Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:04

Əli Əhmədovun təşəkkürü [Video]


MSK yekun sənədə imza atdı
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

MSK yekun sənədə imza atdı

-
Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin yekun nəticələrini açıqladı.

MSK sədri Məzahir Pənahov seçki nəticələrinə təsir edən pozuntuların olmadığını bildirdi:

«Bu proses yaradılan imkanlar hesabına yüksək səviyyədə işıqlandırılıb. Seçki prosesi minlərlə beynəlxalq və yerli müşahidəçi tərəfindən izlənilib. Proses zamanı nəticələrə təsir edən pozuntu halı baş verməyib».

Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə görə, MSK-nın yekun protokolu tərtib edilib. Protokolu 17 komissiya üzvü imzalayıb. Protokol təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə göndərilib.

MSK sədri Məzahir Pənahov deyib ki, prezident İlham Əliyev səslərin böyük hissəsini yığaraq qalib gəlib.

ƏLİ ƏHMƏDOV MSK ÜZVLƏRİNƏ TƏŞƏKKÜR EDİB

Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov MSK üzvlərinə seçkilərin keçirilməsinə görə təşəkkür edib. O, növbəti 5 il üçün də xalqın düzgün seçim etdiyinə diqqət çəkib:
Əli Əhmədov
Əli Əhmədov

«Mərkəzi Seçki Komissiyasının bütün üzvlərinə Yeni Azərbaycan Partiyası adından minnətdarlığımızı bildirmək istəyirik. Bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ bildiniz. Seçki Məcəlləsinin tələblərinə uyğun, demokratik dəyərlərə və ənənələrə uyğun şəkildə prezident seçkiləri kampaniyası keçirildi. Böyük bir yola yekun vurulub. Növbəti 5 ildə bütün Azərbaycan xalqına prezident İlham Əliyevin rəhbərliyi altında uğurlar arzu edirik».

MSK ÜZVÜ AKİF QURBANOV YEKUN PROTOKOLU İMZALAMAYIB

Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb. Onun fikrincə, seçki demokratik keçirilə bilərdi. MSK üzvü narazı qaldığı məqamlara dair ayrıca rəy hazırlayacağını da deyir:

«Azərbaycanın götürdüyü öhdəliklər çərçivəsində, beynəlxalq ictimaiyyətlə dialoq çərçivəsində biz bu seçkiləri azad, ədalətli, qanunvericilik tələblərinə uyğun keçirmək imkanına malik idik.
Akif Qurbanov
Akif Qurbanov
Ancaq çox təəssüf ki, bunu əldən buraxdıq».

Son prezident seçkilərini bir sıra yerli və beynəlxalq təşkilatlar tənqid edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki məntəqələrinin 58 faizində səslərin hesablanmasında pozuntular olduğunu, buna «pis» və ya «çox pis» qiymət verdiklərini bildirib.

Seçki eksperti, «Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun fikrincə, bu seçki əvvəlki seçkilərdən fərqlənməyib. Onun qənaətincə, sadəcə, builki seçkilər 2008-ci ildəkindən bir qədər səs-küylü olub:

«Nə siyasət, nə də ssenari dəyişdi. Yenə də seçkilərin nəticələri ilə bağlı qanuni, obyektiv, ədalətli bir qərar çıxarılmadı. Seçki kampaniyasının gedişində, seçkiqabağı təşviqatda və səsvermə prosesində xeyli qanun pozuntuları olsa da, MSK hər vəchlə çalışdı ki, ya bu pozuntuları araşdırmaqdan yayınsın, ya da obyektiv araşdırmasın.
Hafiz Həsənov
Hafiz Həsənov
İndi nəticələrin təsdiqi də eyni qaydada oldu. Seçki yekunlarını elan etmək üçün bu qədər vaxta ehtiyac da yox idi. Çünki nə deyilmişdisə, elə seçki gününün səhəri deyilmişdi. Formal olaraq Konstitusiya Məhkəməsinə göndərildi. MSK hansı qaydada yekun protokol üzrə qərar qəbul eləmişdisə, Konstitusiya Məhkəməsində də bu olacaq».

Rəsmi məlumata görə, səsverməyə qatılan seçicilərin 84.55 faizi (3 milyon 126 min 612 səs) İlham Əliyevin prezident olmasını istəyib.

Daha sonra Cəmil Həsənli (5.53% - 204 min 635 səs), İqbal Ağazadə (2.40% - 88 min 667 səs), Qüdrət Həsənquliyev (1.99% - 73 min 586 səs), Zahid Oruc (1.45% - 53 min 717 səs), İlyas İsmayılov (1.07% - 39 min 641 səs), Araz Əlizadə (0.87% - 32 min 65 səs), Fərəc Quliyev (0.86% - 31 min 774 səs), Hafiz Hacıyev (0.66% - 24 min 459 səs), Sərdar Məmmədov (0.61% - 22 min 728 səs) gəlir.


MİLLİ ŞURA YENƏ MƏHKƏMƏYƏ ÜZ TUTUR

Gülağa Aslanlı
Gülağa Aslanlı
«Bizdə 3 minə yaxın məntəqədə və 50-yə yaxın dairədə seçki nəticələrinin ləğv olunmasına əsas verən sənədlər var» – bu sözləri Milli Şuranın seçki qərargahının rəhbəri Gülağa Aslanlı dilə gətirir. Onun dediyinə görə, artıq pozuntuları sübut edən 1359 sənədin surəti MSK-ya verilib. Ancaq MSK təqdim olunan kserosurətlərin hüquqi sənəd olmadığını əsas gətirərək şikayətə baxmaqdan boyun qaçırıb.

Oktyabrın 15-də MSK-nın qərarından verilən apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi də qəbul etməyib. Məhkəmə də eyni səbəbləri əsas göstərib. İndi Milli Şura Ali Məhkəməyə üz tutacaq.
XS
SM
MD
LG