Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Yeni tədris ili şikayətlərlə başladı


Arxiv foto
Arxiv foto
-
“Bizim məktəbdə qeyri-bərabər dərs bölgüsü aparılır. Birinə 30, o birinə 9 iş saatı verilir”.

Bunu “Qaynar xətt”ə Lerik rayonunun Züvüt kənd tam orta məktəbinin texniki fənlər və əmək fənnini tədris edən müəllimi Ağaverdi Teyyubov deyir:

“Mənim 32 il iş stajım var. Dərs saatım 17 saatdan o tərəfə qaldırılmır. Kənardan gələn müəllimlərə isə elə olur ki, 30 dərs saatı verilir”.

Müəllim tək özünün yox, həmin məktəbdə riyaziyyat fənnini tədris edən oğlu Cavid Teyyubovun da eyni problemindən danışır:

“Oğlum Gəncə Dövlət Universitetini bitirib. 6 aylıq kompüter kurslarını da bitirib. Vakant yolla məktəbə işə qəbul olunub. Ona cəmi 9 dərs saatı verilib. Başqa riyaziyyat müəllimlərinə isə 26-27 dərs saatı verilib”.

ŞİRİNLİK?

Cavid Teyyub da narazıdır. Deyir, bundan əvvəl işlədiyi başqa kənd məktəbində 25 dərs saatı olub. Züvüt kənd məktəbində dərs saatının az olması məvacibinə də təsirini göstərir.

Ağaverdi Teyyubov deyir, dərs saatları müəllimlər arasında təhsil şöbəsi tərəfindən “şirinlik” prinsipləri əsasında bölüşdürülür.

Lerik rayon Təhsil Şöbəsindən “Qaynar xətt”ə bildiriblər ki, Cavid Teyyubov və atası Ağaverdi Teyyubov dərs satlarının artırılması üçün yerli təhsil şöbəsindən tutmuş Təhsil Nazirliyinədək yazıblar:

“Ağaverdi Teyyubov əmək fənnini tədris edir. Kiçik bir kənd məktəbində bu fənn üzrə maksimum dərs saatı elə ona verilən 17 saatdır. O ki qaldı, Cavid Teyyubova, o, Züvüt kənd tam orta məktəbində 3 gündür ki, işə çıxıb. Əlbəttə ki, onun da dərs saatları vaxtaşırı artırılacaq. Hələ məktəbdə tam bölgü yoxdur”.
XS
SM
MD
LG