vasitələrə malik və təmirli olan mədəniyyət evindən imtina edilərək, seçkiqabağı təşviqat üçün məhz bu yer seçilib?» sualına icra rəsmisi cavab verməkdən yayındı: «Mən telefonla münasibət bildirmək istəmirəm. Gələrsən, danışarıq».
İCRA NÜMAYƏNDƏSİ TOPLANTILAR ÜÇÜN HARADAN YER AYRILDIĞINI BİLMİR?
İmişli RİH-in ictimai-siyasi və humanitar şöbəsinin müdiri Səlim Məhərrəmov seçkiqabağı təşviqat üçün ayrılmış yerlərdən məlumatsız olduğunu dedi:
«Bu barədə cənab başçı sərəncam verməlidir. Düzü, mən bilmirəm haradan yer ayrılıb. Dedikləriniz hansı qəzetdə dərc olunub?» İcra nümayəndəsi ehtimal etdi ki, açıq toplantılar üçün stadiondan imtina olunması rayonun futbol klubunun ölkə çempionatında iştirakı ilə bağlı ola bilər: «Klub yaxın vaxtlarda bərpa olunub və onların yarışı başlayıb. Çox güman ki, elə buna görədir»
«SEÇKİ MESAJLARI DAHA ÇOX ADAMIN EŞİDƏ BİLƏCƏYİ YERDƏ SƏSLƏNMƏLİDİ»
Mirəli Hüseynov
Mirəli Hüseynov
«Demokratiyanı öyrənmə» İctimai Birliyinin sədri Mirəli Hüseynov hesab edir ki, toplantıların keçirilməsi üçün xüsusi yerlərin ayrılması demokratiyanın ruhuna və sərbəst toplaşmaq azadlığının fəlsəfəsinə uyğun gəlmir:
«Əgər qanunda toplantılar üçün qadağan edilən yerlər nəzərdə tutulubsa, avtomatik olaraq qadağan edilməyən digər yerlərdə toplantı keçirmək hüququ yaranır. Bu yeri insanlar- tədbirin təşkilatçıları özləri müstəqil olaraq müəyyən etməlidir, icra hakimiyyəti onlara yer göstərməməlidir. Qanunvericiliklə toplantı yerlərinin icra hakimiyyəti tərəfindən müəyyən edilməsi sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasıdır və hüququn məntiqinə ziddir. Toplantının məqsədi bir qrup insanın özü deyib özü eşitməsindən ibarət deyil, həmin şəxslərin öz mesajlarını maraqlı tərəflərə çatdırmaq, fikirlərini onlarla bölüşməkdir. Seçki mesajları cəmiyyətə ünvanlandığından, o, daha çox adamın eşidə biləcəyi yerdə səslənməlidir».
XS
SM
MD
LG