Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

Fethi Gedikli Azərbaycana yol göstərdi: "10 ilə 1000 kitab"


sağdan sola: Azər Abdulla və Zaur Səttarlı
sağdan sola: Azər Abdulla və Zaur Səttarlı
-

Azər Abdulla:

- Sovet dövründə imkanlı, vəzifəli yazıçılar özlərinə tərcüməçi tuturdular. Onu Azərbaycanın rayonlarına, bağlarına aparıb gəzdirirdilər, hörmət edirdilər...

Z.Səttarlı:

- Razı deyiləm bu yanaşmayla. Azərbaycanvari düçüncəmizdən irəli gəlir ki, kimisə tapaq, pul verək…


Nərmin Kamal:

- Mən öz romanımı kitab şəklində müsabiqəyə təqdim edə bilmərəm. Müsabiqələrdə şərt qoyurlar ki, əsəri nəşriyyat göndərməlidir...



Azərbaycan yazıçıları niyə nüfuzlu beynəlxalq mükafatları uda bilmirlər?

Azadlıq Radiosunun “Pen klub” proqramında bunun səbəbləri haqda danışdılar: bu günlərdə hekayəsi Rusiyadakı “Bunin mükafatın”nın uzun siyahısına keçmiş yazıçı Azər Abdulla, xarici ölkələrin ədəbiyyat mühiti haqda yazılar müəllifi, tərcüməçi Zaur Səttarlı, Londondan yazıçı Nərmin Kamal və İstanbuldan "Yom" ədəbiyyat dərgisinin redaktoru, Azərbaycan ədəbiyyatı tədqiqatçısı Fethi Gedikli.

Azər Abdulla:

- Əsəri xaricə çıxarmaq üçün tərcüməni fərdi qaydada etmək olar, adam imkanlıdırsa, öz təşşəbüsü ilə, qoçaqlığı ilə bunu edə bilər. Əlaqələrindən də çox şey asılıdır. Ancaq ən başlıcası dövlətin qayğısı olmalıdır. İstər kinomuzun, istər rəsm əsərlərimizin, istərsə də bədii əsərlərin tərcümə olunub xaricdə yayılmasında dövlət öndə durmalıdır.

Şahnaz Bəylərqızı:

- Sizcə, dövlət yazıçıya hansı şəkildə dəstək verməlidir?

A.Abdulla:

- Bu barədə düşünməmişəm, hazırlıqlı deyiləm. Ancaq ağlıma gələn odur ki, bir əsər ədəbi ictimaiyyət və bu sahəni bilənlər tərəfindən bəyənilibsə, dövlət onu tərcümə etməlidir, əlaqələr yaratmalı, bəlkə səfirlik, bəlkə də ədəbiyyat adamları vasitəsilə xaricdə çap etdirməlidir.

Ş.Bəylərqızı:

- Zaur bəy, xaricə çıxmaq, tanınmaq üçün yazarların öz təşəbbüsü vacibdir, yoxsa dövlət təkan verməlidir? Ya bəlkə ortada təbliğ olunmalı bədii material yoxdur?

Zaur Səttarlı:

- Dünyada hazır sistemlər varkən yenidən velosiped icad etməyə ehtiyac yoxdur. Əlbəttə, indiki mərhələdə dövlət yardım etməlidir. Azərbaycan yazıçıları heç də ermənilərdən, gürcülərdən zəif deyillər. Amma təqdimatda qüsurlar var. Bu, çətin işdir. Sistemli şəkildə, böyük bir işçi ordusu ilə görülməlidir. Azər müəllim dedi ki, dövlət artıq tanınmış yazıçıları dəstəkləməlidir. Mən bununla razı deyiləm. (ardı aşağıda)

Zaur Səttarlı
Zaur Səttarlı


A.Abdulla:

- Mən tanınmış demədim. Dedim: “yaxşı əsərlər”, orda yaşlı da ola bilər, gənc də.

Z.Səttarlı:

- Onun da dünyada mexanizmi var. Birinci hissədə gənclərlə iş görülür, ümidverici gənclərə fondlar dəstək olur. O fondlara dövlət də pul köçürür, özəl şirkətlər də. Mənim əlaqədə olduğum ingilisdilli, almandilli ölkələrdə, hətta Skandinaviya ölkələrində bir çox fondlar var, onlar yazıçı ilə görüşə də, onun əsərlərinin tərcüməsinə də pul ayırır. Bunun sayəsində həmin xalqın ədəbiyyatı xaricə çıxır, yayılır. Dövlətin də qazancı bu olur. Mən beynəlxalq kitab sərgilərində oluram, erməni, gürcü yazıçıları çox aktivdirlər. Getdiyin hər nəşriyyatda gürcü, erməni ədəbiyyatı haqqında söz eşidirəm. Bu o demək deyil ki, Azərbaycan yazıçıları daha zəifdir. Sadəcə, sistemsizlik var. Tutaq ki, biz dil baryerinə görə, ingilisdilli, almandilli, fransızdilli mühitə çıxa bilmirik. Amma bizim rus dili mühitimiz var. Və bizim türk dili məkanımız var. İndiyəcən bir dəfə eşitmişikmi ki, bir azərbaycanlı Türkiyədə nüfuzlu müsabiqədə iştirak edib, qalib gəlib və ya uzun siyahıya, qısa siyahıya düşüb? Desək ki, heç bir çıxış yolu, imkan yoxdur, əlimiz-qolumuz bağlıdır, düz olmaz. Ədəbiyyatın inkişafına, təbliğinə dəstək verən yüzlərlə fond var. Yalnız dil baryerini aşmaq lazımdır. Almanca və ya ingiliscə yazan erməni, gürcü müəllifləri var. Bundan başqa, bizim regionda Qarabağ müharibəsi var, dünyanın diqqətini çəkə biləcək temadır, insan haqları var, mədəniyyətlərin toqquşması mövzu ola bilər. Bununla dünyanın diqqətini çəkib böyük nəşriyyatların siyahılarına düşə bilərik. Ondan sonra da “Biləcəri sindromu”nu sındırmaq mümkün olacaq.

A.Abdulla:

- Söhbətin əvvəlində Zaur bəy məni bir az qıcıqlandırdı. Deyir ki, gənclərə xüsusi önəm vermək lazımdır. Düzdür, gənclər gələcəyimizdir. Ancaq unutmaq lazım deyil ki, yaşlı yazıçının əsərinin bir dəyəri, səviyyəsi varsa, bunlar təbliğ olunmayıbsa, bəlkə bunlardan başlamaq lazımdır? Gənclərin ömrü var qabaqda. Mən yaşlı olduğum üçün bunu demirəm. Bəlkə də İsa Hüseynov vaxtında təbliğ olunsaydı “Nobel” mükafatı alardı. Zaur bəy düz deyir ki, öz mexanizmimizi qura bilmiriksə, bəlkə başqalarınkından istifadə etmək lazımdır. Sovet dövründə imkanlı, vəzifəli yazıçılar özlərinə tərcüməçi tuturdular. Onu Azərbaycanın rayonlarına, bağlarına aparıb gəzdirirdilər, hörmət edirdilər. Bunu imkansız yazıçı edə bilməzdi. Elə indi də vəziyyət o cürdür. Hətta eşitdiyimə görə, bəzən qaliblər “Nobel” mükafatının məbləğinin yarısı qədər əvvəldən təbliğata xərc qoyurlar.

Z.Səttarlı:

- Razı deyiləm bu yanaşmayla. Azərbaycanvari düçüncəmizdən irəli gəlir ki, kimisə tapaq, pul verək… Əsərə tələb varsa, tərcümə olunacaq. Səhv etmirəmsə, 2000-ci ildə Orxan Pamukun “Mənim adım qırmızı” əsəri ABŞ-da ən çox satılan kitab olub. Bu gün deyirlər ki, Pamuk Türkiyə dövlətinin əleyhinə yazdı deyə “Nobel” aldı. Bəsit düşüncədir. Əkrəm Əylisli haqqında da deyildi ki, “Nobel” almaq üçün belə edir. Bu gün “Nobel” alacaq yazıçı yetişdirməmişik, bu bizə ağrılı gəlir. Amma biz ona qədər minlərlə ədəbiyyat mükafatı ala bilərik. (ardı aşağıda)

Nərmin Kamal
Nərmin Kamal


Nərmin Kamal:

- Dünyaya çıxmaq üçün müsabiqələrə çıxmaq lazımdır. Azərbaycanda yazıçılar 3 qrupa bölünürlər. Birincilər öz dövlətlərinin sərhədləri daxilində yazıçı karyerası qurmaqda maraqlıdır. Onları xarici müsabiqələr maraqlandırmır da. İkincilərsə öz pullarıyla kitablarını tərcümə etdirir, xaricdə nəşr etdirirlər. Amma bunların ən böyük səhvi odur ki, əsərlərini elə nəşriyyatlarda çap etdirirlər ki… yəni o nəşriyyatlar ki, deyir, pulunu ver, çap edim. Amma bütün beynəlxalq müsabiqələr oturuşmuş nəşriyyatlarda çap olunan əsərləri qəbul edirlər. Yəni bu qədər pul töküb çap etsələr də, texniki cəhətdən müsabiqəyə buraxılmırlar, yenə də Bakıda deyirlər ki, mənim Amerikada kitabım çıxıb. Üçüncü qrup isə həqiqətən müsabiqələrə əsər göndərmək istəyir (özümü o qrupa aid edirəm) və onların qabağında maneələr var. Mən öz romanımı kitab şəklində müsabiqəyə təqdim edə bilmərəm. Müsabiqələrdə şərt qoyurlar ki, əsəri nəşriyyat göndərməlidir. İndiyədək bircə dənə müsabiqəyə qatıla bilmişəm, hekayə müsabiqəsi olub. İki hekayəmi tərcümə etdim, sonra redaktə üçün 300 funt verdim, üstəlik də müsabiqə qaydalarına uyğun olaraq hər hekayəmə görə ora 12-14 funt pul ödədim. Amma heç bir siyahıya düşmədim. Nüfuzlu müsabiqədir, ora dünyanın hər yerindən 6 mindən yuxarı hekayə göndərilib. Mən hər dəfə bu cür müsabiqələrə pul keçirsəm, redaktəyə pul versəm necə olacaq?.. Bu böyük məbləğlər tələb edir. Sanki azarta pul qoyursan…

Z.Səttarlı:

- Bu, bizim üçün yeni mühitdir. Biz də o qaydaları öyrənib, ona uyğun olaraq orda oynaya bilərik. Dediyim kimi Rusiya və ya Türkiyə mühiti bizim üçün yeni deyil ki, amma orda səs çıxaran yazıçımız varmı? Bizim nəşriyyatlar qəbul olunmursa, Türkiyədə və ya Rusiyadakı dünyada qəbul olunan nəşriyyatlarla müqavilə bağlaya bilərik. Əlbəttə, sonrakı mərhələdə ingilis, fransız, ispan dilli mühitə çıxmağa çalışmaq olar. Təşəbbüskarlıq azdır. Tənbəllik var. Bu işlə hər gün məşğul olmalıyıq. Bu yolla getsək, 10-15 il sonra tanınan mükafatları ala biləcəyimizə əminəm. Futbolumuzda da eyni vəziyyətdir. Milyardları töksən, bu gün Azərbaycanda Braziliya futbolu olmayacaq. Amma uşaq futboluna pul qoysaq, 10-15 il sonra nəticə ola bilər. (ardı aşağıda)

Fethi Gedikli
Fethi Gedikli


N.Kamal:

- Əsas iş yazmaqdır. Azərbaycan dilində yazmaq heç nə vəd etmir. Lazımdır ki, başqa dillərdə yazıçılıq vərdişini əxz edəsən. Azərbaycan dövlətinin də TEDA (Türk ədəbiyyatını xarici dillərə çevirib dünyada təbliğ etmək layihəsi) kimi proyekti olmalıdır. Orda yeni əsərlər haqda iki dildə məlumatlar qoyulur, xaricdən girən tərcüməçilər bu əsərlərdən birini seçib tərcümə edirlər, dövlət də buna görə pul ödəyir. İndi bizim dövlətin prioritetləri hadqa danışım. İki il öncə bir şirkətlə əməkdaşlıq edirdim. Ora bir neçə müqavilə göndərilmişdi. Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin bir neçə şirkətlə müqavilələriydi. Həmin şirkətlər, məsələn, böyük idman tədbirlərini təşkil edir, o sahədə dövlətlərə məsləhət verirlər. Bizim dövlətimiz də həmin şirkətlərin hesablarına gah 349 min, gah neçə min pul keçirdir ki, bizə 2015-ci ildə keçiriləcək Avropa oyunları ilə bağlı məsləhət verin. Ədəbiyyat üçün nə vaxt belə pul keçiriblər?

Fethi Gedikli:

- Milli ədəbiyyatların dünyaya çıxması doğrudan da, çətin məsələdir. Bunun üçün çox işləmək gərəkdir. Amma şəxsi dostluqlar, əlaqələr bəzi əsərlərin başqa dillərə tərcümə olunub, başqa ölkədə tanınmasına səbəb olur. Bəlkə də bu yol ən təsirlisidir. Dövlətlər də bəzi işlər görə bilər. Türkiyədə dövlətin TEDA adlı proyekti var. Türkiyə Cümhuriyyəti türkcə əsərlərin başqa dillərə tərcümə edilməsinə və nəşrinə dəstək olur. Bu çox uğurlu şəkildə reallaşır. Son 10 ildə 1000-dən artıq əsər çeşidli dillərə tərcümə və nəşr edildi. Faydası da oldu. Bu yolla tərcümə olunan əsərlər gerçək ədəbi əsərlərdir. Məsələn, başqa ölkənin nəşriyyatı türk müəllifin əsərinin çap xərcləri haqda TEDA-ya mürcaiət edir, dövlət də uyğun bilsə, razılıq verir. (ardı aşağıda)

Proqramdan sonra
Proqramdan sonra


A.Abdulla:

- Dövlətimiz idmana qayğı göstərdiyi kimi ədəbiyyata, mədəniyyətə də qayğı göstərsin. Onda ədəbiyyatımız daha effektiv, geniş yayılardı, nəinki fərdi şəkildə.

Z.Səttarlı:

- Dövlətin qayğısı vacibdir. Musiqi yarışmalarına dövlətimiz böyük məbləğ xərclədiyi kimi ədəbiyyata da xərcləyə bilər. 2011-ci ildə Sürixdə konfransda olanda tədbirə iki gün fasilə verildi. İştirakçılar Ermənistanda tərcüməçilərin konfransına yola düşdülər. Bunu da Ermənistan dövləti etmişdi, halbuki bu gün biz onların acından öldüyünü deyirik. Bizim dövləti imkanları daha böyükdür.

izlə
XS
SM
MD
LG