Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:07

Astara sakini: «Zibilin içindəyik»


Arxiv foto
Arxiv foto
-
“Məktəbin yanında təzəliklə bir şadlıq evi tikiblər, kanalizasiyası dolub-daşır, natəmizlik baş alıb gedir”.

Astaradan Zabil Ağayev “Qaynar xətt”ə rayon mərkəzindəki vəziyyətdən şikayət edib. Deməsinə görə, 1 saylı orta məktəbin yanında tikilən şadlıq evi ərazidə yaşayanların güzəranını qara edib.

“Şadlıq evinin kanalizasiyası dolub-daşır, üfunətdən, çirkab sulardan küçəyə çıxmaq mümkün düeyil. Məktəbin həyətindəki futbol meydançasını zəbt ediblər, şadlıq evinin avtodayanacağına çeviriblər.

Şadlıq evinə gələnlər maşınlarını orada saxlayır. Bir sözlə, Şadlıq evi ilə məktəb bir-birinə qarışıb. Zibil qutuları üçün xüsusi yerlər tikilib. Ancaq hələ də qutular qoyulmayıb deyə, adamlar zibili küçələrə tökür.

Zibilin içərisindəyik, yollar zibilə görə keçilməz olub. Bir tərəfdən zibil, digər tərəfdən kanalizasiya suları... Vəziyyətimizi təsəvvür edin. Axşam 12 olanda isə şadlıq evində toy başa çatır deyə, atəşfəşanlıq olur. Bir var, ayda, ildə bir dəfə ola, bir də var hər gün. Cana doymuşuq, gündüz küçəyə çıxa, gecə isə yata bilmirik”.

Zabil Ağayev deyir, dəfələrlə yerli icra hakimiyyətinə, ərazi üzrə MİS-ə və 1 saylı məktəbin rəhbərliyinə şikayət etsələr də, problem aradan qaldırılmır:

“Xərc töküb məktəbi təmir ediblər, ancaq bir darvaza qoymağa əriniblər. Dəfələrlə məktəb rəhbərliyinə demişəm ki, imkanınız çatmırsa, özümüz yığışıb bir darvaza düzəltdirək. Axı məktəbin həyəti şadlıq evinin dayanacağı deyil. Elə deyirlər, az qalıb, qapı qoyacağıq, maşınlar həyətə girə bilməyəcək”.

Astara rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, “Gənclər” şadlıq evinin ətrafında yaşayanların şikayətləri onlara da daxil olub. Şadlıq evinin rəhbərliyinə bəzi xəbərdarlıqlar olunub. Yaxın vaxtlarda problemlərin aradan qaldırılmasına çalışacaqlar.
XS
SM
MD
LG